«Bir əlimdə 15
qarpız tutmağı xoşlayıram» - Şou-biznes
Şölə Səfərəliyeva:
«Əsas gözəl bəxtin olsun, səs ikinci dərəcəlidir»
Gənc
müğənni “Qaya” qrupunun ifaçısı, solo
yaradıcılığında caz ifaçısına daha
çox yer verən Şölə Səfərəliyeva “Gənclik
qəzeti”nin qonağı oldu. Bizimlə söhbətində
Şölə caz ifaçılarının problemlərindən
və bu sənətə yeni-yeni addım atan
ifaçıların çətinliklərindən
danışdı. İstedadlı ifaçı kimi tanınan
Şölə 7 klipinin olduğu, ancaq onların daha çox
Türkiyə kanallarında yayımlandığını yerli
kanalların isə ifaçının kliplərini göstərmədiyini
söylədi.
Şölə Səfərəliyeva
bizimlə söhbətində bir çox məsələlərə
də aydınlıq gətirdi.
Bu
sahəyə tələbat yoxdur
– Şölə Səfərəliyeva
hazırda hansı işlərlə məşğuldur?
–
Bilirsiniz ki, ifaçılıqla bərabər, həm də
aparıcılıqla məşğulam. Təqdim etdiyi
verilişə ancaq KATV-1-ə qoşulanlar və internetdən
istifadə edənlər baxa bilərlər. İzləyicilərimiz
daha çox gənclərdir. Bu yaxınlarda orada caz musiqisi ilə
bağlı yeni bir layihəm olacaq. Bu layihədə ən son
caz yenilikləri təqdim ediləcək və yeni
ifaçılar qonaq qismində verilişdə iştirak edəcəklər.
– Bu
gün gənclərin caza münasibəti necədir? Bildiyimiz
qədər elə də gəlirli sahə
olmadığına görə caza maraq da azdır.
– 1960-70-ci illərdə caz
musiqisinə görə Bakı sovet
ölkələrinin mərkəzi hesab olunurdu. Bu gün dünya mədəniyyət
sistemində caz elitar musiqi hesab
olunur. Hərdən musiqini anlamadığı
halda insanların özlərini fərqli və yüksək təbəqəli biri kimi göstərmək üçün caz dinlədiklərini söyləyirlər.
Onların arasında fərqli
görünmək və
tanınmaq üçün
caz oxumaq istəyənlər də
var. İndi gənclərin
zövqü də müxtəlifdir. Bu gün professional caz ifaçıları çox
azdır. Bu tip musiqilərlə
məşğul olan gənclərimiz çox azdır, çünki bu sahəyə tələbat yoxdur. Ancaq onlar doğrudan da bu sahədə
çalışmaq istəsəydilər,
bəlkə də onların ifasında bu alınardı. Əslində bu musiqi bizə yaddır. Caz daha çox
xarici dillərə marağı olan və Avropa düşüncəli gənclərin
seçimidir.
– Gənclərə
bu gün istedadlarını göstərmək
üçün normal şərait
yaradılıbmı?
– Əvvəllər maraqlı
müsabiqələr vardı,
heç olmasa ifana görə başqalarından fərqlənə
bilirdin. Bir müddət sonra bir-birinin ardınca müxtəlif yarışmalar
keçirildi, “inqubator”
cücələri kimi
bir neçə caz ifaçısı ortaya çıxdı, lakin heç biri yadda qalmadı.
Hər kəs özünə şərait
yaradır. Deməzdim
ki, gənclər üçün bu gün əla imkanlar yaranıb. Maraqlıdır, əgər
müğənnilər efirə
çıxmaq üçün
pul verirlərsə bəs yeni gələn
ifaçılar, istedadlı
gənclər nə etsin?
– Efir demişkən, niyə efirlərdə görünmürsünüz,
pulunuz yoxdur, yoxsa sizi dəvət
etmirlər?
– Verilişlərə az-az gedirsiniz deyəndə ki, mən illərdir
ki, “Qaya” dövlət ansamblının
solistiyəm. Bununla bərabər, bizi hara çağırırlarsa,
ora da gedirik.
Vaxtımın 90 faizini
məhz “Qaya” qrupu təşkil edir. Bir də
ki, aparıcılıqla
məşğulam, bu
da mənim istədiyim sahədir. O ki qaldı solo fəaliyyətə, televiziyalara
çıxmasam belə,
tədbirlərdə iştirak
edirəm. Mən o ifaçılardan deyiləm
ki, gedib televiziyaların qapısını
döyüm ki, gəlin məni çəkin. Əgər
məni hansısa kanal dəvət edəcəksə, gedib çəkilərəm, ancaq
gedim kiməsə müraciət edim ki, yeniliyim var,
mən məni çəkin, bunu heç zaman etməmişəm, etmərəm
də. Sonuncu dəfə bir rejissorla danışdım,
o dedi ki, mən sənin klipini efirdə verəcəm. Baxmayaraq ki, həmin rejissor söz vermişdi, sözünə
əməl etmədi.
Bundan sonra istəmərəm ki, o cür insanlarla işləyim. Yəni söz versin, sonra sözünə naxələf çıxsın.
O tip insanlarla heç
münasibət qurmaq istəmirəm.
Yetər artıq!
– Sizi şou-biznes nümayəndəsi
hesab edə bilərikmi?
– Mən uşaqlıqdan səhnədəyəm və
bu işlə məşğulam. Amma üç ildir ki, aktiv şəkildə
ifaçılığa başlamışam
və artıq 7 klipim var. Mən görməmiş kimi səhnəyə çıxıb,
açıq-saçıq geyinib reytinq qazanmaq istəmirəm. “Qaya” və “Bəri bax” qrupu ilə birlikdə elə böyük səhnələrdə
çıxışımız olub ki, müğənnilərin
özləri də indiyə qədər buna can atsalar da, çox az hallarda buna
nail ola bilirlər. Bunu görən bir adam kimi
durub desəm ki, şou-biznesin nümayəndəsiyəm, düz
çıxmaz. Bizdə
şou qalmaqal, biznes isə toydur. Bu biznesə qatılmaq fikrim də yoxdur. Neçə illərdir ki, mən bunları
görürəm və
içimə atıram,
susuram. Kimsə dünən gəlir, pulun sayəsində qabağa gedir, tanınır və sair. Kiminin sponsoru
varsa, açıq-saçıq
şəkilləri ilə
guya təzə imic yaradıb, guya partlayış edib, bunları görürəm və demək istəyirəm ki, bəsdirin də, nə qədər belə olar… Mən də axı bu işin içindəyəm.
İfaçı ilə
bərabər həm də tamaşaçıyam.
Tamaşaçı kimi
bu artıq adamı bezdirir. Hər gün televiziyanı açırsan
ağlaşma, kim-kimi
söydü, kimsə
kiminsə saçını
yoldu və s.
– O klipləri biz
nəyə görə
efirdən görməmişik?
- Kanallar bir dəfə
onu efirdə göstərmək üçün
100-150 manat civarında
pul istəyirlər. Belə çıxır ki, mən dövlət
işçisi kimi bir aylıq maaşımı klipimin televiziyada iki dəfə göstərilməsi
üçün verməliyəm.
Bu da o deməkdir ki, mən həmin
ay ac qalacam. Hələ
mən burada yol pulumu saymıram.
O zaman o klipləri tamaşaçılar necə
izləyəcək. Ancaq
bunlara baxmayaraq, klipi “Youtube”da yerləşdirdik və onu çoxlu sayda insan izlədi.
Dörd gün ərzində ona 13-14 min adam baxmışdı, təəssüflər olsun
ki, ondan sonra həmin klip pozuldu. Ancaq
biz onu yenidən yüklətdik, indi isə ona 10 min baxış var. Hazırda
Türkiyənin TMB kanalında
klipim nümayiş olunur. Baxmayaraq ki, bizim efirlərdə
yayımlanmır. Bundan
əvvəl mətbuatda
da yayılmışdı
ki, “Şölənin
klipi efirlərdə yayımlanmır”. Bilirsinizmi
Şölə tək
deyil ey. Şöləkimilər bu
sənətdə o qədərdir
ki, istedadı var. amma...
– Caz sənətinə toylarda ehtiyac duyulmur. Belə olan halda toylara dəvət
alırsınızmı?
– Dövlət işçisi
olaraq maaşımı
aydan-aya çatdırıram.
Mən caz və estrada musiqisi oxuyub nə qədər toylara gedə bilərəm? Bəyəm
toylara gedən müğənnilər orada
öz repertuarlarınımı
oxuyurlar? Toylarda müğənnilər məcburdur
ki, heç olmasa yarım saat xalq musiqisi
oxusunlar. Mən də xalq musiqisi
oxuya bilirəm və hətta bir neçə dəfə cəhd də etmişəm. Mən 15 dəqiqəyə
tamaşaçıya xalq
musiqisindən popurri oxudum, gördüm ki, tamaşaçı bunu qəbul etmir. Ancaq məndən
sonra oxuyan ifaçı xalq mahnısı ilə hər kəsi oynatdı. Mən təkcə ifaçı
deyiləm, həm psixoloq verilişinin aparıcısıyam, həm
“Qaya” qrupunda ifaçısıyam. Əgər
bütün fikrimi mahnı oxumağa yönəltsəydim, sizi
inandırıram ki, çoxdan qabaqda gedən ifaçılardan
olardım. Sadəcə
bir əlimdə 15 qarpızı tutmağı
xoşlayıram (gülür).
Elə ifaçılar
var ki, təkcə
oxumağı bacarır,
başqa heç nə. Ancaq mən oxumağı da bacarıram, aparıcılığı da,
xarici dil də bilirəm. Söz altında qalan deyiləm. Bir istiqamətdə inkişaf etməyin əleyhinəyəm. İntellektual
insanın hər şeydən anlayışı
olmalıdır.
Söz altında qalan deyiləm
– Sizcə məşhur olmaq üçün yaxşı
səsin olması vacibdir?
– Əsas gözəl bəxtin olsun, səs ikinci dərəcəlidir. Bir də vaxtında sənin qatarın gəlməli və sən ona vaxtında
minməlisən. Sənin
yaxşı səsin ola bilər, amma sən nəyəsə
gec nail ola bilərsən. Ancaq sənin gənclikdəki olan o təravətin səhnədə nələrsə
əldə edə bilərdi. Görürsünüz
ki, aktyorlar müsahibə verərəkdən
deyirlər ki, mən qocalmamış filan rolları oynamaq istərdim. Çünki qocalanda o rolları ifa edə bilməyəcəklər.
Qatar artıq gedəcək.
– Şölənin
qatarı gedib?
– Şölə xanımı
Limuzin gözləyir.
Qatar dəbdən düşüb… (gülürük).
Xəyalə Rəis
Kaspi.-2014.-7 mart.-S.17.