Şair Zeynal Vəfa haqqında bir
neçə söz
Allahverdi Eminov
Bu sözlər əsasən klassikləşmiş şairlərin ünvanına deyilir. Və təbiidir ki, şeirlərin bədii dəyəri meyar götürülür. Burada qeyri-adilik yoxdur. Poeziyanın məna ünvanı nə onun publisist ifadəsində, nə də zahiri-texniki gözəlliyindədir. Poeziya tam halda fikirlərin möcüzəsidir, assosiativ yozumların prizmasıdır, insanın bədii idrakına birbaşa təsirdir. Belə bir ölçüdə şair poetik fikirləri yeni və gözlənilməz cazibə kimi çəkib gətirir. Biz «klassikləşmiş şairlər» ifadəsini sözgəlişi işlətmirik. Adətən, ədəbi tənqidin əsas ünvanı məhz belə taleli şairlər olur. Lakin bu günün tələbləri bütləşmiş ünvana yox, zamanın addım səslərində itib-batmayan poetik haraya cavab verməyə çağırır.
Etiraf etməliyik ki, bəzi şairlərimiz şəxsiyyətcə təvazökardır. Bədii kürsülərdə «yuyulmuş qaşıq» kimi özlərini gözə soxmaq vərdişindən, əsərləri haqqında dost sifarişli məqalələrə həvəs göstərməkdən uzaqdır. Mən istedadlı şair Zeynal Vəfanı böyük məmnuniyyətlə belə şairlər sırasına daxil edərdim. Mən Zeynalın poeziyası ilə çoxdan tanışam, həmişə oxumuşam. Belə bir qənaətə gəlmişəm ki, hələlik qəti söz deməyə tələsməyim. Görünür, fəhmimdə yanılmışam…
Əsil şair həyati situasiyalarda liberal mövqelərə, yamsılamalara, nəfəsini içəri çəkib əl çalmağa sinməməlidir. Əgər onun poeziyasında bu cür motivlər qəzəb mərmisinə dönürsə, o, gec-tez oxucu ehtiramında öz yerini tapacaq… Biz dünənimizin sərt psixologiyasını yaxşı xatırlayırıq. Bu gün isə sözümüzün ünvanı dəqiq olmalı, hədəfi düzgün nişan almalıdır.
Zeynal Vəfanın şeirlərində mənəvi-sosial münasibətlərdən doğan bu hissi duymaq, yalnız sevinc doğurur. Onun «Gücölçən» şeiri bu cəhətdən diqqəti cəlb edir, ilk misralardan oxucunun qəlbini ovsunlayır. Şair özündən böyüklər qarşısında xırdalana-xırdalana ucalan, vəzifə mövqeyi böyüdükcə insanlıq ləyaqəti kiçilən, xalqın ehtiyaclı nümayəndələrini, ömrü mübarizə meydanlarında keçmiş, qara saçlarını bugünkü ağ günlərimiz yolunda ağartmış veteranları əlləri qoynunda meşin qapılar ardında növbə gözləməyə məcbur edən bir para vəzifə dəllallarını kəskin tənqid hədəfinə çevirir. Zakir demişkən: «Özləri lum-lum udsa da» əlini bir qəpiyə uzadanların qollarını biləkdən baltalayanları kəskin tənqid hədəfinə çevirir. Gəncliyi öz yumruğunu adi dəmirlər üstündə sınamağa yox, belə sirli antipodların başına endirməyə səsləyir:
Qoca bir
veteran gördüm dünən tək,
Dünya
bürokratla dedi dolubdur.
Lovğa
bir rəisin yanına girmək
Berlinə girməkdən çətin olubdur.
Yaxud:
Yalan deyənə
də hamı əl çalır,
Dünyamız
can verir çəpiklər üstə.
Pulu təlis-təlis
aparan qalır,
İnsan həds edirik qəpiklər üstə.
Necə də
dəqiq və yerində deyilibdir!
Təəssüf ki, xalqımız onun mənəvi
büllurluğuna qara ləkə vuran daş qəlbli
bürokratlardan hələ də yaxa qurtara bilməyibdir. Onlar ən kəskin
tənqid hədəfinə düşsələr belə, səsləri
yenə də xitabət kürsülərindən eşidilir.
Bəzən biri öz vəzifəsini itirir.
Lakin onun yerini başqa bir bürokrat məmur
tutur. Sanki onlar bir-birlərinin
varlığından cücərib pöhrələnirlər.
Kim nə bilir, bəlkə nə vaxtsa bu qəbildən
olan insanları seçmək üçün xüsusi bir
cihaz ixtira olunub. Və onu xalqdan gizlədiblər?
Bəlkə də! Müstəqilliyimiz bizi mənəvi
saflığa, müdrikliyə, qayğıkeşliyə, ədalətə
səsləmirmi. Elə isə hardan
doğulur bu ədalətsizliklər? Haradan
cücərir bu qara niyyətlər? Harada
pöhrələnir bu qayğısızlıq, laqeydlik və
ikiüzlülük? Azdırmı
saçlarının ağaran çağında,
ömrünün yarıdan o tayında mənzil alıb sevinənlər?
Azdırmı ciblərində milyonlar gəzdirənlər
tribunalarda təmizlikdən, büllurluqdan danışır,
bir şəhərin neçə-neçə guşəsində
özünə, hələ maaş cədvəlinə
qol çəkməmiş övladlarına, təzə-təzə
addım atan nəvələrinə indidən ev tədarükü
görmüş vəzifə başçıları? Bunlar nə kəşfdir, nə də möcüzə.
Adi həyat həqiqətləridir və həqiqətlər
şair gözündən yayınmayıbdır:
Gəl gəzək
dünyanı biz qarış-qarış,
Çox ömür, çox arzu hələ tindədir.
Adam var tək
qalır yeddi otaqda,
Ailə var bir daxma həsrətindədir.
Bəlkə də şair səsində bir utilitarlıq
axtaran tapıldı. Ancaq yox. Bu ədalətin
səsi, haqqın harayıdır. Şair
hələ Sovet dönəmində üzünü cəsarətlə
Bakı Sovetinə tutaraq onu xalqın keçmişini qiymətləndirməyə
çağırırdı.
Bakı
sovetindən xahiş etmirəm
Kiminsə sarayı, ya damı yoxdur.
Bir ona
yanıram – orda Tusinin,
Orda Koroğlunun adamı yoxdur.
Yoxsa
laqeydlikdən doyan olardı,
Adına
prospekt, küçə cəhənnəm,
Adicə bir dalan qoyan olardı.
Arzu
müstəqilliyimizdə
Gerçəkləşdi,
şair!
Zeynal Vəfanın «İtkinlər» şeiri ilk
baxışda ənənəvi mövzunu xatırladır. Bizə elə
gəlir ki, şair davadan qayıtmayanları, xoş niyyət
üçün harasa gedib gəlməyənləri yada
salacaq. Ancaq yox. Şair canlı
qayıdışdan irəli gələn başqa bir predmeti
poetik səviyyəyə qaldırır: Vəzifə ağacı
qurumuş, başından baha bir möhür itirmiş, beş yaşıl qitəni beş metrlik
kabinetinə qurban verməyə hazır olan bir rütbə hərisinin
acı göz yaşlarına gülür. Bəs
onda biz nə edək? – deyə haray
salır. Daha böyük, daha faciəli itkilərdən
söz açır. Sanki bu vəzifə
düşgününü vicdan məhkəməsinə
çəkir.
Millət
var itirib öz birliyini,
Kədərli qəlbimdə qışa dönüb yaz.
Yüz
altmış ildir ki, düşüb çöllərə
Bir Babək qeyrəti axtarır Araz.
Axtarır, axtarır, tapa bilməyir.
Sonra
şair diqqətimizi daha böyük itkilərə yönəldir:
Hicran
dağlarını çapa bilmirəm,
Atamı
bir gündə itirdim ancaq,
Qırx
ildir gəzirəm tapa bilmirəm…
…İnfarktın,
astmanın toranlığında,
Hər
gün neçə-neçə müdriklər itir,
Yerində nadanlar göyərib bitir.
Bəmdə
dustaq olan zillət var hələ,
Əlifba
itirmiş dillər var hələ…
Fikrinizi birinci beytə yönəltmək istərdim. Müdrikliyi
itirmək faciədir. Bu, əslində
müdrikliyin özünü itirməkdir. Ona görə
ki, vəzifəlilər ömrü boyu müdriklik
ocağından od götürüb, ondan mənəvi
qida, qüvvət və ideya tarazlığı alıb.
M.Şəfi Vazehin dediyi kimi: «Müdrik şəxs vəzifəli
adamlara möhtac olmaya bilər. Ancaq vəzifəli
şəxslər müdrikliyə möhtacdırlar». Müdriklər itkisi nə üçün bu qədər
ucuzlaşıb? Səbəbi
aydındır. Bəzi yoldaşların
psixologiyasından irəli gələn sosial-əxlaqi proseslər
ziddiyyət təşkil etdikcə münasibətlərin
indikatoruna çevrilən münaqişələr şəxsi
rəylərlə hesablanır. Aşağıdan
baş qaldıran narazılıqlar sönüb gedir və belə
münaqişələr bir növ intiqama istiqamətlənir.
İş o yerə çatır qarğalar
bülbüllərə oxumaqdan, mənəviyyatsızlar mənəviyyatlılara
əxlaqdan dərs keçirlər. Qəribədir,
bu dərsi doğma ana dilində söyləmirlər. Bir para səlahiyyətli şəxslər rəsmi
kollegiyalardan, tribunalardan Azərbaycan dilində düz-əməlli
danışa bilmirlər. Bəs belələrinin dil
zövqüylə, dil mədəniyyətilə kim mübarizə aparmalıdır? Belə bir vaxtda mənəvi ağırlıq
şairlərin ürəyinə düşür. Bir həqiqətdir
ki, insanın mənəvi sərvətlərini boğmaq,
kölgələmək, etinasızlıq göstərmək,
cəsarətli təşəbbüsləri müdafiə etməmək
maddi itkilərdən az əhəmiyyət
daşımır. Maddi sərvətləri
korlayanlar, dağıdanlar cəzalandıqları halda, mənəvi
sərvətlərə qara çeşməklər
arxasından baxanlar, ana dilinə xor yanaşanlar artıb
çoxalmamalıdır.
Şair Zeynal Vəfanın şeirlərinin
aparıcı motivlərini təşkil edən bu təzadlardan
bu günün poeziyası yan keçməməlidir. Bu təzadlar
orbitində təbiətin qorunması problemi artıq bəşəri
mövzuya çevrilmişdir. İndi təbiətin
sinəsinə çarpaz dağ çəkənləri
dövlətin qanunları mühakimə edir. Ən böyük faciə budur, vaxtilə təbiətə
insafsızcasına divan tutanlar dövlət qanunlarına
mükəmməl bələd olanların özləri idi.
İndi onlar səssiz-səmirsiz durublar kənarda.
Əzab çəkən yenə xalqdır, yenə
zəhmətkeş kütlədir.
Respublikamızda
təbiətin gözəlliyindən, tarazlıq çəkisindən
qidalanmaq yox, əksinə, şəxsi nüfuzlarını
qaldırmaq naminə meşələri qırıb yerində
pambıq əkənlər, subtropik meyvə
bağlarını üzümlüklərlə əvəz
edənlər, ağlı-qaralı qoyun sürülərimizi,
qaramal naxırlarımızı yaşıl otlaqlara həsrət
qoyanlar az deyildi. Şübhə
yox ki, belələri dövlətçiliyimiz kontekstində –
ölçüsündən öz haqlı cəzalarını
alacaqlar. Və şairin də buna şübhəsi
yoxdur…
Təbiətdən şəxsi qisas almaq nə deməkdir? Bu, əslində xalqı ət,
yağ, süd kimi gündəlik ruzilərdən
məhrum etməkdir. Zeynal Vəfanın bu
misraları həm dünənimizin, həm də bu
günümüzün poetik ittihamıdır.
Dillər
pas atıbdır, kəsər qalmayıb,
Yaşıl otlaqlardan əsər qalmayıb.
Əlləri
olsaydı yemsiz qoyunlar
Ərzi məhvərindən döndərərdilər.
Dilləri
olsaydı öz dərdlərini
Yazıb BMT-yə göndərərdilər.
Üzümlük
dağ keçib, dərələr aşıb,
Tənəklər qoy gücü boyuna versin.
Ağsaqqal
kişilər ev-ev dolaşıb
Quru
çörək yığır qoyuna versin…
Təbiətə nankorluq etməyin mahiyyətində
saxtakarlıq dayanır. Bəzi inzibatçı-rəhbər məmurların
şəxsi maraqları yüzillik ağacları mişarlamaq
qədər asandır. Onlara elə gəlir
ki, kənd təsərrüfatını da, sənayeni də,
nəyi əkib-becərməyi, nəyi söküb-tikməyi
də hamıdan daha sərrast başa düşürlər,
insanlar onların diqtəsiylə oturub-durmağa adət etməlidir.
Təəssüf ki, ətalət
psixologiyamıza güvənənlər istədiklərinə
çatırlar. Yoxsa şair:
Nə
gün gördü yazıq torpaq,
Bir
parçası zəhərlənib
Öldü atom davasında.
Bir
parçası dəfn olundu
Vulkanların lavasında.
Bir
parçası heydən düşdü
İllik
plan davasında…
Bir zaman belə idi vəziyyət, partokratlar idi insan əsəblərilə
əylənənlər. Bu gün axı, azad ölkəyik, bəs
məmurlar bəzi acgözlərin cəzasını nə
üçün yubadırlar. Bu gün
sosial-siyasi və mənəvi-əxlaqi zərurətə
çevrilən müstəqilliyin, aşkar söz deməyin
ilk qədəmlərini atdığımız şəraitdə
Zeynal Vəfanın poetik cəsarətini
alqışlayırıq. Onun
«Qırçı qardaş» şeiri təbiətin
düşmənlərinə, ana torpağımızın
misilsiz nemətlərinə xor baxanlara qarşı kəskin
ittihamla doludur.
Kaş
ilgəyə keçirəydik
Sağa dönməz, sola dönməz boyunları.
Soruşaydıq
harda qalıb,
Quyruqları
yer titrədən
Zərif Qobu qoyunları?
Arzular var
darda qalıb,
Ordubadlı
«kağızı qoz»,
Kürdəmirli
«şəkər qovun» harda qalıb…
Yaxud:
Bilməm
bu kənd necə kənddir,
Qoyunların
otu – çörək,
Arıların
gülü kənddir…
Şairi düşündürən digər problemlər
də var. Bunlar dünyanın qorunmasına, xalqını
sülh arzusuna istiqamətlənən poetik meridianlardır. «Biz hamımız
veteranıq», «Livan faciəsi», «Ağ evə məktub»,
«Sülh fondu», «Futbol» şeirlərində şairin insan
taleyinə humanist münasibəti dayanır. Nə
üçün bəşər nəslinin bu günə gəlib
çatan nailiyyəti məhv olmalıdır? Atom bombası hər şeyi yandırmalı, yox etməlidir?
Hətta atom bombasının yaradıcısı Oppenqeymer
ürək ağrısını gizlətmədən
demişdir: «Gör mən nələr etdim? Nə
üçün bu ölüm odunu yandırmaq mənim taleyimə
qismət oldu?»
Zeynal Vəfanın «Biz hamımız veteranıq»
şeiri öz orijinallığı cəhətdən diqqəti
daha çox cəlb edir. Şair təkcə Böyük Vətən
müharibəsi cəbhələrindən qayıdanları
deyil. O qanlı-qadalı illərdə doğulan körpələrdən
tutmuş ağ saçlı qocalaradək
hamını veteran adlandırır.
Bu
torpağın gəlinləri
Gör necə də mətin imiş.
Bəlkə
qırx il ər gözləmək,
Qırx Reyxstaq fəth etməkdən çətin
imiş.
Çətin imiş.
Yaxud:
Ana
gördüm dörd oğlundan
Bircəciyi
gəlmədi ki
Boyun görə.
Onun
üçün qız axtara,
Elçi gedə, toyun görə.
Dörd
paslanmış qəlpə yatır
Ürəyinin yarasında.
Əlində
dörd qara kağız
Qırx
ildir ki ağı deyir
Dörd
divarın arasında:
O veteran
deyilmi bəs?
Şeirdə
veteran bir növ fərdilikdən çıxıb bəşəriləşir,
bütün ölkənin, bütün xalqın rəmzinə
çevrilir:
Bütün
ölkə veteranıdır,
O ölkə
ki
İyirmi
milyon şam əridib
Qaranlıqdan çıxmaq üçün.
İyirmi
milyon külüng qırıb
Bir Reyxstaq yıxmaq üçün.
Futbol haqqında saysız-hesabsız şeirlər
yazılıb.
Ancaq Zeynal Vəfanın «Futbol»u indiyədək
oxuduğumuz şeirlərin heç birinə bənzəmir.
Biz burada yeni bir aləmlə
qarşılaşır, futbol meydançası ilə həyat
arasındakı təzadların, ziddiyyətlərin cazibəsinə
düşür, laqeydliyimizlə,
unutqanlığımızla üz-üzə dayanırıq.
İmkan
versəydilər azarkeşlərə
Körpə arzuları qocaldardılar.
Ağzı
süd qoxulu hər futbolçuya
Qızıldan heykəllər ucaldardılar.
Cavanşir
yenə də unudulardı,
Koroğlu
yenə də unudulardı, -
deyə
insanların laqeydliyinə qarşı öz etiraz səsini
qaldırır:
Qapıya
top vuran gənc hücumçuya
Alqışlar yağdıran o rütbəli kəs.
Bəlkə
Reyxstaqın qapılarını
Kökündən
çıxaran bir qəhrəmanı
Görsə
quruca bir salam da verməz –
misraları ilə insan xislətindəki naqisliyi aşkara
çıxarır. Ani sevinci bəşəri
narahatlıqdan üstün tutanları qamçılayır.
Şair Zeynal Vəfa 1980-1982-ci illərdə ərəb
dili üzrə tərcüməçi kimi Yəmən Xalq
Demokratik Respublikasında işləmişdir. Vətən həsrəti
onun ürək ocağında qızmar közə
dönüb. Vətənin bir çopur daşını
qürbətin yüz ovuc mirvarisindən, ana torpağın adi
tozunu özgələrin çiçək ətrindən
qiymətli sanıb:
Bəsdir
doğmalığa göndərin məni,
Qürbətdə qızıldan bayraq olunca.
Vətəndə
kəfənə döndərin məni, -
deyə
doğmalığa qayıtmaq həsrətilə
çırpınır. Vətən Zeynal Vəfanın
qürbətdə yazdığı şeirlərin hər
misrasından boylanır. Onun «Hicran
notları», «Bircə dənəm» şeirlərini həyəcansız
oxumaq çətindir. Vətən
üçün bu qədər qovrulan şairin səmimiliyinə
inanmamaq qeyri-mümkündür. Vətən
doğma ocaqdan, bu ocağı yandıran övladdan
başlanır. Onun öz doğma
övladına xitabən yazdığı «Bircə danəm»
şeiri öz səmimiliyi və poetik ovqatıyla
seçilir. Burada ata məhəbbətinin
sərhədini ötüb keçən, təvazökarlıqdan
kənar heç bir motiv yoxdur. Övlad
ayrılığı elə vətən
ayrılığıdır.
Bu
dünyada adilərdən adiyəm,
Boz sahildə
tənha qalmış vadiyəm,
Öz yurdundan itkin düşmüş Nadiyəm.
Varaqlara
yağış yağır gözümdən,
Sanki ruham
ayrılmışam özümdən,
Bir
tonqalam, qorxuram ki gözümdən
Dünya yana, ay qızılım, ay zərim,
Ömrüm, günüm, bircə danəm, Azərim.
Zeynal Vəfa poeziyası sanki adi həyat həqiqətlərinin
əksidir. Hamını düşünməyə məcbur edən
saysız-hesabsız problemlər sərgisidir. Onun şair qəlbi bu problemlərə biganə qala
bilmir. Ürəyində «niyə», «nə
üçün», «nədən ötrü» sualları baş
qaldırır. Və bizi silkələyib
bu çətinlikləri aradan qaldırmağa səsləyir.
Onun «Fikirlər orbitində» şeiri dediklərimizə
əyani sübutdur.
Biz bu inam
ilə hara gedirik,
Dövlətin
qoyduğu taxta qapını
Dəmir qapılarla əvəz edirik.
Ayaq
sapsağlamdır qaça bilmirik,
Doğma
qapımızı qohum da döysə
Gözlükdən baxmadan aça bilmirik.
Bu sosial
problemlər get-gedə ciddiləşir, dünyanı,
insanları düşündürən daha böyük dərdlər
ortaya çıxır:
«Tüfəng doğulan gün öldü kişilik».
Gəlin, başa düşün düz Koroğlunu.
Bir
uşaq əlinə ver avtomatı
Qırıb yerə töksün yüz Koroğlunu.
Kişilik olarmı belə dünyada? –
deyə
haray qoparır. Müharibə canilərinə,
ulduz hərbinə hazırlaşanlara, yer üzərində
sülh və əminamanlıq üçün ciddi təhlükə
törədənlərə qarşı üsyan səsini
qaldırır. İnsanları silahsız Dünya uğrunda
mübarizəyə səsləyir:
Günahsız
qan tökmək hədərdir, hədər,
Dünya
yetmiş milyard insan itirib
Adəmlə Həvvadan bu günə qədər.
Deməyin
dünyada zəfər çalmışıq,
Cəmi altı milyard insan qalmışıq.
Lallaşmış
dillərdə söz olmasaq biz,
Sönən
ocaqlarda köz olmasaq biz,
Biri-birimizə
göz olmasaq biz,
Altı
milyardı da itirəcəyik
Bizi dəfn
edən də tapılmayacaq…
Zeynal Vəfa lirik duyumlarında düzlük, ədalət
tərəfindədir. «Ömrü boyu yalanlara hasaram» deyən
şairin qırıb keçdiyi sədd sənət sahiblərinin
ünvanını yaxşı mənada tapan gileydən irəli
gəlir. Bütün sənət sahibləri
kimi şairə də qiymət sağlığında verilməlidir.
Çünki dünyanın bütün təzadlı
meridianları onun ürəyində toxtayır. Sonra isə get-gedə közərib alovlanır.
Gözəl şairimiz Məmməd Araz demişkən:
Ağır
bir sənətə könül bağladım,
Bəxtimə dərdin də ağırı
düşdü.
Gileylənməyə tamam haqları var şairlərin. Vaxtında
ünvanını tapmayan yaxşılıq, mükafat sonralar
şairin məzarına doğru sürünür.
Yaxşı, bəs bu qiyməti kim verməlidir?
Axı o, elə bir möcüzə deyil ki
göydən düşə. Yaxud birdən onun adında
peyda ola. Bu qiyməti verən
şairin həməsridir, bəlkə də həmyaşıdıdır.
Yaxşı haldır ki, bir vaxt öz
haqlarını almayanlar bu gün yenidən öz xalqına
qaytarılır. Bir vaxt belə hala adidən
də adi yanaşılırdı. Başımız
üstündə laqeydlik buludları gəzirdi. Haqlının haqqını haqsızlar
qamarlayırdı. Zeynal Vəfanın «Bu
dünyada verin mənim haqqımı» şeirinin
oyatdığı assosiativ məna yükü həm də
maddi çəkisiylə seçilir. Şairin
poetik gileyləri – nəticələri
düşündürücüdür və mənəvi-sosial
qiymət daşıyır.
«Sərçələri
zirvələrə qaldırıb
Qartalları
dərələrə atmayın»…
- 0 -
«Hər
bir şeyi bahalaşan dünyada,
İstedadın
ucuzlaşan çağıdır»…
Əlbəttə, bu fikirlər sərtlikdən kənarda
durmur, iti və kəsərlidir. Bir həqiqət artıq üzdədir:
Poeziyada miyanə, ucuz şeirləri və kitabları ilə
şöhrət meydanında istedadlara meydan oxuyanlar hər yerə
əllərini uzadırlar. Əsil şairin
ürəyinə süzülən zərif işıq yolunu
belə tuturlar.
Sən ey
şer karvanının sarvanı,
Yalvarıram,
fəxri adlar tapanda,
İstedadlı
vicdanla çək qapanda,
Daş yerinə kəsək qoyma sapanda.
Dəhşətmidir
bu gün məni bürüyən
Fəxri
adlar kürsüsündə əyləşir,
Kitabları
mağazada çürüyən…
Bundan sərrast demək çətindir.
Zeynal Vəfanın poeziyası bir istedadın poetik əzablardan
doğan yaradıcılıq məhsuludur. Məhz bu
gün poeziya daha çox real mühitin mənəvi-sosial təzadlarına
baş vurmalıdır. Bu təzadlarda həm
də işıqlı tarazlıq görməlidir. Biz bu ölçüylə də
danışdıq. Lakin Zeynal Vəfanın
istedadına, onun daha gözəl əsərlər
yazacağına ürəkdən inanıram; necə ki,
kökündən – ovqatından düşməmişdir.
Zeynal Vəfada poetik səs ötkəmdir. Bu ötkəmlik yumruğunu düyünləyib hədəfi döyəcləyir. Bu, şair üçün çox yaxşı bədii keyfiyyətdir. Bu çağırış qidalı səsin meydanı daha genişdir. Şöhrət hərisli vəzifəli şəxslərin, var-dövlət, sərvət arxasınca qaçanların ünvanını dəlib keçir, daha qorxulu ziddiyyətlərin, gizli təzadların predmetinə çevrilir.
Poeziyanın üfüqləri geniş və qızmar havalıdır. Zahirən bu üfüq mavi görünür. Əslində orada nəfəs alan canlıların hamısında ünsiyyət vərdişi, xeyirxahlıq odu yoxdur. Belə bir məhdudiyyətin cazibəsində Z.Vəfa özünü təkrara çıxmır və aforizm kimi səslənir.
«Yüz altmış addımlıq ana Təbrizə,
Yüz
altmış ildir ki, çata bilmirik…»
- 0 -
«Adam var tək
qalır, yeddi otaqda,
Ailə var bir daxma həsrətindədir».
- 0 -
«Nadan
gördüm beş otaqlı sarayı var,
Müdrik gördüm bir daxmaya həsrət qalıb».
Z.Vəfanın şeir leksikonu zəngindir. Qeyd edək
ki, şair üçün söz bolluğu əsas amildir.
Buna adi məsələ kimi baxmaq olmaz. Poeziya qeyri-adi möcüzə payı olduğundan
oxucu onu həm yaxşı, həm də pis tərəfə
yoza bilir. Bu müxtəlif yozumlara
şairin münasibəti nisbi olur. Lakin məsələ
şairin poetik yaradıcılığına obyektiv
yanaşmaqdadır. Bu mənada Z.Vəfa sözünə
tələbkar və az yazan şairlərimizdəndir.
Bu isə gözəl məziyyətdir və təmiz
poeziyaya hörmətdən irəli gəlir.
02.01.2014.
Kaspi.-2014.-28-30 iyul.-S.16-17.