Əsər yazmaq üçün
yalnız fitri istedad lazımdır
Vidadi
Babanlı: «Kimi dindirirsən, deyir mənim kitablarım
çap olunub»
Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Bakıda "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Azərbaycan" jurnalında nəsr şöbəsinin müdiri işləyib. C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlayıb. Bundan başqa V.Babanlı “Vicdan susanda”, “Bulanıq dünya”, “Ana intiqamı” və s. sevilən əsərlərin müəllifidir.
– Həm şeirlər yazırsınız, həm də nəsr əsərləri. Nəsrinizi poetik havada saxlamaq üçün yazırsınız şeir, yoxsa?
– Ədəbiyyata şeirlə gəlmişəm. İlk nəsr əsərim isə “Gəlin” povesti olub. Bu əsər təqdir olunandan sonra nəsrə keçdim. Hətta “Gəlin” adlı poetik əsər yazmaq istəyirdim, gördüm ki, şeirlə bu əsəri yazmaq olmur. “Gəlin” povestini Moskvada oxuyanda Yazıçılar Birliyinə göndərdim, 2-3 ay sonra İlyas Əfəndiyevdən məktub aldım. Məktubda yazmışdı ki, povestini oxudum xoşuma gəldi, müəyyən qeydlərim var, onları etsən çap oluna bilər. Həmin qeydlər edəndən sonra povesti “İnqilab və mədəniyyət” jurnalına verdim. O jurnalın həmin dövrdə redaktoru Əli Vəliyev idi. O da əsəri oxuyub bəyəndi. Povest çap olundu və bununla da mən nəsr əsərləri yazmağa başladım. Yenidən şeirə 1989-cu ildə qayıtdım. O dövrkü hadisələr elə bir könlümdəki şeir külünü təmizlədi və sinəm yenidən közərməyə başladı. Şeirin öz mövzusu var, nəsrin öz mövzusu. Xarakterləri şeirlə açmaq çətin məsələdir.
– Xarakterləri şeirlə açmaq çətin məsələdir deyirsiniz, bəs klassik ədəbiyyatda böyük xarakterləri poemalarla, nəzmlə açmayıblarmı?
– Şeir elədir ki, ilahi vəhylə gəlir. Mən şeiri beynimdə yazıram, sonra bənd-bənd köçürürəm. Şeiri gələndə yazmasam yaddan çıxıb gedir. Nəsr də belədir. Bəzən oturursan bir abzas yaza bilmirsən. Bəzən də elə olur ki, birdən 8-10 səhifə yazırsan. Yəni bunu bilmək olmur. Nəsr isə masştab baxımından, detallar baxımından daha dəqiq işləməyə imkan verir, həm də müəyyən çərçivəsi, ölçüsü yoxdur deyə sənətkara geniş üfüqlər açır. Poeziyada bəzən vəzn, qafiyə yaradıcı insanın əl-qolunu bağlayır.
– “Ana intiqamı” əsərinizi həm povest, həm də pyes kimi yazmısınız. Eyni əsərə iki dəfə müraciət etməyiniz hansı ehtiyacdan doğdu?
– “Ana
intiqamı” adlı povest yazmışdım. Leyla Bədirbəyli bu
povesti oxumuşdu. Bir axşam Həsənağa Turabov evimizə zəng
edib dedi ki, Leyla xanım bu əsəri oxuyub ordakı ana
obrazını oynamaq istəyir, olarmı ki, siz o əsəri
pyes halına salasınız? Mən də fikirləşmək
üçün ondan vaxt istədim. H.Turabov da
düşündüyüm müddətdə əsəri
oxudu bəyəndi və mənim də
razılığımdan sonra dedi ki, Bəhram Osmanovu bu əsərə
rejissor təyin edirəm, siz povestinizi pyes formasına
salın. Beləcə povesti pyes kimi işlədim.
– “Ana intiqamı” əsərinizi
Hüseyn Cavidin “Ana dramı” ilə müqayisə edirlər,
istərdim bu barədə sizin mövqeyinizi bilim.
– “Ana intiqamı”
adlı əsərimdə övladı ölmüş ana
oğlunun paltarını geyinib vuruşmağa gedir. Heç kəs
onu yolundan döndərə bilmir. Müharibə
vaxtı gənc erməni əsgəri ilə rastlaşır.
Silahı erməni əsgərinə tuşlayanda analıq
duyğusu baş qaldırır və erməni əsgərinə
təpinir ki, dur get burdan, qoduq, niyə gəlmisən
döyüşə, get ananın yanına. Erməni
dığası gedib ağacın arxasında gizlənir və
qadın çevrilib gedəndə onu arxadan güllələyir.
Bu əsəri təqdir etməkdənsə
dedilər ki, Hüseyn Cavidin “Ana” pyesindən təsirlənmisən.
Heç mən o vaxta qədər həmin əsəri
oxumamışdım, sonradan oxudum. Yəni
bu fikirləri bədxahlar deyirdilər.
– Müsahibələrinizin
birində deyirsiniz ki, “Vicdan susanda” və “Bulanıq dünya”
romanlarını digər əsərlərimdən
üstün hesab edirəm. Belə qənaətə
gəlməyinizə səbəb nədir?
– Əsərlər
də övladlar kimidir. Nə qədər desək də ki,
bütün övladlarımızı eyni qədər istəyirik,
olmur. Hansısa məqamda bir övladı
daha çox hüsnü-rəğbətin olur. Mən “Vicdan susanda” əsərini uzun illərə
yazmışam. Həmin romana görə
başıma çox müsibətlər gəlib. Bu əsərə görə məni Kommunist
partiyasından çıxarmaq istəyirdilər. Bu da ömürlük kitabımın
bağlanması demək idi. Çünki partiya
üzvü olmayanda səni işə
götürmürdülər, çap olunmurdun, bütün
siyahılardan adın çıxarılırdı və s.
Bu əsəri AYB-nin iclasda müzakirəyə qoydular ki, roman
antisovet əsəridir, sovet adamının vicdanı nə
üçün susmalıdır, bütün bunlar
böhtandır. Süleyman Rüstəm, Əli Vəliyev,
Osman Sarıvəlli, Rəsul Rza partiyadan
çıxarılmağımın əleyhinə oldular, təklif
etdilər ki, bu cavan oğlandır, onu partiyadan
çıxartmaq gələcəyinin üstündən xətt
çəkmək deməkdir, ona görə də şifahi
töhmətlə kifayətlənmək lazımdır. Mən də hirsləndim partiya biletini cibimdən
çıxarıb stola çırpdım, bilet diyirlənib
Mirzə İbrahimovun qarşısında yerə
düşdü. Qapını
çırpıb getdim. Həmin gecə
Brejnevə məktub yazdım ki, bu ölkədə
yaşamağıma imkan yoxdur mənə başqa ölkəyə
getməyə şərait yaradın. Səhəri
gün məni işdən çıxardılar, 4 il işsiz qaldım, çox çətinliklər
çəkdim. Radio və qəzetlərə
kolxozlardan oçerklər yazaraq bir təhər
dolanırdım. Bu illər ərzində
“Vicdan susanda” əsərinin ikinci kitabını da
tamamladım. Əsəri rus dilinə tərcümə
etdirmək istəyirdim. Məmmədcəfər
Cəfərov adlı akademik vardı, onunla bir binada
qalırdım. O, mənimlə yolda rastlaşdı dedi
ki, sənin əsərini rəyə göndərmişdilər
müsbət rəy yazdım. Sonra dedi ki, bu əsəri rus
dilinə tərcümə elətdir, rus ziyalıları bu əsəri
daha yaxşı qəbul edər. Dedim ki, mənə olan
münasibəti görürsünüz, bu əsəri tərcümə
edərlərmi? O sağollaşıb gedəndən “bir
şey fikirləşərik” dedi. Bir həftə
sonra əsəri məndən istədilər. Əvvəlcə hərfi tərcümə edildi.
Sonrasa bədii tərcümə edildi və
çap olundu. Moskvada əsər
haqqında müsbət rəylər çap olunandan sonra mənə
burda münasibət yaxşı mənada dəyişdi.
Əsər 2 dəfə 30.000, 3 dəfə isə
100.000 tirajla çap edildi. Daha sonra əsər Ukrayna,
özbək, tatar, fars, türk dillərində
nəşr edildi. “Vicdan susanda” əsərini bu
səbəblərə görə sevirəm. “Bulanıq dünya” əsərini isə yenidən
işləyirəm yaxın vaxtlarda “Zəmanə adamı”
adı ilə çap etdirməyi düşünürəm.
– Sizcə, M.Cəfərov nəyə
görə düşünürdü ki, “Vicdan susanda” əsərini
rus ziyalıları daha yaxşı qəbul edərlər?
– Əsərdə
qoyulan məsələlər, romandakı problemlər rus
insanına, mühitinə daha yaxın idi.
– “Vicdan susanda” əsərinin
çapına qarşı olan kimlər idi?
– Cəlal Məmmədov
adlı bir tənqidçi vardı, bu gün adı da çəkilmir. O “Azərbaycan”
jurnalının baş redaktoru idi. Mən də
həmin jurnalda nəsr şöbəsinin müdiri idim.
Əsərləri seçib çapa verirdim.
Əkrəm Əylisli Moskvadan “Mənim nəğməkar
bibim” adlı povest gətirib jurnala təqdim etmişdi. Mən də əsəri oxuyub bəyənmişdim
və çapa məsləhət bilmişdim. Ancaq C.Məmmədov bu əsərin
çapını yubandırırdı. Əkrəm
də cavan oğlan idi və istəyirdi ki, əsəri
çap olunsun, ona görə də tez-tez məktub yazıb əsərinin
aqibətini soruşurdu. Bir dəfə
avqust ayında növbəti nömrənin əsərlərini
müzakirə üçün toplanmışdıq. Mən yenə də Əkrəmin əsərini
çapa tövsiyə edəndə C.Məmmədov hirsləndi
ki, sənin nə marağın var bu povestin çapında?
Mirzə İbrahimov Yaltadan məktub yazıb ki,
yeni əsərimi bitirmək üzrəyəm və onu
jurnalın X nömrəsinə salınmasını xahiş
edirəm. Mən də dedim ki, Mirzə müəllim hələ
əsəri tamamlamayıb, bəlkə də heç X
nömrəyə qədər tamamlaya bilməyəcək, gəlin
bu gəncin əsərini çap edək, tələbədir
qonorar alsın. C.Məmmədov bu məsələyə
görə məmimlə höcətləşib
dalaşdı. M.İbrahimov məzuniyyətdən
gələndə məni yanına çağırıb
hirsləndi ki, sən jurnalın baş redaktoru ilə
hesablaşmırsan, bizim yazılarımızı bəyənmirsən.
Başa düşdüm ki, C.Məmmədov Mirzə
müəllimin başanı yaxşıca doldurub. Mən də əsəbiləşdim və
qapını çırpıb getdim. Ertəsi
gün işə gələndə mənə dedilər ki, səni
jurnaldakı işindən azad ediblər və “Ədəbiyyat
qəzeti”nə ədəbi işçi təyin ediblər.
Bu münaqişə uzun illər davam elədi, “Vicdan susanda”
çap olunub məşhurlaşandan sonra bir dəfə
M.İbrahimov Yazıçılar Birliyində məni
görüb dedi ki, “Vidadi, ta nə olub, olub, bu münaqişənin
üstündən keçək”.
– Sizin adınız çəkilən
kimi “Vicdan susanda” əsəri yada düşür. Sizə elə gəlmirmi ki, bu əsərin bu qədər
məşhur olması digər əsərlərinizi kölgədə
qoyur?
– Məsələ budur ki, hər
bir yazıçının bir və ya iki əsəri digərlərinə
nisbətdə çox məşhur olur. Məsələn,
Lev Tolstoy deyiləndə “Hərb və sülh” və “Ana
Karenina” yada düşür. Dostoyevskinin
adı çəkiləndə “Cinayət və Cəza” və
“Karamazov qardaşları” xatırlanır. Stendal deyəndə “Qırmızı və qara”
yada düşür. Yəni hər bir
yazıçının elə əsəri olur ki, digər əsərlərindən
daha çox sevilir və qəbul olunur. Bu
mənada, mənim də “Vicdan susanda” kimi romanımın digər
əsərlərimdən daha çox sevilməsi sevindirici
haldır.
– İndiki ədəbi
durumu necə xarakterizə edərdiniz?
– Əvvəla deyim
ki, əsər yazmaq üçün fitri istedad
lazımdır. Əgər istedad yoxdursa, zəhmət
çəkmirsənsə heç nə olası deyil. Ədəbiyyata gəldiyim dövrü
xatırlayıram, saysız-hesabsız gənclər var idi,
hamısı yazırdılar. Onlardan cəmisi
bir neçəsi yazıçı oldu, yerdə qalanları
başqa sahələrə getdilər. İndi
yazmaq sərbəstdir. Pul ədəbi dəyərləri
heçə endirib. Kimi dindirirsən, deyir
mənim kitablarım çap olunub. Pullu
adamlar kitablarını çox asan çap etdirirlər.
İndi əsərin dəyəri
çoxlarını maraqlandırmır. Əvvəllər
tənqidçilər hansısa əsər barədə
yazırdılar, zəhmətin müqabilində qəzet-jurnallardan
əmək haqqı alırdı. İndi
belə hallar yoxdur deyə, dolanışıq çətinlikləri
onları vadar edir ki, bir neçə yerdə işləsinlər.
Nəticədə ədəbi əsərləri
diqqətlə oxuyub təhlil və oxuculara təqdim edə
bilmirlər.
– Sizcə, indi hanısa tənqidçinin
fikri oxuculara, ictimai rəyə təsir edirmi? Məsələn,
Nizami Cəfərov sizin haqqınızda yazdığı
kitabdan sonra əsərlərinizə maraq artdımı?
– Mənim əsərlərim
həmişə diqqət mərkəzində olub. SSRİ-nin bütün ölkələrindən
saysız-hesabsız oxucu məktubları almışam. Bu mənada, mən həmişə diqqət mərkəzindəyəm.
N.Cəfərovun yazdığı kitabdan sonra
deyə bilmərəm ki, mənə maraq artıb, yoxsa
azalıb.
– Dünya ədəbiyyatında
kimləri müasir yazıçı hesab edirsiniz?
– Haynrix Böll və
Ernest Heminqueyin adını çəkə bilərəm.
– Onlar dünyada artıq
klassiklər sayılır. Çünki əsas
əsərləri 50-60-ci illərə yazılıb. Müasir dünya nəsrində indi tamam başqa
imzalar var və tendensiyalar dəyişib. Elə
bilirəm ki, bizim Azərbaycan nəsrinin bir bəlası da
yazıçıların öz dövrlərində
dünyada gedən prosesləri izləyə bilməməsidir.
Biz hələ də klassikləri müasir hesab
edirik.
– Məsələ odur ki,
bizim yazıçılar dünya
yazıçılarının
yaradıcılığını ardıcıl izləmirlər,
onları bəzən inkar edirlər. Klassiklərdən
öyrənmək lazımdır, özündən heç nə
icad edə bilmərsən. Klassiklərdən
öyrənə-öyrənə öz dəsti-xəttini
formalaşdırmaq lazımdır.
– Sizinçün üslub nədir?
– Mən deyə bilmərəm
ki, üslubum nədir, necədir. Mənim
üslubum haqqında oxucular, tənqidçilər və
yazıçılar fikir yürüdə bilər. Ancaq onu deyə bilərəm ki, şeirlərimdə
nəsr müşahidələri, nəsr əsərlərimdə
isə şeirə xas poetiklik var.
– “Ədəbiyyat
qəzeti”ndə, “Azərbaycan” jurnalında işləmisiniz,
daim ədəbi mühitdə olmusunuz. İndi həmin
mühitdən ötrü darıxmırsınız ki?
– Əlbəttə,
darıxıram. Qaynar ədəbi mühitdə olanda yeniliklərlə
daha yaxından tanış olurdum, əsərlərimi
yazandan sonra kimlərəsə oxumağa verirdim,
yaradıcı söhbətlər edirdik. Səfərlərdə
olurduq. İndi bunlardan aralı
düşmüşəm, bu da məni darıxdırır,
sıxır. Gözlərim görmür,
yaza, mütaliə edə bilmirəm, bu isə bir başqa əziyyətdir
yazıçı üçün.
– Gözləriniz zəifləyəndən
sonra olubmu ki, belə bir fikir ağlınızdan keçə:
Yazmaq, oxumaq üçün dünya işığına həsrət
qalmağa dəyməzdi?
– Bəzən belə fikirlər
ağlıma gəlib. Ancaq bir neçə əsərim
yaddaşlarda qalacağını biləndə rahat oluram ki,
az-çox ədəbiyyatda nəsə edə bilmişəm.
Fərid
Hüseyn
Kaspi.-2014.-8 mart.-S.15.