Bəziləri köhnə məşhurluqlarının üstündə mürgüləyir

 

Akif Əli: “İmperiya daxilində qazanacağımız milyonlarla qonorar qurban olsun bizim bir günlük müstəqilliyimizə...”

Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. "Gözəlliyin qədrini bilək", "Azərbaycanın müasir kinoaktyorları", "Unudulmaz yollar", "Məhəbbət təranələri", "Qaragöz oyunu", "M.Ə.Sabirin satira sənətkarlığı", "Öncə – vətəndir", "Böyük ömrün anları", "İdrak", “Azman” adlı kitabları çap olunub. A.Əli həm də xarici yazıçıların əsərlərini dilimizə tərcümə edib: A.Hertsen "Olmuşlar, düşüncələr", V.Mayakovski "Taxtabiti", M.Zoşşenko "Nəhs günü", J.B.Molyer "Meşşanın zadəganlığı", A.Soljenitsin "Matryonanın ocağı", A. Çexov "Hekayələr", Qrimm qardaşları "Bremen musiqiçiləri". Yaxın günlərdə Akif müəllimlə görüşüb ədəbiyyat haqqında söhbətləşdik.

 

            “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” adlı dissertasiyanız kitab kimi çap edilib. Həmin kitabı oxudum. Sualım belədir ki, Sabirin gülüşünü anlamağın əsas meyarı nədir, onun personajına çevrilməmək, ya gülüşün mahiyyətini anlamaq?

            Gülüşün mahiyyətini anlamaq. Həmin kitabda gülüş sənətinin tarixi haqqında da yazmışam. Antik dövrdən günümüzə qədər satira həmişə insanların xarakterinin açılmasında böyük rol oynayıb. Migel de Servantesin “Don Kixot” əsərində ironiya, satira çox güclüdür. Bu əsər haqqında Dostoyevski deyib ki, “Əgər haçansa bəşəriyyət oralarda, göylərdə hesabat verməli olsa, təkcə Servantesin “Don Kixot” əsərini Tanrıya göstərmək kifayətdir...” Orta əsrlərdə Avropada dəbdə olan cəngavərlik xülyalarını kəskin tənqid atəşinə tutan “Don Kixot” əsəri sanki romantik xəyallarla göylərdə dolanan insanları çəkib yerə saldı, onlara real həyatı göstərdi. O cümlədən, Sabirin gülüşü də eyni mahiyyət daşıdı. Sabir ruhən xalqa çox yaxın olduğundan hətta satira sənətinin mahiyyətindən xəbərsiz insanlar da onu gözəl anlayır, nə demək istədiyini duyurdu. Ancaq deyim ki, satira sənətinin mahiyyətini, nəzəriyyəsini biləndə Sabiri anlamaq, onun satrik gülüşünün mahiyyətini dərk etmək daha asan və doğru olur.

 

            Sabirin tənqidlərini başa düşürük, ancaq dəyişə bilmirik. Sizcə, anlamaq yaşamağa nəyə görə kömək ola bilmir?

            İdrakdır müsibətə mizan, əvət, əvət.

İdraksızların ola bilməz müsibəti

İdrakın məratibinə bağlıdır fəqət

Hər bir kəsin tutduğu ənduhü möhnəti.

Fərid, Sabir öz şeirində sənin sualına cavab verib, ancaq gəl bir az da məsələyə geniş yanaşaq: O adam ki, anlaya, dərk edə bilir, onun həyatı müəyyən mənada çətinləşir, əzab-əziyyəti çoxalır. Həyatı dərk edəndə insan kainatın və bəşərin mahiyyətini, İnsanın bu dünyaya niyə gəldiyini, niyə getdiyini, bu həyatın mənasını və mənasızlığını başa düşür, adi məişət qayğıları onu sıxır və s. Bu mənada, anlamaq böyük dərddir. Sabiri bir var oxuyub sevmək, bir də var onun ideyaları, amalları ilə yaşamaq. Sabirin amalları ilə yaşamaq asan deyil, bunu hər kəs yaşayamaz.

 

– Mənə elə gəlir ki, ədəbiyyatda satirik gülüş ölüb. Bəzən yeni dövrdə də biz Sabirin gülüşü ilə gülürük, amma bədii ədəbiyyatda bunu görmürük. Sizcə, müasir dövrün satirik gülüşü necə olmalıdır?

– Düzdür. Satira sənəti çox çətin sənətdir. Böyük cəsarət tələb edən sənətdir. Müasir gülüşü yaratmaq üçün yeni dövrü duya bilən və ifadə edə bilən sabirlər yetişməlidir. Gülüş elə bir sənətdir ki, gərək gülməyə həm də mənəvi haqqın çata. Şəxsiyyətin bu ucalığa uyğun ola bilə.

 

– “Qaragöz oyunu” kitabında kəskin siyasi-publisistik məqalələriniz çap edilib. Həmin yazılar dövrü mətbuatda çap edilən vaxtlarda hansısa təqiblərlə üzləşirdinizmi?

– Bu o dövr idi ki, Azərbaycan müstəqillik yolunda idi. Xain erməni Azərbaycan torpaqlarına göz dikmişdi, məkrli Kreml də onların arxasında idi. Yəni vətənin ən ağır günləri idi. Və belə bir vaxtda ziyalı olaraq susmaq, söz deməmək ləyaqətsizlik olardı. Həmin dövrdə bəzi cəsarətsiz dırnaqarası ziyalılar çətinliklərdən qorxub müxtəlif bəhanələrlə ölkəni tərk edirdilər.

 

Azərbaycanı həqiqətən sevənlərsə şərə qarşı mübarizə aparırdılar. O dövrdə mən “Vətən səsi” qəzetində işləyirdim, şüarımız da beləydi: “Öncə – Vətəndir”. Bəli, hər şeydən öncə vətəndir. Bizim o dövrdə başımıza nə gələcəyi bəlli deyildi, vətənin dar günüdürsə heç bir təqib-filan da eynimizə gəlmirdi. İnsan özünü vətənə qurban verə bilmirsə onun bu torpağın suyunu içib üstündə gəzməyə haqqı yoxdur. Həmin illərdə xəlvəti xaricə qaçanlar, orda gizlənib mənasız romanlar yazanlar müstəqillik əldə ediləndən sonra yenə xəlvəti qayıdıb gəldilər və burada özlərinə yer etməyə, mövqe tutmağa başladılar. Ancaq Azərbaycan xalqı kimin kim olduğunu gözəl bilir. Kimsə dəvəquşu sindromu ilə yaşayıb elə güman edirsə ki, heç kəs heç nə bilmir, ya unudur, o yanılır. Sadəcə Azərbaycan xalqı o qədər mədəni xalqdır ki, bildiklərini həmin adamların üzünə vurmur.

 

– “Üçüncü hissə” adlı kitabınızda AYB və AYO qarşıdurması haqqında dövrü mətbuatda yer alan yazıları misal gətirərək məsələlərə öz şərhinizi vermisiniz. Sizcə, bu qarşıdurmaya bu qədər vaxt, enerji sərf etməyə dəyərdimi?

– Bu o zaman idi ki, köhnə düşüncə ilə yeni təfəkkür tərzi toqquşmağa başladı. Siyasi sferada bu proses 1990-cı illərdə olmuşdu. Ancaq ədəbi-bədii, mədəni aləmdə 2000-ci illərdə başladı qarışıqlıq. Dünyaya müstəqil dövlət prizmasından baxan gənclər, ədəbiyyata hələ də Sovet ənənələri ilə yanaşanları inkar edirdilər. Sovet təbliğat maşınının hesabına artıq oturuşmuş, beyinləri daşlaşmış belə yazarlar isə azad, müstəqil gənclərin nə istədiklərini anlamaq heyində, yaxud arzusunda deyildilər, hətta onlara yuxarıdan aşağı baxırdılar. Təbii ki, öz mövqelərini əldən verməmək üçün səy edirdilər. Mənsə düşünürdüm ki, bu istedadlar selinin qarşısını almaq olmaz və ala da bilməyəcəklər. Gənclərin qarşısını almaq Azərbaycanın gələcəyini istəməmək olardı. Dolayısı ilə bütün bunlara görə mən necə ki vaxtı ilə sözümü ictimai-siyasi müstəvidə demişdim, eləcə də mədəni, ədəbi-bədii müstəvidə deməyi zəruri sandım.

 

– Yeni romanınız “Azman” Babəkin həyatı və mübarizəsi haqqındadır. Babəki yenidən xalqa təqdim etmək ehtiyacı nədən doğdu?

– Babək haqqında ərəb, fars və müxtəlif başqa mənbələrdə bəs qədər mənfi fikirlər deyilib. Ancaq mən hesab edirəm ki, indiki dövrdə Babək Azərbaycan xalqı üçün mübarizlik rəmzi kimi çox önəmlidir. O, Azərbaycan uğrunda 22 il mübarizə aparıb, işğalçıya qarşı barışmaz olub. İndi Qarabağ müharibəsi davam edən bir dövrdə Babəki bizim əlimizdən almaq, xalqın döyüş ruhunu səngitmək yalnız düşmənə lazım ola bilər. Babəkin ruhu xalqın ruhuna bağlıdır. Babək dinlə mübarizə aparmayıb, yadelli işğala qarşı vuruşub. Mən onu bir daha Azərbaycan xalqının yeni nəslinə təqdim etməyə çalışmışam. Azərbaycan xalqı qədim xalqdır, böyük mədəniyyəti, adət-ənənəsi, etnoqrafiyası, dini baxışları, dünya görüşü, siyasi bütövlüyü tarixən olub və var. Amma IX əsrdə necə ola bilərdi ki, birdən-birə çöllü-biyabandan, susuz səhradan gələn vəhşi tayfalar qədim oğuza necə yaşamağı öyrədələr, mədəniyyət gətirələr. Babəkin etirazı ona idi ki, əgər ərəblər yeni din, mədəniyyət gətirirsə, nədən bunu qılınc üstündə, işğalçılıq planı kimi həyata keçirirdilər? Bir tarixi məqama toxunum: salnamələrə görə ərəblər Qubadakı alma bağlarını görəndə heyrət içində – “Allah, Allah, cənnətə yetdik!” – deyib bayılıblar. Çünki “Qurani-Kərim”də cənnət ağacları altından çaylar axan füsunkar bir məkan kimi göstərilir. Onlar da Azərbaycanda bu cür gözəlliklərə heyran qalıblar. Təbiidir ki, ilan, kərtənkələ yaşayan səhralardan gələn ac-susuz, çılpaq adamlar belə gözəlliklər qarşısında heyrətlənməyə bilməzdilər. Elədə onlar Azərbaycana nə mədəniyyət gətirə bilərdilər ki?! Odur ki, haqlı olaraq Azərbaycan xalqı bütün bunlara dözmədi və ağır, üzücü mübarizəyə qalxdı. Təəssüf ki, Babək də erməni satqınlığının qurbanı oldu. Və düşünürəm məhz Babəkin məğlubiyyəti Azərbaycanın sonrakı əsrlərdə baş verən məğlubiyyətlər silsiləsinin əsasını qoydu.

 

– Tarixi roman yazarkən janrın prinsiplərindən başqa müəllif kimi qarşınıza hansı məqsədi qoymuşdunuz?

– Məqsədim tarixi həqiqəti qorumaq, qaranlıq məqamları işıqlandırmaq və Babəki xalqımıza qələmimin gücü yetən qədər daha möhtəşəm təqdim etmək idi. Roman janrını seçməyimin səbəbi də təsadüf deyil, çünki roman yazara daha geniş imkanlar verir, fikrini istədiyin qədər oxucuya çatdırırsan. Azərbaycan oğuz türkləri də zaman-zaman digər türk xalqları kimi tarixi yaradan qüvvə olublar, malesef yazan yox. Tariximizin müəyyən mərhələsini yadlar yazıblar deyə, təhriflər çoxdur. Ona görə də zaman-zaman həqiqəti özümüz, öz ziyalılarımız, alimlərimiz, ictimai-siyasi və mədəniyyət xadimlərimiz deməlidir. Bu gün yaxşı haldır ki, tarixi romanlar çox yazılır və artıq tarixi yaradanlar da, yazanlar da öz xalqımızdır.

 

– 20-ci ildir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbərisiniz. Bəzən belə deyirlər ki, dövlət strukturunda çalışmaq yaradıcı azadlığı buxovlayır. Olubmu ki, yazmaq istədiyiniz hansısa mövzunu qələmə almaqda vəzifənizdən ehtiyatlanasınız?

– Xeyr, belə bir hal olmayıb. Mən nə vaxt nəyi yazmaq istəmişəmsə, onu da yazmışam, nəyi demək istəmişəmsə demişəm. Söz sənətidir ədəbiyyat. Fikir, ideya sənətidir. Sözü də deməyin təhəri var. Sözü deməyin qaydaları, üsulları, yolları var. Bəzən adi sözü də çox köntöy, kobud, əxlaqa, mənəviyyata zidd tərzdə deyənlər olur və sonra da şikayətlənirlər ki, əşi, sözə görə təqib olunuruq. Ancaq mənim ürəyim nəyi demək istəyibsə, yolunu tapıb demişəm. Siz fikir verin, yaz gələndə otlar hətta asfaltı deşib çıxırlar. İstedadlı söz, haqlı fikir də belədir, əgər Tanrı tərəfindən göndərilibsə, o ürəkdə qala bilməz, hansı formadasa üzə çıxacaq.

 

– Sovet dövründəki ədəbi ab-hava haqqında həm yaşlı ədəbi nəslin nümayəndələrinin söhbətlərdən eşitmişəm, həm də o dövrün mətbuatını izləmişəm. Sizcə, o dövrdəki ab-hava indi niyə yoxdu?

– Sovet dövründə məşhurlaşanların çoxunu təbliğat maşını şişirdib. Onların hamısının təbii məşhurluğuna inanmayın. Əsl ədəbiyyat bu gün yaranır. Ona görə ki, müstəqil ölkəmizin ədəbiyyatı yaranır. Sovet diktəsi yoxdur artıq. Dövlətimiz hamıya tam yaradıcılıq azadlığı verib, şərait yaradıb. Kim o dövrün xiffətini çəkərək yaşayırsa, deməli, Azərbaycanın yenə imperiya boyunduruğunda olmasını istəyir.

 

– Sovet dövründə qonorar sistemi var idi, yazıçılar əsər yazıb dolana bilirdilər. İndi həmin sistem yoxdur, ancaq daha çox əsərlər yaranır. Sizcə bunun səbəbi nədir?

            Sovet imperiyasının ədəbiyyatdan gözləntiləri var idi, ancaq indi dövlətin ədəbiyyatdan umacağı yoxdur. Çünki biz müstəqil dövlətdə yaşayırıq, bədii əsərlər sifarişlə yazılmır, demokratiyanın prinsiplərinə əsasən yazıçılara hansısa ideyalar təlqin edilmir. Düzdür, məişət problemləri var, çətinliklər ola bilər, ancaq imperiya daxilində qazanacağımız milyonlarla qonorar qurban olsun bizim bir günlük müstəqilliyimizə. Çünki hər bir xalq üçün bundan üstün dəyər yoxdur. Ona görə də o dövrün heç nəyinə görə xiffətini çəkmirəm. Ancaq əlbəttə, yazıçılarımızın yaxşı yaşmasını arzulayıram. Bu da türklər demişkən, zamana bağlıdır.

 

            Müasir ədəbi proses haqqında nə deyərdiniz?

            Artıq dedim, təəssüf ki, bəziləri köhnə məşhurluqlarının üstündə mürgüləyir, bəziləri hətta ölkəyə, dövlətə, millətə düşmən mövqedə dayanır. Ancaq bütün bunlarla bərabər ədəbiyyatımız inkişaf edir, mədəniyyətəmiz dünyaya yayılır, incəsənətimiz tanınır, sevilir. Və xüsusən, gənclər arasında çox ciddi bədii əsərlər yaradanlar var. Bu – sevindiricidir.

 

Fərid Hüseyn

Kaspi.-2014.-29-31 mart.-S.11.