Ümidin fəlsəfi təfsiri - Yaxud Natiq Məmmədli bədii dərkində ideyaçılıq

 

Vizual görünüş təkcə baxışsığallama kəsb etmir, həm də xəyalyaratma israrlıdır. Buna görə bədii təfəkkür zaman-zaman yalançı hissi qavramalara ifrat aludəçilik yaradıb. Etiraf edək ki, son illər də bu proses özünün solaxay təsiri ilə diqqət çəkir. Yəni son 30 ildir ədəbiyyatın üst qatlarında (diqqət çəkən) aldadıcı fikirlər cəmdir, nəsr və poeziyada yekə görünmək iddiasında olanlar bu priyomdan istifadədə «usta»dırlar. Düzdür, hələlik ədəbi ictimaiyyətin çox faizi bu «yenilikçi söz xırdaçıları»nın hap-gopuna uymaqdadır, lakin unutmayaq ki, yalançı hay-küy gerçək səssalmada bir heçdir. Bəllidir ki, son illər ədəbiyyat bazarına çoxlu sayda adam toplaşıb və onların çoxu məzmunsuz, epik-poetik yükü, ən əsası da süjet xətti olmayan cızmaqaraları ilə oxucu zövqünü korlayır. Maraqlıdır ki, bu çoxların iddiası istedadından qat-qat çoxdur. Təbii ki, iddialı yanaşma istedad olmadan boş qab - vakuum kimidir; onun gücü yalnız vecsiz səs çıxarmağa yetir (nə yazıq ki, hazırkı ədəbi çevrədə bu cür səs çıxaranlar kifayət qədərdir). Azacıq bir zaman intervalında zərrədən çimdik boyda vadi, sonra da ətəkli dərə olmaq çoxlarının arzusudur. Lakin bu xoşbəxtlik hər kəsə nəsib orlmur. Düşünürük ki, kövrək qəlbli, sadə vizuallıqdan uzaq, görünən vizual ədəbi çevrəyə yaxın və ən əsası, yenilikçi ruha sirayətetmədə fəal Natiq Məmmədli də belə xoşbəxtlərin sırasındadır. Yaradıcılığına az-çox baxış sərgilədiyimizdən belə qənaətdəyik. İlk olaraq deyək ki, hədəfimiz nəsr yazdığı üçün bu yazıda konkret mənada romançılığa nüfuz etmək israrındayıq. Hansı səbəbdəndirsə, son illər epik janrın iri şəkillərindən olan roman təkamülə uğrasa da, təəssüf ki, bu dəyişilmə çox halda zəif təsiri ilə təzahür edir. Yəni bu janra yaradıcı keçid azalıb. Üstəlik, nəsrə meyl edənlərin çoxu oxucu qarşısına roman adı altında mənasız söz yığını çıxarır. Yaxud da çoxları romana povest əhvalı qatır, hadisələri ard-arda sıralayır (bunu qismən də olsa Natiq Məmmədli nəsrində də görmək mümkündür). Bəllidir ki, romanda (povest və hekayədən fərqli olaraq) çoxlu obraz var, onların taleyi və mənafeyi bir-biri ilə çarpazlaşır, xarakterləri ətraflı şəkil alır. Lakin romanda hadisələr povestdəki kimi sıralanmır; romançı onları qarışıq şəklə salır, fikri mahiyyəti qabartmaqla süjetə uyğun manevrlər edir. Həm də biz deməzdik ki, son illər romanın yığcam şəklə düşməsi qəbahətdir. Sadəcə, romançı hadisələri təqdim edə bilmək və oxucu zövqünə uyarlı məhsul ortaya qoymaq məğzi daşımalıdır. Bu rakursda Natiq Məmmədli, ədəbi yanaşması və bədii təfsiri ilə fərqli ədəbi hücrədədir. Daha doğrusu, o, istedadlı-israrçı qələm adamıdır. Səmimi deyək ki, onun «Azərbaycan» jurnalının 2014-cü il tarixli 1-ci sayında dərc olunmuş «Körpüdə ümid» romanı da bu kodeksə sirayət edir. Roman özünün bədii-insançı xarakteri ilə ədəbi çək-çevirlərə müasir rəng qatmaq gücündədir. Dünya sığalına yatmaq vecsiz mükalimələrə qoşulmaq qədər qorxuludur. Bu məqam hamı kimi ara-sıra Natiq Məmmədli taleyinə də sirayət edir. Diqqətəlayiq haldır ki, modern-ənənəçi prosesə düzgün keçidetmə onu dünya ilə təmasda mətin sıçrayışlara çəkir. Onun «Körpüdə(ki) ümid(i)»nə də bəlkə elə bu təsir zəmin yaradıb. Xoşovqat həyata bağlanmaq israrçı sınmaz iddiaya sahib olmaqdan daha sərfedicidir. Çoxlarından fərqli olaraq Natiq Məmmədli bu axarda yetkin baxışlara fikir qızdıra bilir. Onun ictimai-fəlsəfi xarakterli «Körpüdə ümid» başlıqlı romanı romançılıq fəlsəfəsinə yöndəmsiz yanaşmaya mübtəla iddialılara bir dərs ola bilər. Onun əsl romançı təsiri bağışlayan nurlu çöhrəsində bir düşündürən fəhm də var. Məhz bu fəhm onu vizual sirayətetmədə bərkidir... «Körpüdə ümid» romanında ideyaçı dərketmə «ümid» və «ümidəqapanma»dır. Xülasə, yazıçının ümidə çəkdiyi rəng bir fizioloji çalar olaraq heç də həyat-tale uğursuzluğu deyil, müəllif bu sferada həm də geriliyə cəhdin simptomlarını göstərir, düşüncəsindəki ictimai-fəlsəfi təzahürlərə fərqli enmə edir, keçici-dəyişən hisslərə düşmə anını müasir tempə sığışdıra bilir. Ümidəinanma da onun obrazlarının həyat izharları ilə sıx əlaqəlidir. Daha dəqiqi, Natiq Məmmədlinin bu zəruri faktı oxucuya açmaqda axsamadığı bəllidir; yazıçı əsərin başlanğıcından onun pafosunu bədii fikir şəklində təqdim edir, həmçinin əsərin başlıca ideyasını büruzə verir. Romanda ağsaqqal-ağbirçək sözünə etiqad, dərketmədə boşalmalara zəminyaratma, düşüncədə çevriliş etməyə cəsarətsizlik və s. də həm baş obrazların, həm də personajların kosmik əsrin ideyaçısına çevrilmək gücünü azaldır. Lakin yazıçı bədii dərketməsi bu obrazları gülünc vəziyyətə salmaq israrından uzaqdır. Ola bilsin, kimsə romanın kənd-şəhər aurasını, xalqların sivil informasiya «qatarında» dünya turnesinə çıxdığı vaxtda, bizdə hələ də pirəinamın bu qədər əhatəli şəkildə qalması ziddiyəti barədə yanlış fikrə düşər, unutmayaq ki, ictimai dərkdə təfəkkür itiliyi eyni miqdarda paylanmır, bu mənada yazıçının labüd məsələyə yaradıcı yanaşması mümkün reallığa qapı açır. Məsələ bu gerçək yaşantını inandırıcı hala salmaqdır və Natiq Məmmədli bu prosesi ictimai-görünən vizuallığına qədər aça bilib. Təbii ki, «Körpüdə ümid» Natiq Məmmədli bədii dərkinin epik təcəssümüdür. Dediyimiz kimi, romanın süjet xətti ümidə yaxınlıq, pir-inam çək-çeviridir; obrazların bu sürreal prosesə çöl yanaşmaları, müəllifin hadisələri bütöv bir cığıra ötürə bilməsi, həmçinin özünün ədəbi müdaxilə etapı fəlsəfi ovqatlıdır; həm də çəkici, məzmunlu hissi qavramadır. Oxucu bu keçiddə həyat üçün vacib çox şey görür. Və bu, müəllif-oxucu doğmalığına səbəb yaradır. Natiq Məmmədli düşüncəsini çözmək bizə nə üçün lazımdır?! Səmimi deyək ki, o, nəsrdə azdan çoxa doğru sürətlə, özü də səmərəli irəliləyir. Onun «Körpüdə ümid» romanı ilə son illər oxuduğumuz «romanlar» arasında hissolunacaq fərq var. Bu, təbii ki, çox müsbət haldır. Üstəlik, o, fikrə yaradıcı yanaşmaya meyllidir (bu zəmin gələcək illərdə onun daha bitkin ədəbi nümunələr yaradacağına inam oyadır). Eləcə də, deyə bilərik ki, Natiq Məmmədli sırf realist yazıçıdır. Çünki onun bəhs etdiyimiz romanında tipik - həqiqi, səciyyəvi cəhət var. Bu cəhət müəllifin ideyaçılığından gerçək və mütləq-real şəkildə enir, əsəri inandırıcı edir. Əsərdə inandırıcılığı xarakterizə edən göstəricilər bunlardır: hadisələr təsadüfi, əhəmiyyətsiz deyil, başlıca olaraq aparıcı, gerçəkdir, məna və məğzi əks etdirir. Həm də romanın ideya xətti yazıçının fərdi mükaliməsi olsa da, təxəyyül kimi deyil, real fakt kimi təsir bağışlayır. «Körpüdə ümid» romanını oxuduqdan sonra Natiq Məmmədlini öz duyğularını hissiyyatsız Qərb ədəbi düşüncəsinə batırmayan, yaxud yalnız bayağı təhkiyəçiliyi bacaran sözəyük hay-küyçülərin ovqatsız, süjetsiz «modern-ənənəçi»liyində fikir ütüləməyən qələm sahibi kimi tanıdıq. Doğrudan da onun nəsr qatında həm ənənəçi müasir yanaşma, həm də xalq yazı və danışıq ənənəsi təzahür edir. Romanın yazıçı ədəbi yanaşması məqbuldur. Burada əsas rolu bədii dil oynayır. Obrazların danışıq tərzindəki şirinlik, yazıçının təhkiyəvi keçidetməsinin bədiiliyi əsəri oxunaqlı edir. Yəni roman quru sxematizm üzərində təcəlla etmir, ümumi panoram xoşovqat bədii quruluşludur. Hikkəli inamaqapılma və soyğunçu bic-düşündürücü yanaşma, həmçinin könüldaşlama zərurəti bədii çevrədə gec anlaşılan məğzlərdir. Roman boyu buna rəvac verə bilməsi müəllifin ədəbi uğuru hesab oluna bilər. Və göründüyü kimi, fikrə yaradıcı yanaşma, zəruri-effektiv hissəenmə, vizuallığa obrazlı görüntüvermə və s. onun əsər boyu tətbiqinə çalışdığı cəhdlərdir. Yəni «Körpüdə ümid»də müəllifin obrazlarla mükaliməsi aydın süjetlidir. O, romançı qayəsi ilə də bu auditoriyanın içindədir. Ədəbiyyat da bəzən aldadıcı xarakterlərlə təzahür edir, nəticə etibarilə fərdi yanaşmalar ədəbi müstəvidə keçid yarada bilmir. Və təəssüf ki, hazırkı ədəbi miqyaslar bu açıqlıq anlamına sirayət etməkdən çox fərdi-iddialı çürük təfəkkürə uyğunlaşır. Hətta üzdə olan qələm sahibləri də çox vaxt aldadıcı manevrli fikri-hissiyyata uymaqla, xalq yazı fəlsəfəsinin üstündə yalançı-əks uyğun çevrə cızırlar. Bu çevrənin içində görünən miqdar bir az yaradıcılıq, bir ovuc təkrarçı ənənə, bir çuval da təməlsiz iddiadır. Natiq Məmmədli özünü xoşbəxt hesab edə bilər ki, nəsrə baxış bucaqları diqqətçəkicidir. Onun nəsrə uyğunlaşma fonunda nədənsə bir az İsa Hüseynov (Muğanna) çevikliyi, bir az da Seyran Səxavət «obyomu» görürük, lakin üslub çək-çevirində elə də dəhşətli bir oxşarlıq müşahidə etmirik. Dünya müstəvisində şəxsiyyətin tipoloji təsnifatı mürəkkəb məsələlərdən biri kimi xarakterizə olunur. Şəxsiyyətin mürəkkəblik parametrləri onun əhatə dairəsində olan ictimai mühitlə təbii mühitin bir-birində inikası vasitəsilə müəyyən edilir. Fiziki və mənəvi cəhətcə möhkəm olması insanın müstəqil qərarlar verməsinə zəmin yaradır. Bu mənada, «Körpüdə ümid»in bir ictimai təsiri də müəllifin müzakirə predmeti etdiyi şəxsi ideyanın müstəqil təqdimatıdır. Bu təqdimatda bir az da yazıçı cəsarəti görürük. Belə düşünək ki, intellektual səviyyənin yüksəlməsi üçün fizikiemosional imkanlar enməlidir. Əslində, düzgün olmayan hər hansı bir nöqteyi-nəzər mütləq mənada bir heçdir... Natiq Məmmədlinin roman boyu yanlış etiqadlara sirayətedici nəzərləri fonunda da biz avam, hələ də cəhalət yuxusunda çabalayan insan faktoru müşahidə edirik. Bəlkə də bu üzdən romanın obraz sırası, bu sıranı təşkil edən personajların insan zəkası İlahi parametrləri sistemə salmaqda acizdir. Həm də romanın obrazlar qatında, bu obrazların nisbi xarakterində dürüst məntiq axtarmağa lüzum yoxdur. Çünki müəllif subyektin obyektdə yerini çox dəqiq müəyyən edib. Romandaxili hadisələri izlədikcə məlum olur ki, həyati paradiqma da ictimai səciyyədə bir neçə keçidlidir. Lakin paradiqmal xüsusiyyətlər çox vaxt zamanın yeni inkişaf meyllərini özündə xarakterizə edə bilmir (romanın obrazlar fonunda ara-sıra bunu görmək mümkündür). Bu da ictimai təsirlə həyati aspektdə təzahür edən qarışıq-realist formalizmin ikili dinamikasıdır. Dünya düzəni əsrlərin sınağından çıxmış həqiqətlərin nizamı ilə pərvəriş tapır. Natiq Məmmədlinin bəhsolunan romanının obrazları bir məlum gerçəyin fərqinə varmırlar ki, ağıllı başlar dəyişən mühiti daha dürüst qavrayır. Həm də romanda var-gəl edən obrazların inamaqamılma təsiri yetişən gənc nəsli də bu «məntiqə» sövq edir. Məhz buna görə müəllif əsərdə zorla ağlın mübarizəsini bu dürüstlükdən aşağı qata endirib. Əlbəttə, «Körpüdə ümid» romanı Natiq Məmmədlinin uğurlu irihəcmli əsəri kimi diqqət çəkir. Lakin səmimi deyək ki, bu əsərdə tənqidə xas fraqmentlər də var. Məsələn, ictimai ziddiyyətyaratma, bəzən sözü yerinə oturda bilməmək - fikri-ifadədə uzunçuluq, romançılıq xüsusiyyətlərində povestçilik ənənəsinin görünməsi və bu kimi digər uğursuzluq onun nəsrəyanaşma cəhdini ciddi təhlil obyektinə çevirir. Səmimi deyək ki, oxucu yaddaşında ilişib qala bilmək gücü olan bir yazıçı üçün bu, minusdur. Heç şübhəsiz, Natiq Məmmədli bu çatışmazlıqları zaman-zaman aradan qaldıracaq, qarşıdakı günlərdə, aylarda haqqında daha münasibdaha kəsərli fikir ifadə edə biləcəyimiz əsərlər yazacaqdır. Buna inanmağa dəyər.

 

Hikmət Məlikzadə,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı

Kaspi.-2014.-8 mart.-S.11.