«Dünyanın əvvəli qaranlıq
olduğu kimi sonu da qaranlıqdır»
Anar: «Nə indi, nə də cavanlığımda mükafat almağa cəhd göstərməmişəm»
Müsahibimiz Xalq Yazıçısı Anardır. Anar müəllimi oxuculara təqdim etməyə ehtiyac yoxdur, çünki hər tərəfli fəaliyyəti ilə onu hər kəs yaxşı tanıyır. Ancaq bu günlərdə Anar müəllimin həyatında iki əlamətdar hadisə baş verib. Birincisi Türk Dünyası Yazıçılar Birliyinin sədri seçilib, ikincisi isə 14 martda doğum günüdür. Təbrik edirik...
Qəribədir, söhbətimizə elə başlayırıq ki, elə bil illərlə edilmiş söhbətin davamıdır... hər şey davam edir... davam edirsə, deməli, yarımçıqdır... deməli, əvvəli var... deməli, sona sarıyıq...
– “Adamlar ilk mükafatlarını alana qədər məğrur olurlar. Onlar yüz mükafatdan birincisini alan kimi yerdə qalan doxsan doqquz mükafatın həsrəti ilə yaşayırlar”. Bu fikirlər sizin “Gecə düşüncələri” əsərinizdəndir. Bu mənada, Anar hansısa mükafatın həsrətini çəkibmi?
– Səmimi deyim, Fərid?
– Bəli.
– Heç vaxt hansısa mükafatı almaq barədə düşünməmişəm. Mükafat almışamsa sevinirəm, layiq bilənlərə təşəkkür edirəm, ancaq mükafat alıb-almamaq haqda düşünməmişəm, nəinki həsrət çəkmək. Nə indi, nə də cavanlığımda mükafat almağa cəhd göstərməmişəm.
– Sizin uşaqlığınız Stalinizm dövrünə düşüb. Adətən, insanlar düşünürlər ki, o illər sizdən nələr aldı, mənsə sualı əksinə qoyuram, o illər sizə nə verdi?
– O dövr məktəb illərimə təsadüf edib. Stalin dövrü deyə bilmərəm ki, bilavasitə ömrümə ciddi təsir edib, ancaq uşaqlığım və həmin vaxtlar yaxşı xatirimdədir. Stalini heç vaxt sevməmişəm. O öləndə məktəbdə müəllimlər, şagirdlər ağlayırdılar, ancaq mən ağlamırdım və soyuqqanlıydım.
– “Muhakkak görüşürüz – mütləq görüşərik” hekayənizdə Türkiyə həyatını tənqid eləmisiniz, hekayə çap olunandan sonra ordakı dostlarınızın təpkisinə məruz qalmadınız ki?
– Yox, kimsə hər hansı formada mənə narazılıq bildirməyib. Çünki o əsər Türkiyəyə olan sevgimdən yaranıb. Mən Azərbaycanla da bağlı “Molla Nəsrəddin-66” adlı satirik əsər yazmışam, indi də başqa satirik hekayələr yazıram. Bu o demək deyil ki, mən Türkiyəni, yaxud Azərbaycanı sevmirəm. Sadəcə müxtəlif vaxtlarda qəbul etmədiyim, normal saymadığım müəyyən nüansları tənqid etmişəm. O hekayəni daha çox Türkiyədə yaşayan azərbaycanlılar bəyənirlər, çünki eyni problemlərlə onlar da rastlaşırlar.
– “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı o qədər xırda təfərrüatları varırsınız ki, istər-istəməz oxucuda belə bir fikir oyanır: əsər avtobioqrafikdir. Bu romanda avtobioqrafik məqamlar varmı?
– Son illər oxucularla az görüşürəm, ancaq əvvəllər daha sıx-sıx görüşürdüm. Hər görüşdə də soruşurdular ki, Təhminə kimdir? Konkret nə kişi, nə də qadın qəhrəmanlar həyatda gördüyüm insanlar deyil, sadəcə oxuduğum, eşitdiyim hadisələrdən yaranan obrazlardır, əsər yazıçı təxəyyülünün, fantaziyasının məhsuludur. Təxəyyül məhsuludursa, artıq avtobioqrafik məqamlardan söhbət gedə bilməz.
– 1980-ci illərdən sonra yaradıcılığınızda daha çox sənədli memuar janrı üstünlük təşkil etməyə başladı. Sənədli memuar janrına müraciətiniz hansı zərurətdən doğdu?
– Mənə elə gəldi ki, uydurulmuş bir əhvalatı mən də yaza bilərəm, başqa bir yazıçı da. Ancaq elə məsələlər var ki, onları ancaq mən yaza bilərəm, ona görə ki, o hadisələrin şahidi mən olmuşam, həmin insanlarla bir yerdə yaşamışam. Həmin hadisələrin əsaslılığını və lazımlılığını anlayandan sonra düşündüm ki, onlar yazılmalıdır və oxucularla bölüşülməlidir. “Sizsiz” əsərini, daha sonra Nazim Hikmət haqda “Kərəm kimi” kitablarını yazdım, hesab edirəm ki, orda oxuculara çox yaxın olan hisslər var.
– “Yaxşı padşahın nağılı” hekayəsində totalitarizmin absurda gətirib çıxarması ideyasını əks etdirmisiniz. Bəs demokratiyanın absurdunu yazıçı kimi nədə görürsünüz?
– Çörçül deyir ki: “Demokratiyanın qüsurları çoxdur, ancaq bəşəriyyət hələ bundan yaxşı üsuli-idarə icad etməyib”. Rusiyada “hansı rəhbəri istərdiniz” deyə sorğu aparılanda birinci yerə Stalin çıxdı. Stalininsə demokratiyadan nə qədər uzaq olduğunu özünüz bilirsiniz. Yəni demokratiyanı xalq tələb etməlidir, xalq həmin rejimi özü seçməlidir. Demokraiya bəzən azğınlığa gətirib çıxarır. Söz azadlığı, fikir azadlığı heç də həmişə müsbət nəticələr vermir. Cəmiyyətin şou əxlaqına kökləndiyini görənlər hərdən bundan bezir və düşünürlər ki, bir möhkəm Stalin əli olsun və bu naqisliklərin kökünü kəssin. Ancaq dərk eləmirlər ki, o cür rejimin repressiyaları olur, ölkəni həbsxanaya çevirirlər və s. Demokratiya çoxluğun istəyi deyilsə, ölkə də demokratik prinsiplərlə idarə olunursa, bəs onda necə olsun? Belə hallar olanda demokratiyanın absurdu meydana çıxır.
– Anna Mariya Matutenin “Biz ona görə yazmağa başladıq ki, narazıydıq...” əsərini tərcümə edəndə, orda faşizmin çöküşünü görəndə, nə vaxtsa Sovet imperiyasının süqut edəcəyiniz düşünərdinizmi?
– Bilirdim ki, Sovet imperiyası dağılacaq, ancaq belə tez olacağını güman etməzdim. Həmin əsəri o vaxt ona görə tərcümə etdim ki, laxlamış rejimdən insanlar xəbərdar olsunlar. Məncə, mesajımı anlayanlar olmuşdu.
– Senzuranın bu əsəri çapına mane olmamağı çox təəccüblü gəlir mənə. Bəs o əsərin çapına necə nail oldunuz?
– Bizdə senzurada oturanlar Moskvadakılar qədər ağıllı deyildilər. Bir az səfehlikləri var idi və onlar həmin mətnin mesajını tam tuta bilməmişdilər.
– Həmişə daha çox qabardırlar ki, Anar Rəsul Rzanın oğlu olduğundan bütün qapılar üzünə açıq idi, maddi təminatı yaxşı olub və çoxlu əsərlər yazıb. Ancaq istərdim biləm, bəs R.Rzanın oğlu olmağın çətinlikləri nəydi?
– Yazıçılar Birliyinin idarə heyətinin 40 üzvü vardı. R.Rzanın ölümünə qədər mən heç idarə heyətinin də üzvü deyildim. R.Rzanın mənə hansı yollar açdığını demək olar? O mənada yol açıb ki, kitablar içində böyümüşəm, maraqlı insanlarla ünsiyyətdə olmuşam. Ancaq bir adam deyə bilməz ki, R.Rza Anarın kitabını çap etdirib. Bu sözləri ən alçaq adamlar deyirlər ki, yazıçı ailəsində böyüyüb ona görə yazıçı olub. Yazıçı ailələrində nə qədər övladlar olub onların hamısı yazıçı olublar?! Mənim əsərlərimi atam, anam yazıb məgər?! Ancaq qaldı ki, R.Rzanın, Nigar Rəfilbəylinin oğlu olmağın çətinliyinə və məsuliyyətinə bu həmişə olub, o mənada ki, mən onların uca adına layiq olmağa çalışmışam. Onlardan xoşu gəlməyənlər irsi olaraq bu münasibətlərini mənə də yönəldiblər və indi də yönəldirlər. Bir də ki ədəbiyyata ata-ananın ağuşundan gəlmək, kimlərinsə qoltuğunda gəlməkdən yaxşıdır.
– Xarici ölkələrdə kitablarınız çap olunur, ancaq heç vaxt bu məsələləri qabartmırsınız, kiçik informasiyaların dərc olunması sizə bəs edir. Buna səbəb nədir?
– Belə şeylərlə məşğul olmuram. Mənə yaraşmaz da. İnsaf da yaxşı şeydir, adi bir hekayənin xaricidə çap olunmasını harayla yazırlar qəzetlər, ancaq böyük işlərin üstündən sükutla keçirlər. Bu günlərdə mən Türk Dünyası Yazıçılar Birliyinin sədri seçildim, sağ olsun Pərvin xanım “525-ci qəzet” də yazdı. Başqa qəzetlərdəsə bu barədə heç məlumat da çıxmadı.
– “Yaxşı Padşahın nağılı”nda bir məqam var, şair bir gün də o qədər şeir eşidir ki, özünü qayadan atır. Eyni tendensiya cəmiyyətdə bu gün də davam edir, hamı şeir yazır. Neyləyək, Anar müəllim, özümüzü “qayadan ataq?”
– Sən deyən problemlər – hamının yazmağa iddialı olması bu gün də var, ancaq bircə özünü qayadan atan yoxdur (gülür). İndi həmin mənzərə daha qabarıq görünür, çünki saytlar və qəzetlər çoxdur, hamı çap oluna bilir. Nəsrə hər adam, xüsusən, onun ağırlığından xəbərdar olanlar girişmir, ancaq şeir elədir ki, biri evdə axşam cızma-qara eləyir səhər oyanıb aləmə çar çəkir ki, şairəm. Təəssüf, bu cür yazıların qarşısını almaq mümkün deyil, ancaq ədəbi tənqid buna fikir vermir, yaxşını pisdən ayırmır. Elə bir dövr gəlib ki, hər şeyi pul həll edir. Pulu varsa, özü də yazmasa başqasına kitab yazdırır, sonra o kitabı pul verib çap etdirir, sonra pulla həmin kitabın tərifini təşkil etdirir. Yazanların bir qismi bilirəm ki, ancaq pul alıb yazırlar. Çünki pulla əsərini təbliğ etdirənlər, “görüm-baxım” eləməsələr onlar haqda bir cümlə də yazmazlar. 1930-cu illərdə “Əmək qabaqcılları ədəbiyyatı” adlı absurd bir ideyanı ortalığa atmışdılar. Yəni sən yaxşı çilingər idinsə, mütləq yazıçı və ya şair də olmalı idin. Bu şüarla ədəbiyyata gələnlər var idi. Qəribədir ki, onların içində istedadlılar da var idi, məsələn, Mirzə İbrahimov. Bir dəfə Heydər Əliyevin yanındakı çıxışlarımda bu misalı çəkib fikrimin davamı kimi dedim ki, indi də 30-cu illərin şüarı başqa şəkil alıb: “Kimin pulu varsa, gərək yaza, yazıçı ola”. İndi pulu, bankı, villaları, obyektləri olanlar düşünür ki, niyə də yazıçı olmayım?! Həmin fikrim rəhmətlik Heydər Əliyevin də xoşuna gəlmişdi.
– Tənqidçilərdən söz düşmüşkən sizin bir fikrinizi xatırladım: “Bəzi yazıçılar hesab edirlər ki, onlar hansısa yazıçını tanımırlarsa, bu həmin yazıçının öz günahıdır. Ancaq geoloqların kəşf edib-etməməyindən asılı olmayaraq almaz elə almazdır”. Anar müəllim, ədəbi geoloqların – tənqidçilərin fəaliyyətindən razısınızmı, almazlarına – əsərlərinizə qarşı biganəliklər olurmu (gülürük)?
– Təbii ki, almazın almaz olduğunu bilən tənqidçilər var və onlar lazım olanda əsərlərimə qarşı diqqət göstərirlər. Lakin elələri də var ki, almazdan da yazır, ancaq cibinə “almaz” qoyanda kömürdən də yazır (gülür).
– İndi niyə “Asılqanda işləyən qadının söhbəti” kimi hekayələr yazılmır, sevginin daha çox praqmatik tərəfləri qələmə alınır?
- İndi bütün hisslər virtual aləmə
köçüb. Gənclər internet vasitəsi ilə tanış
olurlar, bir-birlərinə eşq elan edirlər. İnternet
vasitəsi ilə məlumat toplayırlar ki, bu adamı sevmək
olar, yoxsa yox. Biləndə ki, bütün
parametrləri bir-birinə uyğun gəlir onda aşiq olurlar
və evlənirlər. Belə bir dövrdə
o cür hekayələr, əlbəttə, sentimental
görünür. Həmin hekayənin
süjeti indiki gerçəklikdən tamamilə uzaq
situasiyadır və indi yazsaydım yəqin ki, başqa
cür yazardım. Mən öz yaşımı
yaxşı hiss edirəm, o mənada yox ki, yorulmuşam,
gücüm tükənib, o mənada ki, indiki cavanlar bizdən
çox fərqlənir. Hətta deyərdim ki,
biz paralel dünyalarda yaşayırıq. Real
dünyayla virtual dünyanı bir arada dərk eləmək, hər
ikisində paralel yaşamaq həyat tərzimə uyğun gəlmir.
– Müəyyən
məqalələr də yazırlar ki, “Macal” povestində Kamyunun
“Yad” əsərinin qəhrəmanının ovqatını,
ekzistensiyasını Fuadda görmək olur, Floberin “Madam
Bavari”si ilə də “Beş mərtəbəli evin
altıncı mərtəbəsi” arasında müəyyən
oxşarlıqlar var. İstərdim əsərlərinizdəki
təsirlərdən danışaq.
– Mənim bir xoşbəxt cəhətim
də odur ki, bədxahlarım səfehdirlər. Yaradıcılığımda bu cür təsirləri
guya aşkarlayanların azca savadları olsaydı, başqa təsirləri
müşahidə edərdilər. Həmin
prinsiplə yanaşsaq “Madam Bavari” ilə “Anna Karenina”da da
oxşarlıqlar tapmaq olar. Əksər yazıçılar
Tolstoyu, Floberi, Kamyunu oxuyur və təbii ki, nə
yazdıqlarından xəbərdar olurlar. Bu mənada əsərlərimdə
birbaşa təsirlər yoxdur, ümumi təsirsə, əlbəttə,
ola bilər. “Macal”dasa Kamyunun əsərlərindən
yox, zenbuddist fəlsəfəsindən təsirlənmələr
var. Konkret bir fakt deyə bilərəm: mən həmişə
bu fəlsəfəylə yaşamışam ki,
balığı at dəryaya balıq bilməsə də,
xalıq biləcək. Zenbuddistlər belə
düşünürlər ki, sən hətta xaliqin biləcəyinə
inanırsansa, yenə də təmənnalısan. Əsl kamillik odur ki, xaliqin də bilməsini
düşünməyəsən, yaxşılıq edəndə
Allahdan da nəsə ummayasan. “Macal” əsərində
bacardığım qədər bu ideyanı əks etdirməyə
çalışmışam.
– “Gecə
düşüncələri”ndə bəzən axirət
dünyaya inam hiss olunur bəzənsə yox. Bu paradoksa səbəb
nədir?
– Axirət dünyasına
inanmaq bir təsəllidir. Əgər sən bu qədər
yaşamısansa, hisslər keçirmisənsə, insanlar
varsa, dünya varsa bunlar hamısı birdən-birə
neçə yox ola bilər? Belə bir fikir də var ki, insan ölmür
başqa formaya düşür. Məsələn,
mən deyək ki, ölmədim, oldum nar ağacı, bunun mənim
üçün nə ləzzəti olacaq ki? Yəni yaddaş olmayacaqsa nə mənası var ki,
hansısa formada yaşamağın?! Axirət
dünyasına inamım bir gün sadə bir fikirdən sonra
sarsıldı. Bu fikir də ondan ibarətdir ki, deyirik
ki, bu qədər yaşayırıq, həyat var, dünya
var, taleyin var, bunların hamısı birdən necə yox ola bilər, bəs yaxşı, yadına sal, sən
dünyaya gəlməmişdən əvvəl onlar necə
yox idi, sən öləndən sonra da o cür yox olacaq. Yəni, dünyaya gəlməmişdən əvvəl
necə yox idinsə, dünyadan gedəndən sonra da o cür
yox olacaqsan. Axirət dünyasına qarşı olan bu
iki fərqli fikir daim məni düşündürür:
özümə təsəlli vermək istəyəndə
düşünürəm ki, o dünya var. Ancaq dünyaya
daha ayıq gözlə baxanda başa düşürəm
ki, dünyanın əvvəli qaranlıq olduğu kimi sonu da
qaranlıqdır. Mən Allaha inanıram. Bilirsən paradoks nədir? Allaha
inanırsansa gərək o dünyaya da inanasan.
– “Macal” əsərinizdə
qəhrəman Fuad rahat düşünmək, özüylə
bağlı həqiqətləri çözmək
üçün vaxtı yoxdur. Məncə, əsərlərinizin
içində gələcəkdə özünün daha
çox doğruldan “Macal”ın ideyası oldu. İnsan bəşəri
miqyasda lazımlı iş görmür, ancaq onun nəinki
başqalarını, heç özünü də
anlamağa, düşünməyə vaxtı yoxdur.
İnternetin, sosial şəbəkələrin az
qala hər kəsi məşğul etdiyi bir vaxtda, müasir
insan düşünməyə vaxt tapmır. Siz,
bugünkü insanın faciəsini illər əvvəl
yazmısınız.
– Tamamilə doğru
müşahidədir, Fərid. “Macal”
yazılanda hələ bugünkü sən deyən məsələlər
yox idi, ancaq o dövrün qayğıları var idi. İndi sən deyən problemlər var və
doğru deyirsən ki, müasir insanın düşünməyə
vaxtı yoxdur. “Macal”ın qəhrəmanı
güman edir ki, nə vaxtsa o, öz-özüylə
görüşəcək, ancaq macal tapmır. Bugünkü insanınsa o görüşə də
gümanı yoxdur.
– Anar müəllim, “Əlaqə”
povestində kosmik, metafizik planda əlaqədən söhbət
gedir, siz göylərə, İlahi qüvvəylə əlaqəyə
inanırsınız?
– Bəli, inanıram. “Əlaqə” povesti özü elə bir mənə
diktə edildi. Bəzi situasiyaları yuxuda
görürdüm. Bəzən mənə
elə gəlirdi ki, gecə yarısı kimsə mən zəng
edir, yaxud yuxuda görürdüm ki, kimsə
başımın üstündə dayanıb “1, 2, 3...”
sayır.
– Siz bütün
yaradıcılığınız boyu həyatın daha
çox işıqlı tərəflərini əks
etdirmisiniz, 2003-cü ildə yazdığınız “Ağ
qoç, qara qoç” romanınızda həm də həyatın
qaranlıq üzü təsvir edilmişdi. İstərdim
söhbətimizi bu yöndə davam etdirək.
– O əsərdə utopiya
var. Yəni Azərbaycanın gələcəyini necə
görmək istədiyimi yazmışam. Həm də o əsərdə
gələcəyimizin bəzi təhlükələri nişan verilib. Xoşbəxtlikdən
həmin bəlalar hələlik üz verməyib, ancaq müəyyən
rüşeymləri görünür. Elə
etmək lazımdır ki, gözlənilən bəlalar həyata
keçməsin.
– İnanırsınız
ki, hər kəsin həyatında bir qaçılmaz otel
otağı – ölüm otağı var?
– Yəqin ki, var. Allah bizdən
uzaq eləsin.
– Gecənin
bir aləmində sizi oyadıb Rəsul Rzadan sevdiyiniz şeiri
deyin desəydilər, ağlınıza gələn hansı
şeir olardı?
–
R.Rzanın ən çox sevdiyim şeiri budur, baxmayarq ki, bədbin
şeirdir.
Deyirlər,
axşamlar kədər gətirir.
Deyirlər,
can
sıxır qaranlıq gecə.
Deyirlər…
Deyirlər…
Gündüzlər necə?
Gündüzlər
səbirsiz gözləyirik ki,
bir
axşam olsun,
bir gəlsin
gecə!..
Bir də onun dərc etdirmədiyi başqa bir şeiri
var, sonralar həmin şeiri mən çap etdirdim.
Dərdimi kimə deyim?
Dünya
dolu adamdır,
– Bəs Nigar Rəfilbəylidən hansı şeiri deyərdiniz?
– Nigar Rəfilbəylinin
bir qəzəli var onu çox sevirəm. Dayan görüm, yadıma
sala bilirəmmi:
Könlün
yenə min dərdinə bir çarə tapılmaz,
Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.
Axşam
qızaran göylərə endikdə qaranlıq,
Könlüm evini yandıran odlarə tapılmaz.
Bir incə
gülün, bir çiçəyin aşiqiyəm mən,
Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.
Çıxdım
gecələr seyrinə ahəstə o mahin
Gördüm ürəyimtək alışan narə
tapılmaz.
Aşiqlərə
sordum, dedilər: ey qəmi-pünhan,
Gizlin yaradan ağrısı çox yarə tapılmaz.
Min tən
eləyib eşqinə öldürdü Nigarı
Bilməm necə oldu, o gözü qarə, tapılmaz.
Fərid
Hüseyn
Kaspi.-2014.-15-17 mart.-S.11.