Tərcümə işi iynəylə gor qazmaqdır

 

Nadir Qocabəyli: “Başqa ölkələrdə bir institutun gördüyü tərcümə işini bizdə bir adama gördürürlər, sonra da yüksək keyfiyyət tələb edirlər”

Nadir Qocabəyli Azərbaycanın tanınmış tərcüməçilərindən biridir, eyni zamanda nasirdir. Xulio Kortasarın “Xana-xana oyunu”, Frensis Skott Fitceraldın “Möhtəşəm Qetsbi”, Knut HamsununPan”, “Aclıq”, “Torpağın bərəkəti”, DotoyevskninKaramazov qardaşları”, Ziqmund Freydin “Yuxuların yozumu”, Martin Pajın “Mən necə idiot oldum” və s. əsərlərini Azərbaycan dilinə tərcümə edib. Bu günlərdə Nadir müəllimlə görüşüb tərcümə problemləri və yaradıcılığı barədə söhbətləşdik.

 

- Yazıçılar bəzən tərcümə edəndə öz üslubları da mətnə təsir edir. Sizdə bu proses hansı şəkildə baş verir, yoxsa əsərini dilimizə çevirdiyiniz yazıçının üslubunu qorumağa üstünlük verirsiniz?

- Tərcümə edəndə daha çox çalışıram ki, müəllifin üslubunu qoruyam. Nə dərəcədə nail oluram, bunu artıq oxucular, peşəkar qələm adamları deyə bilər. Ancaq hər bir tərcüməçinin söz bazası, tərcümə metodu var, yəqin ki, dilimizə çevirdiyim əsərlərdə onların da təsiri var. Bir-birindən tamamilə fərqlənən əsərləri tərcümə etmişəm, inanmıram ki, o əsərlərdə mənim üslubum, dəsti-xəttim hiss olunsun, tərcümələr bir-birinə bənzəsin.

 

- Bir tərcüməçi kimi, yazıçının üslubunu necə müəyyənləşdirirsiniz?

- Əsəri oxuyanda artıq özümçün yazıçının üslubunu müəyyənləşdirirəm, hansı texnikadan istifadə etdiyini, dil imkanlarını yəqinləşdirirəm. Onu da deyim ki, rus dilindən tərcümə edirəm. Başqa dildən rus dilinə tərcümə olunanda da yəqin yazıçının üslubuna tərcüməçinin üslubu qarışır. Artıq mən özümü həmin naqisliklərdən qoruya bilmirəm. Çünki üslubu daha çox orijinaldan edəndə duyursan.

 

- Tərcüməçilər qəpik-quruşa tərcümə edirlər deyə, naşirləri də bu işin zəhmətinin dəyərsiz olduğuna bir növ təhrik edirlər. Ona görə də günbəgün tərcümə ucuz işçi qüvvəsi hesabına başa gələn adi bir sənətə çevrilir.

- Bu gün bir çox sahələrdə olduğu kimi tərcümə sahəsində də istehsal münasibətləri var. Sifariş verən tərəfə ucuz işçi qüvvəsi gərəkdir. Naşirlər bazara ucuz məhsul çıxardıb alıcı qazanmaq istəyirlər. Ucuz işçi qüvvəsi də çox vaxt keyfiyyətli görmək iqtidarında olmur. Peşəkarlar da ucuz görmək istəmirlər deyə kənarda qalırlar. Bütün bunların aradan qaldırılması üçün oxucu sayı artmalıdır, kitablar 1000 tirajla yox, 5000 tirajla çap olunsa tərcüməçilər indikindən 4 dəfə çox zəhmət haqqı tələb edə bilərlər. Oxucu sayı artmadıqca bu problemlər həll olunmayacaq. Bundan başqa görülən işlər üçün vaxt lazımdır, əgər tərcüməçi az vaxta tərcümə edib nəşriyyata kitab çatdırırsa, o işdən keyfiyyət gözləmək qeyri-mümkündür. Tərcüməçi dəfələrlə etdiyi tərcüməni oxumalı, bir neçə redaktor kitabları redaktə etməlidir. Bu yaxınlarda Ziqmund Freydin “Yuxuların yozumu” kitabını tərcümə etmişəm, çap da olunub. O kitabı tərcümə etmək bir institutun işidir, gərək o kitaba psixoloqlar, filosoflar, ixtisaslaşmış redaktorlar nəzər salaydı. Ancaq o kitabın bir redaktor, bir korrektoru var. Ona görə də o kitabda hər hansı qüsurun olmasına təbii baxıram. Bəlkə də Rusiyada bu kitabı ərsəyə gətirmək üçün bir komanda çalışıb. Başqa ölkələrdə bir institutun gördüyü tərcümə işini bizdə bir adama gördürürlər, sonra da yüksək keyfiyyət tələb edirlər.

 

- Tərcümələrin belə aşağı səviyyədə olduğunu görəndə, ilk dəfə Azərbaycan dilində xarici əsər oxuyubbismillah” eləyən adam bir daha Azərbaycan dilində heç milli yazıçıların da əsərlərini oxumur. Nəticədə Azərbaycan ədəbiyyatına da maraq azalır.

- Rus, ingilis, fransız dillərini bilən adamlar Azərbaycan dilində olan əksər tərcümələrə gülür. Bəzən deyirlər ki, Azərbaycan dili naqis dildir, əsərləri bu dildə ifadə etmək çətindir. Ancaq əslində belə deyil. Azərbaycan dilinin imkanları ilə əksər əsəri normal şəkildə oxucuya çatdırmaq mümkündür. Tərcümə işi iynəylə gor qazmaqdır. Dünya ədəbiyyatının incilərinin, qiymətli əsərlərin üzərində dəfələrlə və diqqətlə işləmək lazımdır ki, oxucu kitabdan iyrənməsin.

 

- Azərbaycan dilinin gücünü və imkanlarının zəifliyini hansı məqamlarda hiss edirsiniz?

- Bütün dillər özünəməxsusdur. Rus dilində o əvəzliyi qadın və kişi cinsində ayrılır, amma bizim dildə belə bir bölgü yoxdur. Bu mənada hər dilin öz üstünlüyü var Bizim dildə isə xalaoğlu, bibioğlu, sözləri ayrılır, ruslarda isə eyni sözlərlə ifadə edilir. Hər əsər öz dilinin məhsuludur, ona görə də onun bənzəri və alternativi ola bilməz. Rus dili flektivdir, Azərbaycan dili isə iltisaqi. Ona görə də fərqlər çoxdur. Bütün bunlar nəzərə alınmalıdır, əks halda tərcümə ilə məşğul olmağa dəyməz.

 

- Xulio Kortasar, Knut Hamsun, Vladimir Nabokov, Freyd, Dostoyevski, Fitscerald, Martin Paj bu qədər bir-birindən həm mədəniyyət, həm də üslub sarıdan fərqli müəlliflərin əsərlərini tərcümə etmək nə dərəcədə doğrudur? Naşir necə sifariş verə bilər ki, Martin Pajın romanını tərcümə edən adam həm də Freydin əsərini dilimizə çevirsin? Bu hansı dərəcədəsə elə tərcüməçilərin ixtisaslaşmasına mane olmaq deyilmi?

- Biz tərcüməçilərə hansı əsəri sifariş verirlərsə onu da tərcümə edirik. Ancaq yaxşı olardı ki, sən deyən kimi olsun. Fəlsəfi mətnlərlə bir tərcüməçi, rus ədəbiyyatını bir qrup tərcüməçi dilimizə çevrilsin. Onda sən deyən ixtisaslaşma və peşəkarlaşma prosesi gedərdi, həm də tərcüməçinin də işi asanlaşardı. Məsələn, 10 ayrı-ayrı yazıçının kitabını tərcümə etməkdənsə bir yazıçının 10 kitabını tərcümə etmək yaxşı olardı. Bizim nəşriyyatlar təkmilləşmək mərhələsindədir. Qanun” nəşriyyatından başqa tərcüməçiyə verən nəşriyyat yoxdur. 30 qədər əsəri dilimizə tərcümə etmişəm, ancaqQanun” nəşriyyatından başqa heç bir nəşriyyat bir dəfə də olsun mənə sifariş vermək üçün zəng vurmayıb. Bu nə deməkdir? O deməkdir ki, bu sahədə hələ çox boşluqlar var. Son günlərdə Tərcümə Mərkəzi yaradılıb, yəqin bu sahədə yaxşı işlər görüləcək.

 

- Hekayələrinizdən danışaq. “İtki” hekayənizi oxudum. Uşağın ölümünə qarşı, üç kişininata, baba və qardaşın fərqli münasibəti üzə çıxır. Ölüm bir yazıçı kimi simi çoxmu düşündürür?

- İtki” hekayəsi müxtəlif duyğuların məhsuludur. O hekayədə insanın ölümlə barışa bilmədiyini əks etdirməyə çalışmışam. Mənimçün maraqlıdır ki, insan yaranan gündən ölüm var, ancaq insan ölümlə barışmır. Heç kəs həyatda ölüm arzusuyla yaşamır. İnsan daim ölümsüzlüyə can atır. Həmin hekayədə uşağın ölmüş qardaşının gülümsəməsini görməyi insanın ən qatı reallıqda belə ölümlə barışmaması həqiqətidir.

 

- Mono Lizanın təbəssümü” povestinizdə isə gizli şifrə də maraq doğururdu. Necə ki, Mono Lizanın təbəssümünün əsl mahiyyəti bilinmir, ancaq ehtimallardan biri düzdür. Eləcə də insanın doğru hesab elədiyi həqiqətlərin yalnız biri düz olur, ancaq onun hansı olduğunu bəzən heç kəs bilmir.

- Hesab edirəm ki, ədəbiyyatın əsas mövzusu insanonun yaşantılarıdır. Sovet dövründə bizə təlqin ediblər ki, əsərdə bütöv xarakter olmalıdır. Ancaq həyatda görürsən ki, bütöv xarakterlər olmur. Bir məhkəmə prosesində ittiham olunan yarım saat ərzində iki dəfə fərqli fikir bildirirözü haqqında olan bütün düşüncələri darmadağın edir. İnsanın tam həqiqətinin nədə olduğunu heç kəs bilmir.

 

- Tərcüməçilik fəaliyyəti yazıçılığınıza mane olurmu?

- Roman yazmağa başlamışam, amma yaza bilmirəm. Yazı mənimçün çox ağrılı işdir. Elə yazıçılar var ki, material toplayıb bir ayın içində roman yazır. Mən o cür yaza bilmirəm. Son 20-25 ildə müəyyən siyasi-ictimai həyatın fonunda tanıdığım insanların taleyini, yaşantılarını əks etdirən bir roman yazmağa başlamışam. Yeni dövrün kəçməkeşləri insanların həyatında, psixologiyasında, taleyində qeyri-adi dönüş yaradıb mən onların şahidiyəm. Bütün bu məsələləri romanda yazacam. Əsasən tərcümə ilə məşğul oluram deyə yazmağa az vaxtım qalır. Hər gün 10 saat tərcümə edirəm.

 

- Biz gileylənirik ki, pul yoxdur, oxucu azdır deyə tərcümə olunan əsərlər zəifdir. Ancaq bildiyiniz kimi cənab prezident İlham Əliyevin sərəncamı ilə 150 cildlik dünya ədəbiyyatı seriyasından kitablar, “Şərq-Qərbnəşriyyatında nəfis tərtibatla çap olunur. Tərcüməçilərə, redaktorlara, korrektorlara normal əmək haqqı da verilirdi. Amma o kitablarda da qüsurlar, səhvlər var. Hərdən mənə elə gəlir ki, problemlər maddi tərəfdən daha çox kadr çatışmazlığı ilə bağlıdır. Siz necə düşünürsünüz?

- Sizin dediyiniz seriyada çap olunan tərcümələrimə görə o layihənin rəhbəri , redaktoru da məni təriflədilər. Amma buna baxmayaraq o layihədən məni kənarlaşdırdılar. Yəni problemin təkcə pul məsələsi deyil, puldan həm lazımınca istifadə etmək məsələsi var.

 

- Siz tərcümələrinizə görə arzu etdiyiniz qonorarı almadınız ki?

- Aldım.

 

- Bəs onda nədən narazısınız?

- Qonorarımı aldım, ancaq çox çətinliklə, az qala dava eləyib aldım. Kim ki, üzüyumşaq oldu, hələ pulunu ala bilməyib. Pulumu tələb etdiyim görə məni həmin layihədən uzaqlaşdırdılar.

 

- Dostoyevsknin “Karamazov qardaşlarıromanını yenidən tərcümə etmisiniz. Bu roman yaxın illərdə professor Telman Vəlixanlının tərcüməsində çap olunmuşdu. Eyni əsəri yenidən tərcümə etmək hansı ehtiyacdan doğdu?

- Mən bu əsəri tərcümə etməyə başlayandan sonra bildim ki, Azərbaycan dilində bu roman var. Tapıb həmin tərcüməyə baxdım, orijinalla üzləşdirdim. Gördüm ki, bərbad tərcümədir. Elə bil 30-cu illərdə çap olunub, onun müasir oxucu üçün heç bir maraqlı tərəfi yoxdur. Knut Hamsunun daAclıqromanı 30-cu illərdə tərcümə edilmişdi, amma mən o kitabı tapıb baxanda gördüm ki, həmin tərcümə bugünkü oxucu üçün heç bir maraq əhəmiyyət kəsb etmir. Ona görə Aclıqromanını yenidən tərcümə etdim. Eyni sözləri “Karamazov qardaşlarıbarədə deyə bilərəm. Bu tərcümə elə bil tərcüməçinin doğulduğu kəndin ləhcəsindədir. Elə məqamlar var ki, Dostoyevsknin fikirlərini tərcüməçi təhrif edib, öz anladığı kimi yazıb.

 

Fərid Hüseyn

Kaspi.-2014.-21-23 iyun.-S.15.