Kəngərlidə “Novruz” ənənəsi
“Novruz” bayramı Azərbaycan
xalqının çoxəsrlik maddi və mənəvi dəyərlərini
özündə əks etdirən milli bayramıdır. Bu bayram hər il mart ayında ölkəmizin
paytaxtında və bütün regionlarında böyük
sevgi və coşqu ilə keçirilir. Əsrlər boyu
xalqımız baharın gəlişini, yazın isti, ilıq
nəfəsini, ana təbiətin canlanmasını
böyük sevinclə qarşılayıb bunu bayrama
çevirmişdir. Yeni ilin, yeni fəslin gəlişini
xalqımız mart ayının 21-i və 22-i bayram edir. Bu vaxt gecə ilə gündüz bərabərləşir,
qış fəsli öz yerini yaz fəslinə təhvil
verir. Bahar öz hərarəti və
xoş qədəmləri ilə yer üzünə təşrif
buyurur.
Yurdumuzun hər bölgəsində bahar bayramı
yüksək təntənə ilə, özünə xas adətlə-ənənə
ilə keçirilir. Bu baxımdan “Bahar” bayramı
Naxçıvan bölgəsində də öz xüsusi
özəllikləri ilə, mərasim və adətləri ilə
icra olunur. Sizə təqdim etdiyim yazıda
Naxçıvan şəhərinin Kəngərli rayonunda
tarix boyu öz qaydası, adəti, özünəməxsus mərasimləri
ilə keçirilən və göz bəbəyi kimi el
arasında qorunub saxlanılan, əziz tutulan, böyük sevgi
və nizamla keçirilən Novruz bayramından söhbət
açacağam.
Əhali Xıdır Nəbi bayramını yola
saldıqdan sonra Bahar (Novruz) bayramına hazırlıqlara
başlayır. Xıdır bayramı da fevral ayına təsadüf
edir. Deməli, elimiz Novruz bayramına bir ay
öncədən hazırlaşmağa başlayır. İnsanlar havanın soyuqluğuna baxmayaraq baharın
gəlişinə xüsusi tədarük görürlər.
Yazın ilıq nəfəsi əsasən mart
ayında duyulur. El arasında Mart ayı
“Boz ay” hesab olunur. Martın “boz ay”
adlandırılması onun çiskinli, yağmurlu, küləkli,
arabir mülayim dəyişkən olması ilə
bağlıdır. Boz ayda hava gah isti, gah
soyuq, gah da çənli-dumanlı olur. Boz
ay “dovşanlar balalayan ay” da hesab olunur. Nənəmin
təbirincə desək, boz ayda əl-üzlər boz qoyur.
Mart ayına xas olan bu tipli hava şəraiti ilə
bağlı el arasında deyimlər də
yaranmışdır. El arasında
havayı demirlər, mart girdi, dərd girdi, mart
çıxdı, dərd çıxdı. Belə misallar çoxdur. Misal
üçün, mart gəldi, dərd gəldi, mart
gözünə barmağım, dərd gözünə
barmağım, mart çıxdı, dərd
çıxdı, keçilər yaza çıxdı.
Çıxdıq yaza, döndük qaza. Bu deyimlərə baxmayaraq camaat öz işindədir.
Təmizlik, səliqə-səhman, bağ-bostan
işləri görülür. Eşik-bacalar
təmizlənir, evlər tökülür,
yorğan-döşəklər yuyulub
çırpılır, evin bacaları təmizlənir,
xalça-palaz havaya verilir, təzə paltarlar alınır,
bayram nemətləri əvvəlcədən alınıb
yığılır. Çərşənbələr
üçün kol-kos, odun, taxta-puş yığılıb
saxlanılır.
Boz ayda bayrama qədər dörd çərşənbə
qeyd edilir.
Birinci çərşənbə su, ikinci od,
üçüncü yel, dördüncü torpaq adlanır. Adətdir ki, Novruz bayramına qədər hər
çərşənbə axşamı hər qapıda, hər
evdə tonqal qalayarlar. Hər çərşənbə
axşamı hər kəs çalışar ki, bol nemətlə
dolu yaxşı süfrə açsın. Bizim tərəfdə bayramdan da əziz, təmtəraqlı
şəkildə ilaxır çərşənbə -
“baca-baca” qeyd olunur.
“Novruz” bayramına əlli gün qalmış el
arasında “Kosa çıxartma” oyunu keçirirlər. Bu ənənə
günümüzdə də öz aktuallığını
qoruyub saxlamışdır. Bu oyun əhalidə
yüksək əhvali-ruhiyyə, xoş ovqat yaradırdı.
Bu oyunu ucaboy olan, dil cəhətdən iti olan, bir az da məharətli olan cavanlar oynayır. Bu oyunda üç nəfər iştirak edir. Xapdan (qəfildən) qapı döyülür,
açırsan ki, kosa. Yanındakı o
iki nəfər istənilən evin qapısını
döyüb kosanı içəri ötürür. Bu kosaya məzəli paltar geyindirirlər. Başına gülməli miz papaq qoyurlar, əyninə
də başdan-ayağa qədər qırmızı paltar
geyindirirlər. Bu oyunun marağı
ondadır ki, evin sahibi bilmir ki, qapısına bu gün kosa gələcək.
Çiyninə xurcun atıb qəfil qonaq gəlmiş kosa gəldiyi
qapıdan pay istəyir. Çıtmaq çalıb oxuyub,
oynaya-oynaya deyir:
Kosa
ölməkdədi,
Gözləri
çölməkdədi,
Kosanın
payın verin,
Diyilliyo, diyilliyo, diyilliyo.
Ev yiyəsi də gətirib kosanın torbasını
doldurur. Torbaya undan, buğdadan, almadan, yeməli şeydən,
qolundan nə qopursa doldurur. Kosa bir az
da məzə çıxardıb, payını alıb, kəndi
baş-ayaq edib gəzə-gəzə beləcə pay
yığır.
Bizim Kəngərlidə çərşənbələr arasında ən əziz olan axırıncı ilaxır çərşənbə- “baca-baca” xüsusi təntənə ilə keçirilir. Biz baca-bacanı bayramdan da üstün qeyd edirik. Deyilənə görə, axır çərşənbədə nişanlı cavan bir oğlan adaxlısıgilin qapısına şal atmağa gəlir, evin külfəti onu görməsin deyə bacaya çıxıb, bacadan boynundan şalını çıxardıb aşağı sallayıb pay istəyib. Bunu belə görən qızın ailəsi bəyi evə dəvət edib payını verib. O vaxtdan qalıb bacadan şal sallamaq. Ona görə biz sonuncu çərşənbəyə baca-baca deyirik. Bu ad da evin bacasından götürülmüşdür. Baca-bacaya böyükdən, kiçiyə hamı böyük həvəslə hazırlaşır. Evlər tökülür, təzə əyin-baş alınır, bayram çöçələri, təndir dəstanaları, şirin çörəklər bişirilir, bayram əppəkləri (lavaşları) yapılır, halva çalınır. Səmənilər qoyulur. Bizim bayram süfrələrimizin bəzəyi bayram çöçəsi adlandırdığımız “maş çöçəsi”dir. Xəmiri yağ və süd ilə yoğururuq. Xəmiri bir az acımağa qoyuruq. İçlik hazır edirik. Soğan qovururuq, maşı qaynadıb əzirik, bir balaca da cəviz qatıb, umac ovub bu içliyi hazır edirik. Sonra gəlmiş xəmiri kündələyib hazır edirik. Əzilmiş içliyi xəmirin içinə qoyub, sahmanla bükürük. Üstünə sarıçiçəklə, qatığı qarışdırıb vururuq. Boylum yapırıq təndirə. Bayram çöçəsini bayram mürəbbəsi ( quru ərik kompotu) hazır edib bərabər nuş edirik. Bunsuz çöçə yeyilmir. Ocağın üstünə iri qazanda su qoyub içərisinə şəkər, qənd əlavə edib yaxşıca qaynadırıq. Sonra bu suya quru ərik, alça, limon qabığı, ədva, əsasən, hil, istiot əlavə edib bir balaca da qaynadırıq. Hazır olandan sonra soyudub çöçə ilə içirik. Hər evdə bayram çöçəsi və bayram kompotu hazırlanır. Evə gələn qonaqlara əsəsən bayram çöçəsi və kompotu verilir.
“Baca-baca” öz mərasimləri, adətləri ilə çox zəngindir. “Baca-baca” günü sübh tezdən o baş çərşənbə tonqalı qalanar. Hamı bu tonqalın başına yığılmalıdır. Gərək evin bütün üzvləri o baş tonqalına gedə ki, qada-bala sovuşsun, üzlərinə gələn sabahkı günlər bu bayram tonqalı kimin işıqlı olsun. “Baca-baca” günü hamı o başdan qalxar. Yatan uşaqların üzünə çərşənbə suyu çırpıb, oyadıb tonqal başına göndərərlər. O baş davarları (heyvan-qoyun-quzu) çərşənbə suyuna ötürürlər ki, heyvanlar bu saf sudan içib salamat, artımlı olsunlar. Sonra evin arvad və qız-gəlinləri də su başına çıxarlar. Suya salam verib üstündən üç dəfə hoppanarlar. Axar sudan içib, əl-üzlərini, paltarlarını yuyarlar. Qablarını çərşənbə suyu ilə doldurarlar. Bulağın içinə əl atıb bir, iki çınqıl götürüb doldurulmuş su bardaqlarının içinə atarlar. Evə qayıdıb gətirdikləri çərşənbə suyunu həyət-bacaya, qapı ağzına, evin künc-bucağına səpərlər. İnanca görə, çərşənbə suyu mübarəkdir, müqəddəsdir. Bu su insanların günahlarını yuyacaq. Həmçinin həyət-bacadakı, evdəki natəmizliyi yuyub aparacaq. Bu çərşənbə suyundan xəstələrə də içirdərlər ki, şəfa tapsınlar. Götürdükləri çərşənbə suyundan xəmirə (maya) tuturlar ki, urza olsun. Bu xəmirəni illik saxlayırıq ki, evə ruzi-bərəkət gəlsin. Xəmir qatıb çörək yapanda tutduğumuz o acıtma xəmiri də vurub, əppəklərimizi yapırıq. Bulaqdan gətirdiyimiz çınqılları da atmırıq. İçdiyimiz su qablarının içinə atıb ta, gələn baca-bacayadək saxlayırıq. Boylum, axşama yaxşı hazırlıqlara başlayırıq. Cürbəcür yeməklər bişirərik. Baca-bacanın əsas yeməyi pılovdur. Pulovlarımız dəmlənər, üstünə xoruz, hinduşka qoyulardı. Azana yaxın tonqallar qalanıb hazırlanar. Böyükdən kiçiyə hamı aldıqları təzə paltarları geyər. Baca-baca axşamı qap-baca açıq olar. Hamı çalışar ki, yaxşı, xeyirli söz danışsın ki, qapıya qulaq asmağa gələnlər kor-peşman qayıtmasın. Bu axşam hər evdən çal-çağır səsi gələr. Elə ki, qaranlıq düşdü, ərgən qızlar və yaxud könlündə bir istəyi olanlar qulaq falına çıxarlar. Onlar bu fala cəm çıxarlar. Niyyətlərini tutub, hərə bir qapıya qulaq verər. Əgər evdən yaxşı söz eşidilsə, inanılar ki, niyyət qəbuldur və qapı pusan sevincək qapını açıb içəri girər ki, mən sizin qapını pusmağa gəlmişdim. Yaxşı söz eşitdim sizdən. Bu sınanılmış bir faldır. Biz tərəflərdə qulaq falını təkcə qız, gəlinlər etməz. Belə bir adətimiz də vardı ki, gənc bir oğlan dostları ilə birgə baca-baca axşamı istədiyi, gözaltı etdiyi qızın evlərinin damının bacasına çıxar, bacadan evə qulaq verər. Əgər eşitdiyi söz-sav yaxşıdırsa, xeyirlidirsə, onda oğlan həmin qapıya elçisini göndərər. Allah eləməmiş danışılan söhbət yaxşı, xoşagələn olmasa, oğlan bacadan enər bir də o qızı istəməzdi. Əl götürərdi. Yenə baca-baca axşamı ərlik, subay-salıx qızlar bir yerə cəmlənər. Onlar qabaqlarına içi suyla dolu yekə bir qab qoyub başına yığışarlar. Onlar bu qaba “dilək qabı” deyirlər. Bu qabın içinə ya sırğa, yaxa sancağı, üzük, başqa bəzək-düzək şeyləri atarlar. Qabın üstünü əlvan bir yaylıqla örtürlər. Boylum, niyyət edib növbə ilə hərə gözünü yumub əlini qabın içinə uzadıb bir şey çıxardar. Həm də qızlar qabın başında ya mahnı, şeir oxuyar. Götürülən bəzək kimindirsə, deyilən şeir ona aid olunur. Beləcə qabın içindəki bəzəklər qurtarana qədər bu oyun oynanar. Bu cür hakıştalar oxunur:
Qızıl üzük taxmışam hakışta,
Özüm ona baxmışam hakışta,
Sevmişəm, bəyənmişəm hakışta,
Yarımı özüm tapmışam hakışta,
İynə-sap mizim üstə hakışta,
Ağ köynək dizim üstə hakışta,
Satın alsın göndərsin hakışta,
Tikməyi gözüm üstə hakışta,
Bu dağlar mənimdir,
Dumanımdır, çənimdir,
Uzaq getmə ay oğlan,
Axırın mənimdir.
Hər bir qız beləcə qabdakı bəzəklər bitənə qədər bir ağız deyir. Yenə ürəyində niyyəti olan qız əlində iki dənə boş kasa saxlayır. Könlündə niyyətini edir, sağ və sol əlindəki kasalardan birini nişanə tutub gözünü yumur, əllərini irəli tutur ki, kasalardan birinə su tökülsün. Su tökən ya Allah deyib, həyəcanla kasalardan birinə su töküb gözləyir. Niyyət edən gözünü açır, əgər işarə elədiyi qaba su tökülübsə, sevincək həmin adamı öpüb, qucaqlayır və niyyətinin tezliklə yerinə çatacağına inanır. Ərə getməyən qızlar “başmaq falı” da edirlər. Niyyət edib qapının ağzında durub başmağını üzü arxaya qapıya sarı tullayır. Əgər başmağın burnu qapıya tərəf düşübsə, deməli, o qız gələn bayrama qədər dədə evini tərk edib gedəcək. Əksinə düşübsə, bir az da gözləməli olacaq. Baca-baca axşamı qızlar başlarının altına ayna, qayçı qoyub arzu tutub yatarlar. Gördükləri yuxunu gələcək günlərinə aid edib yozarlar. Əgər yuxu görənin yuxusu uğursuz olsa, onda o, o başdan bulaq başına gedib qaranlıq yuxusunu axar suya danışar. Axar su Fatmeyi-Zəhra xanımın kəbineştəyi olduğuna görə suya yalvarıb-yaxararlar ki, ziyanlıq tapmasınlar, xeyirliyə yozulsun. Baca-baca axşamı qalanmış tonqallara od vururlar. Hər qapıda tonqal alışdırırlar. Hamı tonqal başına yığılar. Ocağın başından hamı üç dəfə hoppanar ki, ağırlıqları, qadaları, müşkülləri bu oda tökülsün. Evdə xəstə yatanları belə tonqal başına gətirərlər ki, ocağın istisi, işığı xəstəyə ruh versin. Tonqal alışandan sonra uşaqlar əllərində torba, dəsmal qapılara düşərlər. Kəndi baş-ayaq edib paylarını yığarlar. Heç bir uşağın dəsmalı boş qaytarılmaz. Qavırqadan, kişmişdən, cəvizdən, badamdan, almadan, noğuldan, çöçədən atılan dəsmallara qoyular. Baca-baca pulovu yeyilib yığışıldıqdan sonra kiçiklər böyüklərin bayram görüşünə gedər, səhərə kimi şənlikli olarlar.
Novruz bayramına iki gün qalmış kəndin cavanları məhlələrə düşüb taxta, odun yığırlar. Yığılan bu taxta-puşu kəndin məscidinin qarşısına aparırlar. Burada böyük bayram tonqalı qalayırlar. Bayram axşamı bu tonqala od vururlar, ocaq sönənə kimi hamı bayram tonqalına tamaşa edir. Qapılarda düz iki gün tonqal yanar. Novruz bayramını biz Martın 20-si və 21-i qeyd edirik. Bayram axşamı yenə cürbəcür yeməklər, şirniyyatlar bişirilir, xonçalar qurulur. Nişanlı qızlara, qohum-əqrabaya pay aparılır. Nişanlı qızlara çöçə xonçaları, meyvə, çərəz, paltar xonçaları gedər. Bayram axşamı biz tərəfdə yekə qazanın içində əlli-yüz yumurta boyayarlar ki, uşaqlar yumurta yığmağa gələcək. Ta bayrama bir ay qalmış qız-gəlinlər bayram üçün yumurta yığıb hazır edərlər. Çoxlu sayda olan bu yumurtaları soğan qabığı ilə boyayarlar. Qapıya gələn hər uşağa qırmızı yumurta verib onu sevindirərlər. Demək, iyirmisi gecədən çoxlu yumurta boyanır. İyirmi biri mart günü “yumurta bayram”ı, yumurta yığımı başlanır. O başdan kəndin uşaqları əllərində böyük bir torba hər məhləni, hər evi gəzib yumurta paylarını yığarlar. Bu uşaqları heç bir ev yumurtasız yola salmaz, bu gündə torbaya başqa nemət yox, təkcə yumurta qoyarlar. Beləcə uşaqlar düz günortaya qədər gəzər, yumurtalarını yığar, dolu torba ilə geri dönərlər. Yadımdadır ki, mən də bu uşaqlara qoşulub xeyli yumurta yığmışdım. Sonra yığılan bu yumurtaları həm yeyir, həm də döyüşdürürlər. Yumurta döyüşündə udan adama çiy yumurta verirlər. Yumurta yığımı və bayramı yalnız Kəngərli rayonuna xas əlamətdir. İyirmi biri martda hamı evləri gəzir. Hamı bir-birinə pay aparır. Bayram günü o başdan hər kəs bayram görüşünə gedir. Hər kəs əzizlərini ziyarət edir. Xüsusən tayfanın ağbirçək və ağsaqqallarına baş çəkərlər, onlara bayram payı apararlar. Bu elə əziz bayramdır ki, hər kəs yad edilməlidir. Hər kəs istər yaxın, istərsə də uzaq qohum olsun və ya qonşu hər evin qapısı açılır bu gündə hər kəs yad edilir. Mən də çox şahidi olmuşam, hərə əlində ya bir qırmızı alma, ya beş altı konfet, cəviz, fındıq götürüb görüşə gələrlər. Yaşlı insanların bayramını təbrik edib geri dönərlər. Bu adətlər bu tərəfdə indi də qorunub saxlanılır və çox əziz tutulur. Yenə iyirmi biri bayram axşamı bol nemətli süfrələr açılır. Tonqallar alışdırılır. Dəsmallar atılır. Evlər gəzilir. İnsanlar bayram edir. Nənəmin təbirincə, bu bayram tutlar yeyilənə qədər davam edir. Bayramdan sonra saralmış səmənini ora-bura atmaq günahdır. Səmənini qadınlar götürüb bulaq başına gəlib, axar suya axıdarlar. Ürəklərində niyyət edib səməniyə belə deyirlər ki, niyyətim qəbul olsun, gələn bayram səni bir də göyərdəcəyəm. Beləcə, Novruz bayramı biz tərəflərdə öz qaydası ilə, öz adətləri ilə, öz zənginliyi ilə seçilir.
Söyləyicilər:
Məmmədova Zərniyar Həsən qızı - 70 yaş,
Mehbalıyeva Səyyarə Firidun qızı - 54 yaş.
Gülnurə Canməmmədova
AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat
şöbəsinin əməkdaşı
Kaspi.- 2014.- 18 mart.- S.10.