İntizar (novella)
Zulfira Asılbekova (Qırğızıstan)
Tanınmış Qırğız yazıçısı Zulfira Asılbekova 1976-cı ildə Talass rayonunda anadan olub. 1955-ci ildə Talass kənd təsərrüfatı texnikumunu qurtarıb, Talass vilayət komitəsində iqtisadçı kimi işləməyə başlayıb. 2010-cu ildə İctimai İnkişaf və Sahibkarlıq İnstitutunun “Mühasibat uçotu və audit” fakültəsini bitirib.
Hal-hazırda İ. Arabayev adına Dövlət Universitetinin (filologiya fakültəsi) tələbəsidi. “Talelərin krossvordu” adlı kitabın müəllifidir.
Özüm də bilmirəm səndən niyə inciyirəm. Guya hər şey var, hər şey yerindədi. Ümumiyyətlə, qadın dünyası başqa şeydi. Nədənsə ürəyim elə sıxılır, sanki sinəmdə yeri dardı. Hələ bir yerdə yaşamağımızdan bir il də keçməyib, ancaq elə bil aramızda gözəgörünməz şüşə divar dayanıb.
Sən işdə olanda mən sənin hər bir uğuruna ürəkdən sevinirəm. Keçən xoşbəxt günlərimizi xatırlayır və yenidən xoş hisslər keçirirəm. Hətta olur ki, hərdən o saat rəfiqəmə zəng vurur və lovğalanıram: “Terebay onda bax belə qəhrəmanlıq göstərdi. Mən necə xoşbəxtəm!”
Rəfiqəm də tərifləyir:
- O, çox qoçaqdı, səni həyatından çox istəyir. Mənimki isə tamam başqa cürdü, onun yerinə olsaydı, məni ağladardı.
Onun sözlərindən məndə qısqanclıq hissi oyanır, ürəyim sancır. Tez ona deyirəm: “Yaxşı, səni işdən eləməyəcəyəm”. Tez telefonu bağlayıram. Qorxuram gözləri dəyə. Terebay, haçan başa düşəcəksən ki, bu dünyada yalnız sənə görə yaşayıram? Səhərdən axşamacan səbirsizliklə səni gözləyirəm. Sənin qayıtmaq vaxtın yaxınlaşanda uşaq kimi həyəcanla qapıya baxıram. Gözüm televizora dikilsə də ürəyim, canım səninlədi, əzizim. Ürəyim sıxılır, sanki gözləməkdən əziyyət çəkir, sənin gəlişini hiss etməməkdən qorxur. Qulaqlarım da qarşımdakı itin və televizorun səsindən sənin maşınının səsini qonşunun maşınının səsindən ayıra bilməyəcəyindən qorxur. Hələ bir saat əvvəl darvazanı açmışam. İndi isə qapının örtülməsinin səsini gözləyirəm. Əvvəllər darvaza səs-küylə örtüləndə qonşuları narahat etdiyimizə görə həyəcan keçirirdim. Tez-tez saata baxıram, sanki əqrəblər mıənim baxışlarımla daha tez gedir. Sənə tez yetişmək üçün sanki qanad açıb çatmaq üçün bütün ağırlığımı salmadan divanın qırağında gərgin əyləşmişəm. Şap-şaplarım təsadüfən ayağımdan çıxanda sənin çağırışına hazır olmaq üçün o saat geyinirəm, əzizim.
Sükan arxasında necə qayıtdığını, necə yaxşı göründüyünü təsəvvür edirəm. Tapmağa çalışıram: bax haracan gəlmisən, indi haracan. Hərdən hətta bərkdən danışıram. Səni arzulayıram, hərdən gülürəm və dəli kimi öz-özümə danışıram. Son vaxtlar məndə belə şeylər tez-tez təkrarlanır. Saat isə sanki tərpənmir. Mənə elə gəlir ki, sən gəldin, qaçıb qapının dəstəyindən yapışıram. Nəfəs dərmədən dayanıram, qulaq verirəm, səninlə toqquşmaqdan qorxuram, düşünürəm ki, sən gəlmisən və qapının arxasındasan. Sakitlikdi...
Utanaraq yenidən qayıdıram ki, guya burda görsən yaxşı düşməz. Yemək stolunun üstünə on dəfə baxıram ki, hər şey gözəl görünsün. Sənin stulunu, yemək əşyalarını bir daha silirəm. Qonaq otağına keçirəm, dincliyim yoxdu. Məqsədsiz halda televizorun kanallarını dəyişirəm. Harda nə baş verdiyinin mənim üçün elə də əhəmiyyəti yoxdu, təki beş dəqiqəm də getsin. O, qayıdarkən yolüstü maqazinə baş çəkir, mənə şirin şey alır. Əlbəttə, o, boş əllə qayıtmaq istəmir. Onun gözünün qabağındakı da həmişə mənəm. Mənim sevindiyimi görəndə onun necə xoşbəxt olacağını təsəvvür edirəm. Yaxud o da məndən eşitmək istəyir: “Gəlirsənmi, mənim canım?” Bəlkə telefonuma kontur yükləyir, fikirləşir ki, mənimki qurtarıb? – bu fikirlərlə telefonunu yoxlamağa başlayır. Kontur yüklənən kimi xəbər gəlsə də telefona inanmıram. Bəlkə onun kontura pulu yoxdu? Yoox, mənə heç nə lazım deyil. Sənin qayıtmağın mənim üçün elə konturdu, sən mənim üçün hər cür hədiyyədən qiymətlisən, əzizim. On dəqiqə də keçdi. Gözləməkdən yorulub yavaş tərpəndiyinə görə saat özünü günahkar saydı. Evin içində sanki qaranlıqdı, hər halda əzgin və cansıxıcıdı, ağır sükut hökm sürür. Televizor da sanki səssiz qorxur. Nədənsə donmağa başladım. Adyala bürünürəm, çox üzülürəm, sanki dünyada təmtək qalmışam. Haqsızlıqdan göz yaşları ilə ağlamaq istəyirəm. Gözəgörünməz qısqanclıq halqası boğazımı sıxır, daha artıq boğur, zorla nəfəs alıram.
***
Tıxacdı. Əlbəttə, hamısı yoldakı tıxaca görədi. Qəribədi, niyə buna qədər bu haqda düşünməmişəm. O, tıxacda qalıb, həyəcan keçirir. Əlbəttə, mənə zəng edib xəbər vermək istəyir, ancaq maşın ləng də olsa hərəkət edir, elə buna görə də mənim kimi o da özünü aldadır ki, indicə çatacaq. Əzizim, belə həyəcanlanmaq lazım deyil. Yaxşısı zəng etmək, xəbər verməkdi. Ancaq sən boş yerə məni narahat etmək istəmirsən. Mənə sənin səsin lazım deyil! Terebay, sən belə sadəlövh, dözümlü adamsan. Həyəcan keçirməyini, sevinməyini göstərmək istəmirsən. Yoxsa adın buna görə Terebay – cənabdı, özünü həqiqi alicənab cənab kimi aparmaq istəyirsən?
Bəs mən sənə zəng vursam? Yox, yox, əgər sən tıxacdasansa, istəmirəm fikrini dağıdam, sənə mane olam.
- Özünü işlə üzmı, mən ikimizin də əvəzimizdən işləyərəm, - deyib mənə işləməyə icazə vermədin. Səhərdən axşamacan allaha dua edirəm bizə uşaq versin. Uşaq isə yoxdu.
Saata baxmağa da artıq utanıram. Sanki saat məni
qınayır: “Sən niyə belə səbirsizsən, təngə
gətirdin artıq.”
Eh, niyə
əlimdəki telefonun saatına baxmıram? O saat, divardakı
böyükdü, hər dəfə mən baxanda,
özünü çəkir, lovğalanır, heç hərəkət
etmir.
Budu, cib telefonuna baxıram və onu silirəm. Cəmi
yarım saat gecikir mənim əzizim. Qalxdım,
mətbəxdə su içdim. Havayıdan
su tökdüm, heç nə istəmirəm. Bir udum içdim və qalanını atdım.
Maşın mühərrikinin səsi
eşidildi. O dəqiqə işığı
yandırmadan qapıya qaçdım, qapını
açdım və küçəyə nəzər
saldım. Heç kim yoxdu. Yəqin
qonşulardan kiminsə maşınıymış.
Gücüm daha da tükənir, bədənim qurğuşun
kimi ağırlaşır... “Başqa
qadına, başqa qadına...” – axıracan demək istəmirəm,
ancaq qısqanclıq təzədən məni boğur,
gözlərim yaşla dolur, qonaq otağına keçirəm
və divanda əyləşirəm.
Televizorun səsini bütün gücü ilə
artırıram və şirnici əlindən
alınmış, incidilmiş uşaq kimi acı-acı
ağlayıram, Belim və mədəm ağrıyır.
Gözəl bilir ki, onu hər gün beləcə səbirsizliklə
gözləyirəm, bəs niyə mənim hisslərimlə
oynayır? Beləcə ağlayıram.
Çöl qapını dörd dəfə
döydülər.
Qəlbimlə
hiss edirəm ki, bu sənsən. Sən gəlmisən,
deyilmi? Da. Sevinirəm ki, mənim canım
gəlib, yemək qızdırım, yemək otağına
baxıram, yenidən, sanki azmış kimi ordan
çıxıram, burnumu çəkirəm,
üzümü və gözümü paltarımın qolu ilə
silirəm, göz qırpımında qapıya
çatıram. Ürəyim
çırpınır, bir an özümü itirirəm.
Oy, gəldi. İndi sakitcə
nəfəsimi dərib özümü səliqəyə
salmaq üçün qapının yanındakı
güzgüyə nəzər yetirirəm,
ağladığımı göstərmək istəmirəm.
Sakit və nazla, guya indicə yuxudan durmuşam, bilsəm də
soruşuram:
- Kimdi?
- Məhəbbət,
mənəm də, - sən sakitcə cavab veririsən.
Bilirsənmi, sənin bu sözündən sonra mənim
bütün bədənim əridi, yoxam daha? Sənin səsin – yalnız
kişi səsi deyil, o an dünyadakı
bütün canlıların hamısının səsindən
ən gözəlidi. Ən zərif və
ümumiyyətlə, heç nəylə, bülbül məğməsi,
qopuz səsi, bir sözlə, heç bir musiqi alətinin səsi
ilə müqayisə edilməzdi. Mən sənin səsini
necə də sevirəm! Onun yarımca saat kecikməsi
mənim üçün çox ağırdı. Haram ağrıyırdısa, hamısı indi
keçdi. O saat qapını açıram və səni
təbəssümlə qarşılayıram.
- Ox, mən
yorulmuşam, bəs sən? Yemək
hazırdı? – Sən soruşdun və otağa
keçdin.
Daxilimdə alovlanan məhəbbətimi büruzə
verməyə utanıram. Ürəyim
sancdı. Mən utancağam. Niyə? Öz ərimə deyə bilmirəm:
“Mənim yarım, mən sənin üçün
darıxmışam” və kandarda dayanmışam. O isə
yorulub. Yaxşı, ən əsası
sağ-salamat qayıdıb, qarşımdadı, hər
şeyə əlimi yellədirəm və özümə gəlirəm,
şən halda zümzümə edirəm, onun
ayaqqabısını götürürəm və onun
ardınca tələsirəm. İstiləndim,
sanki sən özünlə işıq və istilik gətirdin,
hətta tərlədim.
Sən əynini dəyişdin və yemək
otağına gəldin. Yeməyi verərək təbəssümlə
bugünkü yeniliklərlə maraqlanıram.
-
Ümumiyyətlə heç bir yenilik uoxdu. Həmişəki
kimi. Səndə yeni nə var?
- Məndə
də həmişəki kimi, - büruzə vermədən
qısaca cavab verirəm. Deyə bilmirəm ki,
bütün günü yalqızam, havayıdan əziyyət
çəkir, həyəcanlanıram, gözləyir və sənin
üçün darıxıram. Mənə
qulluq göstərdiyin evlənməmişdən qabaqkı
aramızda olan məhəbbət üçün
darıxıram. Öz-özümə
inciyirəm ki, sən məni əzizləmirsən, mənə
diqqət yetirmirsən.
Şam yeməyini yeyirik. Səninlə olmaq necə də
yaxşıdı! Nə qədər ki, sən
yox idin, bu yemək mənə şit gəlirdi, yeyə
bilmirdim. Amma indi nə yediyimi bilmirəm, nə
etsən, hamısını təkrarlayrıam. Bəlkə bir də ona görə yeyirəm ki, əgər
mən yeməsəm, təkcə sən də yeməyəcəksən
və ac qalacaqsan, ona görə həmişə yeyirəm.
***
- Oxx,
çox yedim. İndi bir az televizora
baxım, - sən dedin və divanda yayxandın.
Mən isə ana uşağı kimi divanda sənin
ayaqlarının altında əyləşdim. Yemək
otağını yığışdırmaq istəmirəm.
Səndən bir addım aralanmağa
gücüm yoxdu. Bir az əvvəl,
sən evdə olmayanda çox darıxırdım, indi isə
səni görəndən sonra, təəccüblüdü,
ikiqat çox darıxıram. Sənin isə
bütün diqqətin televizordadı, ürəkdən
gülürsən. Mənim
üçün fərqi yoxdu televizorda nə göstərirlər,
gülməli görünmürdü, qaşqabaqlı sənin
yanında oturmuşdum və səni mənasız televizora
qısqanırdım. Sən hər
şeyi bilirsən, lakin özünü bilməz kimi göstərməyi
sevirsən.
Niyə mənə belə əzab verirsən? Tez-tez nəzərini
cəlb etmək üçün küsürəm. Bəzən iki-üç gün susuram, dinmirəm.
Bu zaman mənə ikiqat zülm edərək sən
də susursan.
Bu sözlərimlə
sənin diqqətini çəkmək istəyirəm:
“Qaşqabağını niyə sallamısan? Bəlkə
haransa ağrıyır? Sənə necə
kömək edim? Səni həyəcanlı
görmək istəmirəm. Həmişə
şən ol, canım mənim!” Öz-özümə
arzulayıram.
Ancaq təəssüf
ki, o gün sən bərkdən qışqırdın:
- Sənin
nəyin çatmır? Hər şeyin var. Niyə
həmişə küsürsən? Daha nə
etməliyəm? Daha necə sənin
xoşuna gəlməliyəm? – küçəyə
çıxdın, getdin.
***
Onda sənə
deyə bilmədim: “Bəli, mənim hər şeyim var,
yalnız sənin məhəbbətindən başqa. Sənin diqqətini cəlb etmək
üçün bilmirəm nə edim, gah küsürəm,
gah gülürəm, gah da ağlayıram, incidirəm səni.
Bağışla məni, əzizim.”
Biz bu üç günün hamısında əzab
çəkdik. İşdən evə gələndə
o saat evə girə bilmirsən, bir müddət
qapının ağzında dayanırsan. Tək
şam edə bilmirsən, özünü elə göstərirsən
ki, nəsə yeyirsən. Əzab çəkirsən,
sanki ev səninçün dardı. Divanda əyləşmişəm, sən arxadan
yaxınlaşırsan, əlini ehtiyatla çiynimə
qoyursan, tez də çəkirsən. Əyilir,
televizorun pultunu götürürvə gedirsən. Özün-özünü aldadırsan, fikirləşirsən
ki, əlini çiynimə qoyduğunu mən görmədim.
Amma məhəbbəti aldada bilməzsən.
O sanki ramedilməz vəhşi atdı, bax hərdən
sözə baxmır. Mən sənin nəfəsini hətta
yuxuda da hiss edirəm. Nəvazişlə məni
pis öyrədəcəyini düşünürsən.
Səninlə nə baş verdiyini görürəm,
bir tərəfdən şadam, o biri tərəfdən
qüssəli. Mənə sənin mənə
görə həyəcan keçirməyin xoşdu. Ancaq mən gızləyir, ümid edirəm ki,
birinci sən danışacaqsan. Əzizim, sən
kişisən, ilk addımı at, məni aldat! Hə, hə,
aldat! Axı sən onu da bilirsən ki, mən səni
sevdiyimə görə səndən küsürəm. Amma şəhərdə mən daha güclü
idim. Biz ikimiz də buna görə əzab
çəkirik. Adam yalnız sevdiyindən
küsər. Səndən başqa mən
kimdən küsüm, kimdi məni başa düşən?
Əgər sənə ilk addımı atmaq və
birinci dindirmək çətindisə, heç olmasa mənə
bax və gülümsə. Belə laqeyd olma, mənim
qızılım! Gözlədim. Məni də başa düş, əgər
başqa hansısa bəhanə tapsam, üzr diləyər,
birinci danışaram, balaca qız uşağı kimi, bu
düz olmaz. Mənim də qürurum var,
bilirəm. Uşaqlıqdan bir dəfə
də məğlub olmamışam. Qələbə
çalmağa adət etmiş adama məğlubiyyətə
dözmək çətindi. Ancaq sənin
xatirinə uduzmağa da hazıram. Gələcək
uşaqlarımızın xatirinə, səninlə təzəcə
yaratdığımızı balaca dövlətimizin xatirinə
hər şeyə hazıram.
Amma... amma... xahiş edirəm, sən öz qürurunla
barış bir az. Daha bir gün də gözləməyi
sınayaram.
Daha neyləməli... Beləcə, göz
yaşlarımı axıdaraq qəmgin oturmuşam.
***
Həmin gün soyuq idi. Sən bir saata yaxın küçədə
qaldın, sonra gəldin və dedin:
- Hə,
din də. Niyə küsdüyünü söylə, dinləyirəm,
- artıq yumşaqlıqla dedin.
Dedim:
“Bilmirəm” və çiynimi çəkdim, gözlərimdən
isə yaş necə axırdı... Hətta
sualın gözlənilməzliyindən diksindim, hansı ki,
neçə gün gözləmişdim. Bir
tərəfdən sevindim və buna qədər bir neçə
dəfə deməyə hazırlaşdığım
sözlərin hamısını unutdum. Günahkar
kimi gözümü yerə dikib oturdum. Səni
günahlandırmaq üçün hansısa bəhanə
axtardım. Lakin heç nə tapmadım.
- Sənə
darıxdırıcıdı. Romantikanı
sevirsən. Özünə qarşı
maraq oyada bilmirsən. Yalnız buna görə
küsürsən, yoxsa daha nəsə var? – Sən düz
gözümün içinə baxaraq arxayınlıq və qəiyyətlə
soruşdun. İlk dəfə sənin səsin
amiranə səsləndi.
Sən çox həssas, uzaqgörənsən. Hər
şeyi bilirdin. Mən faş edilmiş
oğru kimi özümü sənin ixtiyarına təslim
etdim. Hətta bu mənasız şeyə görə
hirslənib “talak” (kəbin, müsəlman aləmində kişi arvadına üç dəfə
“talak” desə, onu boşamış sayılır) deməyindən
qorxdum. İnandım ki, bundan sonra mənim
heç bir hiyləm baş tutmayacaq. Yalnız
həqiqəti deməliyəm. Başım
mənə tabe olmadı, təsdiqlədi. Gözlərimdən iri giləli yaş özbaşına
axdı.
Mənim əzizim,
sən necə də mehribansan! Göz
yaşlarımı görüb ürəkdən təəssüfləndin.
İndicəki şir zəhmin harasa yox oldu.
Əlimdən tutdun, baxışların
yumşaq və mərhəmətliydi, gözlərin
gülümsəyirdi, özünü çox saxlaya bilmədin
və qəh-qəhə çəkdin.
- Mənə
bax, mən günahkaram, - sən dedin.
Bu gülüş mənə gülmək, yoxsa
barışmaq üçündü, mən hətta ayırd
etməyə çalışmadım. Axı məhz
bu cür gülüşü, belə sözləri gözləyirdim.
İndi boşalıb əzilmiş halda
baxışlarımı yerə dikdim. Sən nəvazişlə
məni qucaqladın, bu sözlərlə oxşadın:
“nazlım, mənim balaca kuklam, canım mənim”. Sənin qucağında mən özümü
müqayisə edilməz dərəcədə xoşbəxtdim,
zərif, dünyada ən gözəl qız kimi hiss edirdim.
Uşaq kimi nazlanırdım. Mənə elə gəldi hətta yer
ayağımın altından qaçsa, səma uçsa, onda
da sən məni bütün pisliklərdən qoruyarsan və
mən tamam gücdən düşdüm. Canım sanki bərk buzdan əriyib suya döndü,
şadlığımdan sənin sinəndə ağladım
və sənin koftanı islatdım. Hisslərim
bəndi dağıdan çay kimi kükrədi. Sən yəqin darıxdın. Ağır
yükdən xilas olmuş kimi dərindən nəfəs dərdin.
Göz
yaçları içində hıçqırıb kəkələyərək
güclə dedim:
- Sən
necə gözəl insansan! Məni
bağışla. Səni həyəcanlanmağa
məcbur etdim. Mənim günahım budu
ki, sən mənim məhəbbətimsən. Mənim xasiyyətim pisdi, mən ərköyünəm.
Xahiş edirəm (Obmani menə), məni aldat.
Xahiş edirəm, heç zaman mənə
qarşı çıxma. Az qala dəli
olmuşdum. De ki, mən düzəm, onda mən öz
günahımı biləcəyəm və
utandığımdan ölməyə belə hazır
olacağam, - qəlbimdəki bütün sirrimi açıb
tökdüm.
***
Daha bir il də intizarla keçdi. Uşağımız
olmadı. Sən özünə
qapıldın, susdun, açarsız qıfıl kimi.
Kim sənə dedi ki, belə mərhəmətsiz olsan,
arvadın səni daha çox sevər və sənin
bütün istəklərini yerinə yetirər? Əlbəttə, o sənə paxıllıq edən
düşmənindi. Bilirəm, sənin
başqa sevgilin yoxdu. Tədricən mən
də səndən soyudum. Baxmayaraq yenə
sevirdim, səni əvvəlki kimi səbirsizliklə gözləmirdim.
Günbəgün özümü daha artıq evimizin
qarovulçusu və yemək hazırlayan qulluqçu kimi hiss
edirdim. Səni qısqanmağa məcbur etməyi
qərara aldım. İnternetdə məni
Koreyaya işləməyə dəvət edən firma ilə
danışıqlara başladım. Necə
deyərlər, “ayrılığın da öz dadı var”, bəlkə
sənə tək qalmaq lazımdı, düşündüm.
- Xaricə
işləməyə getmək istəyirəm. Pul xatirinə
yox, münasibətlərimizi yaxşılaşdırmaq
üçün, - sənə dedim.
- Əgər mən qazandığım sənə
azdısa, onda yol açıqdı. Buyur, get! Bu nə təzə
şıltaqlıqdı səndə? Kisə ilə
qazan pulu! - əsəbi halda
bağırdın.
Sən
bunu elə-belə dedin, ürəkdən
yox. Sən məni axtarırdın, hətta ərzaq
maqazinində ləngiyəndə də yerində rahat otura
bilmirdin. Mən səndən başqa
sözlər gözləyirdim, ancaq incidim.
- Neynək,
gedərəm, - cavabımda deyindim.
Ərimdən incidiyim haqqında valideynlərimə yalan
danışdım və pul istədim, təyyarəyə
bilet aldım.
Sən
işdən qayıdana qədər mətbəxdə dəli
kimi vurnuxdum, ən dadlı yeməyi hazırladım, stol açdım. Düşündüm
ki, yemək yeyib məni ötürəcəsən, təyyarəyə
mindirəcəksən. Xaricdə necə
çoxlu pul qazanmağım və səninlə xoşbəxtcəsinə
yaşamağımız haqqında xəyallar qurdum. Hətta sənin gəlişin də duymadım.
- Sənin
biletini gördüm. Vida axşamı düzəltmisən?
Əlvida, - əsəbi halda mənə dedin və əlini
yellətdin, ələ salırmış kimi...
İlahi, səni bu görkəmdə görəndə
ürəyim necə sıxıldı. Sonra isə sən ikiləşdin,
üç nəfər, dörd nəfər, beş
nəfər oldun, daha sonra mən yerə yıxıldım. Gözümü açanda səni yanımda
görmədim. Bilet sinəmin
üstündəydi. Saata baxdım və
burda yarım saat beləcə qaldığımı başa
düşdüm. Başım hərləndi,
ürəyim bulandı və qusdum.
Bəziləri xaricə getmək üçün illərlə
hazırlaşırlar, mənim işim belə tez
alındı, təəccübləndim. Düşündüm
ki, taleyim mənə özü yol açır, deməli,
hökmən getməliyəm. İndi səndən
həqiqi mənada küsdüm. Axı
heç olmasa üzümə su vura bilərdin. Əgər biletimi cırsaydın, buna hətta sevinərdim
də.
Demə, sən buna da qadir deyilsənmiş. Sən qərara
gəlmişdin ki, mən sadəcə səni qorxutmağa cəhd
edirəm. Bax beləcə qəzəblə
şeylərimi götürdüm və bir firmanın vasitəçiliyi
ilə Koreyaya getdim.
O vaxt gələndən
bəri daim ürəyim qalxır və qusuram, əzab çəkirəm,
hələ hətta işləyə də bilmirəm. Yalqızlığım da bir tərəfədən
məni sıxır. Yuxusuz gecələr,
həyəcan, peşmanlıq, yad adamların kobud rəftarı,
yastığımdakı göz yaşları – bütün
bunlar sənin, doğmalarımın xiffətinə qarışıb,
təklik mənim üçün dözülməz olub.
Başım çatlayır, bütün
bunları min dəfə fikirləşmişəm. Necə
fikirləşsəm də mənim gələcəyim balaca
qara nöqtəyə çevrilib, hansı ki, aydın
heç nə görünmür... Firmadan
çoxlu pul borc götürmüşəm. Onlar məni
incidirlər, deyirlər:
-
Qarnındakı uşaqdan canını qurtar və bizim
dediyimiz yerdə işlə. İki ilə bir ev
qazanarsan, ərin sənə qucağını geniş
açar. Bu gün bizim dünyada hər
şeyi pul həll edir. Heç kim səndən
soruşmayacaq, burda pulu necə, nə ilə qazanmısan.
Burdakı başqa qızlar kimi ol! Sən bunda
günahkar deyilsən, tale özü belədi.
Onlar düşünür ki, iki ay mənə
yaxşı qulluq göstəriblər, müalicə ediblər,
indi əvəzini ödəmək lazımdı. Axı mən
üzdən gözələm, deməli, mənim hesabıma
varlanmağı arzu edirlər. Ancaq mən
ləyaqətlə, təmiz yaşamaq istəyirəm,
ölümdən qorxmuram.
Terebay, məni
bağışla! Bizim balaca ilə, təmiz məhəbbətimizin
meyvəsi ilə ayrılmağa hazırlaşıram. Təəssüf, çox heyfsilənirəm, lakin mənim
başqa çıxış yolum yoxdu, mənə görə
günahsız körpəçizin əzab çəkməsini
istəmirəm. Boylu olduğumu gec bildim.
Əgər burda məni hansı tale gözlədiyini
bilsəydim, bura gəlməzdim, qarnımdakı körpəmizi
sığallaya-sığallaya divanda uzanıb qalardım.
Bu uşağı mən iki il gözləmişəm.
İndi isə lazımsız bir şey ona da,
özümə də laqeydəm. Özm də
bilmirəm əslində mən kiməm. Yəqin
mən sənin xatirinə yaşayırdım. Yalnız indi başa düşürəm ki,
körpəni də sənin xoşuna gəlmək
üçün istəyirdim. Sən mənim
həyatım idin, indi isə yəqin ölümüm
olacaqsan, Terebay.
***
Ana!.. Bağışla, ana, axmaq
qızını! Sənin ana südünü
doğrulda bilmədim. Ömrünün
axırınacan yəqin sən yollara baxa-baxa qalacaqsan. Mənim gözəl arzum çilik-çilik oldu, mən
yaşamaq üçün ayaqlar altında tapdanardım, ona
görə belə qərara gəldim. İndi mən o
nağıldakı kimiyəm: əgər sağa getsən, həyatını
itirəcəksən, sola getsən, əjdahanın
qurbanına çevriləcəksən. Terebay,
sən onsuz da inanmayacaqsan. Amma bu həqiqətdi.
Hələ də səni hər gün gözləyirəm.
Bilə-bilə ki, indi biz heç zaman bir yerdə
yaşaya bilmərik, yenə də gözləyirəm. Çamadanımı paltarlarımla məni bura gətirən
qıza verdim. Axı sənin xoşuna gəlmək
üçün paltarların da yaxşısını
seçirdim. Ad günümdə
bağışladığın qızıl saat indi mənim
biləyimdədi, şəklin əlimdədi, harda
yaşayıramsa, ora qaçmışam, dayanıb sənin
şəklinlə danışıram, yazıq ürəyim hələ
də səni gözləyir – ona görə də yerə
baxıram intizarla. Neyləməli,
görünür məhəbbət başa düşmür.
Sən deyə bilmədiklərimi bax sənin
şəklinə danışdım. Artıq
nə mənası var, sənə, yoxsa şəklinə.
O da sənin kimi qaşqabağını sallayır və
susub qulaq asır. Əgər sənə
danışsaydım, bunların sonunu deməzdim. Yazığım gələrdi, axı sən
hörmətli adamsan. Sən də yəqin
mənə görə darıxmısan. Hələ
də hirsli və yalqızsan, cavab gözləyirsən.
Gəlmək və yəqin məni axtarmaq istəyirsən,
amma sənin daxili təkəbbürün, qürurun imkan vermir.
Nağıldakı Ququ quşu və Zeynəb
kimi indi bir-birimiz üçün darıxırıq biz.
Bəlkə də indi o biri dünyada
rastlaşacayıq, gəl onda toyqabağı olduğu kimi
xoşbəxt yaşayaq. Gəl bir-birmizə
yara vurmayaq, ürəklərimizi qoruyaq.
Nöqsanlarımızı bir yana qoyaq,
orda yaxşı adamlar olaq. Mən səni məsum
kimi gözləyəcəyəm, sənə olan ilk gözəl
məhəbbətimlə. Yalnız bir
şeyə heyifsilənirəm, sənin uşağını
özünə verə bilmədim. Yəqin
yuxularından biri kimi unudacaqsan. Orda yəqin
cəhənnəm odunda yanacağam. Sən gələnə
qədər sənin körpənlə görünməz ağ qu quşuna çevrilə və sənin
ətrafında intizarla dövrə vura biləcəyəikmi?
Sənin uğurlarına səninlə birlikdə
şadlana və kədərlənə, əgər qəmlisənsə,
o cür həyəcanlana, əgər geciksən? Sənin sevimli arvadın axırıncı dəfə
sənin şəklini öpür, özünü torpağa
tapşıracaq, sənin körpənlə birlikdə əbədi
yuxuya gedəcək. Əlvida, mənim bədənim.
Mən indi səni Vətənə, öz
xalqıma apara bilmərəm. İnanıram ki, ruhum mənim
ağ qu quşu kimi sənin yanına
uçacaq, gözlə məni, Terebay! Bax, bax! Dünyanın
axırında dayanmışam. Əgər
indi özümü aşağı atsam, uçacağam.
Məni geniş açılmış
ağuşunla qarşıla, Terebay – mənim ağam. Mən
sənin yanına uçuuuu-raaa-m!..
Rus dilindən
çevirən:
Eyvaz Zeynalov
Kaspi.-2014.-15-17 mart.-S.24.