Yazıçı olmaq istəyirsənsə, ölkəni tərk etməlisən

 

Xuan Gabriel Vaskez: «23 yaşımda artıq qollarımda üç adam ölmüşdü, dayım yandırılmışdı, atamın maşını partladılmışdı, dostum güllələnmişdi…»

 

«Markezin magik realizm tərzindən və yüngül yumor üslubundan uzaqlaşmaq istəyirdim»

 

1973-cü ildə Kolumbiyanın, Boqota şəhərində anadan olub. Ədəbi tərcüməçi, jurnalist kimi fəaliyyət göstərib. “Düşənlərin gurultusu” əsəri ilə “Beynəlxalq İMPAC Dublin Ədəbi Mükafatı” na sahib olub. O, bu mükafata layiq görülən ilk Latın Amerikalı müəllifdir.

 

2014-cü ildə Müasir dünya ədəbiyyatının prestijli mükafatlarından Beynəlxalq İMPAC Dublin Ədəbiyyat mükafatının “Ən yaxşı xarici yazıçı” nominasiyası üzər qalibi kolumbiyalı yazıçı, Xuan Qabriel Vaskez (Juan Gabriel Vasquez) oldu. “Düşənlərin gurultusu” (“The Sound of Things Falling”) adlı romanı ilə həm dünyanın ən çox qazandıran mükafatına, həm də 100 min avro pula sahib olan yazıçı rəqiblərindən “ölkələr kimi fərdlərin də uzaq və üstüörtülü siyasi hadisələrdən təsirləndiyini” və “insan həyatının tarixin kölgəsində qaldığını” ustalıqla qələmə aldığı üçün fərqləndirilib.

 

Ceyms Coysun yaratdığı daha bir yazıçı

Ceyms Coys bir çox yazarın həvəsləndirici, təsirləndirici nümunəsi kimi tanınır. Əksər yazarlar onu rol-model kimi qəbul edir və ədəbiyyata məhz Coysun əsərləri ilə həvəsləndiklərini bildirirlər. Dublində təşkil olunan təqdimetmə mərasimində Vaskez də onlardan biri olduğunu etiraf edib: “Mənim üçün hər şey adlardan ibarətdir. Bu mükafatı məndən əvvəl qazanmış və əsərlərini sevərək oxuduğum, şəxsiyyətlərinə dərin hörmət bəslədiyim yazarların adları. Onların başında Ceyms Coys durur. İçimə yazıçı olmaq alovu salan iki roman var – 16 yaşımda oxuduğum “Yüz ilin tənhalığı” (Qabriel Qarsia Markez) və ondan cəmi üç il sonra oxuduğum “Ulis” (Ceyms Coys)”. Yazıçının və əsərin təhlilinə keçməzdən əvvəl bir kiçik haşiyəyə çıxıb, məlumat verək ki, müəllifin adıçəkilən əsəri 2011-ci ildə İspaniyanın nüfuzlu ədəbi mükafatlarından “Alfaguara”nın da qalibi olub. İMPAC Dublin ədəbi mükafatına namizədləri isə dünyanın 45 ölkəsində fəaliyyət göstərən 162 xalq kitabxanasının üzvləri, sadə insanlar, oxucular təklif edir və qurumun münsiflər heyətinə təqdim edilir. Mükafatın qaliblərindən biri də “Mənim adım qırmızı” romanı ilə Orxan Pamuk olub.

 

Adıçəkilən əsər ingilis dilinə Anne Mak Lin tərəfindən tərcümə olunub. “The Sound of things falling” əsərinə kimi Vazkez 2004-cü ildə nəşr olunmuş “The İnformers” və 2007-ci ildə nəşr olunmuş “The Secret History of Costaguana” adlı əsərlərin müəllifi kimi tanınıb. Müəllifinə 100 min avro qazandıran əsər Boqotanın gənc hüquqşünası Antonio Yammara və onun vəfat etmiş dostu Rikardo Laverde haqqında məlumat toplamaq üçün gəlmiş qonağının üzərində mərkəzləşib. Onun qonağı vaxtilə narkotik ticarətindən həbsdə yatmış keçmiş pilotdur. Hadisələrin inkişafında Antonio şəxsi həyatını və sağlamlığını təhlükələrdən müdafiə etmək üçün mübarizə aparır.

 

Ədəbi təcrübədə yazıçıların tərk etdikləri ölkələrdən yazması olduqca təsirli əsərlər ortaya qoyub. Çünki yazarlar iddia edir ki, bir ölkə haqqında aydın mənzərə yarada bilmək və mövcud vəziyyəti bütün detalları ilə təsvir edə bilmək üçün ordan uzaqlaşmaq, hər şeyə kənardan baxmaq lazım gəlir. Bundan əmin olmaq üçün Ceyms Coys və Ernest Heminqueyin təcrübələrinə nəzər salmaq kifayətdir. Elə Vaskezin də yaratdığı nəhəng əsər məhz bu təcrübədən keçib. 23 yaşında, 1990-cı illərin ortalarında vətəni Baqotanı tərk edən Xuan Qabriel ədəbi mühitə qoşulmaq, yazıçı olmaq, sərt tərbiyə üsullarından və bombardmanlardan, Kolumbiyadakı narkobizneslə məşğul olan qruplaşmaların hücumlarından qaçaraq Parisə gəlir.

 

Ancaq tərk etdiyi ölkənin ümumi fonunu canlandırmaq, qələmə almaq elə də asan başa gəlmir və bu müəllifdən müəyyən qədər vaxt alır. Tezliklə həmyerlisi Qabriel Qarsia Markezin ədəbi kölgəsində qalan və ədəbiyyatda məhz öz ölkəsindən yazmaqla özünü işıqlandıra bilməyəcəyini anlayan Vaskez başqa bir mövzuya üz tutur: “Kolumbiya haqqında necə yazmaq, ölkəmlə bağlı yazacağım hekayəni – bu, gözlənilmədən yanıldıcı, aldadıcı da ola bilər - necə işləyəcəyimi müəyyənləşdirmək üçün altı il xaricdə yaşamalı oldum. Əvvəlcə Kolumbiya mənim üçün anlamadığım, çözə bilmədiyim, çox gənc yaşlarımda tərk etdiyim və mənə olduqca uzaq qalmış qaranlıq bir yer kimiydi. Elə hiss edirdim ki, həmin ölkə haqqında nəsə yazmağa mənəvi haqqım yoxdur. Sonra diqqətimdən qaçan əsas məqamın fərqinə vardım, ölkəmdə baş verənləri, onun təbiətini anlamamaq məhz onun haqqında yazmağa girişmək üçün ən yaxşı səbəbdir. Bu əsər suallarımı cavablandırmaq üçün yaxşı vasitə idi. Cozef Konradın bununla bağlı razılaşdığım bir yanaşması var: Yazırsınız, çünki aydınlığa qovuşası qaranlıq nöqtə var və yazıçı inanır ki, sizin hekayəniz həmin qaranlıq məsələyə işıq salacaq”.

 

Baxmayaraq ki, qələmə aldığı hekayədə öz ölkəsi ilə bağlı olduqca qaranlıq məqamlara aydınlıq gətirib, Kolumbiya hökuməti Vaskezi ölkənin ABŞ-da səfiri kimi görüb və ona bu işi təklif edib. Perulu yazıçı, Nobel mükafatlı Mario Varqas Llosa Vazkezi “Latın Amerikası ədəbiyyatının ən orijinal qələm sahiblərindən” biri kimi qəbul edib. Odur ki, müəllifin Konqres kitabxanasında Qarsia Markez, Varqas Llosa, Qabriela Mistral və Oktavia Pazdan səsləndirdiyi nümunələrdən ibarət çıxışı olduqca maraqla qarşılanması, bu çıxışın təkrarlanması üçün kitabxana müəllifə dəfələrlə təklif göndərməsi və əsərlərinin adıçəkilən müəlliflərinin əsərlərinin olduğu kolleksiyaya daxil edilməsi təsadüfi deyil: “Bu, mənəvi baxımdan mənim üçün olduqca əhəmiyyətli məsələ idi. Oxuduqca və tanıdıqca məni ilk növbədə yazıçı olmağa həvəsləndirən və inandıran insanlarla eyni siyahıda yer almaq olduqca qürurvericidir. İnanılmaz duyğudur”.

Kitabxananın İspandilli əsərlər bölməsinin müdiri Ceorcette Dorn: “Vaskez bu gün bütün dünyada tanınan və ədəbi mühitdə olduqca ağır çəkisi olan kolumbiyalı yazıçıdır. İspandilli ədəbiyyatın oxunmağa dəyər əsərlərinin yeni bir müəllifi yaranıb. İspandilli ədəbiyyatın 1970-ci illərdə magik realizmin ən yaxşı nümunələri ilə daxil olduğu dünya ədəbiyyatında bu gün biz məhz Vaskezin əsərləri ilə yeni bir nəfəs, yeni bir başlanğıc qazandı”.

 

Bir çox müsahibəsinə “hər yerdə həmişə xarici” kimi yaşayacağını və yaşamaq hüququ ilə yaşayacağını vurğulayan yazıçı vətəninə geri dönür. Özünün bildirdiyinə görə bu qayıdış həmişəlik deyil, o müvəqqəti olaraq, Boqotada yaşayacaq: “Düşündüm ki, artıq Boqotaya gedə bilərəm, hətta qısa müddət orada yaşaya da bilərəm. Mən 16 il idi ki, orada çıxmışdım və artıq Boqota mənim üçün kifayət qədər yad bir yer idi. Amma elə bir ki, mən 23 yaşında oradan çıxan gün orada hər şey dayanıb, hər şey mən gedəndə olduğu kimi idi. Amma eyni yerdə yad kimi hiss eləmək qəribə hisdir, bu hissi yaşamaqdan xoşum gəlir. O hissin gətirdiyi gərginliyi insan nadir situasiyalarda yaşayır. İnsan özünü narahat, yuvasız, təhlükədə hiss edir, xırdaca bir yeri belə sahiblənə bilmir”.

 

Kolumbiyanın müasir dünya ədəbiyyatında özünə ad almış gənc yazarının ilk işi özünəməxsusluğu – orijinallığa həvəsləndirən hekayələr qələmə almaq – ilə fərqlənə bilməkdir. Yazıçı iddia edir ki, oxucuları onun əsərlərini məhz bu cəhəti ilə seçə və fərqləndirə bilir. Yalnız ikinci hekayəsi – “The Secret History of Costaguana” Vaskezin Qarsia Markezin magik realizm tərzindən və yüngül yumor üslubundan təsirləndiyi iddia edir, lakin yazıçı: “Bu ölülərin danışdığı, gözəl qadınların göydən göndərildiyi hekayələrin qələmə alındığı kitablardan deyil”-deyir.

Lakin Qarsia Markezin demək olar ki, hər yerdə hiss olunan təsirindən özünü ayırmaq Vaskez üçün elə də çətin olmur. Yazar çox tezliklə başa düşür ki, gerçək bir uğur üçün o bu təsirdən qurtulmalı, özünə dönməlidir: “Baxmayaraq ki, “Yüz ilin tənhalığı” məni yazarlığa həvəsləndirən əsərlərdən biridir, amma mən yaradıcılığımın əvvəllərində başa düşdüm ki, Markezdə metod və texnika baxımından mənə öyrədəcək nəsə yoxdur. Zaman itirmədən Markezin yaradıcılığından ayrılıb, yazmağı öyrənmək üçün lazımi dərsləri Konrad və ya Dostoyevskinin, ya da sevdiyim müasir yazarlardan Filip Rot, Don De Lillonun yazdıqlarında axtarmalı idim. Bu, insanlar mənim yazmaq istədiyim kimi yazıb, ifadə etmək istədiyim kimi ifadə edib, ustaca, peşəkarcasına. Onlar ictimai həyatla – tarix və siyasət – fərdin şəxsi həyatı arasındakı kəsişmələri genişləndirməyə onların bir-birinə təsirini, bir-birini necə məhv edə və ya düzəldə biləcəyini göstərməyə çalışıblar”.

 

Üçüncü əsəri “Düşənlərin gurultusu”na başlayarkən yazıçı 1980-1990-ci illər arasında ölkəsində hökm sürən Eskobarın terror dalğası dönəmini qələmə almağa hazır hiss edir. Təsadüfən bu əsər müəllifinin həyatını tamamilə dəyişdi: “Siz buna böyümək də deyə bilərsiniz, amma mən həqiqətən də heç vaxt sakit vaxtını görmədiyim o ölkədə necə böyüdüyümü bilmədim. Kolumbiyadan travmalı hisslərlə qaçdım və tərk etdiyim kimi hadisələrin yaşanmadığı bir ölkədə dayanana kimi getdim. Ola bilər ki, məhz buna görə mən uzun müddət bunları hansısa hekayədə göstərməyə çalışmadım”.

 

2008-ci ildə Xuan bu uğurlu roman üzərində işləməyə başlayır. Romanın baş qəhrəmanı olan pilot - əvvəllər yalnız narkotik biznesi ilə məşğul olanlara xidmət edən, amma indi heç hara getməyən pilot - Boqota heyvaxanasından qaçan və snayperlər tərəfindən öldürülən hippopotamusla bağlı bir xəbər oxuyur. Vaxtilə narkobaron Eskobara aid olan və onun ölümündən sonra heyvanxanaya verilən hippopotamusun şəkli onun keçmiş xatirələrini canlandırır. Vaskez qəhrəmanının vəziyyətini dəqiq təsvir edə bilmək üçün dəfələrlə heyvanaxaya gedir. Müəllif həmin əsərdə təhkiyəçi kimi çıxış edir: “Birdən-birə başa düşdüm ki, deyəsən, elə təhkiyəçi mən özüm olacam. Baxmayaraq ki, hekayəmin baş qəhrəmanı pilotdur, zamanla başa düşdüm ki, bu onun hekayəsi deyil, bu mənim aid olduğum nəslin yaşam hekayəsidir, həmin pilotları tanıyanların, onların tanımadıqları insanlara vurduğu zərəri görənlərin, əziyyət çəkənlərin, böyüməyə qorxanların hekayəsidir”

 

Vaskezin sonra işlərindən biri isə “Reputations” adlı novelladır. Keçmişi ilə zidd təşkil edən bir həyat yaşayan siyasətçinin hekayəsi hələ ki ingilis dilinə tərcümə olunmayıb. Onu da qeyd etmək lazımdır ki, Vaskezin əsərləri yüksək ictimai marağa səbəb olur. Belə ki, “The Sound of Things Falling”-in Kolumbiyada nəşrindən sonrakı iki il ərzində Eskobar haqqında, burada baş verən kriminal hadisələri və əhalinin çətin həyatını, yaşadıqları təhlükələri göstərən sənədli filmlər, telenovellalar hazırlanıb: “Soruşa bilərsiniz ki, 30 il ərzində baş verənlərə niyə qayıdıldı, niyə həmin dövrlər, insanların yaşadıqları, nəticələrindən bugün də əziyyət çəkdikləri şeylər hər yerdə işıqlandırıldı. Çünki zamanında bu problemlərin dərinliyinə getməmişdilər. Heç biz özümüz də o əziyyətləri niyə çəkdiyimizi, o qorxuları niyə yaşamalı olduğumuzu bilmirdik. Odur ki, illər keçdi və hekayələrimizi danışmağa başladıq. Bu hekayələr, həmin o 30 ili canlandıran xatirələr həm də insanların bir-birinə, həmin illərə nə qədər uzaq, nə qədər yad münasibəti olduğunu da göstərdi. Bəzən mənə elə gəlir ki, biz bütün bu zaman ərzində həmin ağrılı, bizi incidən xatirələri təzyiq altında saxlamağa çalışmışıq, çıxıb özünü göstərməyə imkan verməmişik. Amma bugün onlarla üz-üzə gəlməyə və onları əbədilik məhv etməyə, azad buraxmağa hazırıq. Və bunun öhdəsindən gəlməyin ən yaxşı yolu onları yazmaq, milyonların zavallı baxışlarının ixtiyarına verməklə öldürməkdir”.

 

Müəllifin müxtəlif mətbu orqanlara verdiyi müsahibələrdən seçmələr

- Uzun müddət Avropada yaşadınız. Heç dönmərəm, demişdiniz, amma Kolumbiyaya geri qayıtdınız. Niyə tərk etmişdiniz Vətəninizi, niyə qayıtmaq istədiniz?

- Oranı beynimdə bircə fikirlə - “Mən yazar olacağam” – tərk etmişdim. Olduqca qərarlı və qətiyyətli idim və Latın Amerikası ölkələri üçün ənənəvi olan yazılmamış qanuna əməl edirdim – yazıçı olmaq istəyirsənsə, ölkəni tərk etməlisən. Mənim yazarlığa başlamağımda, müəyyən qədər yazılarımda, özümüinkişaf yolumda bu və ya digər dərəcədə təsiri olan Latın Amerikasından olan yazarların hamısı – Borxes istisna olmaqla – xaricdə məşhurlaşmış, orada yazıb-yaratmışdı: Qarsia Markez, Varqas Llosa, Karlos Fuentes, Xulio Kortazar. Üstəlik, Paris mənim üçün Heminquey idi, o ən gözəl əsərlərini məhz bu şəhərdə yazmışdı və Coys ədəbi nəhəngi olan “Ulis”in böyük bir hissəsini burada qələmə almışdı. Odur 1996-cı ildə Parisə gələndə mənim ədəbi səbəblərim var idi. Odur ki, uzun müddət mən öz ölkəmdən mənəvi sürgün olunmadığımı, təhlükədən qaçmadığımı, sadəcə Kolumbiyada məqsədlərimə çatmağa imkan verəcək mühitin olmadığını izah edə-edə yaşadım. Amma sonra başa düşdüm ki, mənim tərk etmək qərarımda ömrümün Boqotada keçən son 12-13 ilinin, o illərdə yaşadıqlarımın çox böyük təsiri olub. Həmin onillik Pablo Eskobar və Kartel de Medellinin Kolumbiya hökumətinə müharibə elan etdiyi və sözün yerini silaha və qana verdiyi müharibə illərinə düşdü. Onlar nəticəni öz zəfərləri ilə əldə etmək üçün terroru seçdilər, analar günündə minlərlə insanın dincəldiyi ticarət mərkəzləri bombalandı, ticari xətlər tutuldu, hökumət binaları partladıldı. Mən cəmi 11 yaşımda vəhşiliklə, güclə, təhlükə ilə tanış oldum. Mən terror qorxusunu bir an unutmadan yaşayan uşaqlardan oldum, biz böyüdükcə ölkəmizi başdan ayağa öz ağuşuna alan narkobiznes, dərman ticarəti və bu kimi rəzil şeylər də çoxalırdı. Hamı hardasa müəyyən qədər bunlarla bir əlaqədə olurdu, məşğul olurdu. Və bütün bunların nəticəsi o oldu ki, mən sürgün edildim.

 

- Kitablarınızı oxuyanda insan düşünür ki, bu Kolumbiyada həyat tərzinə çevrilibmiş. Bəs, sizin ailəniz, yaxınlarınız, dostlarınız bunlardan birbaşa təsirlənirdimi?

- Terror hadisələri 80-ci illərin ortalarından başladı Eskobarın 1993-cü ildə öldürülməsinə kimi davam etdi. Mənim yaş dövrümə aid olan bütün insanların xatirələri bu hadisələrlə zəngindir. Adama elə gəlirdi ki, bütün şəhərin evləri pəncərəsiz qalıb, əslində pəncərə qoymağın bir mənası da yox idi. Təkcə qırılan şüşələrin vurduğu zədə ilə nə qədər insan öldü. Ya da mənə elə gəlir ki, bizim heç birimiz dünyadakı ən dəhşətli səsin bomba səsi olduğunu inkar etmərik. Cibimizdəki pullar ancaq telefonla “mən yaxşıyam” deməyə xərclənirdi. Təzə nəsə almaq, nəsə geyinmək, gülmək insanın içindən gəlmirdi. Çünki anidən, hər an özünü qanın, güllənin ortasında tapırdın. Son illərdə Eskobar 1000-dən çox polis işçisini, onların ailələrini öldürtdürdü. Ticarət mərkəzləri təhlükəli idi, asan vurulurdu, klublar təhlükəli idi, mafiozlar gecəyarısı adam öldürməyi xoşlayırdı. Belə düşünəndə adama yaxşı yazılmış ssenari kimi gəlir – ürəkləri nə zaman istəsə, sənin sevgilini, nişanlını bəyənə bilər, sənin yanında onunla intim yaxınlıq qurmaq istəyə bilərdilər, məhz buna etiraz etdikləri üçün minlərlə insan güllələnmişdi. Sizcə, mən necə birbaşa təsirlənməyə bilərəm? Siz birbaşa deyəndə nəyi nəzərdə tutursunuz bilmirəm. 23 yaşımda artıq qollarımda üç adam ölmüşdü, dayım yandırılmışdı, atamın maşını partladılmışdı, dostum güllələnmişdi.

 

- Bugün Boqotada həyat necədir? Məncə, indi orada yaşamaq daha təhlükəsizdir.

- İndi ora təkcə daha təhlükəsiz yer deyil, tamamilə başqa yerdir. Boqota insanların “bugün öləcəm” fikri ilə yaşadığı şəhər idi. İndi səkkiz milyon əhali ilə Latın Amerikasının paytaxtıdır. Bəzi yerləri hələ də təhlükəlidir. Qonaqpərvərdir, amma qarışıqdır, yaşamaq çətindir. Amma ən azından qorxu altında deyil.

 

- Hekayə heyvanxanda saxlanılan bir hippodan başlayır. O heyvanxanadan qaçır, Eskobar tərəfindən himayə edilir və sonda öldürülür. Burada hippo portreti nəyin ifadəsidir, nəyin ümumiləşməsidir? Hekayənizin baş qəhrəmanı Antonionun elədiklərini eləmisiniz, yəni heyvanxanada olmusunuz?

- Heyvanxanaya gedəndə 12 yaşım var idi, o hekayənin qəhrəmanı Antonio kimi. Onun kimi mən də bu barədə valideynlərimə deməmişdim, desəm, icazə verməzdilər. Amma bu gizli səfər haqqında sonralar tamamilə unutmuşdum, bir də bu əsəri, Antonionun heyvanxanaya səfərini yazanda xatırladım, 25 il sonra. Əsərə təzə başlayanda 70-ci illərin əvvəlində, yenicə başlamış narkotik ticarəti ilə məşğul olanlar üçün işləyən pilotun hekayəsini anlatmaq istəyirdim. Amma demək olar ki, bir il heç nə alınmırdı, içimdə başqasının hekayəsi, yad hekayə hissi var idi və başa düşdüm ki, o necəsə özümünküləşdirməliyəm. Bir gün təsadüfən “Semana” jurnalını vərəqləyəndə, öldürülmüş hipponun şəklini gördüm, həyatımda bu qədər təsirli çox az mənzərə var. Mən buna mənzərə deməzdim də, bu qarşılaşma idi. Cəmi bir neçə saniyə ərzində mən Boqotaya, o heyvanxanaya, narko-terror qurbanı olmuş ömürlərə geri döndüm. Eskobarın ölümünə kimi yaşadığımız hər şey beynimə doldu. Və o andan etibarən nədən və necə yazacağımı dəqiqləşdirmişdim. Bu, narkobiznes dünyasına xidmət edən pilotun yox, mənim kimi, ailəm kimi, dostlarım kimi dünyanın hər yerində heç bir günahları olmadan müharibədən, bombardmandan, qorxudan, ölümdən əziyyət çəkən bütün insanların şəxsi həyatının, əziyyətlərinin, mübarizələrinin hekayəsi olmalı idi.

 

- Kolumbiyada əsəriniz oxundu. İnsanlar bu kitabı necə qarşıladılar? Nə kimi reaksiyalar aldınız?

- Gələn reaksiyalar əsasən iki cür olurdu. Bəzi məktubların müəllifləri əsərdə keçən hadisələrin bu qədər ağır təsvir olunmasının ölkə üçün pis təbliğat hesab edir, Kolumbiyanın təbiətinin, landşaftını təsvir edir, onun indi dəstəyə və yaxşı mənada təbliğata ehtiyacı olduğunu yazırdı. Hazırda orada narkobiznesin olmadığını və bombardman dövrünün çox uzaqda qaldığını bildirirdilər. Belə məktubları müəllifləri çox sadə və mərhəmətə ehtiyacı olan insanlar təsiri bağışlayır. Çünki mən ədəbiyyatın insanı təkmilləşdirməyə, ona pisi, yaxşını göstərməyə, həyatda əzabın nə olduğunu yaşamadan hiss etdirməyə xidmət etdiyini düşünürəm. Ədəbiyyat təbliğat vasitəsi deyil. Bəzən ətrafda hər şey, hamı yazarı başqa cür yazmağa, başqa şeyə xidmət etməyə çağıra bilər, onda hekayə əlini qaldırıb, söz istəyir: “Bağışlayın, cənab, amma bu hadisə sizin yazdığınız kimi yox belə olub, olanı dəyişmək ixtiyarınız yoxdur”.

 

Digər qrupun yazdıqlarında isə qəribə bir həsrət var idi. Çoxu yazırdı ki, illərdir televiziyalarda da filmlər hazırlanır, amma əsərdə yaşananlar onların öz həyatında olduğu kimi alınıb. Onlar yaşadıqlarının unudulmasını istəməyən qrup insanlar idi. Əsər gələcək nəslin oxuyaraq, ölkənin yenidən həmin vəziyyətə dönməməsinə çalışmaları üçün yaxşı bir mayak olacaqsa, mən bütün yaşadıqlarıma dəyər deyərəm.

 

Elcan Salmanqızı

Kaspi.-2014.-21-23 iyun.-S.12-13.