Şərqdən Qərbə baxış
Həmyerlimiz şair Məmməd İsmayılın yaradıcılığı yenə də dünya mətbuatının diqqətindədir. Türkiyədə yaşayan həmyerlimizin bu ölkədə kitabları çap olunur, başqa dillərdən etdiyi tərcümələri yayınlanır. Rus dilindən Türkiyə türkçəsinə çevirdiyi V.M.Jirmunskinin “Türk qəhrəmanlıq dastanları” əsəri Türkiyənin elmi çevrələrində böyük maraqla qarşılanıb. Şairin elmi məqalələri, şeriləri ölkənin ən önəmli jurnallarında tez-tez yer alır. Hətta son zamanlarda yayın həyatına başlayan “Başaran” jurnalı hər nömrəsini M.İsmayılın şeri ilə açır. Onu da deyək ki, şair, yalnızca öz yazılarını deyil, Azərbaycanın istedadlı gənc ədəbi qüvvələrinin də əsərlərini Türk mətbuatında vaxtaşırı çap etdirir.
Məmməd İsmayılın əsərlərinin daha tez-tez çap olunduğu ölkələrdən biri də Rusyadır. Rusiyanın nüfuzlu ədəbi orqanlarından “Yunost”, “Drujba narodov”, “Avrora” jurnalları şairin silsilə şeirlərini dərc edir. Redaksiya heyətinin üzvü olduğu “Literaturnıe znakomstvo” jurnalı hər nömrəsində “Şerqdən baxış” rubrikasında Məmməd İsmayılın publisistik-fəlsəfi düşüncələrindən oluşan məqalələrinə yer ayırır. Jurnalın son nömrəsində şairimizin Türkiyədə “Bənəi” nəşriyyatının yayınladığı “Rus şeir antologiyası” kitabı haqqında geniş həcmli təhlili məqaləsi çap edilmişdir. Şeirlərin tərcüməsi uzun zaman Bolqarıstanda yaşamış Bolqar və Rus dillərini mükəmməl bilən şair Ahmət Emin Atasoya məxsusdur. Kitabda Rus şerinin qızıl, gümüş, bürünc çağlarının ən önəmli təmsilçilərinin əsərləri yer almışdır. Məmməd İsmayıl təhlili məqaləsində böyük rus şairi Jukovski “şerin tərcüməçisi şairin rəqibi, nəsirin tərcüməçisi isə yazıçının köləsidir” fikrini misal gətirərək Ahmət Emin Atasoyun bu rəqabətdə uduzmadığını vurğulayır. İndiyə qədər Türkiyədə Rus şerindən bir çox tərcümələr edilmiş və hətta bu tərcümələrə görə mükafat alanlar da var, amma Məmməd İsmayılın qənaətincə Ahmət Emin Atasoy sözün tam anlamıyla bu riskli işin öhdəsindən başarı ilə gəlmişdir.
Məmməd İsmayılın məqalə və şeirləri, müsahibələri, haqqında yazılar Rusiyanın nüfuzlu “Literaturnaya Rossiya” və “Literaturnaya qazeta” da yer almaqdadır. “Literaturnaya Rossiya”nın bu ilki 18-ci nömrəsində “Müharibə ilə bağlı hansı kitab ruhunuza təsir göstərmişdir” rubrikasıyla bir çox ünlü yazıçılara müraciət etmiş və onların cavablarını yayınlamışdır. Rus sənətkarlarından başqa əski Sovetlər birliyi məkanından qəzet, bu sualla yalnız həmyerlimiz M.İsmayıla müraciət etmişdir. Oxucularımız üçün maraqlı olacağını düşündüyümüzdən şairin cavablarını dərc edirik:
Bu suala daha ətraflı cavab vermək istərdim, çünki İkinci Dünya Müharibəsi atamı əlimdən alıb. Və o acını mən hələ də yasayıram. Amma bir haldakı suallara qısa cavab vermək lazımdır, qısa da cavab verəcəyəm. Və cavabım qısa olacağından sadəcə Azərbaycan ədəbiyyatı örnəyi ilə yetinəcəyəm. Nikolay Dimitryev demişkən «mən də o müharibənin ovladıyam». Divardan tuta-tuta ilk qədəmlərimi atanda qarsıma məni yetim, anamı dul qoyan müharibə çıxdı. Anam atamın cəbhədən göndərdiyi son məktubunu məndən xəbərsiz üçkunc büküb dua kimi yaxama tikmişdi, tikmişdi ki, mən böyüyüb oxuma-yazma biləndə açıb oxuya bilim. Atamdan mənə yadigar olaraq təkcə o məktub qalır. Azərbaycanda İkinci Dünya müharibəsi ilə bağlı çox əsərlər yazılıb. Amma mən ikisini xüsusi vurğulamaq istəyirəm. Birincisi, İsa Huseynvovun (Muğanna) “Tütək səsi”, ikincisi isə İsmayıl Sıxlının «Cəbhə xatirələri».
Birinci əsərdə simvolik baxımdan bir tütəyin, əslində isə bir ürəyin fəryadından qopan səslərdə, görüntüdə döyüş gedən bölgələrdən çox-çox uzaqlarda - Azərbaycanda müharibənin gətirdiyi fəlakət, müharibənin nəfəsinin yandırdığı mənəvi və coğrafi əhatə Ukraynadan, Belarusdan, Rusiyadan heç də az deyil. Bu əsərin önəmi şüardan, plakatçılıqdan uzaq müharibənin ağrı-acılarını simvoillarla aca bilməsində idi.
İkinci əsər isə
İsmayıl Sıxlının «Cəbhə xatirələri»
əsəridir. Müharibənin
başlanğıcından sonuna qədər
döyüş cəbhələrində
vuruşan və yazılan gündəliklərə
dayanaraq hazırlanan bu
əsəri bu gün
oxuyan oxucular da cəbhə yollarının barıt qoxusunu ruhlarında, canlarında hiss edirlər. Hər iki
əsər altmışıncı illər ədəbiyyatının
yeni dövrünün
yeni ruhlu əsərləri
idi və hələ o
dəyərdə də qalırlar. Bu əsərlərə
yüklənən bədii sənətkar enerjisi
onları ölümsüz
qılmaqdadır».
Kaspi.-2014.-28-30 iyul.-S.15.