“İRƏLİ
GETMƏYƏ TƏPƏRİ” OLAN ŞAİR
Etibar Etibarlı
Poeziyanın yazılmamış, təkzibolunmaz qanunu var: əgər şair öz qəlbinin səsini dinləsə, öz ürək çırpıntıları üstdə köklənsə, o zaman yaranan şeir özünə yaraşan “libasda” boy göstərəcək, təbii ki, başqalarını da ovsunlayacaq. Yalnız dərin poetik düşüncəyə, həsas duyum, dəqiq müşahidə qabiliyyətinə malik, canında –qanında təvazökarlıq, əsərlərində, sözün həqiqi mənasında səmimiyyət olan şair rəğbət qazana bilir. Bu baxımdan tanınmış şair, dramaturq, tərcüməçi Əjdər Olun şeirləri mənim, bir oxucu kimi, həmişə diqqətimi çəkmişdir, imzasına rast gələndə “hökmən yaxşı nəsə var” deyib yazdıqlarını iki daşın arasında oxumağa imkan tapmışam, uğurlarına sevinmişəm.
Əjdər Ol müxtəlif janrlarda yazdığı otuza yaxın kitabın müəllifidir. O, həmçinin teatr aləmində bir dramaturq kimi də tanınır. Onun “Molla Nəsrəddin” və Əmir Teymurun filləri” pyesi Gənc Tamaşaçılar, “Son məktub” pyesi isə Dövlət Milli Akademik teatrlarında tamaşaya qoyulmuşdur. Kitabları İranda və Türkiyədə nəşr edilmiş, 2010-cu ildə Milli Kitab Mükafatına layiq görülmüşdür. Tamaşaçılar yəqin ki, Ə.Olu AzTV-də yayımlanan “Gülüstan” ədəbi verilişinin rəvan və mənalı nitqə malik bir aparıcısı kimi unutmayıblar. Ədəbi irsimizdən, klassiklərimizin həyat və yaradıcılığından bəhs edən bu veriliş şairin ədəbiyyat tariximizə yaxından bələd olmasından da xəbər verirdi. Ə. Ol öz nəfəsi, öz dəsti-xətti olan şairdir. Bütövlükdə götürsək, o səmərəli bir yaradıcılıq yolu keçib, çünki ürəyində “ irəli getməyə təpəri” var, elə ona görə də inamla addımlamaqdadır. Kitablarının birində (“Yaşa”, Nurlar nəşriyyatı, 2010.) dediyi kimi
Birinci yerdən də qabaqda yer var,
Bəlkə də heç kəsin xəbəri yoxdur.
O kimdir
ilişib birinci yerdə,
İrəli getməyə təpəri yoxdur.
Təki qəlbindəki
bu təpər üzülməsin, yazıb-yaratmaq ehtirası
soyumasın!
Onun şeirləri forma baxımından rəngarəng və
oxunaqlıdır, çünki öz ürəyinin diktəsiylə
yazılır.
Hansı vəzndə olur olsun, şeirlər
orijinal forması ilə seçilir. Hər
şeir “öz boy-buxununda”, öz
ölçü-biçisində doğulur, qafiyələr də
yerli-yerində. Ən başlıcası, şair oxucu ilə
“gizlinpaç” oynamır, nə demək istədiyini sadə,
aydın və obrazlı dildə deyir, sanki onunla ən
yaxın dost kimi təmasda olur: gah pıçıltı ilə
dərdləşir, gah onun nöqsanlarını ərkyna
üzünə vurur, gah da qəzəblənir, lakin oxucu ondan
incimir, əksinə düşünür, sual verməyə
isə ehtiyac qalmır, çünki həmsöhbətini
haqlı sayır və deyilənləri təbii qəbul edir.
Şairin şeirlərində sevincin də, kədərin də
“öz dadı, öz tamı” var. Ona
görə də şeirlər öz müəllifini
nişan verə bilir. Bu da şair uğururnun
ilkin şərtidir.
Ə.
Olun şeirləri mövzu baxımından da rəngarəngdir.
Ədəbiyyatın Ana, Vətən, Torpaq, Məhəbbət
kimi əbədi və əzəli mövzularının mahiyyəti
dəyişməsə də, hər sənətkar həmin
mövzulara öz könül pəncərəsindən
baxır, onları öz ürəyinin hərarətiylə
qızdırır, sözlərə obrazlı don geydirib
oxucuya təqdim edir. Ə. Olda da belədir. Onun
ikinci diqqətəlayiq cəhəti isə təlqin etmək
istədiyi ideya naminə insan münasibətlərinin, təbiət
hadisələrinin aysberq kimi görünməyən tərəflərini,
həmçinin ilk baxışda kimsənin fikir vermədiyi,
görmədiyi adicə daş parçasını,
yağış damlasını, daha nələri... nələri...
bədii vasitəyə çevirb, mənalandırmaqla oxucunu
heyrətləndirmək bacarığıdır. Şairin “Yaşa” şeirlər toplusunun sonunda
yazdığı qeydlər də dediklərimə tutarlı
sübutdur. O, yazır:”Tarix boyu ciddi sənət
nümunəsi sayılan şeirlər obrazlarla, rəmzlərlə,
bənzətmələrlə zəngin olduğundan, qafiyələrlə
hörüldüyündən, canlı danışıq
dilindən çox seçildiyindən onu heç kəs
axıra qədər başa düşə bilməyib. İnsanların əksəriyyəti yazılı
şeir mətnlərindən ürküb. Şeiri nəğmə içində eşitməyi
daha artıq xoşlayıblar. Ümid
şeir xridarlarına qalıb. Şeir bu gün də az oxunur. Şeir
kitablarının alıcıları barmaqla sayılqa bilər.
Ona görə də şeiri sadə, aydın,
danışıq dilində yazmağa üstünlük verirəm.
Məncə, şeirdə məna dərin, duyğu şəffaf,
obrazlar anlaşıqlı, qafiyələr yumşaq, ritm
yatımlı, dil şux, misralar diri və nəhayət fikir
sağlam olmalıdır...” Şair demək olar
ki, bütün şeirlərində dediklərini sübuta
yetirir və əqidəsinə sadiq qalır.
Şairin
Anaya, Vətənə, doğma Torpağa həsr etdiyi
şeirlərində iftixar-təəssüf, itgi- qələbə,
dönüklük- sadiqlik kimi təzadlı hisslər həzin
kədər və xəfif sevinc notları üzərində
qurulub. Belə şeirlərində şairin “mən”i
təəssübkeş vətəndaş mövqeyində
dayanır. Onun təntənəli sözləri də,
kövrək pıçıltıları da təbii təsir
bağışlayır “Oxşama” şeirindəki kimi:
Neynim
gücüm
Vətənlikdir,
Bələklikdir,
Kəfənlikdir...
Yaraşarmı canı güdüm?
Qənim
olar ana südüm,
didilsəm də didim-didim,
haram var
ki, hara gedim?
Vətən
dedim!
“Gözaydınlığı”,
“Soyadım, adımVətən”, “Azərbaycan”, “İstiqlal”,
“Uyu, əzizim, uyu!”, “Bizim vaxtımızda da”... və s.
başlıqlı şeirlərində də yurdumuzun
azadlığı, enməz bayrağı,
ağrı-acıları, Qarabağ dərdi öz poetik əksini
tapmışdır. Şair sanki haqq səsini eşitmək
istəməyən kar qulaqlara eşitdirmək istəyir ki,
dünya xəritəsində qədimdən-qədim tarixə
malik, gözəlliyi göz çıxardan “Azərbaycan”
adlı basılmaz bir məmləkət var.
“Bir bayraq, doqquz əsgər” lirik poemasını isə
həyacansız oxumaq olmur. Poema o qədər səlis,
lakonik və poetik dillə qələmə
alınmışdır ki, oxuduqca hadisələr kinolenti kimi
gözlərimizin önündən keçir—
özünü bir bayrağın və doqquz əsgərin
yananda hiss edirsən. Dörd tərəfdən
üzük qaşı kimi mühasirəyə alınan əsgərlər
çıxılmaz vəziyyətə düşürlər,
lakin təslim olmağı ağıllarına belə gətirmirlər.
Hər
cığırda on yağı
Hər
yol üstdə bir alay.
Qorxudan
göy üzündə
Sarılıq tutmuşdu Ay.
Dörd tərəf
əliqanlı,
Yağılar yar bağında.
Necə əsir
düşəsən
Doğmaca torpağında?!
Mərd oğullar ”Öldü var, döndü yoxdur”
deyərək, vuruşa-vuruşa bir kilsəyə
sığınırlar. Azğın
düşmən Allah evini--kilsəni gülləbaran edir.
Son gülləyədək vuruşan əsgərlərdən
səkkizi həlak olur, doqquzuncusu isə özünün və
ölən yoldaşlarının tüfənglərindən
son güllə qalana qədər atəş açır,
ağır yaralanır. Sonra əlində
bayraq, son gücünü toplayıb kilsədən
çıxır və düşmənin düz üstünə
yeriyir. Bayrağı alıb dəstəyini
sındırır, qumaşını isə cırırlar.
Əsgər qürurunu sındırmır: “Bayrağı
özününkü əyməyibsə, bayraq qalib kimidi”, nə
olsun ki əsir düşüb...
Yenə
göy qurşağının
Mənası dəyişmədi.
Yenə
onun göyü göy,
Yaşılı da yaşıldı.
Dostlarının
qanı tək
Alı işıl-işıldı.
Beləcə, onlar Vətən yolunda qəhrəmancasına
qurban gedirlər. Poema nisgilli sonluqla bitir-- Qarabağ hələ də
düşmən əlindədir...
Bir bayraq,
doqquz əsgər
Şəhid tək öldü, itdi.
Bilmədilər
Qarabağ
savaşı necə bitdi.
Azərbaycan ədəbiyyatında elə bir şair
yoxdur ki, ana haqqında şeir yazmasın. (Poeziyadan
söhbət gedir, söz yığınından yox!)
C.Cabbarlının “Ana” şeiri bir aləm! Müasirlərimiz
olan B.Vahabzadə, N. Xəzri, S. Tahir, N.Həsənzadə,M.Araz, M.İsmayıl kimi şairlərimizin
anaya həsr etdiyi şeirləri kim xatırlamır?! Həmin şeirləri oxuyan kəsin kövrəlməməsi
mümkün deyil. Onda gərək ürəyin
daşdan-dəmirdən ola ki, dözəsən.
Onu da deyim ki, analara yazılmış şeirləri
(əlbəttə, əgər sözün əsl mənasında
şeirdisə) müqayisə etməyin əleyhinəyəm,
çünki hər şairin öz dünyası var.
Ə.
Olun “Anamı xatırladım” şeiri isə anaya həsr
olunmuş şeirlərindən ən təsirlisi, ən
kövrəyidir. Şeirdə şəxsi kədər öz
“çərçivəsindən” çıxıb ümumiləşir:
ömrünü-gününü ərinin,
övladlarının yolunda çıraq kimi yandıran,
öz ağrı-acısını, göz yaşını
belə hamıdan gizlədən, lakin hamının dərdini
çəkən bu müqəddəs varlıq yenə
üzündə gülümsər təbəssüm sətirlərin
arasından canlı heykəl kimi boylanır.
Çıxmışdı
bu həyatın
Çox
bərkindən-boşundan,
Daim
gülümsəyərdi,
Qaçardı göz yaşından.
İndi də
gülümsəyir,
Boylanır baş daşından.
Anamı
xatırladım...
Şairin öz dünyagörüşü, öz həyat
fəlsəfəsi var. Əlbəttə, bu, heç də
qeyri-adilik anlamına gəlmir. Sadəcə, o
görüb-götürdüyünü artıq
formalaşmış əqidəsinin süzgəcindən keçirir,
həyatı, ömrü-günü öz baxış
bucağından görür və mənalandırır.
Dünyaya gələn insan qismətinə düşən
ömür payını yaşayır, sözsüz ki,
çalışmalı, öz arzularına yetməyə səy
göstərməlidir, lakin yersiz iddiası “oz boyundan
böyük” olmamalıdır—yaşmalısan, həyatın
sevincini də, kədərini də təbii qəbul etməlisən,
“həyatın dadını çıxarmağı”
bacarmalısan, onda “için də dolu” olacaq, “sərmayəni
quş südü, balıq pulu” sanacaqsan, “gözünə
yulğun da çiçək kolu “ kimi
görünəcək (“Ömür şirəsi”), yaxud
“Ömür” şeirində deyildiyi kimi:
Ağrılara,
əzablara darılma,
Öz
içindən bərk-bərk yapış, yorulma,
Çalış
ölmə, çalış itmə, vurulma,
Canım-gözüm,
ömür elə budur, bu!
Tale, qismət
deyirdin ha, odur, bu!
“Şairlər Yerin, Göyün,
İnsanlığın dərdini çəkmək
üçün dünyaya gəlirlər. Bu, onlara
Tanrının bəxş etdiyi ömür payıdır
(kursiv- E.E.). Şair “Dəyişik
düşmüşük” şeirində Yerdə--insanlar
arasında gördüyü naqislikdən bezib “Sizin
aranızdan bəlkə də qaçdım, şərik yox
dərdini bölən adama. Bəlkə də
dözməyib sirrimi açdım, özgə planetdən gələn
adama” deyir. “Bəlkə o da Yer
adamını soyuq qarşılayacaq? Sirrini
açdığına görə bu miskin adamdan xoşu gəlməyəcək?
Bəlkə o da yaxşını yamandan
seçməyəcək? Bəlkə o da
öz planetindən küsgün düşüb, Yerə pənah
gətirir? Bəlkə o, meracdan təzə
bir peyğəmbər kimi gəlir?” Ya da şairin dediyi
kimi:
Bəlkə
də günahlar heç bizdə deyil,
Dəyişik düşmüşük, o gəl-getdədir.
Bəlkə
mənim yerim Yer üstdə deyil,
Uzaqda, özgə bir planetdədir?!
Yuxarıda Ə. Olun əbədi və əzəli
mövzulara fərdi münasibətindən söhbət gedirdi,
lakin onun digər şeirlərində də fərdi
baxış, özünəməxsusluq kimi keyfiyyətlər
qabarıq şəkildə nəzərə çarpır. Yerigəlmişkən,
şairin yaradıcılığında qısa şeirlər
daha çoxdur. O, qısa və konkret yazmağa
meylllidir. Bayatılarımızda olduğu kimi, əgər
fikir dörd sətirə sığırsa, onu boş yerə
uzatmağın nə mənası var?!
Xəzəl
işıq qurusudur,
Meyvə qurusu deyil.
Göz
yaşım dup-duru sudur,
Bəndə ruzusu deyil.
(“Təəssüf”)
Sən
qaraguruhdan,
mən
ağguruhdan...
Sən
gücdən düşmürsən,
mən
də ki ruhdan.
(“Ağguruh”)
Dayanmışıq,
qızarmışam,
köz
kimiyəm.
Sən
--şəkil,
Mən
–şəkilaltı
söz
kimiyəm.
(“Şəkilaltı
söz”)
--Ölərəm
səninçin!
--Yaşa
mənimçin!
(“Yaşa”)
Müxtəlif
mövzuları əhatə edən “Bəs nə vaxt?”, “Qan”,
“Cavab”, “Asi”, “Sapsarı”, “Saman çöpü”, “Protez”, “Tənha
yağış”, Üzülmə”, “Öpdüm” və s.
kimi bir çox şeirləri də bu qəbildəndir. “Nəğmə və “Yağış” kimi
şeirlər isə məzmuna uyğun formada qələmə
alınıb. Şairin məhəbbət
şeirlərindən uzun-uzadı danışmadıq. Qısaca onu deyə bilərəm ki, bu şeirlər
də öz təbiiliyi, orijinal yanaşma və ifadə tərziylə
seçilir. Məsələn, “Allah evi” şeiri ənənəvi
vəzndə, 6+5 bölgüsündə yazılıb, lakin bənzətmə
maraqlıdır:
Demirəm,
dua et, yeddiqat əyil,
bu, nə
quş yuvası, nə şah evidir.
Elə məscidin
də hücrəsi deyil,
ürəyim ayrı cür Allah evidir.
Gir
sınıq qapıdan, eh nə desən də,
anlanar
qiyamət sorağı kimi.
Səni
Haqq gətirib yellər əsəndə,
Sapsarı bir Quran varağı kimi.
Şairin yaradıcılığında poeziyanın
bütün janrlarında, hətta ritmik uslubda yazılan qəzələ
qədər nümunələr var.
...Doludur,
dopdoludur yırğalanan badə kimi,
İç,
gülüm, qanımı iç, qanla dolan
könlümdür.
......................................................................
Əjdər
Ol, insaf elə, qoyma yad əllərdə qala,
Yaxşı bax, özgə deyil, körpə balan
könlümdür.
(“Könlümdür”)
Ürəyimcə olan daha bir cəhət – şairin bir
çox lirik şeirlərindəki satira ovqatı nəzərimdən
qaçmadı. Son iyirmi ildə bu janr sanki unudulub. (Candərdi yazılanları nəzərdə
tutmuram.) Görünür, dünya “dəvə
boynu” kimi düzəlib ki, satiraya ehtiyac qalmayıb. Nə
qədər ki,quruluşundan asılı
olmayaraq, insan cəmiyyəti var, orada nöqsan da olacaq. Demək, satiranın da ömrü bəşər cəmiyyətinin
ömrü qədərdir. Ə. Olun dahi Sabirimizi
çox sevdiyini bilirəm və yazdığı satirik
nümunələri (“Tifil”, “Mənlik” və s.)
gördüyüm üçün belə bir qənaətə
gəlmişəm ki, ondan birbaşa satirik məzmunlu şeirlər
gözləməyə haqqımız var. M.Ə.Sabirə həsr
etdiyi “Mənlik” satirası belə deməyə imkan verir:
Qəlbimiz
çox yuxadır, bir sözə aldatmaq olur,
Dibimiz bərkiməyib, boşları laxlatmaq olur.
......................................................................
Əjdər
Ol, günlər ötür, ay dolanır, il
dəyişir,
Bu yerişlə deyirəm, tısbağaya çatmaq
olur?!
Şairin danışıq dilindən gələn yeni
sözləri şeirində (Əlbəttə, ucdantutma yox. Şivə, ləhcə
və dialektin poeziyaya ayaq aşması yolverilməzdir) işlətməyə
meylli olması təqdirəlayiq haldır. Məsələn,
vər, sucaq, ayırd etmək, kapal (çoxluq mənasında),
zəhər tuluğu, mağmın və
s. kimi sözlər artıq tez-tez işlənməkdədir. Dilimiz ölçüyəgəlməz dərəcədə
zəngindir. O böyük xəzinənin
ağzını yalnız sayğı və sevgiylə
açmaq olar.
Ə.
Olun poeziyasından mən bir oxucu kimi söz
açdım—duyduğum və bacardığım qədər.
Onun pyesləri haqqında isə peşəkar
teatrşünasların fikir yürütməsi daha məqsədəuyğundur.
Hər halda bu cavan dramaturqun diqqətdən kənarda
qalmaması ədəbiyyatımızın xeyrinə
olardı. Son söz kimi, deyərdim ki, şair qardaş,
“yaşa özünçün, yarat bizimçin”!
26. 06. 2014.
Kaspi.-2014.-28-30 iyun.-S.20-21.