Hüseyn Cavid yenidən
Türkiyəyə qayıtdı
İstanbulda “Hüseyn Cavid. Əsərləri” kitabının təqdimatı
keçirilib
İstanbul Universitetinin Avrasiya İnstitutunda görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti - Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında nəşr olunan "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının təqdimatı İstanbul Universitetinin tələbə-müəllim kollektivinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, türkiyəli cavidsevərlərin və Azərbaycandan gəlmiş geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə yadda qalıb.
Hüseyn Cavidin zəngin həyat və yaradıcılığına həsr olunan filmin nümayişindən sonra mərasimi giriş sözü ilə açan Avrasiya İnstitutunun prorektoru, professor Sedat Murad və Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin mahiyyətindən və elmi konfransın əhəmiyyətindən danışıblar. AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, İstanbul Universitetinin Avrasiya İnstitutunun Asiya işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Bal, Avrasiya İnstitutunun ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkan, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turan, professor İbrahim Yıldırım, Xalq şairi Sabir Rüstəmxanlı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru Akkan Suverin məruzələri dinlənilib.
PA ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında təqdim olunan kitabı dünya ədəbiyyat xəzinəsini zənginləşdirən inci kimi dəyərləndirərək Cavid yaradıcılığının bu gün də öz aktuallığını saxladığını qeyd edib. PA rəsmisi Azərbaycan hökumətinin elmə və mədəniyyətə göstərdiyi qayğıdan danışaraq görkəmli şəxsiyyətlərimizin, o cümlədən ədəbi simalarımızın dünyada tanıtdırılması ilə bağlı həyata keçirdiyi çoxsaylı tədbirlərdən bəhs edib və bu siyasətin nəticələri haqqında söhbət açıb: “Hüseyn Cavidin əsərlərinin İstanbulda ilk dəfə nəşr edilməsi də bu siyasətin göstəricisidir”.
Professor Kamran Əliyev konfransla bağlı təəssüratlarını “Kaspi”yə bölüşərək Azərbaycan ədəbiyyatının hər hansı bir nümayəndəsinin əsərinin xarici ölkələrdə çapına böyük ehtiyac olduğunu qeyd edib. Belə ki, ədəbiyyatımızın və nümayəndələrinin tanınması, ideyalarının yayılması baxımından bu, böyük əhəmiyyət daşıyır: «Bizim ədəbiyyatımız, yazıçı və şairlərimizin ideyaları o qədər zəngindir ki, bu ideyalar təkcə bizim üçün deyil, həm də bəşəriyyət üçündür. Digər tərəfdən, Hüseyn Cavid həmin əsərləri yazmamışdan əvvəl İstanbulda təhsil alıb. İstanbul ədəbi mühiti onun dünyagörüşünü formalaşdırıb. Bu baxımdan, «Hüseyn Cavid. Əsərləri» kitabının İstanbulda nəşr olunması böyük şairin o torpaqdan bəhrələndiyi məqamları yenidən canlandırmaq deməkdir. Hüseyn Cavid 100 il bundan əvvəl İstanbulda oxuyub, təhsil alıb, Bakıya gəlib, yazıb, yaradıb və böyük şair olub. Elə bil Hüseyn Cavid bu əsərləri ilə yenidən İstanbula qayıtdı. Hesab edirəm ki, Hüseyn Cavid təzədən Türkiyəyə döndü. Axı, 20-ci əsrin əvvəlləri ilə 21-ci əsrin əvvəlləri arasında xeyli fərq var. Türkiyədə oxucular Azərbaycanda belə bir şairin olmasından xəbərdar olmalı və bilməlidirlər ki, o, türk dünyası üçün çalışıb”. Tədqiqatçı hesab edir ki, əsərin Türkiyə türkcəsində çapı onun digər dillərə tərcüməsində böyük rol oynayacaq. “Bu nəşrdən sonra əsərlə tanış olan mütəxəssislər nəşrin digər dillərə tərcüməsinə böyük əhəmiyyət verəcəklər». K.Əliyev konfransı keçirməkdə əsas məqsədin Hüseyn Cavid yaradıcılığının İstanbulda və bütün Türkiyədə daha yaxşı tanınması ilə bağlı olduğunu bildirib: “Mənə elə gəlir ki, tədbir bu istiqamətdə atılan ən mühüm addımlardan biri olacaq. Artıq orda insanların əlində Hüseyn Cavid yaradıcılığı tam külliyyatı ilə var. Konfransın keçirildiyi təhsil ocağında professor-müəllim heyəti tərəfindən artıq Hüseyn Cavidin kifayət qədər tanındığının şahidi olduq. Universitetin ədəbiyyat fakültəsinin dekanı Mustafa bəy Ozkan Hüseyn Cavidin yaradıcılığını öyrədən müəllim kimi yox, həm də tədqiq edən alim kimi çıxış etdi. Həmçinin universitetin prorektorunun çıxışı da Hüseyn Cavidi yaxşı tanıdıqlarından xəbər verdi. O, öz çıxışında Hüseyn Cavidin bəşəri bir sənətkar olduğunu, yüksək ideyalar daşıdığını bir daha izah etdi. Konfransda universitetin müəllim və tələbə heyəti ilə bərabər ziyalılar da iştirak etdi. Onlar həmin tədbirə Hüseyn Cavid adına, Azərbaycan adına gəlmişdilər. Həmin adamlarda Hüseyn Cavidə böyük bir sevgi vardı. Onları konfransa gətirən də bu sevgi idi”. Tədqiqatçı hesab edir ki, bütün dünyada mədəniyyətlərarası yaxınlaşma prosesinin getdiyi bir vaxtda hər bir millət öz mədəni muxtariyyatını da qoruyub saxlamağı bacarmalıdır: “Hüseyn Cavidin əsərlərini hara aparırsan apar, harada tamaşaya qoyursan qoy o, öz milləti, mentaliteti ilə birlikdə bəşəriyyətə qovuşur. Bu, nadir hadisələrdən biridir. Əgər türkdilli xalqlar arasında mədəniyyətlərin yaxınlaşmasından, millətlər arasında bədii yanaşmadan danışsaq, onun simvolu yalnız Hüseyn Cavid ola bilər».
“Hüseyn Cavid. Əsərləri”nin tərtibçisi Azər Turan qəzetimizə açıqlamasında nəşrin İstanbuldakı təqdimatını Hüseyn Cavidin təkcə türk ədəbiyyatına deyil, eyni zamanda, dünya ədəbiyyatına yenidən daxil olması kimi möhtəşəm hadisə adlandırıb: «Hüseyn Cavid indiyədək Türkiyədə dərindən araşdırılmayıb, kitabları çap olunmayıb. Əslində Hüseyn Cavidin Türkiyə türkcəsində bu günə qədər çap olunmaması Türkiyə ədəbi ictimaiyyətinin böyük bir kəsiridir”. Azərbaycanın böyük mütəfəkkirlərinin təkcə türk dünyasında deyil, bütün dünyada tanıdılmasının ölkəmizin əsas siyasətlərindən olduğunu bildirən tədqiqatçı Hüseyn Cavidi Türkiyə türkcəsinin və Azərbaycan türkcəsinin ortaq böyük şairi adlandırıb: “Hüseyn Cavidin yazdıqları nə sırf Azərbaycan türkcəsindədir, nə də sırf Osmanlı türkcəsində. Hüseyn Cavid bu iki türkcə arasındakı məsafələri qısaltmış və özünəməxsus bir dil – ortaq türk ədəbi dili yaratmışdır. Bu baxımdan o, təkdir. Konfransdan sonrakı Türkiyə mətbuatında yazılan yazılarda da böyük ədibi «Türkiyə türkcəsinin və Azərbaycan türkcəsinin tək ortaq şairi» deyə vurğuladılar”. Tədqiqatçı Hüseyn Cavid irsinin indiyədək Türkiyədə dərindən araşdırılmamasını, kitablarının çap olunmamasını Türkiyə ədəbi ictimaiyyətinin böyük kəsiri kimi dəyərləndirib: “Bu nəşrlə Hüseyn Cavid ilk dəfədir ki, Türkiyədə çap olunur. Bu baxımdan, kitabın əhəmiyyəti çox böyükdür”.
Təranə Məhərrəmova
Kaspi.-2014.-28 mart.-S.4.