“Bakıda yaşamaq ideal düşüncə sahibi
olmaq demək deyil” - Region gənci
“Əl işlərimdən ibarət fərdi sərgimi açmağı düşünürəm”
Bəzi insanlar düşünürlər ki, regionda yaşamaq karyera qurmaq üçün əngəldir. Xüsusilə gənc xanımlar üçün bu daha əlçatmaz görünür. Lakin, son zamanlar Azərbaycan gəncləri aktiv həyat tərzləri ilə cəmiyyətin aparıcı qüvvələrinə çevrilirlər. Burada yalnız paytaxt gənclərinin fəaliyyətlərini vurğulamaq düzgün olmazdı. Çünki, mərkəzdə yaşayan gənclərlə yanaşı, region gənclərinin də fəallığı diqqətə çarpır. Belə gənclərdən biri də 1981-ci ildə Beyləqan rayonunda anadan olan, hazırda isə ailə quraraq Zaqatalada yaşayan Car Mədəniyyət Evinin bədii rəhbəri Fəridə Aslanovadır.
Qadın işi ilə yanaşı ailəsini də düşünməlidir
Həmsöhbətimiz jurnalistika fakültəsini bitirib və 2 ilə yaxın “Naxçıvan” jurnalında çalışıb: “Universiteti bitirdikdən sonra ixtisasımla bağlı işləməyə başladım. Bəzi regionlarda qızların çalışmasına, oxumasına pis baxırlar. Mən isə yaşıdlarımdan fərqli olaraq jurnalistika fakültəsini seçdim və bu sahədə çalışmağa başladım. Ailəm də ətrafımda olan bəzi ailələrin tam əksinə, daim mənə dəstək oldular”. Daha sonra ailə quran həmsöhbətimiz bir müddət işindən uzaqlaşmalı olur. Amma bu, onun gələcəkdə hansısa işlə məşğul olmasına mane olmur: “2004-cü ildə özünə, ailəsinə və şəxsiyyətinə dəyər verdiyim insanla ailə qurdum. Ailə qurduqdan sonra müəyyən səbəblərdən karyeramı dondurdum. Bu zaman karyeramla bağlı çox düşünürdüm və narahat olurdum. Sonra özümə təsəlli verdim ki, mənim qayğıma ehtiyacı olan 2 övladım və həyat yoldaşım var və qadın işi ilə yanaşı ailəsinə, övladlarına da diqqət göstərməlidir. Tale elə gətirdi ki, boya-başa çatdığım Beyləqan rayonundan Zaqatalaya köçməli olduq. 10 ildir ki, burada yaşayırıq”.
Rəhbər vəzifəyə qədər yüksəldim
Fəridənin ali təhsilindən başqa, xüsusi istedadı da var. Belə ki, o, məişətdə yararsız hesab edilən əşyalara həyat verir. Müxtəlif sərgilərdə iştirak edən müsahibimiz bu bacarığından istifadə edərək Zaqatalada rəhbər vəzifəyə qədər yüksəlib: “Əl işlərimi nümayiş etdirmək üçün bir neçə sərgidə fəaliyyət göstərmişəm. 2013-cü ildən Folklor paytaxtı Zaqatalada Dünya Azərbaycanlıların həmrəylik günü münasibətilə keçirilən sərgi və tədbirlərdə iştirak etmişəm. 2014-cü ildə UNESKO və Azərbaycan–Türkiyə milli komissiyalarının birlikdə həyata keçirdikləri “Türk və Azərbaycan ənənəvi əl sənəti” layihəsi çərçivəsində UNESKO üzrə Türkiyə milli komissiyasının üzvü, Hacettəpə Universetinin professoru Aylin Görgün və onunla yanaşı xarici qonaqlar sərgiyə baxış keçirdi. Mənim əl işlərim Aylin xanımın marağına səbəb oldu və tədbirdə fərqləndiyimə görə, müdriyyət məni fəxri fərmanla təltif etdi”. Həmsöhbətimiz bu istedadını inkişaf etdirmək üçün Zaqatala Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyevaya müraciət edib: “Zümrüd xanım region qadınlarına nümunə olan və daim dəstəyini əsirgəməyən ziyalıdır. Müraciət etdikdən sonra Zümrüd xanım mənim də əl işlərimi bəyəndi və işə qəbul etdi. Hazırda Zaqatala rayonu Car Mədəniyyət Evində bədii rəhbər kimi çalışıram”.
Əyləncə mərkəzlərindən ancaq oğlanlar istifadə edir
Məlumdur ki, bəzi regionlarda qızların işləməsi, karyera qurması o qədər də yaxşı qarşılanmır. Müsahibimiz deyir ki, belə düşünən dar düşüncəli insanlar qızlarının gələcəyi ilə oynayırlar: “Zaqatalada belə problem yoxdur. Qızların istənilən sahələrdə çalışması normal qarşılanır. Buna pis baxan insanlar qurunun oduna yaşı da yandırırlar. Özünə hörmət edən qadına heç kim irad tuta bilməz. Mənim də qızım var. Düşünürəm ki, qadının təhsili çox vacibdir. Təhsil qadının özünə qadın olaraq dəyər verməsini və həyata daha da müasir gözlə baxmasını təmin edir. Mən əlimdən gələni edirəm ki, qızımı düzgün istiqamətləndirim, ona yaxşı nümunə olum”.
Paytaxt gəncləri ilə region gənclərini müqayisə edən həmsöhbətimiz bildirdi ki, onların arasında ən böyük fərq paytaxt gənclərinin daha sərbəst böyüməsidir: “Regionlarda, xüsusilə qızlar çətin şərtlər altında boya-başa şatırlar. Hətta bəzi ailələrdə qızlar yalnız ərə verilmək üçün böyüdülürlər, onların əlindən təhsil almaq hüquqları alınır. Rayonlardakı əyləncə, idman mərkəzlərindən ancaq oğlanlar istifadə edirlər. Paytaxt gəncləri isə onlardan fərqli olaraq daha gözüaçıq və sərbəst olurlar”.
Fəridənin sözlərinə görə, regionda yaşamaq uğurlu karyera qurmaq üçün əngəl deyil: “Əsas insanın özünün istəməsidir. Azərbaycan qızları da qarşılarına çıxan bütün əngəllərlə daim mübarizə aparmalıdırlar. Bakının mərkəzində yaşamaq ideal düşüncə sahibi olmaq demək deyil. Regiondan da elə qadınlar çıxır ki, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər”.
Şəxsi sərgimi açacağam
Həmsöhbətimiz ailə ilə karyeranı bir yerdə aparmağın da yollarından danışdı. Onun sözlərinə görə, həm gözəl ev xanımı, həm də işinin peşəkarı olmaq üçün qadın hər gün görəcəyi işlərin planını tutmalıdır: “Mənim fikrimcə, bunların hər ikisini peşəkar şəkildə aparmaq üçün vaxtında yuxudan durmaq və gündəlik, hətta həftəlik görəcəyin işin planını tutmaq lazımdır. Bunları yerli-yerində etdiyin zaman hər bir qadın istər ailəsini, istərsə də karyerasını uğurlu şəkildə apara bilər”. Gələcək planlarından danışan müsahibimiz qeyd etdi ki, öz şəxsi sərgisini açmaq niyyətindədir: “”İngilis dilimi daha da inkişaf etdirmək, bundan əlavə, gələcəkdə mütləq əl işlərimdən ibarət fərdi sərgimi açmağı düşünürəm. Bu, mənim gələcək üçün ən böyük planımdır”.
Aygün ƏZİZ
Kaspi.-2014.-14 mart.-S.20.