Sənətkar yüz il yaşasa da, öz işində nöqsan tapmalıdır
85 illiyi qeyd olunan xalq artisti Roza Cəlilova,
“rəqqasənin görünüşü bir rəsm əsəri
olmalıdır” deyir
Ömrünü sənətinə həsr edən, onu layiqincə təmsil edən, xalqın sevimlisinə çevrilən insanlar sənət fədaisi hesab olunurlar. 2014-də 85 illiyi qeyd olunan xalq artisti, rəqqasə, xoreoqraf baletmeyster, Şərəf ordenli, prezident təqaüdçüsü Roza Cəlilova da o fədailərdəndir.
O, 85 illik ömrünün 60 ilini çox sevdiyi sənətinə həsr edib. Yaşayıb, yaradıb, ölkənin adını yüksəklərə qaldırıb, mükafatlar qazanıb və sənətini gələcək nəsillərə çatdırmağa çalışıb. Bəzən isə küskünlükləri olub, hörmətsizlik görüb, diqqətdən də kənarda qalıb. Amma heç nə onun bu sənətə olan sevgisini azalda bilməyib. Elə bu sevgidəndir ki, vaxtilə külüng vurduğu bu sənətin hazırkı durumu bir ustad rəqqasə olaraq onu düşündürür. Azərbaycan rəqs sənətinin mahir bilicisi, ustad rəqqasə, xalq artisti Roza Cəlilova bizimlə keşməkeşli sənət yolundan danışdı.
85 ilin tarixçəsi
1929-cu il mayın 17-də doğulan Roza Cəlilovanın uşaqlıqdan rəqsə böyük marağı olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirərək, iki il M.F.Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə təmayülünü dəyişərək M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. İlk baxışda bu, gözlənilməz bir qərar kimi görünsə də, Roza Cəlilovanın sənət yönümünü dəyişməsinin mənəvi-psixoloji səbəbləri vardı. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib. Roza Cəlilovada istedadla bərabər, Xoreoqrafiya Məktəbindən əxz etdiyi professional hazırlıq da vardı. Mahnı və Rəqs Ansamblında bu, onu bütün rəqqaslardan fərqləndirirdi. Roza Cəlilova səhnəyə professional hazırlığı ilə qədəm qoyan ilk rəqqaslardan idi. Bu keyfiyyətləri sayəsində rəqqasə iki il sonra sənətdə bir-birinin ardınca böyük uğurlara imza atmağa başladı. Professional rəqslə folkloru məharətlə birləşdirməsi onun şöhrətini birə-min artırdı. Lirik süjeti, bədən plastikası və kəpənək uçuşunu xatırladan zərif əl hərəkəti ilə rəqqasə hər bir rəqsində (Ağ çiçəyi, Lalə, Bənövşə, Qəşənqi, Qara göz və s.) mükəmməl, bitkin bir sənət əsəri yaradırdı.
Rəqqasə parlaq ifaçılığı ilə yanaşı, uzun illər xoreoqraf kimi də fəaliyyət göstərirdi. 1989-cu ildə həyata vəsiqə alan “Gülüstan” Mahnı və Rəqs Ansamblı isə tam mənada Roza Cəlilovanın sənət övladıdır. Yüksək professional səviyyə və tərkibinə görə “Gülüstan” ansamblı qısa zamanda populyarlaşaraq xarici ölkələrdən dalbadal dəvətlər almağa başlayır.
“Məni qorumağa çalışırdılar”
O, bu sənəti uşaqlıqdan sevib. Milli rəqsdən əvvəl 11 yaşlı gənc rəqqasə 9 il balet rəqsinin sirlərini öyrənib. Həmin ərəfələrdə balet rəqqasəsi olduğu üçün azyaşlı Rozaya təqaüd verirdilər ki, balet sənətini tərk etməsin. Roza Cəlilova həmin illəri belə xatırlayır: “Məni balet məktəbinə atam yazdırmışdı. O vaxtı valideynlərin çoxu övladlarının baletə getməsini istəmirdi. Elə bir vaxt idi ki, heç milli rəqsə getməyə qoymurdular, qaldı ki baletə. Amma mənim atam ziyalı idi. 36 yaşında professor idi. Atam görürdü ki, mən oynayıb-eləyirəm, rəqs etməyə həvəsim var. Deyirdi ki, mən qızımı baletə qoyacam. Mənim baletə getməyimin təşəbbüskarı atam olub. 12 yaşım olanda məktəbdə istedadlı uşaq və gənclərə aid olimpiada keçirilirdi. Müharibə dövrləri idi. Gecələr müharibə idi, gündüzlər müsabiqə keçirilirdi. Orada gəlib, rəqs qurdular və o rəqsdə məni seçdilər. Dedilər ki, sən birtəhər oynayırsan, rəqsə getmisən? Dedim yox. Dedilər, bəs necə yaxşı oynayırsan? Dedim balet məktəbinə gedirəm. Həmin festivalda öz milli rəqsimizi oynadıqdan sonra qərara gəldim ki, bu sənət mənim ürəyimdən bəhs edir. 12 yaşımdan milli rəqslərimizi ürəyimdə saxladım. Baleti qurtarana qədər ürəyimdə qaldı. Qorxumdan da anama deyə bilmirdim ki, baleti atacam. 9 il balet məktəbinə getmişdim. Bəlkə də mənim yerimə başqa biri olsaydı, baleti atmazdı. Anama deyəndə, cavabı bir az müsibət oldu. Anama dedim ki, həm Filarmoniya bizim evə yaxındı, həm də istədiyim milli rəqslərimizdi. Çünki millilik mənim qanımda idi. 46-cı ildən rəqs etməyə başlamışam. İki il balerina kimi fəaliyyət göstərdim. Ondan sonra 49-cu ildən Üzeyir Hacıbəylinin yaratdığı ansamblda ömrümü Azərbaycanın milli rəqsinə həsr etdim. Bu seçimimə görə də heç vaxt peşman olmamışam. Balet ifaçısı dünyanın hər yerində var. Amma Azərbaycan milli rəqslərini qoruyub saxlamalıyıq ki, bizdən sonrakı nəsillərə ötürə bilək. Həmin zamanlar Azərbaycanda cəmi 4 baletmeyster var idi. Məni qorumağa çalışırdılar. Ancaq hiss edirdilər ki, mən baleti tərk edəcəyəm. Ailəm isə baletmeyster olmağımı istəyirdi. Ailəmdən güclə icazə alıb, mahnı və rəqs ansamblına gəldim. Hər kəs təməlini məhz milli rəqsdə qoyduğu halda, mən balet məktəbini bitirib, orada yoğrulub bu sənətə gəlmişdim. Sevinirəm ki, mənim zamanımdan yaşayan tamaşaçılar məni görən zaman rəqslərimin ismini söyləyirlər. Bu, özü böyük nailiyyətdir”.
Həyatının
dönüş nöqtəsi
Roza xanım 1957-ci ildə Həbəşistanda olan zaman, məşhur bir hind rəqqasəsi səhnədə oynayarkən onu gizli olaraq səhnənin arxasından böyük maraqla izləyib. Rozanın bu həvəsini görən xarici rəqqasə hind rəqsini ona öyrədəcəyini deyib və öz paltarlarını, ayağındakı zəncirlərini də ona verib. Hind rəqsini ondan öyrənən Roza Azərbaycanda bu rəqsin bir növ təmsilçisi olub: “Azərbaycan səhnəsinə hind rəqsini ilk mən gətirdim. İndiki hind rəqslərini oynayan rəqqasələr hind kasetlərinə baxıb hərəkətləri oradan götürürlər. Onlar rəqs hərəkətlərinin mənasını da anlamırlar, beyinlərinə gələn hərəkəti edirlər. Elə hesab edirlər ki, hind rəqsi oynayırlar. İndiki hind rəqqasələrin heç biri peşəkar deyil”.
Artıq qocaldığını qeyd edən Roza Cəlilova hesab edir ki, bəlkə bir əlli ildən sonra Əlibaba Abdullayev kimi insan dünyaya gələr və hər şey yenidən bərpa olar. Çünki indi o rəqsləri oynayan yoxdur. Həm də o zaman televiziya və video yox idi ki, indiki rəqqasələr klassiklərin rəqslərinə baxıb nəsə öyrənsinlər.
Ömrünün 85-ci ilini yaşayan Roza Cəlilovanı ötən dövrlərin xatirələri daim müşayiət edir. Keçmişdəki nailiyyətlərinə nəzər salıb, saf-çürük edir: “Bu illər ərzində yaşadıqlarımın 90 faizi ürəyimcədir. Ürəyimcə olmayan 10 faiz isə, belə desək, eləmədiklərimdi. Səhnədə olan vaxtlarımdakı kimi mənə bənzəyən 20-25 yaşlı gözəl bir qızı görməyi istəyərdim. Bax bu arzuma çatmamışam. İndi nəvəm var, amma 13 yaşındadır. Hələ mən istəyən yaşda deyil. 85 yaş elə yaşdı ki, yaşadığım hər günə şükür edirəm. Mənim o arzumun reallaşmağı üçün 10 il keçməlidir ki, nəvəm böyüsün. Ondan başqa bütün arzularıma çatmışam”.
Rəqqasın görünüşü bir
rəsm əsəridir
Rəqs etmək üçün böyük ürəyə sahib olmağın gərəkli olduğunu qeyd edən Roza Cəlilova lirik janrı daha çox ürəyə salmaq lazım olduğunu bildirir: “Rəqs sənəti əziyyətli, zəhmətsevər, əzəmətli olmaqla yanaşı, şərəfi peşədir. Rəqsi oynamaq üçün ürək lazımdı, sənətini sevməlisən. Pula görə yox, tamaşaçının zövqünü oxşamaq lazımdı. Əsl sənətdən söhbət gedəndə maddiyat düşünülməməlidir. Mən də bu yolu tutdum və ona nail oldum. Hərdən səhnədə rəqs edənlərə sual edirəm ki, siz bilirsinizmi rəqs neçə sənətlə bağlıdır? Deyirlər ki, rəqsdi də, musiqi çalınır, oynayırıq. Amma əslində rəqs bir neçə sənətin daşıyıcıları ilə bağlıdır. Rəssamla, bəstəkarla, heykəltəraşla, şairlə, eləcə də ülkər gülüş, mimika, sona baxışla bağlıdır. Amma indikilər deyir ki, musiqi çalınsın, düşsünlər ortalığa. Sadaladığım həmin peşələrin hər birini rəqsdə görmək olar. Rəqqasın, rəqqasənin görünüşü bir rəsm əsəridir. Bəstəkarın yazdığı musiqi üzərində rəqs edilir. Rəqs edən zaman xorda səslənən musiqinin sözləri olur ki, bu şairlə əlaqəlidir. Rəqqasın hər bir hərəkəti bir heykəl formasını xatırladır. Diqqətlə nəzər yetirdikdə, bunların fərqinə varmaq olur”.
Ömrünün bu çağında rəqs etməyə taqəti olmadığını deyən Roza Cəlilova hərdən gəncliyini, hazırladığı rəqsləri xatırlayır: “Otururam və əvvəl etdiyim rəqsləri göz önünə gətirirəm, onlara bu gün peşəkar gözü ilə baxıram. Deyirəm ki, gərək orda başqa cür edəydim. 85 yaşımda belə, oynadığm rəqslərə baxanda, onlarda bir nöqsan tapıram. Gör bu sənətə mənim nə qədər diqqətim var ki, əvvəlki rəqslərimi götür-qoy edib deyirəm ki, indi bu hərəkəti başqa cür edərdim. Sənətkar yüz il yaşasa da, öz işində nöqsan tapmalıdır. Yaşa dolduqca sənətkarın özündə nöqsan tapması onun sənətə olan məhəbbətindən irəli gəlir”.
Biz də sevimli
sənətkarımız Roza Cəlilovaya
uzun ömür, can sağlığı arzulayırıq.
Xəyalə Rəis
Kaspi.-2014.-25 iyun.-S.12.