“Vətənpərvər insanlar ölmür

 

Qarabağ müharibəsi qəhrəmanı öz döyüş yolu ilə böyüməkdə olan nəsil üçün əsil örnəkdir

 

“Ən böyük arzum odur ki, ermənilər torpaqlarımızı bizə vətənpərvərliyimizdən qorxub qaytarsınlar. Biz torpaq davasına qalxmalı deyilik - torpaqlarımız yerində qalıb. Bizim ordumuz güclüdür, ancaq bir qədər vətənpərvərliyimiz çatışmır”. Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynlinin bu sözləri kəşfiyyat komandirinin qanlı döyüşlərdən keçən, vətən, torpaq təəssübkeşi olan bir əsgərin ömür yolunu əks etdirir. “Mən həmişə deyirəm ki, bu müharibədə erməni tərəf uduzdu, biz yox. Əgər Qarabağ müharibəsi olmasaydı, indi ermənilər Azərbaycanın ən gözəl yerlərində yerləşmişdilər” - deyə qəhrəman döyüşçü bildirir.

Bu gün onun sinəsini “Azərbaycan bayrağı” ordeni bəzəyir. Haqqında “Əsgər” sənədli filmi çəkilib, kitablar yazılıb. Döyüş yolu isə böyüməkdə olan gənclik üçün əsil örnəkdir.

 

«Hara gedirsən get, bizdən əl çək»

 

«Mənim vətənpərvərliyim elə gəncliyimdən başlayıb. Uşaqlıqdan dostlarımı, yoldaşlarımı qoruyan idim. Hərbi xidmətə də həvəslə yollandım» - deyən qəhrəman 1988-ci ildə hərbi xidmətini yerinə yetirmək üçün Rusiyanın Amur vilayətinə yollanıb: «Mən hərbi xidmətdə olarkən də idmanla məşğul olurdum. Əsgər yoldaşlarımın arasında karateçi kimi tanınırdım. İnana bilmirdim ki, kiməsə məğlub ola bilərəm. Hərbi xidmətdə olarkən heç bir zaman döyülmədim. Mən ümumiyyətlə, məğlub olmağı xoşlamırdım».

 

Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman İ.Hüseynli hərbi xidmətdə idi. O, burada sovet ordusunun Bakıya qoşun yeritdiyiniçoxlu sayda həmyerlisinin öldürüldüyünü eşidib. İbad Hüseynli Azərbaycandan olan digər hərbçilərlə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayıb. Komandanlığın təzyiqlərinə baxmayaraq, onlar aclıq aksiyasını dayandırmayıblar. Nəticədə komandanlıq əsgərləri ayrı-ayrı hərbi hissələrə paylaşdırıb: «Bizi Primorski dairəsinə aparıb sanki cəhənnəmin içinə atdılar. Mən əsgər yoldaşlarımın arasında təbliğat aparıb onların hamısını aksiyaya cəlb etdim. Nəticədə hərbi hissənin rəhbərliyi məni maşınla gətirərək bir səhralıqda buraxıb «Hara gedirsən get, bizdən əl çək» - dedi. Bu, sovet ordusunda görünməyən bir hadisə idi. Hərbi biletimi əlimdən aldılar. Pulum da yox idi. Orada yaşayan azərbaycanlılar məni Vətənə yola saldılar» - deyə qəhrəman döyüşçü xatırlayır. İbad Hüseynli beləcə hərbi xidmət müddəti başa çatmamış Vətənə qayıtmağa müvəffəq olur.

 

Xocavənddən başlayan döyüş yolu

 

O, 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra doğma Xocavənd rayonuna gedərək orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsi daha da qızışmağa doğru gedir. Qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları hücum edir. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi. Ermənilərdə köhnə sovet ordusundanya xaricdən alınmış yetərincə hərbi sursat, texnika vardı. İ.Hüseynlionun döyüş yoldaşları isə silah almaqya onu haradansa əldə etmək imkanından məhrum idilər: «Mən əsgərlikdən hazır döyüşçü kimi gəlmişdim. Kəşfiyyat-diversiya dəstəsinin komandiri olaraq fəaliyyət göstərdim. Döyüş yolum Xocavənddən başladı. Bizim hərbi birləşməmiz həmçinin Füzulidə, Ağdamda döyüşdü. Hərbi birləşmədə 80 nəfərdən çox əsgər toplaşmışdı. Yerli əhali də «Burada İbad var, heç bir bəla ola bilməz» - deyə arxayın idi.

 

Biz öz kəşfiyyatçı qrupumuzla düşmən tərəfə adlayaraq erməniləri məhv etməyə və çoxlu sayda silah və təchizat ələ keçirməyə başladıq”.

İ.Hüseynlinin dəstəsi həmçinin sovet ordusunun hissələrinə qarşı da diversiya əməliyyatları keçirirbu hərəkəti yerli sovet qoşunlarının ermənilərə dəstək verərək, onlara silah satmaları ilə izah edirdi. «Çoxlu sayda savaşlarda iştirak etmişəm. Hər hansı döyüşə gedib qayıdarkən görürdüm ki, 3-4 nəfər igid əsgərimiz həlak olub. 1990-1993-cü illərdə həmin bölgədəki hərbi əməliyyatların demək olar ki, hamısında iştirak edirdim. Çox ağır döyüşlər gedirdi”.

 

«Məndə sizin üçün suvenir var

 

İbad Hüseynov məşhur erməni terrorçu Mento Melkonyanın Xocavənddə başını kəsərək öldürməsi ilə məşhurdur. Qəhrəman döyüşçü 1993-cü ildə baş verən həmin hadisəni belə xatırlayır: “Bir gün ermənilərin hərbi birləşməsinə Melkonyan adlı komandirin gəldiyini və onun Kür çayına kimi bütün torpaqlarımızı tutmaq istədiyini eşitdim. Xocavənd rayonunun MTN rəisi bu barədə mənə məlumat verdi. Mən kəşfiyyatçıları müxtəlif yerlərdə yerləşdirib dedim ki, Avonu izləyin. Bir aydan çox müddətdə biz onun bütün hərəkət istiqamətlərini müəyyənləşdirdik. Sonra onlar Ağcabədiyə irimiqyaslı hücuma keçərək bir neçə kəndi ələ keçirdilər.

 

Komandir məni çağırıb “Ermənilər hücuma keçib, onların qarşısını almağa gücümüz yoxdur. Onların arxasına keçib hansısa bir hadisə törətmək lazımdır ki, bu hücumların qarşısı müəyyən müddətə alınsın” dedi. Mənim parça üzərində cızılmış xəritəm vardı. Düşmən arxasına keçmək üçün bütün yolları müəyyənləşdirmişdim. Kəşfiyyatçı yoldaşlarıma dedim ki, bu, son gedişimizdir, kim könüllü getmək istəyirsə, qabağa çıxsın. 13 əsgər önə çıxdı. Martuni rayonunun kanalizasiyası axan çayın içi ilə düşmən tərəfə keçdik. Çayın içində partlayan minalar vardı. Erməni səddini keçəndən sonra ratsiya ilə komandirə məlumat verdim. Daha sonra isə ratsiyanı söndürdüm. Biz həmin əməliyyatda “Avokimi məşhur olan terrorçunun bütün qrupunu və onların bazasını dağıtdıq”.

 

1993-cü il iyun ayının 11-dən 12-ə keçən gecə İ.Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. Sonra özü ilə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir: “Kəşfiyyatçılar mənə Xocavənd rayon mərkəzi və Kuropatkino kəndi tərəfdən UAZ markalı avtomobilin Muğanlı kəndi istiqamətində hərəkət etdiyini xəbər verdilər. Avo postlarını yoxlayıb qayıdanda bizim istiqamətdən keçirdi. Ancaq onun UAZ-ı çayda ilişdiyi üçün keçə bilmədi. Ona görə də maşından düşüb piyada gəldi. Arxasında da onu qoruyan əsgərlər vardı. O, əsgərlərə maşını çaydan çıxarmaq əmrini verdi. Avonu arxadan vurmaqdiri tutmaq şansı da vardı. Ancaq mən onunla qarşı-qarşıya çıxmağa üstünlük verdim. O, gözlərinə inanmadı. Ağlına da gətirməzdi ki, həmin ərazidə onun qarşısına azərbaycanlı əsgərlər çıxsın». İ.Hüseynli iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və kəşfiyyatçıya onu öldürməməsi üçün yalvarır. Ancaq İ.Hüseynli onlarla azərbaycanlını dirigözlü qətlə yetirən və ermənilər arasında az qala əfsanələşən Avoya rəhm etmir. Öldürdükdən sonra isə kəşfiyyatçı onun başını kəsir və torbaya qoyaraq geri gətirir. İ.Hüseynli komandirin otağına daxil olaraq: «Məndə sizin üçün suvenir var!» - deyirtorbada olanları masaya düzür. Komandir dərhal hərbi hissəni yığaraq xəbəri bütün şəxsi heyətə açıqlayır: “Bizim düşmən səddini keçməyimiz 3 gün çəkdi. Çox əziyyət çəkdik, amma xoşbəxtlikdən kəşfiyyatçılardan heç biri həlak olmadı. Ratsiya bağlı olduğundan bizim əsgərlər öldüyümüzü zənn edirdilər. Onlar bizi sağ görüncə sevincdən göz yaşlarını saxlaya bilmədilər. Sonradan bizimkilər ermənilərin həmin bazasını da dağıtdılar. Ermənilər də ərazidən qaçıb getdilər”.

 

“Əgər qayıtmasaydım, yaşaya bilməzdim”

 

İ.Hüseynov danışır ki, bir neçə gündən sonra yenidən kəşfiyyata yollanıb. 3 gün ermənilər tərəfdə qaldıqdan sonra Xocavənd- Martuni sərhədində səngər qazıb və bu barədə komandirə xəbər verib: “Bizim ərazidə indi də əsgərlərimizin dayandığı səngəri mən özüm qazmışam. Bizim səngərlər düşmən ərazisindən 10 km-dən çox aralıda idi. Ancaq mən komandirə söyləmədən səngərləri ermənilərdən 300 metr aralıda qazdım. Fikirləşdim ki, bu qədər ərazini boş qoymaq olmaz. Komandir hirsləndi. Ancaq mən ona haqlı olduğumu sübut etməyə çalışdım. Sonradan komandir də mənim haqlı olduğumu söylədi. Biz orada döyüşə hazır vəziyyətdə dayandıq. «Ölsək də buradan tərpənməyəcəyik» dedik”.

Qayıdanda kəşfiyyatçı minaya düşərək ağır yaralanır. Qəlpələr başına, əl və ayaqlarına girirİ.Hüseynli komaya düşür. Ayılanda özünü hospitalda görür: «Məni hospitala gətirəndə elə biliblər ki, artıq sağ deyiləm. Helikopter məni Ağcabədi hospitalından Bakıya - Papanindəki hospitala gətirir. 28 günlük komadan sonra xilasa heç bir ümid qalmamışdı. Moskvadan gələn məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. Həkim qanaxmanı ləğv edir. Həkimlərin diaqnozuna baxmayaraq, İbad Hüseynli komadan çıxır və sağlam həyata qayıdır: “Mənim sağalmağım hamıya möcüzə kimi görünür. 6 ay xəstəxanada qaldıqdan sonra demək olar ki, hospitaldan qaçdım. Onda çəliklə gəzirdim. Yenə də hərbi hissəyə qayıtdım. Əgər qayıtmasaydım, yaşaya bilməzdim. Ulu öndər Heydər Əliyev 1993-cü ildə həmin səngərə gələndə mən yaralı idim. Komandirlər mənim haqqımda ona məlumat verəndə «Bəs mən bura niyə gəlmişəm?» - deyib. Sonra da ulu öndər kəşfiyyatçıları çağıraraq onlarla şəkil çəkdirib. 1999-cu ildə mən tamamilə özümə gəldim. Toyuma bir həftə qalmış ulu öndərə teleqram vuraraq onu toya dəvət etdim. Toya 3 gün qalmış mənə Rabitə Nazirliyindən zəng vuraraq Ulu öndərin adından telefon və nömrə hədiyyə etdilər. Mən indiUlu öndərin bağışladığı həmin telefon nömrəsini işlədirəm. Sonra Ulu öndər mənə telefon açıb təbrik etdi. «Heyf ki, mən sənin toyunda iştirak edə bilməyəcəyəm. Həmin gün Türkiyədə sammitdə iştirak etməliyəm. Ancaq mənim şöbə müdirlərim toyda olacaq”- dedi. Ümummilli lider mənə hədiyyələr göndərmişdi. O zamankı şəhər meri Rafael Allahverdiyevə «Onun problemləri həll olunmalıdır» - deyə tapşırıq da vermişdi.

 

İndi İ.Hüseynli tez-tez gənclərlə görüşlərdə iştirak edir. Onlarda vətənpərvərlik ruhunun tərbiyə olunmasından ötrü döyüş yolundan danışır. Tez-tez cəbhə bölgələrində olur, əsgərlərlə görüşür. Onu həmçinin tez-tez Türkiyəyə dəvət edirlər: «Mən hər zaman deyirəm ki, vətənpərvər insanlar qorxmurlar. Vətənpərvər insanlar ölmürlər. Onlar güclü olurlar. Arzu edirəm ki, böyüyən gənclərimizdə bu hisslər tərbiyə olunsun. Nə qədər zəngin dövlət olsaq da, nə qədər çox silah-sursatımız olsa da, ilk növbədə qalib olmaq üçün vətənpərvərlik lazımdır. Düşmən görəndə ki, millət vətənpərvərdir, ondan qorxub geri çəkilir. Çünki vətənpərvərlik güc deməkdir”.

 

Təranə Məhərrəmova

Kaspi.-2014.-26 iyun.-S.9.