İnsan həqiqətən özünə
hədəf seçsə, ona çatmağa qadirdir – Uğur hekayəsi
Emin
Əmrullayev: “Uğur qazana bilməyən gənc problemi
özündə axtarmalıdır”
Rubrikamızın bu dəfəki qonağı Amerikanın Kolumbiya Universitetində Enerji Siyasəti, Macarıstanda Mərkəzi Avropa Universitetində Siyasət üzrə magistr təhsili alan və Azərbaycan Dövlət İdarəçilik Akademiyasının məzunu olan Emin Əmrullayevdir. Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin həmtəsisçisi olan həmsöhbətimiz hazırda Təhsil Nazirliyinin Keyfiyyətin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışır.
- Emin bəy, xaricdə kifayət qədər məşhur universitetlərdə təhsil almısınız. Xaricdə təhsil sizə nə verdi?
- Hər bir Azərbaycan gənci xaricdə yaşayıb, digər ölkələrdəki insanların dünyagörüşü, mədəniyyəti ilə tanış olmaq istəyər. Çünki belə təcrübə insana hər zaman lazım olur. Xaricdə təhsil mənim də həyatımda istər təhsil almaq, istərsə də dünyagörüşümü artırmaq baxımından çox şey qazandırdı. O ölkələrdə oxuduğum illər ərzində həm nəzəri, həm də praktik cəhətdən müxtəif insanlarla, fərqli mühitlərlə tanış oldum. Təbii olaraq bu gün imza atdığım işlərdə xaricdə qazandığım təcrübənin önəmi danılmazdır.
- Uğurlu karyerada təhsilin önəmi nə qədərdir?
- Məncə, uğurlu karyerada ən önəmli faktorlardan biri təhsildir. Çünki, təhsil insanın həm dünyagörüşünün formalaşmasında, həm də onun müəyyən mənada cəmiyyət üçün yararlı olması, işlədiyi yerdə faydalı olması baxımından önəmli rol oynayır. Bu baxımdan düşünürəm ki, məhz təhsilin hesabına uğurlu karyera qurmaq olar. Qabaqcıl universitetlərdə təhsil almağın böyük əhəmiyyəti ondan ibarətdir ki, hər bir ölkələrdən fikirləri müxtəlif olan insanlarla ünsiyyət imkanı əldə edirsən. Təbii olaraq, təhsil aldığın zaman əldə etdiyin müəyyən bilikləri iş zamanı tətbiq etdikdə, uğur əldə etmək olur.
- Sizcə, uğurlu karyeranın formulu nədir?
- Məncə, karyeranın xüsusi bir formulu yoxdur. Çünki insanlar fərqlidir
və eyni formul hamıda işləmir. Demək olmaz
ki, mütləq şəkildə bu və ya digər
keyfiyyətlərə malik
olan insan uğurlu karyera qura bilər. Amma ümumilikdə götürdükdə,
əsas məsələ
insanın öz işinə məsulliyyətlə
yanaşmasıdır. Bununla yanaşı, hər bir insan müəyyən
mənada özünün
həyat prioritetlərini
müəyyən etməli,
qarışıya qoyduğu
məqsədə çatmaq
üçün səy
göstərməlidir. Ən əsası isə əməksevər olmalıdır.
Bu keyfiyyətləri olan insanlar uğurlu
karyera qurmağa daha yaxındırlar.
Amma ola
bilər ki, hər hansı bir insan heç
bir vəzifədə
olmadan gənc yaşında insanların
həyatlarını müsbət
mənada dəyişə
bilən bir işlə məşğul
olsun. Zənnimcə, bu da uğurlu karyeradır.
Gənclərin boyunlarına düşən
sosial vəzifə, inzibati daşıdığı
vəzifələrdən daha
önəmli olmalıdır.
Uğurlu karyera qurmaq
üçün rəhbər
vəzifədə olmaq
mütləq deyil.
- Hazırda rəhbər vəzifəsində çalışırsınız?
Sizcə
rəhbər olmaq üçün bir gəncə nə lazımdır?
- Rəhbər formal vəzifədir
və bu vəzifə müəyyən
mənada insandan xüsusi keyfiyyətlər
tələb edir. Rəhbər
olmağın digər
vəzifələrdən fərqi
odur ki, bu vəzifəni icra edən şəxsin səlahiyyətləri
və məsuliyyətləri
daha da artır.
Səlahiyyətlərin artması daha
çox səriştə
tələb edirsə,
məsuliyyətlərin artması
daha çox çalışqanlıq, diqqət
və müəyyən
mənada işinə
qarşı səhlənkar
olmamağı tələb
edir. İnsan bunu dərk
edirsə, öz işində uğurlu olur və rəhbər
kimi işlərini icra edə bilir.
- Bundan öncə özəl sektorda çalışmısınız. Necə oldu ki, Təhsil
Nazirliyinə gəldiniz?
- Xaricdə dövlət proqramı ilə təhsil aldığıma
görə, dövlət
qulluğu imtahanlarından
müəyyən mənada
azad olunmuşdum. İxtisasım dövlət
idarəçiliyi üzrə
olduğu üçün
xaricdə təhsil alan gənclərin
dövlət qulluğuna
cəlb edilməsi istiqamətində görülən
işlər nöqteyi
nəzərindən Təhsil
Nazirliyində işləmək
kimi imkan yarandı və bu imkandan istifadə
etdim.
- Hazırda tutduğunuz vəzifənin xüsusiyyətləri
və çətinlikləri
nələrdir?
- Bizim işimizin əsas xüsusiyyəti hər bir işdə
olduğu kimi ətrafda olan yenilikləri düzgün
başa düşmək,
mövcud ehtiyacları
qiymətləndirmək və
həmin ehtiyaclara uyğun qərarlar qəbul etməkdir. Bu iş də insandan yaradıcı olmağı tələb edir. Dövlət qulluqçusunun işi
adətən bürokratik
işdir, burada böyük rəsmiyyət
var. Qərar vermək
səlahiyyəti olduqda
isə daha yaradıcı və diqqətli olmalısan.
Çünki, sənin verdiyin
hər hansı bir qərar məsələni köklü
şəkildə dəyişə
bilir. Çətinliklərə gəldikdə isə,
bu işin çətinliyi məsuliyyətdir.
Çünki, burada verilən
qərarlar bir çox insanların həyatını həm yaxşıya, həm də pisə doğru dəyişə bilər. Amma ümumilikdə götürdükdə
işlərimiz çox
maraqlıdır. Müəyyən mənada insanlara faydalı olmağa çalışırıq.
- Uzun müddət gənclərlə çalışan
birisi kimi, sizcə, bizim gənclərdə çatışmayan
cəhətlər nədir?
- Bu gün gəncləri qınamaq ən asan yoldur. Hər kəs
müasir gəncliyi qınayır. Bir çox
problemlər təbii olaraq mühitlə əlaqəlidir. Lakin bir
sıra nüanslar da var ki,
gənclər bunun səbəblərini özlərində
axtarmalıdırlar. Bu
gün gənclər başa düşməlidirlər
ki, biz rəqabətyönümlü
bir dünyada yaşayırıq. Əgər uğur
qazana bilmirlərsə,
problemi özlərində
axtarmalıdırlar. Məsələn, neft quyusunda ixtisaslı fəhləyə
ehtiyac var və əgər şirkət Azəbaycan gəncliyinə yox, başqa ölkədən
olan gəncə üstünlük verirsə,
gənc bunun səbəbini özündə
axtarmalıdır. Azərbaycan
gənci ən əsası düşünməlidir
ki, mən hansı qabiliyyətə malikəm və yaxud nə edib
cəmiyyətə faydalı
ola bilərəm.
Gənclər belə sualları
özlərinə daha
çox versələr,
daha yaxşı olar. Oturub möcüzə gözləmək lazım
deyil. Çünki, səbəb nəticə
əlaqəli hadisələr
möcüzələrdən daha çox baş verir.
- Emin bəy, bir qədər də gələcək planlarınızdan danışaq
- Gələcəklə bağlı
xüsusi bir planım yoxdur. Artıq 9 aydır ki, sevdiyim bir fəaliyyət
göstərirəm və
məsuliyyətlə işləyib
faydalı olmağa çalışıram. Gələcəyi görmək, onun haqqında fikir yürütmək çətindir.
Çünki, baş verəcək
dəyişikliklər adətən
bizdən asılı
olmur. Amma nə olursa olsun, əsas məqsədim ölkəm
və xalqım üçün yararlı
ola bilməkdir.
- Həyatın sizə verdiyi ən böyük dərs nədir?
- Həyat mənə müsbət mənada çox dərs verib. Həyatdan öyrəndiyim ən
önəmli şey odur ki, insan
həqiqətən özünə
hədəf seçsə,
ona çatmağa qadirdir. İnsan məqsədlərini müəyyən edib o məqsədlərə doğru
dayanmadan irəliləməlidir.
Ola bilər nəticə
gec olur, ağrılı olur, asan olmur amma
əsas odur ki, bütün ehtimallarda nəticə əldə edirsən.
Hər bir gənc qarşısına
məqsəd qoyub o məqsəd üçün
yorulmadan, ruhdan düşmədən çalışırsa,
ona mütləq çatır.
Aygün ƏZİZ
Kaspi.-2014.-28 mart.-S.15.