“SARI GƏLİN”: faktlar, düşüncələr, mülahizələr

 

Folklor xalqın yaddaş kodu, mənəvi mədəniyyət tariximizin başlıca qaynağıdır. Çox böyük coğrafiyaya malik türk xalqları müxtəlif tarixi, ictimai və siyasi səbəblərdən bir-birindən ayrı yaşamaq məcburiyyətində qalmışlar. Türk dünyası min illərdir ki, Orta Asiya, Çin, Fars, Ərəb və Slavyan mədəniyyətlərinin güclü təsiri şəraitində öz mədəniyyətlərini qoruya və bu mədəniyyətlərlə qarşılıqlı əlaqədə dünya mədəniyyətinə böyük töhfələr verə bilmişdir. Köklü tariximizdən, min illərin dərinliyindən gələn folklor nümunələrimiz bunu bir daha sübut edir.

 

Xalq türküləri ümumtürk folklorunun ən geniş yayılmış janrlarındandır. Bu türkülər minilliklərin arxasından boylanaraq bu “gəlimli-gedimli, son ucu ölümlü dünyada” nəsillərdən nəsillərə ərməğan edilmişdir. Zamanın təlatümləri, qadağalar, tikənli sərhəd məftilləri ulu əcdadı Dədə Qorqud olan türk xalqlarının mənəvi duyumunu sarsıda bilməmiş, dili, dini, əxlaqi dəyərləri eyni olan insanlar millətin bu əvəzsiz sərvətlərini genlərində, qanlarında, ruhlarında, yaddaşlarında yaşadaraq çağdaş dövrümüzə qədər gətirib çatdırmışlar. Bu əmanəti göz bəbəyi kimi qorumaq, müxtəlif zaman kəsiklərində qadağa qoyulmuş kitabların saralmış vərəqlərində, yaşlı nəslin sinəsində uyuyan şifahi söz sənəti nümunələrini arayıb-axtarmaq, onları milli yaddaşın qızıl fonduna salaraq gələcək nəsillərə çatdırmaq türk xalqlarının hər bir vətəndaşının şərəfli borcudur.

 

Elə bu niyyətlə də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun arxivini araşdırırdım. 1930-cu ildə İstanbul Konservatoriyasının nəşriyyatı tərəfindən çap edilmiş “Halk türküleri” adlı kitab diqqətimi özünə çəkdi. Kitabı böyük maraq və heyranlıqla vərəqləyərək öyrəndim ki, İstanbul Konservatoriyasının folklor tədqiqi heyəti 1929-cu ildə Qara dəniz və Şərq vilayətləri səyahətinə çıxmış, 155 türkü və oyun havası toplayaraq onları nota almış, mətnləri ilə birlikdə kitab halında nəşr etdirmişdir.

 

Kitabdakı Qars bölgəsindən alınmış “Türkün bayrağına” adlı türkünün mətni və bəstəsi mənə tanış idi. Mətnin altında “Türk ordusu Kapkasyaya girdiyi vakit azeri türkleri tarafından türk bayrağına hitaben söylenmişdir” sözləri yazılmış bu türkünü dəfələrlə “Çırpınırdın, Qara dəniz” adı ilə Türkiyə televiziya kanallarında yayımlanan verilişlərdə və 1998-ci ildə Türkiyə Silahlı Qüvvələrinin “Mehtər” hərbi folklor orkestrinin Bakıda Azadlıq meydanında verdiyi konsertdə dinləmişdim.

 

Türkiyədə marş kimi oxunan, az qala ölkənin himni səviyyəsində qəbul edilən bu türkü 1990-cı ildə qədim oğuz-səlcuq mədəniyyətinin beşiklərindən biri olan Qeysəriyyədə keçirilən Birinci Millətlərarası Böyük Azərbaycan Konqresində də səslənmişdir. Özünün bütün əzəməti və mahiyyəti ilə qardaş türk xalqlarını məftun edən bu türkü indi Azərbaycanda da böyük sevgiylə oxunur. Bu ecazkar türkünün sözlərinin 30-cu illərdə repressiyaya məruz qalmış sevimli şairimiz Əhməd Cavada, musiqisinin isə Üzeyir Hacıbəyova məxsus olduğunu eşitmişdim. Faktı dəqiqləşdirmək marağı məni dahi bəstəkarın ev muzeyinə gətirdi. Muzeyin rəhbərliyi bildirdi ki, “Çırpınırdın, Qara dəniz” mahnısının musiqisinin Üzeyir Hacıbəyova məxsusluğu 1990-cı ildən muzeyə bəlli olub. Həmin vaxt İstanbuldakı Türk Musiqisi Dövlət Konservatoriyasından Bakıya gəlmiş musiqişünas Süleyman bəy Şənel Üzeyir bəyin ev muzeyini ziyarət edərkən “Çırpınırdın, Qara dəniz” mahnısının mətnini və not yazısını muzeyə bağışlamışdır.

 

Maraqlıdır. Bəs, necə olub ki, müəllifləri bəlli olan bu əsər 1930-cu ildə “Halk türküleri” kitabına salınmışdır.

 

Hər şey aydındır. Taleyüklü hadisələrin təsiri ilə müəyyən tarixi məqamda yaranan, həmin məqamın emosional ifadəsinə çevrilərək qəlblərə, ruhlara hakim kəsilən, insanlarda milli qürur duyğularını coşduran bu mahnını Azərbaycan xalqını öz tarixi keçmişini unutdurmağa məcbur edən sovet rejimi dövründə üzə çıxarmaq olardımı?

 

“Halk türküleri” kitabının Üzeyir bəyin arxivində olması onu göstərir ki, dahi bəstəkarın özünün bundan xəbəri varmış. Heyrətamiz milli qeyrət, ölümün üzünə dik baxmaq cəsarəti! Bayraq kimi, gerb kimi, himn kimi millətin rəmzinə çevrilmiş belə əsərlərə və onların müəlliflərinə ölüm yoxdur. Onlar çoxdan əbədiyyətə qovuşaraq xalqın mübarizəsində, həyatında və tarixində yaşamaqdadır.

 

“Halk türküleri”ni vərəqlədikcə “bir millət, iki dövlət” kəlamı özünü təsdiqləyir. Türkün ortaq malı olan Ərzurumdan, Qarsdan, Ərzincandan, Trabzondan, Bayburtdan, Həsənqaladan və digər bölgələrdən toplanmış, bəzilərinin mətni altında “çox əski”, “100 sənə əvvəl” sözləri yazılmış, bəzilərinin isə islamdan əvvəl yarandığı ehtimal edilən bu türkülər Azərbaycanda və Türkiyədə eyni məhəbbətlə oxunur və sevilir. Ərzurumdan toplanmış türkülərdən bəzi parçalara nəzər salaq:

 

Karabağda

 

... Ay balam, Karabağda talan var,

Beni derde salan var.

Çek, bayraktar, bayrağın,

Gözü yolda kalan var.

 

Tello

Suda balık yan gider, Tello,

Açma yaram, kan gider, Tello.

Buna tebib neylesin, Tello,

Ecel gelmiş, can gider, Tello.

 

Pəncərədən

Pencereden kar gelir,

Ay ağam, ağam, beri bak.

Ela gözden yaş gelir,

Yar, beri bak, beri bak.

 

Deniz

Deniz dalğasız olmaz,

İgit sevdasız olmaz.

Yarı güzel olanın

Başı kavqasız olmaz.

Yayman

Çayır ince biçilmez,

Su bulanık içilmez.

Bana derler yardan keç,

Yar tatlıdır, keçilmez.

 

 

Türkün ortaq malı olan, kitabda qısa variantda verilən belə türkülərin (xalq mahnılarının) sayını başqa bölgələr hesabına istənilən qədər artırmaq olar.

 

Diqqətimi ən çox cəlb edən Bayburtdan toplanmış və kitabda “Ravan yolu” adı ilə dərc olunmuş “Sarı gəlin” türküsü (xalq mahnısı) oldu.

 

Bu yanıqlı mahnını hələ uşaq ikən Naxçıvanda nənəmdən eşitmişdim. Yadımda qalan aşağıdakı bəndlərdir:

 

Saçın ucun hörməzlər,

Gülü qönçə dərməzlər.

Bu sevda nə sevdadır,

Səni mənə verməzlər.

Aman, neynim aman, aman, neynim aman,

aman, sarı gəlin.

 

Bu dərənin uzunu,

Çoban, qaytar quzunu.

Nola bir gün görəm,

Nazlı yarın üzünü.

Aman, neynim aman, aman, neynim aman,

aman, sarı gəlin.

 

“Sarı gəlin”in Ərzurum variantını 1995-ci ildə eşitmişəm. Ərzurum Qadınlar Birliyi Naxçıvan Qadınlar Məclisinin bir qrup üzvünü Türkiyəyə – Ərzuruma dəvət etmişdi. Beş gün ərzində türkün şərəfli tarixini bugünə daşıyan qədim abidələrlə, füsunkar gözəlliyə malik təbiət bölgələri ilə tanış olduq. Avtobusla məşhur Palantökən dağına, Hortum şəlaləsinə gedərkən türk həmkarlarımız böyük şövqlə “Sarı gəlin”i oxuyurdular. Yadımda qalan budur:

 

Palantökən güzəl dağ,

Neylim aman, aman, neylim aman,

Aman, neylim aman, aman, sarı gelin.

Altı benövşəli, sünbüllü bağ,

Ay nenen ölsün, sarı gelin,

Aman, neylim aman, aman, neylim aman,

aman, sarı gelin.

 

Erzurum, çarşı bazar,

İçinde bir kız gezer.

Katlime ferman yazar,

Ay nenen ölsün, sarı gelin

Aman, neylim aman, aman, neylim aman,

aman, sarı gelin.

 

Vermem seni ellere, neylim aman,

Aman, neylim aman, aman sarı gelin.

Na kadar ki, bu halımsa,

Ay nenen ölsün, sarı gelin,

Aman, neylim aman, aman, neylim aman,

Aman, sarı gelin.

 

Türkünün “Halk türküləri” kitabındakı Bayburt variantı isə belədir:

 

Ravanda bir kuş var,

Kanadında gümüş var.

Gitti yarım gelmedi,

Helbet bunda bir iş var.

Anan ölsün, sarı gelin, allı gelin.

 

“Sarı gəlin” xalq mahnısının (türküsünün) etimologiyası haqqında müxtəlif versiyalar vardır. Kimi sarışın olduğuna görə, kimi adının Sarı olmasına görə, kimi “Apardı sellər Saranı” xalq mahnısındakı Sara adının təhrif olunmuş variantı kimi fərziyyələr irəli sürür, kimi də türkünün əfsanələrdən qaynaqlandığını bildirir.

 

Bir versiyaya görə isə “sarı” sözü çox qədimdən, islamdan əvvəldən gəlir və təkcə rəng anlamında işlənmir. Mənəvi sarsıntıların emosional ifadəsi olaraq insanın daxilindəki “sarı simə” eyham vurur. Yəni “sarı” sözü rəmzi məna daşıyır. Adətən insanların həssas məqamında özünü göstərir, qəlbləri ilahi bir ecazkarlıqla titrədən, duyğuları coşduraraq dillə ifadə edilməsi mümkün olmayan belə bir məqamı insanlar tarın kövrək, yandırıb-yaxan sarı siminin səsinə bənzədərək “ürəyimin sarı siminə toxundun” kimi atalar sözü yaratmışlar.

 

Azərbaycan türklərində “sarı” sözü, sarı rəng təbiətin dörd fəslindən birinin, saralıb-solmaq, təşviş keçirmək, nisgilli, bədbəxt, nakam olmaq rəmzi, gerçəkliyin şərti (mücərrəd) inikası kimi anlaşılmışdır. Bunu mənəvi mədəniyyət tariximizin başlıca qaynağı olan, minilliklərin arxasından cilalana-cilalana günümüzə gəlib çıxan folklor nümunələrimiz aydın göstərir. Faktlara müraciət edək:

 

Bəhlul Abdullanın “Kitabi Dədə Qorqud”da rəng simvolikası” adlı kitabında qeyd edilir ki, insana məxsus bir əlamətin nəzərə çarpmasında sarı rəngin daşıyıcı funksiyası vardır. Misal üçün, “Qanturalı” boyunda Trabzon təkurunun qızı sarı donlu Selcan xatunun ata evində sarı don geyməsi onun təşviş, həyəcan keçirməsi ilə əlaqədardır. Çünki atası şərt qoymuşdu: “Ol qızın üç canvər qalınlığı qaftanlığı vardır. Hər kim o üç canvəri basa – yenə, öldürsə, qızımı ona verirəm” – deyu vəd eləmişdi. Basmasa, başın kəsərdi... Ol üç canvərin biri qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi. Bunların hər birisi bir əjdəhaydı...

 

Sarı donlu Selcan xatun meydanda köşk saldırmışdı. Cəmi yanında olan qızlar al geyinmişdilər, özü sarı geyinmişdi. O, camal və kamal sahibi olan Qanturalını görcək “həq-təala atamın könlünə rəhmət eləsə, kəbin kəsib məni ol yigidə versə... bunın kibi yigid heyf ola ki, canvərlər əlində həlak ola” – dedi.

 

Qanturalı igidlik göstərib sarı donlu Selcan xatunu təşvişdən qurtararaq onu alıb apardıqdan sonra bu qız bir dəfə də olsun sarı don geymir və ona sarı donlu Selcan xatun deyilmir.

 

Gül və bülbül haqqında çoxsaylı qədim rəvayətlərdən qaynaqlanaraq əzab çəkən aşiq obrazının simvollaşdırıldığı bir mahnıya nəzər salaq:

 

Bülbül, sənin işin qandı,

Aşiqlər oduna yandı.

Nədən hər yerin əlvandı,

Köksün altı sarı, bülbül.

 

Qədim zamanlardan Azərbaycan türkləri emosional məqamlarda öz üzüntülərini bədahətən dörd misralıq şeirlərlə izhar etmişlər. Bayatı adlandırılan bu şeir parçaları haqqında M.V.Vidadi belə demişdir:

 

Küllü Qarabağın abi-həyatı,

Nərmi-nazik bayatıdır, bayatı.

Oxunar məclisdə xoş kəlimatı,

Ox kimi bağrını dələr, ağlarsan.

 

Elə buradaca yas mərasimlərində dünyadan nakam getmiş cavanı oxşayaraq deyilən iki bayatını xatırlayaq:

 

Bağçamızda sarı gül,

Yarı qönçə, yarı gül.

Gec açıldın, tez soldun,

Olmayaydın barı, gül.

 

Bülbülüm, geydiyin sarı,

Mən ağlaram zarı-zarı.

İtirmişəm nazlı yarı,

Sən ağlama, mən ağlaram.

 

Göründüyü kimi, burada söhbət gülün rəngindən deyil, dünyasını dəyişən cavanı sarı gülə bənzədərək onun yarı qönçə, yarı gül ikən solmağından və nazlı yarın nakamlığından gedir.

Başqa bir bayatıya nəzər salaq:

 

Sarı canım,

Köynəyi sarı canım.

Sən dünyadan köçəndən,

Qalmayıb yarı canım.

 

Bu bayatıda “sarı canım” rəmzi mənada “bədbəxt canım” mənasını daşıyır.

Başqa bir misal:

Əsl adı, doğulduğu yer, yaşadığı dövr məlum olmayan, Məhəmməd ibn Məkkinin 1549(956)-cı ildə qələmə aldığı “Ləməat-ud-Diməşqiyyə” küncündən götürülmüş:

 

Mən aşiq bu dağ, haray!

Qəm məni budar, haray!

Könül istər, əl yetməz,

Əyilməz budaq, haray! – bayatısının tarixinə əsasən, XVI əsrdən əvvəl yaşamış, sevgilisi Yaxşının hicrinə dözməyərək ömrünün çox hissəsini Məcnun kimi çöllərdə keçirmiş, yaradıcılığında məhəbbət, sevgi iztirabları, kədər, əlçatmazlıq motivləri çox güclü olan Sarı Aşıq bədbəxtlik, nakamlıq, nisgil rəmzi olaraq özünə Sarı Aşıq təxəllüsünü seçmişdir.

“Sarı” sözünün rəmzi məna kəsb etdiyi belə nümunələrin sayını istənilən qədər artırmaq olar.

Bəs uzaq keçmişimizdən bəri yana-yana, inləyə-inləyə bizə yön alan, mizrabını ürəyimizin sarı siminə vuraraq bizi öz sehrinə salan sarı gəlin kimdir?

Qənaətimə görə, “Sarı gəlin” milli adət-ənənəmizin saxlancı, nisgilli gəlin haqqında elegiyadır – musiqi pyesidir. “Sarı” sözünün çox qədimdən, islamdan əvvəl gəldiyini və təkcə rəng anlamında deyil, mənəvi sarsıntıların emosional ifadəsi olaraq rəmzi məna daşıdığını irəli sürən versiyanı dəstəkləmək düzgün olardı. Türkünün həzin, kövrək musiqisi və nisgilli misraları bizi belə düşünməyə sövq edir. “Sarı gəlin”in əlimizdə olan variantlarına nəzər salaq:

Naxçıvan variantı:

 

Saçın ucun hörməzlər,

Gülü qönçə dərməzlər.

Bu sevda nə sevdadır?

Səni mənə verməzlər.

 

Bu dərənin uzunu,

Çoban, qaytar quzunu.

Nola, bir gün görəm,

Nazlı yarın üzünü.

 

Şeirin məzmunundan belə anlaşılır ki, sevgililəri bir-birindən ayırıb, qızı erkən (gülü qönçə ikən) başqasına ərə vermişlər. Milli saxlanca əsasən, aşiq onu bir daha görə bilməz. Nakam məhəbbətinə ağı deyərək “bu sevda nə sevdadır, səni mənə verməzlər” – deyə özünü mühakimə edən aşiq məhəbbətindən də əl çəkə bilmir, “Nola, bir gün görəm, nazlı yarın üzünü” – deyə inləyir.

Ərzurum variantı:

 

Ərzurum, çarşı bazar,

İçində bir qız gəzər.

Qətlimə fərman yazar,

Ay nənən ölsün, sarı gəlin.

 

Verməm səni əllərə, neylim aman,

Aman, neylim aman, aman, neylim aman,

Aman, sarı gəlin.

Nə qədər ki, bu halımsa

Ay nənən ölsün, sarı gəlin,

Aman, neylim aman, aman, neylim aman,

Aman, sarı gəlin.

 

Türkünün sözlərindən aydın olur ki, aşiqin sevişdiyi qıza elçi düşənlər çoxdur. Qız onların heç birini sevməsə də, onu məcburi surətdə başqasına verib, bədbəxt, nisgilli gəlin edəcəklər. Qızın nənəsi aşiqi hədələyir, qətlinə fərman verib onu öldürtdürə də bilər. Buna görə də “Ay nənən ölsün, sarı gəlin” – deyir.

 

Bayburt variantı:

 

Ravanda bir kuş var,

Kanadında gümüş var.

Gitti yarım gelmedi,

Helbet bunda bir iş var.

Anan ölsün, sarı gelin, Leylim, allı gelin, sarı gelin.

 

Şeirdən belə məlum olur ki, səfərə getmiş yarından nigaran qalan sevgilisi onun başında bir qəza olduğunu zənn edərək özünü Məcnuna, yarını Leyliyə bənzədərək bəd düşüncələrin təsiri altında “anan ölsün, sarı gəlin” (bədbəxt gəlin) – deyə sızlayır. (O da bizə məlumdur ki, ta qədimdən el arasında bədbəxtliyə düçar olmuş adama “anan ölsün, filankəs” deyərlər.)

Bax beləcə “Sarı gəlin” zaman-zaman, diyar-diyar türk ellərini dolaşmış, hər kəs öz nisgilinə uyğun “Sarı gəlin” yaratmışdır. Kim bilir, bəlkə də, neçə-neçə “Sarı gəlin” uluların sinəsində torpağa gömülmüş, zamanın intəhasız gərdişində unudulub getmişdir.

Son zamanlar “Sarı gəlin” türküsünə (xalq mahnısına) heyranlıq çox artmışdır. Bu türkü qloballaşan dünyamızda təkcə türkdilli xalqlar arasında deyil, digər xalqlar arasında da sevilir. Bir məsələ də var ki, ermənilər indi də “Sarı gəlin”ə sahiblik iddiasına düşüblər. Beynəlxalq arenada – Anapada, Niderlandda, Norveçdə və s. yerlərdə bu barədə fikirlər səsləndirilib.

Məhz buna görə də biz türkün ortaq malı olan “Sarı gəlin”imizə sahiblik etməli, millətimizin əvəzsiz sərvəti olan bütün milli mənəvi dəyərlərimizi etiketləyib, gələcək nəsillərə əmanət verməliyik.

İndi “Sarı gəlin”lə əlaqədar mətbuatda, internet səhifələrində qızğın mübahisə gedir. Elm adamları, millət təəssübkeşləri, müğənnilər, musiqiçilər, sıravi vətəndaşlar əsl həqiqəti sübut etməyə çalışırlar.

Türk alimi Yunus Zevrek yazır: “Bu türkünün hiçbir yerinde ermeni unsuru yoktur. Bir politikacı tarafından yazılan romanın, ermeni bir vatandaşımız tarafından senaryo haline getirilmesiyle, güzel bir türkümüzün ermenilere mal edilmesi meselesi tartışılmaktadır. Gazeteciler, türkücüler, şarkıcılar, kahveciler ve dernekciler konuşuyor. Halk edebiyyatı sahasında çalışan bilim adamlarımız bu tür konulara egilmelidir”.

“Sarı gəlin” türküsünün (xalq mahnısının) türkün ortaq malı olduğu aksiomadır. Mahnıdakı millilik ünsürləri bunu bir daha təsdiq edir. Zamanında qız nənəsi türkün adət-ənənəsinə, əxlaq kodeksinə kəc baxanlara sərt cəzalar tələb etmiş, hətta qətlinə “fərman” vermişlər. Məhz buna görə də aşiqlər nənələri zalım, rəhmsiz adlandırmışlar. Mənəvi mədəniyyət tariximizin qaynaqları olan xalq mahnılarımıza nəzər salaq:

A leyli

 

Ayağında məsi var,

Qızıldan düyməsi var.

Qoymur gedəm yanına,

Bir zalım nənəsi var,

A leyli, a leyli, hey, hey, hey...

Güloğlan

Qapıda duran oğlana,

Güloğlana, Güloğlana,

Boynunu buran oğlana,

Güloğlana, Güloğlana,

İrəhmin gəlsin nənə, gəlsin nənə,

Qoy məni alsın, nənə, alsın nənə.

 

Get, ay batandan sonra gəl

Ay dolanır gecə-gündüz batmağa,

Nənəm gedir külfirəngdə yatmağa,

Az qalır ki, mətləbimə çatmağa,

Get, ay batandan sonra gəl, ay oğlan,

Ellər yatandan sonra gəl, ay oğlan.

 

Aman nənə

Yarıma demişəm mənə saz alsın,

Aman nənə, zalım nənə, yar nənə,

Onu çalım, dərdü-qəmim azalsın,

Aman nənə, zalım nənə, yar nənə.

İslamdan əvvəl oğuz tayfalarının ortaq bir musiqi mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar musiqi mədəniyyətini daha çox bu intonasiyada inkişaf etdirmişlər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxmışdır. İntonasiyasına görə çox arxaik olan “Sarı gəlin”in musiqi təfsiri elədir ki, onu tütək və balabanla ifa etdikdə daha təsirli alınır. Bu mənada həmin musiqinin yaranışı dövründə onun müşayiətinin məhz tütək, daha sonra isə balabanla olması elmi dəlillərlə təsdiq edilmişdir. Tütəyin yanıqlı səsi, türkünün bayatı nəzmli misraları ilə harmoniya yaradaraq dinləyəni duyğulandırır. Mənəvi sarsıntıların iniltisi, əlçatmazlıq nisgili, acizanə surətdə qeybə yalvarmaq (nola, bir gün görəm nazlı yarın üzünü), hiddətlənib qarğış tökmək (nənən ölsün, sarı gəlin) məqamına çatmış aşiqin emosional vəziyyəti dinləyicini kövrəldir. M.V.Vidadi demişkən, ox kimi bağrını dəlir.

Bax elə buna görə də millətindən asılı olmayaraq “Sarı gəlin”i dinləyən hər kəs onun sehrinə düşür. Bəli, musiqi beynəlmiləl və ümumbəşəri incəsənət sahəsidir. Onun üçün dil maneələri, tərcüməyə ehtiyac yoxdur və millətlərin sivil dəyərləri sonradan bütün bəşəriyyətin olur. Necə ki, YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etdi. Millətimizin qan və gen yaddaşı, bütün bəşəriyyətin bədii sərvəti olan “Dədə Qorqud kitabı” -nın 1300 illik yubileyi YUNESKO çərçivəsində dünya miqyasında qeyd edildi.

Qədim və zəngin tarixi köklərə dayanan Azərbaycan xalq musiqisi dünya incəsənətində özünə layiqli yer tutur. Azərbaycan xalq musiqisindən bəhrələnən Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operası ilə bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuş, dahi bəstəkarın əsərləri ümumdünya musiqi mədəniyyətinin qızıl fonduna daxil edilmişdir. Onun “Arşın mal alan” musiqili komediyası Moskvada, Nyu-Yorkda, Parisdə, Londonda, Tehranda, İstanbulda, Qahirədə, Pekində, Berlində, Varşavada, Sofiyada, Budapeştdə, Buxarestdə və s. yerlərdə tamaşaya qoyulmuşdur.

Azərbaycan musiqi folklorunun milli ənənələri ilə dünya musiqi mədəniyyətinin nailiyyətlərini üzvü surətdə birləşdirən dünya şöhrətli bəstəkar Fikrət Əmirovun əsərləri hələ sovetlər birliyi dövründə ABŞ, Fransa, İngiltərə, Çexoslovakiya, Türkiyə, Bolqarıstan, İran və s. ölkələrin konsert salonlarında səslənmişdir. Dünyaşöhrətli bəstəkar və ifaçıların xatirəsi böyük hörmətlə qorunur. Bakıda Ü.Hacıbəyovun, M.Maqomayevin, F.Əmirovun, Bülbülün, Q.Qarayevin abidələri ucaldılmışdır.

Bəşəriyyət ikinci minilliyi sanalayır. İndi biz əsrlərin, minilliklərin qovuşduğu bir zamanda yaşayırıq. Tarixi kökləri, dilləri, mədəni və ədəbi abidələri qədim dövrlərdə də, orta əsrlərdə də, ən son zamanlara qədər də ortaq olmuş türk xalqları milli varlığımızın mötəbər qaynaqlarını – ortaq türk keçmişindən ortaq türk gələcəyinə daşıyan milli-mənəvi dəyərlərimizi etiketləyib gələcək nəsillərə əmanət etməlidir. Qloballaşan dünyamızda millət olaraq qala bilməyimizin formulları məhz bunda təcəssüm olunur. İndi qloballaşmanın mənfi cəhətləri haqqında söz-söhbət gedir, diskussiyalar təşkil edilir. Hər bir dövlət və xalq öz milli xüsusiyyətlərini qorumağa çalışır. Çünki bunu etməsə bir millət kimi sıradan çıxa bilər. Biz əsrlər boyu başqa dövlətlərin təsiri altında olmuşuq, amma milli musiqimizi, milli adət-ənənələrimizi qoruyub saxlaya bilmişik, bəşəriləşdirmişik.

Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti sayəsində dünyaya bir Günəş kimi doğmuş Azərbaycanda bəşəriləşdiriləsi dəyərlər hələ çoxdur. Milli sərvətimiz olan həmin dəyərləri üzə çıxarıb gələcək nəsillərə çatdırmaq, dünya sivilizasiyasına bəxş etmək ulu öndərin bizə vəsiyyətidir. Onun özünün start götürdüyü bu estafet indi etibarlı əllərdədir. Böyük öndərin konsepsiyası ilə gələcəyə doğru inamla irəliləyən müstəqil Azərbaycan heyrətamiz iqtisadi yüksəlişlə bərabər öz milli-mənəvi dəyərləri ilə də dünyanı heyran etməkdədir. Çünki iqtisadi layihələrin arxasında mədəni və mənəvi yüksəliş dayanır.

Prezidentimiz İlham Əliyev ölkədə mədəniyyətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqətlə yanaşır. Bu sahədə böyük uğurlar qazanılır. Bütün ölkə miqyasında müasir mədəniyyət ocaqları tikilir, qədim tarixi abidələrimizə yeni həyat verilir. Bakıda tikilmiş Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyasının yeni kompleksi, keçirilən beynəlxalq muğam musabiqələri, Qəbələ musiqi festivalı və digər festivallar Azərbaycanı bölgənin mədəniyyət mərkəzinə çevirir. Azərbaycan prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu işlərə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz layihələri ilə dəstək verir. Onun Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği, milli musiqi sənətimizin yaşadılması ilə bağlı gördüyü işlər ölkəmizin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.

Mehriban xanım Əliyeva Qarabağ xanəndələrinin disklərini bütün dünyaya yaymaqla xalq musiqimizin əsas tərkib hissəsi, dünya klassik incəsənətinin zirvəsi olan muğamın və Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqlədi.

Bizi ortaq türk keçmişindən ortaq türk gələcəyinə aparan amalımız müqəddəs, yolumuz nurludur. Uğur olsun!

 

Sənubər Kərimova,

AMEA Folklor İnstitutunun böyük elmi işçisi, əməkdar mədəniyyət işçisi

 Kaspi.-2014.- 8 mart.-S.22-23.