«Bu gün ən uğurlu model fikir və hadisə ədəbiyyatının sintezi ola bilər»

 

Varis: «Ədəbiyyatın yüngül və ağır təsnifatıyla iki yerə bölünməsi absurddur»

 

Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri "Ulduz" jurnalında dərc edilib. 90-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri işıq üzü görüb. İlk bədii kitabı ("Sonuncu ölən ümidlərdir") 2008-ci ildə çap olunub. 2009-cu ildə yazıçının "Bir ovuc torpaq", 2010-cu ildə "Sənə inanıram", 2011-ci ildə "Yetmiş yeddinci gün" adlı növbəti kitabları işıq üzü görüb.

 

– Nədənsə bizdə yazı-pozu adamları, qələm əhli biri digərini ucuz tutaraq yüksəkdə dayanmaq istəyir. Bu cür iradların ən çox ünvanlandığı yazıçılardan birisizsiniz. Məsələn, biri qəliz yazıb başa düşülməyəndə deyir ki, mən Çingiz Abdullayev, Varis kimi yazmıram. Bu cür münasibətlər sizi yaradıcı insan kimi bezikdirmir ki?

Düzü, ilk dönəmlərdə bu haqsız, ədalətsiz münasibətlə rastlaşanda qıcıqlanırdım, çılğıncasına reaksiya verirdim. Ən çox kitabları satılan hər bir müəllif bu basqıya məruz qalır. Deyirlər Çingiz Abdullayevlə Elxan Elatlı detektiv yazır, məgər detektiv ədəbiyyat deyil? Elxan Qaraqanın yazdığı tineycer ədəbiyyatı da, Varisin yazdığı dram da ədəbiyyat deyil? Cavab verməkdən yorulurdum ki, gedin ədəbiyyatşünaslıq oxuyun, ədəbiyyat məhz bu ən populyar janrları, eləcə də macəra, melodrama, tarixi, fantastik, kriminal, fantezi, komediya və digər janrların toplusu olan bir sənət növüdür, qamçıladığınız bizlər coğrafiya yaratmırıq ki, ədəbiyyat yaradırıq da. Amma sonradan əmin oldum ki, bu basqı sadəcə uğur qazana bilməyənlərin uğur qazananlara nifrətinin təzahürüdür.

 

            Bəzi yaradıcı insanlar düşünürlər ki, əgər bir əsər çox oxunursa yüngül ədəbiyyatdır. Amma dünya ədəbiyyatına eyni situasiyada fərqli mövqe görürük. İstərdim ki, kimlərinsə çox oxunmağının kimlərdəsə yaratdığı aqresiyadan danışasınız.

            Mən kifayət qədər mütaliə edir, dünya ədəbiyyatında baş verən prosesləri ayrı-ayrı ölkələrin timsalında izləyirəm. Eləcə də ən müxtəlif kitab və yazıçı reytinqləriylə maraqlanıram. Bura onu da əlavə edək ki, imkan daxilində bir neçə ölkədə kitab sərgilərinə, kitab təqdimatlarına qatılıram. Yaradıcı insanın çox oxunan ədəbiyyatı yüngül ədəbiyyat hesab etməsi praktikasına heç bir yerdə rast gəlməmişəm. Ümumiyyətlə, ədəbiyyatın yüngül və ağır təsnifatıyla iki yerə bölünməsi absurddur. Bu gün dünyada ən böyük tirajla çıxan romanlara, reytinq birincilərinə nəzər yetirsək, ön sırada ən müxtəlif janr nümunələrini görərik. Məsələn, BBC-nin ən çox oxunan kitablar reytinqində Şarlotta Bronte, Ceyn Ostin kimi klassiklərin romanlarıyla yanaşı dram janrında yazan Filip Pulman, fantastikaya üz tutan Duqlas Adams kimi müasirlərin yazdıqları ön sıralarda yer tutur. Rusiyanın LiveLib reytinqində klassiklər Erik Mariya RemarkMixail Bulqakovla fantastika-macəra janrında yazan Joan Roulinq, eləcə də detektiv-kriminal janrını seçən Stiven Kinq kimi müasirlər öz romanları ilə ön cərgədədirlər. Türkiyənin 1000kitap.com reytinqində də yenə klassikamüasirlik qoşa dayanıb. Viktor Hüqo, Fyodor Dostoyevski, yanlarında da tarixi dram yazan Elif Şafak, eləcə də müasir dövrün salnaməçisi Xalid Hüseyni. Gəlin bu adları çəkilənləri yüngül ədəbiyyat yazanlar sözüylə qoşalaşdıraq. Gülüncdür, deyilmı? Ədəbiyyatda boz ədəbiyyat - grey literature termini var, zəif əsərlərə şamil olunur. Hələ heç vaxt heç bir bestseller boz ədəbiyyat nümunəsi hesab olunmayıb. Bu, bir birinin tam əksi olan iki deyimdir.

 

            Kitablarınızda sizə ünvanlanan oxucu məktublarını da çap etdirirdiniz. Bu hansı ehtiyacdan yaranırdı?

            Özünüreklam kimi qəbul etməyin, ilk 4 kitabımda bunu o zərurətdən etdim ki, ``bu ölkədə kitab oxunmur`` söyləyən ağzıgöyçəklərə səhv olduqlarını sübut edim. Kitabımın redaktorları ilk kitablarımda dərc edilən rəyləri xüsusi qaydayla seçirdilər - hər təhsil ocağından, hər idarə-müəssisədən bir rəy, hər hərbi hissədən, hər peşə sahəsindən bir rəy, hər rayondan, hər xarici ölkədən bir rəy… Eyni zamanda elm və təhsil xadimlərinin, ədəbiyyat adamlarının, dövlət və ictimai xadimlərin, millət vəkillərinin rəyləri ilə yanaşı tanınmış incəsənət xadimlərinin, idmançıların da rəyləri, üstəlik sadə insanların - evdar qadınların, tələbələrin, əsgərlərin, fəhlələrin, sürücülərin, satıcıların və s. rəylərinin dərc edilməsi müasir oxucu portretini çəkməkdə köməkçi rolu oynayırdı.

 

– Ən çox əsəri satılan azərbaycanlı müəllifsiniz. Bunun üçünoxucu kontingentinə yaxşı bələdsiniz. Azərbaycanda ən çox kitab oxuyan kimlərdir?

            Çalışdığım qurumun - Azərbaycan TeleviziyaRadio Verilişləri QSC-nin Sorğu mərkəzinin keçirdiyi rəy sorğusu ortaya bugünkü statistik azərbaycanlı oxucunun obrazını qoyub - yaşı 20-29 arası olan gənc. Aldığım oxucu rəyləri də bunu sübut etdi. Az qala hər üç rəydən biri tələbələrdən gəlir. Ən çox oxuyanlar sırasında elm adamları, pedaqoqlar, gənc mütəxəssislər, hərbi xidmətdə olanlar da var. Bu sıraya xarici ölkələrdə yaşayan həmvətənlərimizi də aid etmək olar.

 

            Pirat nüsxələri ilə birgə 5 dəfə təkrar nəşr olunanSonuncu ölən ümidlərdir” romanınız 50-60.000 tirajla çap olunub. Bu böyük auditoriyaya çıxmaq və onu sonradan əlinizdə saxlamaq üçün nələr elədiniz və necə elədiniz?

            Bu ilk romanımım taleyi çox uğurlu oldu. Nəinki ölkəmizdə 5 təkrar nəşr, günü bugünədək kitab bazarında ən çox tələb edilən roman olması, üstəlik, Özbəkistanda fantastik 140 000 tirajla çıxması, elektron PDF variantının Azərbaycanın, Türkiyənin, Rusiyanın müxtəlif portallarından on min dəfələrlə yüklənməsi bu romanın hədsiz populyarlığından xəbər verir. Bu roman məni böyük auditoriyaya çıxartdı. Müasir oxucunun istəməsinə bələd olaraq məhz onun istəkləri çərçivəsində yazdığım bu roman ədəbiyyatdakı missiyamın sadəcə başlanğıc nöqtəsi oldu. Missiyam isə budur - öncə oxucunun ardınca get ki, sonradan onu ardınca apara biləsən.

 

            Bizim əksər yazıçılar zamanı sizcə, niyə qiymətləndirə bilmirlər klassiklər kimi yazıb uğur qazanacaqlarına inanırlar? Bu hal, sizcə onları nələrdən edir?

            Məncə kitabları oxunmayan yazıçıların yeganə təsəllisi özlərini klassiklər kimi yazdıqlarına inandırmaqlarıdır. Baxın, son illərin hətta ən mürəkkəb quruluşlu, ən çətin qavranan romanı olan İsa Muğannanın ``İdeal`` romanı da yazıçının sağlığında məşhurlaşdı, sevildi. Müasir dövr Azərbaycan nəsrinin ən ünlü isimlərinin - Anarın, Elçinin, Mövlud Süleymanlının, Kamal Abdullanın, Maqsud İbrahimbəyovun, Çingiz Hüseynovun yaradıcılıqlarında məgər ``klassiklər kimi yazmaq, zamanında deyil, gələcəkdə uğur qazanmaq`` izləri vardırmı? Yazıçı zamanın fövqündə dayanmalıdır, kitablar sandığına yox, oxucularına ünvanlamalıdır. Unutmaq lazım deyil ki, klassiklərin 99,99 faizi hansısa dövrün tanınmış müasirləri olublar.

 

            Hər il bir romanınız çıxır. Kəmiyyətin keyfiyyətə təsiri qədərdir?

            Həyat çox qısadır. Bizə ayrılan vaxtda sadəcə özümüzü seytnotdakı şahmatçı kimi hiss edirik. Yazmaq istədiklərim çoxdur, mövzu qıtlığı keçirmirəm, hər bir romanımın əvvəlkilərdən tam fərqli olmasına çalışıram, tənbəl deyiləm. Böyük hədəflərə çatmaq üçün əlimizdəki kiçicik vaxtdan səmərəli istifadə etməmək günahdır.

 

            Adətən, indi bestsellerlərin həcmi az olur, amma sizin romanlarınızın həcmi getdikcə artır. Bunun səbəbi nədir?

            Yox, mən belə bir öhdəlik götürməmişəm ki, həcmi get-gedə artırım. Müraciət etdiyim hər bir mövzu tam açılıncaya, bitincəyə qədər çözülərək nəsrə çevrilir. Həcm qədər olacaq, bunu öncədən planlaşdırmıram. Həcmcə ən böyük romanım - ``Yetmiş yeddinci gün`` sayca 4-cüdür, ən kiciyi- ``Metamorfoz`` isə 7-ci.

 

            Yetmiş yeddinci günromanınız əvvəlki xətdən fərqli idi, amma az satıldı. «Ayağınızı azca da ciddi ədəbiyyata tərəf qoysanız oxucularınızı itirə bilərsiniz». Belə bir təhlükə sizi düşündürürmü?

            Əslində ciddi qeyri ciddi ədəbiyyat bölgüsü düzgün deyil. Qeyri-ciddi ifadəsi Azərbaycan dilində ``ciddi olmayan, lağlağı`` ifadəsi verir. Gəlin bu yanaşmanı ``Bir ovuc torpaq`` romanımın timsalında analiz edək. Vətənpərvərlik mövzusunda yazılmış, mənə Azərbaycan hökumətinin ``Qızıl kəlmə`` ali ədəbiyyat mükafatını qazandırmış, London ermənisi Levon Qaribyan tərəfindən sosial şəbəkələrdə məni lənətləmək kompaniyasına səbəb olmuş, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının ``bir ordu qədər görə biləcək roman`` adlandırdığı ``Bir ovuc torpaq``la ``qeyri-ciddi, lağlağı`` ibarələrini necə yanaşı qoymaq olar axı? Daha dəqiqi fikir hadisə ədəbiyyatı terminlərindən istifadə edilməsidir. Öncəki 3 romanımdan fərqli olaraq ``Yetmiş yeddinci gün`` ilk dəfə fikir ədəbiyyatına müraciətim idi. Dünya ədəbiyyatındakı tendensiyaları nəzərə alaraq bu növ ədəbiyyatın oxucular tərəfindən qəbul edilməsinin ``azacıq axsadığına`` əsaslanıb kitabın tirajını 10.000-dən 6.000-ə endirdim. Amma bu, heç də oxucuların itirilməsi qorxusu yaratmadı, ardınca ``Metamorfoz``, ``Son məktub`` kimi daha iki fikir ədəbiyyatı nümunəsi ortaya qoydum. Əksinə, bununla itirmədim, qazandım, əvvəlki oxucu düşərgəmə yeni sakinlər təşrif buyurdular. Üstəlik, bu fikir ədəbiyyatı nümunələri ilə Türkiyədə uğur əldə etdim. Azərbaycan tarixinin ən ziddiyyətli və acınacaqlı dövrünü - 1937-ci ili əhatə edən ``Yetmiş yeddinci gün`` romanı Yozqat Bozok Dövlət Universitetində dərs vəsaiti kimi təsdiqləndi, ``Son məktub`` Türkiyə, Almaniya, Bosniya, Bolqarıstan, Şimalı Kiprs. ölkələri əhatə edən, müasirklassik dünya yazarlarının türk dilinə tərcümə olunmuş 60-80 min adda kitablarından formalaşan türk dilli kitab bazarında əhəmiyyətli yer aldı, nüfuzlu 1000kitap.com reytinqinə daxil olaraq sürətli sıçrayışla 153-cü yerə yüksəldi.

 

Yeri gəlmişkən, Kulis.az saytında, ``525-ci qəzet``də, ``Ədəbiyyat qəzeti``ndə, ``Ulduz` jurnalında hekayələrlə, esselərlə mütəmadi çıxış edərək yaradıcılıq emalatxanamın digər gizlinlərini də ortaya qoyuram. Bu da tam fərqli zövqü olan oxuculara hesablanıb.

 

            Sizcə, bu gün dünyada niyə hadisə ədəbiyyatı fikir ədəbiyyatını üstələyib?

            Bu gün biz 3-cü minillikdə yaşayırıq. İnformasiya Kommunikasiya Texnologiyaları məişətimizi tam işğal edib. Mobil telefon, internet asılılığında yaşayan bugünkü oxucu uzun-uzadı bədii təsvirləri, sicilləmə didaktikanı, hiss və düşüncə uzunçuluğunu sevmir. Ona nəfəskəsici dinamika, maraqlı hadisə, bol informasiya, maariflənmək lazımdır. Təsadüfi deyil ki, modern romançılıq tam olaraq bu gün bədii təhkiyəylə publisistikanın vəhdəti şəklini alıb. Adətən fikir ədəbiyyatını daha dərin, hadisə ədəbiyyatını isə nisbətən dayaz hesab edirlər. Yazıçı maraqlı dayazlığı ortaya qoymaqla da haqlı sayıla bilməz. Arxasında oxucuya fayda gətirə biləcək heç bir nəsnə dayanmayan, sadəcə baş qatan əsərlər yazmağa yazıçının mənəvi haqqı olmamalıdır. Borxes yazırdı: ``Makedoniyalı İskəndər yastığının altına iki cür silah qoyarmış: qılıncını və ``İlliada`` kitabını.`` Kitabın silah ola bilmək xüsusiyyətinə xor baxmaq olmaz. Məncə, bu gün ən uğurlu model fikir və hadisə ədəbiyyatının sintezi ola bilər. “Buker” mükafatı laureatı Con Kutzeenin, dünya üzrə ən yüksək tirajlı Paolo Koelyonun, ``Çərpələng uçuran``ıyla beynəlxalq səviyyəyə səs salan Xalid Hüseyninin yaradıcılığında bunun konturları aydın sezilir. Mən də məhz buna can atıram.

 

            Heç düşünürsünüz ki, bir gün yazdıqlarınızdan bircə sətir də xatırlanmaya bilər?

            Mən təbiətən maksimalistəm, yalnız böyük hədəfləri vurmağa çalışıram. Amma özündənrazı müştəbehliyi də əsla sevmirəm. Düşünürəm ki, hələ heç nə etməmişəm, etdiyim edəcəklərimin cansız kölgəsidir. Nə yazıb yaradacağamsa bundan sonra - daha mükəmməl olandan sonra yazıb yaradacağam. Xüsusən, bu gün ulu Nizaminin adı ilə bağlı olan ədəbiyyatımızı dünyada təmsil edə bilmək kimi bir xoşbəxtlik üzümə gülübsə, məsuliyyətli, özünə qarşı tələbkar olmaq borcumdur. Və xoşbəxt olaram ki, yazacaqlarımdan heç olmasa bir sətir belə xatırlansın. Atılan hər qətiyyətli addım iz qoymağa hesablanmalıdır. Qətiyyət bir qədər çatmayanda addım ən yaxşı halda ləpir qoymağa qadirdir. Qətiyyətin ümumən olmaması isə izsizlik deməkdir.

 

Fərid Hüseyn

Kaspi.-2014.-28-30 iyul.-S.11.