Sözlərdən toxunan çələng

 

Flora Xəlilzadə,

əməkdar jurnalist

Bilmirəm, bu hansı hisslərin təsiridir ki, Zivər Ağayevanın adı çəkilən kimi yaddaşımda əbədi iz salmış misraları məni məndən alaraq çox uzaqlara aparır. Könül ünvanlı şeirlərindəki sevda çırpıntıları, qəlb harayı adamın varlığını titrədir. Müəllif var ki, cild-cild kitablarını vərəqləyirsən bir cümləsi, bir misrası səni tutmur. Ağabəyim Ağa kimi bir bayatısı ilə ədəbiyyatımızda əbədi yaşamaq bəxtəvərliyi qazananlar da var:

 

Əziziyəm, Qarabağ,

Bakı, Şirvan, Qarabağ,

Tehran cənnətə dönsə

Yaddan çıxmaz, Qarabağ!..

 

Zivər xanımın yaradıcılığında isə onu ədəbiyyatımızda əbədi yaşadacaq nəinki misraların, hətta şeirlərin, kitabların, dillər əzbərinə çevrilmiş mahnıların sayı çoxdur. Bu il zərif duyğulu şair anamızın 80 yaşı tamamlanır. Adətən “ xanımın yaşını deməzlər” fikiri dəbdədir. Amma mən belə düşünürəm ki, bu möhtəşəm rəqəm ömrün elə zirvəsini ifadə edir ki, onu gizlətmək yox, vüqarla demək, qeyd etmək lazımdır. Barəsində hansısa təltiflərin, mükafatların, fəxri adların verilməsinin təmini üçün aidiyyəti qurumlar öz missiyalarını yerinə yetirməlidir. Vətəndaşlıq borcunun bir istiqaməti də millətin dəyərli övladlarının qədrini bilməkdən, dəyərləndirməkdən keçir. Ayrı sekçilik mənəviyyatın kasıblığına yönəlir. İstedadlını, haqqı və xidməti olanı yada salmaq, barəsində təqdimat, məlumat hazırlamaq Allaha da xoş gedər, sənəti-sənətkarı qiymətləndirənə də.

 

Mən Zivər Ağayevanı yaxindan taniyiram. Həyat yoluna da bələdəm, yaradıcılığına da. Bu yazımı da ona bir ərməğan etmək istədim. O, elə vüqarlı və məğrur xanımdır ki, həyatı boyu dilinə bir kəlmə də olsun giley və şikayət gətirməz. Sadəcə mənim bu xanımın həm şəxsiyyətinə, həm də yaradıcılığına böyük ehtiram və rəğbətim var. İllər boyu mənimlə yol gələn misraları xəyalımdan çəkilməz. Ondan söz düşən kimi məhz bu misraları deyərəm. Hər kəs də razılıqla başın tərpədər və dərhal rəyin bildirər ki, nə gözəldir!

 

Sənsiz günlərimə dərd dedim çəkdim,

Sənli günlərimə nə deyim çəkim?

 

İnsan xatirə ümidinə qalanda ömrün itən ili, itən ayı sinədə beləcə ocağa dönürbu yanğı ürək tarının gah zilində, gah bəmində həzin misralarla nəğmələnir. Qadın çiçəkdən çələng hörsə gözəl, sözdən çələng toxusa kövrəkdir. Çünki birincisinə əlinin, ikincisinə ürəyinin istisini bağışlayır. Zivər xanımın şeir dünyasını da məhz belə incilər bəzəyir. Bu mənada “Ana” adlı şerinibu mövzuda olan digər poetik düşüncələrini sakit bir ürəklə oxumaq elə çətindi ki... Anasızlığın xiffəti sinəmizi göynədir. İstər-istəməz ötənlərə boylanırsan . Adi səhvlərin də sənə olmazın zülmünü verir: “ Nə üçün axşam, səhər dolanmadım başına?” Bu sualın cavabı daha ağlar bir mənzərənin görüntüsünü naxışlayır: “ Axır pərvanə oldum, soyuq məzar daşına”. Bu, həm də bir şairin etirafı yox, ana adlı varlığın-məhz Zivər Ağayevanın gəncliyə mesajıdır:- ananızın qədrini sağlığında bilin, sonra səhvləriniz sizi yandirmasın.

 

Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Əvvəlcə həkim olmaq istəyib. Elə tibbi təhsil də alıb. Şeirə-sənətə olan maraq sonradan onu Pedaqoji İnstitutun ( indiki Pedaqoji Universitetin) dil-ədəbiyyat fakültəsində oxumağa sövq edib. Tələbəlik illərindən şeirləri mətbuatda dərc edilib. Ondan çox kitabın müəllifi Zivər xanımın şeirlərinə biçilən musiqi libası həm neçə-neçə gözəl mahnının yaranmasına, həm də ifaçıların repertuar zənginliyinə səbəb olub. Zivər Ağayevanın sözlərinə yazılmış mahnıları kimlər oxumayıb? Bu sırada xalq artistlərindən Zeynəb Xanlarovanın, Flora Kərimovanın, Məmmədbağır Bağırzadənin... adlarını mütləq çəkməliyik. Çünki bu sənətkarlar o nəğmələri elə məlahət və ustalıqla oxuyublar ki, yaddaşlara dərin iz salib, dinləyici könlündə əbədi ünvan tapıb:

 

Yanağımda göz yaşlarım,

Düzülübdür gilə-gilə.

Gözləyirəm sən siləsən,

Yoxluğunu bilə-bilə.

 

Əslində, onun şeirləri doğuluşundan nəğmədir. Onlara qulaq asdıqca bir doyumsuzluq tapırsan. Zivər Ağayeva öz nəğmələrini bu günümüzün sevincinə, kədərinə, narahat dünyamızın qayğılarına, Vətən məhəbbətinə, təbiət gözəlliklərinə, insanın ən ali hisslərinə bələyərək ürəkdən oxuyur. Bəlkə də ona görədir ki, bütün şeirlərinin ahəngində doğmalıq var. Onları oxuyanda gözlərimizin qarşısında uşaqlığımız keçən yerlər canlanır, sanki anamızın laylasını eşidirik. Vətən haqqında çox deyilib, amma Zivər xanımın nəğmələri tamam ayrıdır .Çünki o, anadır. Analar Vətən haqqında oxuyanda yurdun adi daşı da min hikmətə dönür. Adama elə gəlir ki, Günəş də təkcə sənin Vətəninlə ülfətdədir. Bircə sənin öz torpağın beləcə nemətlidir. Bu günü inamlı, sabahı qələbə müjdəli olacaq ana yurdumuzun ucalığı, böyüklüyü önündə bir daha ehtiramla baş əyirik. Bu şeirlərin işığında Azərbaycan təbiətinin gözəllikləri göz önündə canlanır. “Dağların ovcunda billur çeşməni xatırladan qədim Şuşa” şəhərinin zümrüd meşələrinə, göydələn dağ zirvələrinə şair anamızın qoşduğu nəğmələr bizə nələri xatırlatmır?! Əimizdən alınmış gözəlliklər məskənində indi bayquşlar ulayır. Amma bir zamanlar biz bu dərdlərdən çox uzaqda idik və Zivər xanım da o yerlər üçün nəğmələr qoşmuşdu:

 

Göylər də sözlüdür, boşalıb-dolur,

Buludlar kövrəkdir, təbiət şıltaq.

Yaşayır tarixin daş yaddaşında

Nəğmələt ocağı bu ulu torpaq.

 

Mən onun barəsində bir neçə dəfə yazmışam və hər dəfə də bir doyumsuzluq tapmışam. Zivər Ağayeva düz 25 il (1969-1994-cü illər) “Azərbaycan qadını” yurnalında poeziya və məktublar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İndionun otağını xiffətlə xatırlayıram. Gül-çiçəyi sevdiyindən kabineti zümrüd guşə idi. Yanına tez-tez gedərdim. Ümumiyyətlə, bu jurnalın bütün yaradıcı kollektivinin xatirini çox istəyərdim. Baş redaktor, unudulmaz yazıçımız Xalidə Hasilova, müavini jurnalist Svetlana Nəcəfova, rəssam Həbibə Bəhri...bir-birlərini tamamlayan, mehriban və həssas insanlar kimi qəlbimdə yaşayırlar. Yadımdadı ki, mənim mətbuatda ilk şerimibu jurnalda dərc etmişdilər. O zaman indiki kimi deyildi. Zivər Ağayeva sözün həqiqi mənasında zəif şeiri ömründə yaxına qoymazdı. O günlər üçün necə darıxdım. Nə yaxşı ki, mən belə sənətkarlarla ünsiyyətdə olmuşam. Onların hər biri bir məktəb idi. Nə isə... Yenə də Zivər xanımın misraları ovqatımın aynasına döndü:

 

Yel əsib, qapımı döyəndə külək,

Sinəmdə döyündü, çırpındı ürək.

Sandım ki, sən gedən yollar dönəcək,

Boylanma yollara, gəlməz , dedilər.

 

Əzizim Zivər xanim! Ömür zirvəsindəki bu möhtəşəm naxışınız-80 rəqəminiz də, qarşıdakı bayramlarınız da, ünvanınıza mütləq qanadlanacaq təltiflər də, hədiyyələr də mübarək olsun. Adam var bircə kəlməsi yadda qalmır. Sizin təkcə 200-ə yaxın mahnınız mədəniyyətimizin əbədiyyət inciləridir. Yaxşı ki, varsınız...Sözdən toxuduğunuz çələngin bütün rəngləri solmazdır.

Kaspi.-2014.-8 mart.-S.17.