İsa Muğannanın cənnət kimi “Cəhənnəm“
modeli
Bəşəriyyət yaradılandan və özünü dərk yolunu tutandan bu günə bir çox elmlərin tədqiqat obyekti insan və onun yaradanı olmuşdur. İnsan kimdir, o, niyə yaradılıb? Öldükdən sonra həyat varmı? Tanrı necədir? Hardadır? - kimi suallar intellektual səviyyəsindən asılı olmayaraq, hər bir insanı zaman-zaman düşündürmüşdür. Bu düşüncələrlə əfsanələr, rəvayətlər, nağıllar, dastanlar yaradılmış, hadisələrə müxtəlif yozumlarla yanaşılmışdır. Sonrakı dövrlərdə isə bədii əsərlərin mövzusu olmuşdur. Dantenin "İlahi komediya", Hötenin "Faust", Bayronun "Qabil", Cavidin "İblis", Bulqakovun "Master və Marqarita" əsərlərini bədii ədəbiyyatın insanın yaradılış sirri yolunda axtarışı hesab etmək olar.
Kitablı-kitabsız bütün dinlərdə dolayısı ilə də olsa, ölümdən sonrakı həyat haqqında bir-birinə oxşar fikirlər var.
Qədim misirlilər insanın öldükdən sonra Ozirisin rəhbərliyi ilə məhkəməyə çıxarılacağı və günahsız olduğu təqdirdə Aru ilə-cənnətlə mükafatlandırılacağı və Tanrı Ranın gəmisinə mindirilib haqq etdiyi məkana göndəriləcəyi, orada xoşbəxt bir həyat sürəcəyi və ya ulduz olacağı görüşünə inanırdılar.
Zərdüşt fəlsəfəsinə görə insan öldükdən sonra onun ruhu dördüncü gün axirətə gedər. Ahuramazda tərəfində sorğu-sual edilər. Sorğu bitdikdən sonra Sinvat körpüsündən keçməsi tələb edilər. Körpüdən keçənlər kavusura-cənnətə, keçə bilməyənlər isə yalan və şər evi adlandırılan cəhənnəmə düşərlər.
Hinduizmdə isə ölümdən sonrakı həyatda Riqvedalarda qeyd edilən cənnət və cəhənnəmlə səsləşən mükafat və cəza yerləri var. Ölən insanlardan əməlisalehlərin ruhu Brahmaya qovuşar və orada əbədi qalar. Yaxşı insanlardan bir qisminin ruhları müvəqqəti olaraq Nandanaya göndərilir və burada gördükləri yaxşı işlər müqabilində mükafatlandırılırlar. Gördüyü əməllərə görə cəzalandırılanlar isə cəhənnəm adlanan Naralokaya göndərilirlər. Orda isə qızmış qum üzərində yaşayır, murdar və qaynar yeməklərlə qidalanırlar.
Qədim Yunan mifologiyasında ölənlərin ruhları Hermes tərəfindən Hades deyilən yerə yığılır. Hadesin qapısında üç başlı it olan Kerberos durar. İçəriyə girən əbədi olaraq orda qalar. Ruhlar sorğuya çəkilər və günahsızlar Elysium bağına aparılırlar. Cənnətliklər burada bütün nemətlərlə qarşılanar: onlar idman edər, şahmat oynar, ata minər, musiqi dinlərlər. Günahkarlar isə Tartarosa aparılıb əzaba düçar olarlar.
Xristianlıqda cənnət Tanrı ilə bərabər olmaq deməkdir. Onlar Tanrı tərəfindən hər gün dəyişdirilərək yenilənəcəkləri və qiyamət günü gəldikdə Adəmin günah işləməzdən öncə olduğu yerə gedəcəkləri inancındadırlar.
Tövratda cəhənnəm, cənnət anlayışı birbaşa verilməsə də, dolayısı ilə ifadə edilir: "... kimi sonsuz yaşama (cənnətə), kimi utanacağı və sonsuz murdarlığa göndəriləcək." (Daniel, 12:3)"
İslamda isə cənnət ölümdən sonrakı həyat, müqəddəs sayılan məkana verilən addır. Müsəlmanlar qiyamət gününə qədər məzarda qalacaq. Sonra isə bu həyatda arzuladıqları, amma əldə edə bilmədikləri hər nemətə sahib olub əbədi xoş güzəran keçirəcəklər. Cəhənnəm isə əbədi atəşdə yanmaq, qır qazanında qaynadılmaq, susuzluqdan yanmaqdır. Cəhənnəmliklərə də cənnətliklər kimi, ölümdən sonrakı həyat əbədidir, lakin onlar sadəcə əzab çəkəcəklər.
Türk inanc sistemində cənnət "uçmaq", cəhənnəm "damu" deyə ifadə edilir. Yaxşı insanlar ölümdən sonra Uçmağa (ocmaha, uçmaha) gedir. Onları orda mükafat olaraq gözəl təbiət və bol nemətlər gözləyir. İnancın təməlində ruhun bədəni tərk edərkən "uçan quş" cildinə girməsini ifadə edən qədim türk inancları da durur. Damu-Cəhənnəm isə öldükdən sonra günahlıların ruhunun göndəriləcəyi yerdir. Orda onları Tam xan qarşılayacaq və odla cəzalandıracaqdır. (Celal Beydili. Türk Mitolojisi Ansiklopedik Sözlük. İstanbul. Yurt Yayınevi-2005) Mifoloji və dini fikri geniş şəkildə zəbt etmiş ölümdən sonrakı həyat bütün bəşər övladı kimi İsa Muğananı da düşündürmüş, yaradıcılığının ikinci dönəmini demək olar ki, bu mövzuya həsr etmişdir. Bu baxımdan "Cəhənnəm" romanı xüsusi əhəmiyyət daşıyır.
İsa Muğannanın "Cəhənnəm" romanı müstəqillik dövrü ədəbiyyatımızın dəyərli əsərlərindən olduğu qədər ədəbiyyatşünaslığımız üçün də maraqlıdır. Şərq və Qərb mifologiyasına, dini qaynaq və təlimlərə bələd olan müəllifin təsvir etdiyi cəhənnəmdə mifoloji qatlar və dinlərin fəlsəfəsi özünəməxsus bir yozumla təqdim edilmişdir. Ədəbiyyatımızda cəhənnəm və cənnət motivləri "Kitabi-Dədə Qorqud" dastanında, Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyevın əsərlərində işlənsə də, "Cəhənnəm" romanında müasir romanın tələbləri və sufi fəlsəfəsinin aspektləri baxımından maraqlı konsepsiya qoyulmuşdur. Bu konsepsiya işıq gəmiləri ilə Ağa-Aya gələn Səməd Əmirlinin, Sərvinazın, Musanın, Qumralın saflaşmış ruhlarını Bünyad bəyi qarşılayır, ona cəhənnəm əzabını cənnət kimi görülən yerdə verirlər. Romandan belə məlum olur ki, yolayrıcından alınaraq Aya aparılan cinayətkar (Maraqlıdır ki, cinayətkarın günahları milli zəmində, siyasi məqsədlərlə törətdiyi cinayətlərdir.) saflaşdırılma mərhələsinə təqdim edilir. Amma Bünyadın günahları o qədər böyükdür ki, sorğu-sual mərhələsində ona sözün gücü ilə cəhənnəm göstərilir və saflaşmasının mümkün olmadığı məlum olur. Və beləcə, Bünyad bəyin ruhu tanrının dərgahına getmir, o, yerdə, işığı çıxmadan çürüyür.
Əsərdə modernist romana xas olan "keçmişə qarşı indiki zamanın daha üstün tutulması" metodu tam şəkildə əks olunub. Hadisələr gah bu dünyada, gah axirətdə, gah da yüzilliklər öncəsində baş verir.
"İdeal" romanından sonra İsa Muğannanın mövzusunun artıq yerdən yox, göylə yerin vəhdətindən alındığını görmək o qədər çətin deyil. Qulu Ağsəsin təbirincə desək, "İsa Hüseynovun bütün yazdıqlarının mayası yerdən, torpaqdan götürülüb. Yəqin elə ona görə biz İsa müəllimi sevir və təqdir eləyirik. Çünki biz yer adamlarıyıq, boyumuz torpaqdan olsa-olsa onca qarış yuxarıdı. Muğannaya (özü demiş) bütün yazdırılanların mayası isə göydən, Tanrıdan tutulub." (news.lent.az/news/3358)
Azərbaycan nəsrinə yeni bir yozum, ədəbi baxış, üslüb gətirən yazıçının "Cəhənnəm" əsəri bədii estetik zövq, poetika baxımdan çox maraqlı əsərdir. İlk olaraq əsərin adı adamın diqqətini çəkir. "İdeal" romanı ilə tanış olanlar bu sərlövhədən bir çox istiqamətlərə yönəlir və əsəri oxumaq üçün tələsir. Bu, yazıçının ustalıqla seçdiyi priyomdur. Çünki bir çoxları İsa Muğannanın dini dünyagörüşünün nə olduğunu tam dəqiqləşdirə bilməyib. Hələ də isa Muğannanın heç bir dinə inanmadığını düşünənlər bu ifadəni oxuyan kimi "deyəsən, İsa Muğanna nəsə fikrini dəyişib" deyə düşüncəyə qapılır, bunu dərk etmək üçün həvəslə oxumağa başlayırlar. Yazıçının marağı üçün ən önəmli priyom, ilk növbədə, oxucunu öz aurasına salmaqdır. Bunu da "Cəhənnəm" romanında layiqincə bacarıb. Əsərin ilk səhifəsində "Cəhənnəm deyilən, doğrudan da, varmı, ya yoxdur? Ömrü onsuz da işgəncələr içində keçən insanı bir daha, özü də daima əzaba salmaq hansı vicdansız yaradıcıya lazım olub?" kimi cümlə ilə başlamaq intellektual oxucunun diqqətini cəlb etmək üçün ən yaxşı motivasiyadır. Bunu oxuyan və bəşəriyyətin halına bələd olan oxucu əsəri acgözlüklə qarşılayır. Əgər bu ifadəni oxuyan dindar oxucudursa, onun da diqqətini çəkir. Lakin həmin oxucu bəsirət gözünü bağlayıbsa, həyata yalnız bir pəncərədən baxırsa, o zaman əsər də, müəllif də elə həmin andan onun üçün bitmişdir. Ona görə də İsa Muğanna yaradıcılığı oxucusundan mütaliləli olmağı, şərq və qərb fəlsəfəsini, tarixini yaxşı bilməyi, siyasi prosesləri analiz etmə bacarığını tələb edir.
Əsərin ilk səhifəsində yaradılan bədii ziddiyyət oxucuda çaşqınlıq yaradır. Çünki verilmiş iki cümləlik fikirdən sonra əminliklə "Var cəhənnəm",- deyir. Bu ifadə o qədər inandırıcı səslənir ki,cəhənnəmin varlığına şübhə qalmır. Üstəlik müəllif ənənəsinə sadiq qalaraq burda da öz dilindən danışır və hadisələri şahidlik yolu ilə izah edir.
Bu dünyadan sonra başqa bir dünyanın olduğunu mifik düşüncə də, bütün dinlər də söyləməkdədir.
Və beləcə oxucusuna "fantastikasız fantastika" deyə-deyə gərgin, düşündürücü, beyni şoka salan fikirlərlə bir həzz yaşadır. Oxucu kitabı əlindən yerə qoyduğu zaman ağlından ilk keçən bu olur: görəsən, bunlar doğru ola bilərmi? Bu isə yazıçının məqsədinə çatması, ideyasına inandırması deməkdir.
"İsa Muğannaya görə, dünyanı dəyişdirən təhrif sözlərdir. Qoca Şərqin böyük müdriki Konfutsi deyirdi ki, sözlər (adlar) mənasını dəyişəndə insan azadlığını itirir." (Rüstəm Kamal. İsa Muğanna: Ün və İşıq məqamı. 525.az) Bəli, Muğannaya görə dünyanı dəyişdirən təhriflərdir və o, bir ömür bu təhrif sözləri yaratdığı yeni bir düşüncə sisteminin dili ilə izah etməyə və ya çevirməyə çalışıb Lakin "Cəhənnəm" əsərində müəllif sözlərin yox, uzun illərdən bəri insan şüuruna yeridilmiş "Cəhənnəm"in mahiyyətinin təhrifini sanki oxucusuna həzm elətdirir. Oxucusuna cəhənnəm əzabı verməkdən belə çəkinmədən. Nizami Cəfərov İsa Muğannanın təhrif anlayışına bu cür qiymət verir: Yaradıcılığının ikinci dövründə isa Muğanna üsyankar bir ehtirasla elan etdi ki, dünya təhrif olunub! Və cəsarətlə deyə bilərəm ki, bu "təhrif (təhrif olunma)" məfhumu Azərbaycan yazıçısının dünya ədəbi bədii təfəkkürü miqyasına qalxan (dünya ədəbiyyatını zənginləşdirən) böyük kəşflərindən biridir.
Əsərin qəhrəmanı, "çekist", satqın, iblisin qulluqçusu Bünyad bəyə verilən cəhənnəm əzabı, onun yandırılıaraq saflaşdırılması oxucunun nəfəsini kəsir, o həyəcanı qəhrəmanla birgə yaşayır.
İsa Muğanna "İdeal" əsərində oda olan münasibətini bəyan etmiş, onu "həqiqət" adlandırmışdır. Türk mifologiyasına diqqət etsək, oda münasibət İslam dinindən və şərq fəlsəfəsindən tamamilə fərqlidir. Qədim türk xaqanlarının yanına gələn elçilərin odun arasından keçirilməsi və ya tullandırılması saflaşma əlaməti idi. Od qədim türklərə görə ocağın (ev, ailə) ruhunu özündə ehtiva edirdi. Şamanizmə görə də hər kəs öz odunun, yəni ocağının ruhunu qorumalı idi. Odu sönmək, ruhun ölümü demək idi. İsa Muğannaya görə təhrif ayələr, təhrif fikirlər Odun mahiyyətini dəyişib.
Cəhənnəmə "Quran"da və hədislərdə münasibət demək olar ki, eynidir. "Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik." ( Nisa, 56).
Əbu Hüreyrə rəvayət edirdi ki, o, peyğəmbərin belə dediyini eşidib: «Adəm oğullarının yandırdığı od, cəhənnəm odunun yetmişdə biri qədərdir» (Buxarı, Müslim).
Bir dəfə Kab, Ömər ibn əl-Xəttaba deyib: «Əgər Cəhənnəmin qapıları bu dünyaya heç olmasa öküzün burnunun dəliyi qədər şərqdə açılsaydı, qərbdəki adamın beyni qaynayıb tökülərdi».
Peyğəmbər həmçinin deyib: «Cəhənnəmin Odunu o ağ olana kimi min il qalayıblar, sonra qırmızı olana kimi daha min il və sonra qara olana kimi daha min il yandırmışlar. O, zülmət gecə kimi qaradır» (ət-Tirmizi, İbn Macə).
Uca Allah deyib: "Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!" (Yunus,27).
Həqiqətən, insan Cəhənnəm odunu təsəvvür edə bilmir, amma, hər şeyi udmağa hazır olan bu dünyanın oduna baxmaq kifayət edər. Buna görə də mömin əcdadlarımız, ona baxdıqda, Allahdan qorxu hissi keçiriblər. Uca Allah deyib: «Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?! Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. (Əl-Vaqiə,71-73).
Özünü dini alim elan edən Harun Yəhya isə cəhənnəm xofunu bir az da artıraraq belə izah edir: Cəhənnəm... Allahın “Qahhar” (qəhredici), “Cabbar” (istədiyini zorla etdirən), “Müntəqim” (intiqam alan) kimi adlarının sonsuza qədər təcəlli edəcəyi bu yer insana hər tərəfdən acı vermək üçün xüsusi bir yaradılışla yaradılmışdır. Quran ayələrində cəhənnəm yaşayan bir canlı kimi təsvir edilir. Bu canlı inkarçılara qarşı qəzəb, nifrət, hirs və istəklə doludur. Yaradıldığı gündən bəri səbirsizliklə Yaradıcısını inkar edən kafirlərdən intiqam almağı gözləyir. Ayələrdən məlum olduğuna görə, cəhənnəm insana dəlicəsinə susamışdır. Kafirlərə olan nifrətinə görə çılğına dönmüşdür. Yalançıları gördüyü zaman qəzəbinin şiddətindən parçalanacaq kimi olur. Bu atəşin yaradılışının tək məqsədi vardır - qəhredici bir əzab vermək. O da vəzifəsini yerinə yetirəcək, acıların ən böyüyünü verəcəkdir.
Göründüyü kimi, cəhənnəm və cənnət anlayışlarının yozumları dini xadimlərin şərhində bir-birinə çox yaxın və ya eynidir. Bu isə din xofu altında insanların idarəçiliyinin həmişə əldə saxlanılmasına xidmət edir. Hikmət Babaoğlunun bu mövzudakı yanaşması maraqlıdır: "Dinin elmi və obyektiv əsaslarda öyrənilməməsi isə dindən başqa məqsədlər üçün istifadə etmək istəyən ayrı-ayrı siyasi-ideoloji mərkəzlərin fəaliyyətini asanlaşdırır. Elə buradan da missionerlik məsələsi ortaya çıxır. Qeyd etmək lazımdır ki, missioner anlayışı latın dilindəki "missio" sözündən götürülüb, mənası "vəzifə", "səlahiyyət" deməkdir. Bu və ya digər cəmiyyətdə və ya dövlət içərisində öz maraqlarını təmin etmək üçün fəaliyyət göstərən ayrı-ayrı ideoloji və siyasi mərkəzlər məhz fərdlərin dinə bu həssas münasibətindən yararlanaraq onlardan ibarət özünəməxsus sosial baza formalaşdırır. " Din xadimlərinin bu yanaşmalarını dərk edən və dərk etmə yolunda Nəimi, Nəsimi yolunu seçən insanların həqiqi dinin - elmin nə olduğu yöndəki araşdırmaları təbii və doğrudur. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk də bir növ günümüzə gəlib çatan İslamın formasını və mahiyyətini dəyişdiyi qənaətində idi: "Müsəlmanlıq əslində ən geniş mənası ilə modern bir dindir. Ərəblər onu öz qavramlarına görə anlamış və tətbiq etmişlər."
Haqqında danışdığımız əsər də din əbası altında gizlənən mövhumatı rədd edir və Tanrının, Yaradıcının-hər kəsdən uca olanın bunları edə bilməyəcəyi düşüncəsi qayəsini daşıyır. Çünki insan o dünyaya bizim bu gün daşıdığımız bədəni ilə getmir ən azından. Cismin məhv olduğunu görürük, amma ruhun yox. Deməli, əgər axirət dünyası varsa belə, lap cəhənnəm və cənnət deyilən iki şöbəyə bölünübsə, onda insanın sadəcə işığı, ƏrAğı-ruhu gedəcək ora. Və əgər ruhu gedəcəksə o axirət deyilən məkana, deməli, ruhu yandırmaq mümkün deyil. Əlbəttə ki, ruh bizim təsəvvür etdiyimiz kimidirsə.
Yünis Əmrənin söylədiyi ehtimal edilən "Cəhənnəmdə od yoxdur, hər kəs öz odunu bu dünyadan aparar" fikri demək olar ki, "Cəhənnəm" romanınının ideyasını ifadə edən ən tutarlı cümlədir. Özünü islam alimi hesab edən və min illərdir ki, insanları müxtəlif qorxulu macəralarla həqiqətdən uzaqlaşdıranların təhrif olduğunu vurğulamaq istəmişdir müəllif. Bu cür yanaşdıqda, İsa Muğannanın təhrif adlandırdığı dünyanın hələ də təhrif girdabında boğuluduğunu görürük.
Əsər boyunca oxucu İsa Muğannanın cəhənnəm
anlayışı və mahiyyəti ilə tanış olur.
Müəllifə görə Quranda haqqında
danışılan, təfsirlərdə izahı verilməyə
çalışılan cəhənnəm odu heç də
təqdim edildiyi kimi deyil. Bizim başa
düşdüyümüz kimi tonqal qalayıb insanları
milyon dərəcə selsi istilik əldə edib odda
yandırmaq sadəcə təhrifdir. Çünki ideal heç bir zaman
materiya ola bilməz. İnsan sözdür, insan
işıqdır, insan vicdandır. Onu
yandırsa, yandırsa vicadn əzabı yandırar. Yuxarıda deyilənlər isə sadəcə cahil
insanı qandırmaq, bəlkə də, başa salıb
qorxutmaq üçün işə yaraya bilər.
"-Əksinə, bəy! OdÜn - həqiqət
səsi cəhənnəmdə cənnət yaradır. Qəbahətini eşitdikcə, öz hərəkətlərini
qarşındaca gördükcə, yavaş-yavaş
yüngüllük hiss edəcəksən. Nədən olur o yüngüllük? Sadəcə, qatı qanın yuyulur, canında qan
dövriyyəsi normallaşır, hüceyrələri
sağlamlaşdırır". (İsa
Muğanna. Cəhənnəm. Bakı.
Hədəf Nəşrləri. 2013) Bu
sözləri 113 yaşlı milli mənliyini satmış,
"çekist"lərə xidmət etmiş, bu xidməti
yolunda öz sevgililərini belə zorlamaqdan, əzab verməkdən,
öz casusuna çevirməkdən yayınmayan, Cavidin
"İblis" əsərindəki iblis kimi dondan dona girən
Bünyad bəyə onun öz əlləri ilə boğub
öldürdüyü keçmiş arvadı Sərvinaz
deyir. Bu səhnə İblisin
tapşırığı ilə Arifin öz arvadı Xavəri
öldürməsi ilə eynilik təşkil edir. (Celal Beydili. Türk Mitolojisi Ansiklopedik
Sözlük. İstanbul. Yurt
Yayınevi-2005)
Müəllifə görə, cəhənnəm və
ya cənnət olduğu tam məlum olmayan bu məkanda insanlar
yanaraq saflaşır və yenidən yerə göndərilir. Bünyad bəyin
elədikləri gözünün qarşısına gətirildikcə
onun vicdanı sızlayırdı. " -İlahi,
özün kömək ol mənə! Cənnətdi,
cəhənnəmdi, nə möcüzədi bu?! Deyə
hayqıran, vicdan əzabında yanıb qovrulan Bünyad bəyə
Sərvinaz: - Biləcəksən, Bəy. Səbirlə, dəyanətlə
dinlə OdÜnü - həqiqət səsini! Biz
odda yana-yana gözəlləşmişik burda. Sən də yanmalısan burda, Bəy!" -deyir.
Bu gün
də daha çox qabardılan məsələ axirət
dünyasının sadəcə iki yolu: cəhənnəm və
cənnət olduğunu hamımız bilirik. Lakin
misir mifologiyasında olduğu kimi, "Quran"da da bu yolun
iki yox, üç olduğu qeyd edilir. "Məryəm"
surəsinin 71-ci ayəsi fikrimizin isbatıdır: "Cənnətliklər
cəhənnəm odunun içindən yanmadan, sağ-salamat
keçəcək, cəhənnəmliklər isə ora
düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada
qalıb günahı təmizlənəcək, sonra Cənnətə
qayıdacaqdır".
Bu fikirlərdən
görünür ki, İsa Muğanna din və Allah tacirlərinin
ədalətli deyib, amma əzazil kimi göstərdiyi
Tanrını daha ədalətli təqdim edir. Hətta
onun cəhənnəmi və cəhənnəm əzabı
vicdan əzabı olsa belə, "Quran"dakı kimi əbədi
deyil. İnsanlara axirətdə də haqq
və ədaləti göstərərək onları
saflaşdırır, yaratdığını eybəcərliklərdən
xilas edir. Bu, İsa Muğanna
düşüncəsinin təhrifsiz təqdim etdiyi dindir ki,
mayasında hümanizm var. İsa Muğanna təhrif deyə
car çəkdikdə "Məryəm" surəsinin 27-ci
ayəsindəki kimi mətləbləri diqqətə
çatdırmaq istəyir, bəlkə də. Çünki öldükdən sonrakı həyatın
sadəcə iki tərəfini yox, üçüncü bir tərəfin
də olduğunu görürük bu ayədən. İsa Muğanna yaradıcılığına dərindən
diqqət yetirəndə görürük ki, onun yozumları
ya birbaşa qurandakı müəyyən ayələrlə
üst-üstə düşür və həmin fikirlərin
möhkəmlənməsinə xidmət edir, ya da tamamilə əkisinə
gedərək yeni baxışla yanaşıb öz
konsepsiyasını ortalığa qoyur. Amma
çox önəmli məsələdir ki, Muğanna
bütün bunları bədii əsərlərində və
ehtiyyatla təqdim edir. Əgər İsa Muğanna
Ün eşidərək "İdeal" və ondan sonra
yazdığı əsərləri tarixi araşdırma əsərləri
kimi, açıq-açığına yeni düşüncə
sisteminin yaradıldığını elan edərək fəlsəfi
kitablar kimi təqdim etsə edi, indi hər kəsin bu əsərlərə
münasibət bildirməsi bir az asan olardı. Muğanna
əsərlərini bədii əsər kimi təqdim etdi, amma
bu fikirlərin qaynağı olduğuna inandı və
inandırmağa çalışdı. Bu baxımdan
türkiyəli araşdırmaçı alim Arif Təkin
sanki İsa Muğannanın "din təhrifdir" fikrini
tarixi faktlarla isbatlamağa çalışır və
"Quranın Kökəni" əsərində gətirdiyi
dəlillər insanı inandırmaya bilmir. Həmin
kitabın müqədimməsində verilən
aşağıdakı kiçik parça sanki İsa Muğanna
yaradıcılığının göstərmək istədiyi
ideya idi. "Madam ki, İslam dini
Allahdan gələn ən mükəmməl sistemdir, o halda ona
bağlanan insanların hər baxımdan huzur içində və
daha yaxşı yerlərdə olmaları lazım idi."
(Arif Tekin. Kuranın kökəni. İstanbul. Berfin yayınları 2013)
Professor
Tahirə Məmmədin "Muğannanın Ün-ü və
“GurÜn”ü" məqaləsində təhrif
anlayışına menasibəti də bu baxımdan çox
maraqlıdır: "Gerçək biliklərimiz, qəbul
etdiklərimizlə yanaşsaq bir çox məsələlərdə,
xüsusən dinə aid təhrifləri düzəltmə cəhdində
- ƏlAğ - Allah, BağOdMən – Məhəmməd,
EySar-İsa, GurÜn-Quran yozumlarında, onların muğ
kahinləri ilə yan-yana qoyulmasında yazıçı ilə
razılaşmaq çətindir. Ancaq əməlin
və məqsədin gözəlliyi yazıçını
adı çəkilən müqəddəslərin
idealından uzaqlaşdırmır, əksinə, onların
yolunu, izini davam etdirən kimi qəbul edirik Muğannanı.
Nəsimi, Yunus Əmrə, Seyid Əzim qədər
onu da anlamağa çalışırıq və
amalından, tənbehlərindən dərs alırıq."
(Ölümdən sonrakı həyat" məqalələr
toplusu. Bakı Hədəf Nəşrləri.
2104)
Akademik
İsa Həbibbəyli İsa Muğannanın təqdim etdiyi
konsepsiyaya obyektiv movqedən baxaraq müəllifin təhrif deyə
təqdim etdiyi dünyanın sadəcə İsa Muğannaya
aid olduğunu qeyd edir:
""İdeal" romanı çap olunduqdan
sonrakı şəxsi həyatı və
yaradıcılığı göstərdi ki, İsa
Hüseynov özünün bu əsərlərində
inandığı və sanki hətta yaşadığı
dünyanı təqdim etmişdir. «İdeal»da və
sonrakı əsərlərində İsa Hüseynovun inanaraq
formalaşdırdığı Saf Ağ dünyası ədəbiyyat
üçün utopiya kimi görünsə də, İsa
Hüseynov üçün gerçəkliyin ifadəsidir. Əgər bu fəlsəfə
«İdeal»la bitmiş olsaydı, onda Saf Ağ yolu İsa
Hüseynovun yaradıcılığında keçici bir
ovqat, yaxud keçid dövrü romanı kimi qəbul etmək
olardı. Lakin yazıçının bundan sonra
yazdığı «Qəbiristan», «Cəhənnəm»
"GurÜn" "İsahəq, Müsahəq",
"İlan dərəsi" kimi əsərlərində
«İdeal»-da təqdim olunan dünyanın da sistemləşdirdiyinin,
dərinləşdirildiyinin şahidi olduqdan sonra bütün
bunlara İsa Muğanna dünyası kimi baxmaqdan başqa yol
qalmır. ("Ölümdən sonrakı həyat"
məqalələr toplusu. Bakı Hədəf
Nəşrləri. 2104)
Əsərdə maraqlı məqamlardan biri də
Bünyadın ətrafında gördüyü
qızların-hurilərin (əslində bu hurilər onun yerdə
zorladığı, aldatdığı qızlar idi) onu
öpməsi səhnəsidir. Bu öpüşlərdən birindən
sonra Klara ilə Bünyad bəy arasında belə bir dialoq
olur: Əziz dostun Rahibin sevgilisi Klaranın
öpüşü şirindimi?! OdÜnüm
yandırırmı, bəy?! İrəli bax! Klaranı necə öldürdüyünü
görürmü kor gözlərin?!
Bünyad
bəy mızıldanıb:
-Qurtar bu
oyunu! Qurtar! Qurtar,- dedi.
Sərvinaz
eyni sakitliklə başını buladı:
-
Mümkün deyil, Bəy. Cəhənnəmdə
hər günahın min, milyon dəfə fəzada təkrar
olunacaq ki, bətnin saflaşsın.
Əslində Bünyad bəy Klaranın vüsalına
çatmaq üçün kəmərini açmalı idi. O, buranı cənnət
hesab edirdi. Çünki onun
düşündüyü qır qazanından, qıl körpüsündən
əsər-əlamət yox idi. Ətrafında
gözəl qızlar, bolluca yemək və şərab var
idi. Və ona o qızlardan hansı ilə
istəsə, yata biləcəyi söylənilmişdi. Lakin onların öpüşü zəhərli
söz, saflaşdırma iksiri idi. Yaranın
üstünə tökülən kislota kimi. Əməlləri ona göstərildikcə, söyləndikcə
o əriyir, yanır, qovrulur və belə saflaşır.
Cəhənnəmə verilən bu ədəbi
yozum, əlbəttə ki, qədim türk təfəkküründən
gəlir. Çünki türklərin oda
münasibəti bir çox xalqlardan daha fərqlidir. Onların odla saflaşma ənənələrinə
biz həm şifahi xalq ədəbiyyatı nümunələrində,
həm də yazılı ədəbiyyatımızda rast gələ
bilirik. Koroğlu dastanında
İşığın Qıratın qanadlarını
yandırması Rövşənin etdiyi yanlışın nəticəsi
idi. Və işıq Rövşənə
bir dərs vermiş olur, səbr və dözümlü
olmağa işarə edir. "Əsli və
Kərəm" dastanında millətin qoyduğu
qadağaları pozmaq istəyən Kərəmin
alışıb yanması da bir növ odun müqəddəsliyinə
işarə idi. Hüseyn Cavid
yaradıcılığında "Siyavuş" pyesində
xəyanətkar adamı müəyyənləşdirmək
üçün odun üstündən keçmə səhnəsi
yaradılır. Südabənin şərinə
düşmüş Siyavuş da bunu təbii qəbul edir . Münəccim isə
saflaşmanın sadəcə yanmaqla mümkün olduğunu
deyir.
Əmr
ediniz atəş yaxılsın həmən;
Keçsinlər
üstündən, diqqət eyləriz,
Yanan suçlu olar, yanmayan təmiz.
Əsərin bir çox məqamında dünyanın
xilasını, insanlığın saflaşmasını elm və
eşqdə görən müəllifin yanaşması sufizm
təlimindən gələn motivdir.
"Şeyx
Sənan" əsərində də Şeyx Sənan:
"Kim ki eşq atəşi ilə oldu hədər, onu
yandırmaz böylə atəşlər" -deyərək
atəşin müqəddəsliyinə işarə edir. Bütün bunlarla bərabər,
yazıçının fantaziyası Odun məcaziliyini, Odun
söz olduğunu və bu sözün bizim təsəvvür
edə bilmədiyimiz qədər güclü olduğunu,
mayasında həqiqət işığının gizləndiyini
açmağa qadir olduğunu görürük.
Sərvinazın
dilindən müəllif cəhənnəm haqqındakı
düşüncələrini bu cür ifadə edir: -
Güman eləyirsən ki, keyfə baxacaqsan? Ay yazıq, bədbəxt
insan! Biz axı uzun-uzun illər bundan əvvəl gözəl
qızları necə heyvancasına zorladığını
göstərəcəyik sənə! Özü də
aramsız şəkildə! Gör nə hala
düçəcəksən?! "Qıl"
sözü Türklə Qrekin söz
qarışığındandır. "Qıl"
"ki Əl"dən azıb, "ki Əl" Od Əldən azıb, Od Əl, bilirsən, həqiqət
əlidir. "Qıl" körpüdən yox, Həqiqət
Əli EySarımızın dilinin mənasından-həqiqət
körpüsündən keçə bilməyəcəksən!...
Bünyad bəyə əməllərini göstərərək cəhənnəmi yaşadan Səlim onun günahlarının çoxluğundan saflaşma imkanı olmadığını, murdar ruhunun yerdə çürüməyə məhkum olduğunu qeyd edir və yerin halına acıyır: "Səni mən Mazandaran meşəsinə apardım, ordan "İrəmə", sonra yerə... Saflıq dərsindən bir az faydalandın, əmma yenə də zorakı, vəhşi, murdar, təhrif insanlığın üstələdi, qızların öpüşlərini bir- birindən seçmədin, "kəmər" açmaq ehtirasına qatılıb ağlını itirdin. Bunun ardınca o zorakı təhrifliklə yırtıcılıq, qatillik arasında məsafə olmadığını göstərdim: sənə qul kimi tabe olsa da, "verbovka" ya razılaşmayan, yəni vətənini, xalqını satmağı ölümdən betər sayıb, sənin it dizlərin altında qarın-bağırsağının dağılmağını ölümdən betər bilən məzlum Sərvini qarın altına basmağını göstərdim, Orduqozlunu necə soyuqqanlılıqla öldürdüyünü göstərdim. Məmməd ağanın, Omar ağanın beş oğlunun, Salahlı Musanın, Salahlı İsmayılın ölümləri sənin Peterburqda dərsinə, casusluğuna bağlandı, casusluğun saysız-hesabsız insan qanından Bünyad Bəy adında vəhşi heyvan yaratdı.
Yer indi Bünyadların pəncəsi altında yanar, qana batır, suya batır."
Əsər boyu nə qədər dini, mifoloji qatlara enilsə də, romanın ana xəttində milli sevgi və vətən məhəbbəti möhkəm şəkildə özünü qoruyur. Millət düşmənlərinin ümumiləşdirilmiş tipi olan Bünyad Bəyin cəhənnəmə getmə səbəbləri şər qüvvələrə-türk-Azərbaycan düşmənlərinə etdiyi sədaqətli xidməti və bu yolda törətdiyi cinayətlər olmuşdu. Türk təfəkkürünün məhsulu olan sufi düşüncəsi ilə hadisələrə yanaşan Muğanna sanki milli cəhənnəm yaratmışdır. Cənnət kimi cəhənnəmdə həqiqi elmdən, haqq yolundan azmış insanı sirli sözlərlə yandırmış, saflaşdırmağa cəhd etmişdir.
Şəmil Sadiq
filologiya üzrə
fəlsəfə doktoru
shamilsadiq@mail.ru
Kaspi.-2014.-21-23 iyun.-S.22-23.