«Bizim sənətin ən
böyük sirri onu sevməkdir» - Sadə peşə adamı
Bəhruz Məmmədov:
«Valideynlər övladlarını diplom almağa yox, sevdikləri işin arxasınca getməyə məcbur etməlidir»
İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) günü-gündən inkişaf etməsi son illər bu sahəyə marağı artırıb. Təsadüfi deyil ki, kompyuter əsri sayılan XXI əsrdə İKT, həqiqətən də, dünya əhalisinin böyük hissəsini öz təsir dairəsinə ala bilib. Biz də «Gənclik qəzeti»nin bu sayında dövrümüzün ən məşhur peşələrindən sayılan informasiya texnologiyaları üzrə mühəndislə söhbətləşmək, sənətinin sirlərini öyrənmək qərarına gəldik. Rubrikamızın İT üzrə mühəndis Bəhruz Məmmədovdur. Bəhruz, bir çox peşə sahibindən fərqli olaraq ali təhsillidir.
“Evdə mühəndis çoxdur, tərcüməçimiz də olsun”
Həmsöhbətimiz Bakı Slavyan Universitetinin tərcümə fakültəsini bitirməsinə baxmayaraq, bu sahəyə marağı olmadığı üçün ali təhsil aldığı sənətinin arxasınca getməyib. Onun sözlərinə görə, mühəndisliyi layiqincə icra etdiyi kimi, tərcüməçilik sənətini də gözəl bilirmiş, lakin universiteti bitirdikdən sonra, diplomundan istifadə etməyib. Bəhruz deyir ki, onun üçün önəmli olan diplom xatirinə oxumaq yox, sevdiyi işin arxasınca gedə bilməkdir:
“Ailəmdə hamı mühəndis olduğu üçün mühəndisliyə böyük həvəsim var idi. Lakin valideynlərim “evdə mühəndis çoxdur, tərcüməçimiz də olsun” deyərək Azərbaycan Dillər Universitetinə sənəd verməyimi istədilər. Ailəmin istədiyini etdim və yüksək balla rus, ingilis dilləri üzrə tərcüməçilik fakültəsinə daxil oldum. Düzdür, ixtisasımın da öhdəsindən layiqincə gələ bilirdim. Amma sənətimi sevmədiyimdən bu sahədə özümü xoşbəxt hiss etməyim mümkün deyildi. Bunu anladığımdan elə universitetdə oxuyarkən informasiya texnologiyaları ilə maraqlanmağa başlamışdım”.
Pul qazanmaq məqsədi güdmürəm
İngilis, rus dillərini mükəmməl səviyyədə bilən həmsöhbətimizin sözlərinə görə, o, sevdiyi peşəni ilk olaraq öz dostundan öyrənib: “Ümumiyyətlə, uşaqlıqdan bütün oğlan uşaqları kimi mən də oyuncaqları söküb yığmağa çalışırdım. Sonra məktəbdə fizika dərslərinə həvəsim var idi. Orada keçdiklərimizi evdə eksperiment edirdim. İnformasiya texnologiyalarına marağım birinci kursdan başladı. Yaxın dostumun bu işlə məşğul olması mənim də diqqətimi çəkdi. Fikirləşdim ki, mən də uşaqlıqdan bu sənəti sevmişəm, amma mənim uşaqlıqda gördüyüm işləri dostum böyüyəndə həyata keçirir. Dostumun da dəstəyi ilə informasiya texnologiyaları ilə maraqlanmağa başladım. Sonra kurslara gedərək özümü daha da təkmilləşdirdim. Tərcüməçilik fakültəsini bitirdiyim üçün uğur qazanmağımda universitetimin də çox faydası oldu. Çünki, İT sahəsində kitablar əsasən ingilis, rus dillərində olurdu. Bu dilləri öyrənməyim də mənim üçün avantaj oldu. Demək olar ki, bu sahədə bütün kitabları oxudum və kurslara getdim”.
26 yaşlı müsahibimiz deyir ki, onun üçün heç vaxt icra etdiyi peşədə nə qədər qazanacağı önəmli olmayıb. Pul onun həyatında həmişə ikinci planda olub: “Bu sənətdə uğur qazanmağımın əsas səbəbi heç bir maddiyyat güdmədən sevdiyim işin arxasınca getməyim olub. Tələbəlik illərində 1 il yarım pulsuz işləmişəm. Üstəlik, qazancımın olmamasına baxmayaraq, işimi sevə-sevə görürdüm. Daha sonra bir sıra şirkətlərdə az maaşla çalışdım və maaşım 100 manatdan başlayaraq artdı. İndi isə Türkiyə şirkəti “Koç” Holdingin tərkibində olan “Koç” sistemdə internet texnologiyaları üzrə mühəndis kimi çalışıram və gəlirimdən razıyam”.
İşimi görməkdən həzz alıram
İşinin incəliklərindən danışan həmsöhbətimiz deyir ki, bu sənəti öyrənməyin sirri ancaq onu sevməkdir: “İnsan həmişə sevdiyi işi görməlidir. Bizim də sənətin ən böyük sirri onu sevməkdir. İT-ni sevməyən, yalnız pul qazanmaq xatirinə gələn insanlar bu sənətdə qabağa gedə bilmirlər. Çünki İT elə bir sahədir ki, daim yenilənir və bu yenilənmənin təqib etmək üçün daim oxumalısan. Heç kim saatlarla sevmədiyi kitabı oxumaz. Heç bir insan yuxusuna haram qatıb gecə sevmədiyi işlə məşğul olmaz. Şəxsən mən hər hansı problemin üzərində saatlarla düşündükdən sonra, həlli yolunu tapanda yorğunluğumu hiss etmirəm. Həmin vaxt elə hisslər keçirirəm ki, onu sözlə ifadə etmək olmur. İşimin üzərində saatlarla, günlərlə işlədikdə problem həll olduqdan sonra aldığım həzzi heç bir şey mənə verə bilmir. İşimi bunun üçün sevirəm. İT elə bir işdir ki, bəzən işin 10 dəqiqə, bəzən saatlarla, bəzən də günlərlə davam edir. İşdən gəldikdən sonra da, ancaq kitab oxuyur, saytlara girir, peşəmin incəliklərini öyrənirdim. Bu iş mənim həyatımdır, bütün həyatımı bu işi öyrənməyə sərf etmişdim və əziyyətimin də bəhrəsini gördüm”.
Diplom önəmli deyil
Həyatda ali təhsilin vacib olmadığını bildirən həmsöhbətimiz
deyir ki, valideynlər
övladlarını diplom almağa
yox, sevdikləri işin
arxasınca getmələrinə məcbur etməlidirlər. Müsahibimizin sözlərinə görə,
əgər gördüyün iş səni xoşbəxt etmirsə, o işdə heç zaman uğur qazana bilmirsən: “Məncə, həyatda ali təhsil o qədər
də vacib deyil. Məsələn, mən yüksək balla universitetə daxil oldum və
diplomumu aldım. İndi ondan
istifadə etmirəm və gələcəkdə
də diplomun məənə lazım olacağını düşünmürəm.
İnsan
nəyi istəyirsə
onun arxasınca getməlidir. Bizim ölkədə hamı ali təhsil
almaq istəyir. Sənəti
də gəlirə əsasən seçirlər.
Gənclər sevdikləri sahəyə
yox, gəlir gətirən sahəyə
qaçırlar. Valideynlər övladlarına müstəqil
qərar verməyi öyrətməlidirlər. Çünki, artıq zəmanə
dəyişib. Əvvəl insanlar
hər şeyi dövlətdən gözləyirdi.
Kapitalist
cəmiyyətlərdə insan
özü öz bacarığı ilə hansısa səviyyəyə
gəlib çatır.
Üstəlik, seçim də
çoxdur. Nəyi sevdiyini
insan vaxtında kəşf etməlidir”.
Sənətin mənfi tərəfi
Azərbaycanda İnformasiya Texnologiya sahəsi üzrə savadlı kadrların olmasından söhbət açan həmsöhbətimiz
gələcək planlarından
da danışdı. Onun sözlərinə görə,
müəyyən yaşdan
sonra bu işi atmaq məcburiyyətində qalacaq:
“Azərbaycanda İT sahəsinin
gələcəyi var. Bu sahədə
çalışan savadlı
kadrlarımız da az deyil.
Hər şey ehtiyacdan doğur. Bu sahəyə
nə qədər ehtiyac varsa, o qədər də inkişaf edəcək.
Sənətin mənfi tərəfi
odur ki, İT elə bir sahədir
ki, onunla müəyyən yaşa qədər məşğul
olmaq mümkündür.
Çünki insan beyni müəyyən yaşdan
sonra yeni şeyləri çətin
qəbul edir. Mən də müəyyən yaşdan sonra İT üzrə mühəndisliyi
buraxıb, menecer kimi çalışmağı
düşünürəm”.
Aygün ƏZİZ
Kaspi.-2014.-28 mart.-S.20.