“İşləməsəm, darıxaram”
“Şərəf”
ordenli bəstəkar, Xalq artisti Ramiz Mirişli deyir ki, musiqi
sahəsində tənbəl olmaq olmaz
Bu da
ömrün 80-ci ili. “Hələ
qarşıda görüləsi işlər, yazılası əsərlər
var”- deyir. “Şərəf” ordenli bəstəkar,
Xalq artisti Ramiz Mirişli daim “Mənə elə gəlir ki,
işləmək lazımdır” fikri ilə həm pedaqoji, həm
də bəstəkarlıq fəaliyyətini uğurla davam
etdirir.
Gərək həmişə işləyəsən
- Hərdən deyirlər ki, həyat
notlar üzərində gedir. Bu fikirləri
bütünlüklə həyatınıza aid edirsinizmi?
-
Sözün düzü, mən heç bu barədə fikirləşməmişəm.
Mən bilirəm ki, həyat həmişə
sevir ki, zəhmətkeş olasan, öz üzərində
yaxşı işləyəsən. Əlbəttə,
baxır hansı sənətdə. Bizim sənət
elədir ki, gərək həmişə işləyəsən.
Görkəmli bir pianoçu vardı. O
deyirdi ki, mən bir gün çalmayanda özümü pis
hiss edirəm, ikinci gün dostlarım, üçüncü
gün isə bütün xalq hiss edir ki, mən məşq eləmirəm.
Bəstəkar gərək həmişə nəsə
yazsın. Şərt o deyil ki,
yazdığın mütləq böyük bir əsər
olsun. Əsas odur ki, həmişə
formada qalasan. Formada qalmaq üçünsə
gərək həmişə yazasan, musiqiyə qulaq asasan.
Mən simfoniya yazanda bir çox simfoniyalara qulaq
asıram. Hər simfoniyadan insan nəsə
götürür. Həyat belədir k, gərək
daima nəsə öyrənəsən.
- Bu doğrudurmu, yaradıcı
insanlarda gözəl ideyalar 50 yaşdan sonra yaranır?
-
Düzdür. O yaşdan sonra daha da püxtələşirsən,
təcrübən artır. Mən 2005-ci ildə
«Qısqanc ürəklər» adlı operetta yazdım. 2010-cu ildə isə daha bir operetta - «Amerikalı
kürəkən»i yazdım. Dövlət
Televiziyasının sifarişi əsasında müzikl yazanda
artıq yaşım 70-i keçmişdi.
- Elə isə lap cavan
vaxtlarınızda yazdığınız mahnılara qulaq
asanda «İndi yazsaydım, onlara əl gəzdirərdim»
deyirsiniz?
- Mən
axı o vaxtlar təkcə mahnı yazmamışam. Simfonik poemalar, tar və orkestr üçün
konsert, simli alətlər üçün simfoniya,
süitalar, balet süitaları, orkestr üçün
konsertlər, 15 filmə musiqi və s. yazmışam. 40-dan çox dram əsərinə musiqi bəstələmişəm,
uşaqlar üçün xeyli mahnılarım var. 20-ci əsrdə
mənim mahnılarımı Azərbaycanın ən
böyük müğənniləri ifa edirdi. Rəşid
Behbudov, Şövkət xanım, Sara Qədimova, Rübabə
Muradova, Lütfiyar İmanov, Zeynəb Xanlarova oxuyub
mahnılarımı. Elmira Rəhimova ilə
Yaşar Səfərovun ifasında bir çox
mahnılarım səslənib. O vaxt heç Azərbaycanda
duet janrı yox idi. Müsabiqə
üçün «Günəşi gözləyirik» adlı
mahnı yazdım və birinci yerə layiq görüldüm.
Həmin dueti Elmira xanımla Yaşar Səfərov
oxudu.
- Peşəkar mühitdə tez-tez gənc
bəstəkarların qıtlığı ilə
bağlı söhbətlər bitib-tükənmir. Əgər
aidiyyəti təhsil ocaqları işini davam etdirirsə, hər
il öz divarları arasından onlarla
diplomlu mütəxəssis buraxırsa, bu söhbətlər
niyə yaranır?
- Bu fikir
düz deyil. Necə yəni indi bəstəkar
yetişmir? Hazırda istedadlı gənc bəstəkarlar
var. Təvazökarlıqdan uzaq da olsa deyim ki, mənim iki
oğlum bəstəkardır. Hər ikisi
Türkiyədə çalışıb. Kayseridə çalışan oğlum 6 ildən
sonra Bakıya qayıtdı. Hazırda Musiqi
Akademiyasının bəstəkarlıq fakültəsində
dərs deyir və çox yaxşı tələbələri
var. Hazırda Türkiyədə çalışan o biri
oğlum hər il xaricdə öz əsərləri
ilə konsertlər verir, ustad dərsləri keçir. Bilirsinizmi, indi gənclər mahnı janrına
çox müraciət etmir, daha çox irihəcmli əsərlər
yazırlar. Türkiyədə isə
mahnıların çoxunu müğənnilər yazır.
Amma bilirsiniz, bir neçə dəfədən
sonra o, öz-özünü təkrarlamağa
başlayır. Çünki professional
deyil. Onu da deyim ki, mənim Türkiyədə
çox mahnılarımı oxuyurlar. 1982-ci
ildə Ajda Pekkan «Ay qəlbi kövrək», Nəşə
Qaraböcək «Bir könül sındırmışam»
mahnılarımı oxuyub. İndi
mahnılarım Sibel Can, Gülay, Fateh, Mustafa Kaya və
başqa müğənnilərin ifasında səslənir.
Bəyəm, bizim az
əsərlərimiz var?
- Deyirlər,
yaxşı mahnı şimşək çaxması kimi ani
yaranır. Bəstəkarlıq mətbəxinə aid olan
proses həmişə beləmi baş verir?
-
Düzdür, bəzən mahnılar ani yaranır. Bir dəfə Fikrət Qoca ilə mahnı
yazırdım, amma alınmırdı. Axırda dedi ki,
bir yaxşı şeirim var, gəl, onu oxuyum. «Ay şöhrətim,
şanım mənim...» misralarını oxudu. İnanırsınızmı,
mahnı elə orada yarandı. Bəzən
bir mahnının üzərində bir ay işləyirsən.
Bu, insanın ovqatından da asılıdır.
Əvvəl gərək plan ola ki, sən
nə yazmalısan. Əgər sənə bir
şeir veriblərsə, onu bir neçə dəfə
oxumalısan. O səni tutmalıdır ki, onu musiqiyə
çevirəsən. Yoxsa ki, oturasan ki, mən
filan şeirə mahnı yazım – belə olmaz. Mən bəzən mahnımı yazandan bir ay sonra
ona təzədən nəzər yetirirəm. Bəzən yenidən gözəl fikirlər gəlir,
sən də onu yazırsan.
-
Razısınızmı, indi böyük salonlarda müasir
konsertlər az-az keçirilir. Məsələn, Almaniyada hər
il 25-30 yeni opera səhnəyə qoyulur.
Amma deyəsən Azərbaycan bəstəkarlarının
portfelində bir az kasadlıqdır...
- Əvvəllər sifarişlər olurdu. Bəyəm, bizim az əsərlərimiz var? Amma səhnəyə
qoyulmur. Operalarımız da,
operettalarımız da, baletlərimiz də var. Gərək bu
əsərləri səhnəyə qoysunlar. Bunda bizim nə günahımız var? Məsələn,
mən iki operetta -1982-ci ildə «Qaçırılmış
qız» və bir il sonra isə «Gəl,
qohum olaq» əsərlərini yazdım. Gərək
bu əsərləri plana salalar. O vaxt
«Qaçırılmış qız»da Səyavuş Aslan,
Kubra xanım və başqa tanınmış aktyorlar
oynayırdı. İndi o aktyorların bir
çoxu həyatda yoxdur. Amma indi yeni nəsil
var. Hansısa rejissor və teatr bu cür əsərlərlə
maraqlanmalıdır. Yəni əsər
çoxdur, sadəcə, səhnəyə qoymaq
lazımdır. Mənim «Amerikalı
kürəkən» operettamda Əməkdar artist Xanım
Qafarova oynayırdı. Onun səsi də,
ifaçılığı da gözəldir. Amma indi o, xəstədir. Onun
yerinə kimisə hazırlamalıdırlar. Ona görə hər bir tamaşada dublyor
olmalıdır. Bilirsinizmi, gərək bu işlə məşğul
olanlar can yandırsınlar. Azərbaycan bəstəkarlarının,
rəssamlarının, yazıçılarının əsərlərinə
diqqətlə yanaşsınlar. Çünki
bunların hamısı professional əsərlərdir.
- Elə isə bu gün bəstəkara
işləməyə stimul verən nədir? Siz əsər
yazırsınız, ona görə ki, bu, sizin işinizdir?
- Bu, mənim
sənətimdir. Bəstəkar gərək əsər
yazsın. Məsələn, siz
jurnalistsiniz. Kimindənsə müsahibə
almağa çalışırsınız, kiminsə
haqqında yazı yazırsınız – bu, sizin sənətinizdir.
Getməsəniz, darıxarsınız, elə
bil nəsə itirmiş olarsınız. Mən
də sizin kimi. Çalışıram
ki, nəsə yazım. Mənim 80
yaşım var. Dərs deyirəm. 1952-ci
ildən müəllim kimi çalışıram. Mənim rəhmətlik anam və atam müəllim
olub. Bacım da müəllimədir.
Qardaşım da Naxçıvanda universitetdə
dərs deyir. Bizim nəslimizdə ya müəllimdirlər,
ya da həkim.
- Yeri gəlmişkən,
Müslüm Maqomayevdən «Nə üçün dərs
demirsiniz?» - deyə
soruşanda «Səbrim çatmır» - deyə cavab verib. Belə
çıxır ki, siz böyük hövsələ sahibisiniz?
- Mənim
tələbələrim Əməkdar incəsənət
xadimi, Əməkdar artist, elmlər doktorudurlar. O qədər
tələbə yetişdirmişəm ki... Mən
onlarla fəxr edirəm. Mən kimisə
yetişdirirəm, demək nəsə edirəm. İndi də tələbələrim yanıma gəlir.
Görürəm ki, çalışanları
da, həmçinin aralarında tənbəlləri də var.
Tənbəl olanları danlayıram. Musiqi
elə şeydir ki, bu sahədə tənbəl olmaq olmaz.
- Siz
görkəmli bəstəkar Cövdət Hacıyevin sinfini
bitirmisiniz. Həmişə deyirsiniz ki, təhsil
olmadan bəstəkarlıqda duruş gətirmək, həmişəyaşar
əsərlər yazmaq olmaz. Amma çox
vaxt deyirlər ki, yaxşı əsər yazmaq
üçün yalnız ilham yetərlidir.
- Bu fikir
yalnız mahnı yazan bəstəkarlara aiddir. Biz
axı, təkcə mahnı yazmırıq. Məsələn, Cabbar əminin, Xan əminin, o
cümlədən Əlibaba Məmmədovun nə qədər
mahnıları var. Onlar xanəndədirlər, oxuyurlar və
bəzən mahnı da yazırlar. Ancaq
onlar operetta, opera, balet, simfoniya yazmırlar. Professional bəstəkar başqa, müğənnilər
tərəfindən yazılan mahnılar da başqadır.
- Telekanallarda Bədii şuraların
yoxluğu və ya bəzilərinin zəif fəaliyyəti ara müğənnilərinin efirə
çıxmasına, bir gündə yazılan
mahnıların «hit»ə çevrilməsinə səbəb
olur. Sizcə, “axın”ın
qarşısını necə almaq olar?
- Mən
vaxtilə Azərbaycan Televiziyasında işləyəndə
bu cür müğənnilər efirə yol tapa bilməzdi.
İndi deməyə utanıram, mahnılarımı ara müğənnilər götürüb
düzəldir və oxuyurlar. Mənim melodiyamdan
o mahnılarda nəfəslər də var. İndi mən məhkəməyə
müraciət edim? Ayıb deyil? Bu, mənə yaraşmaz axı. Amma Bədii Şura olsa nəzarət də olar.
Mən bədii şuralarda çox iştirak
etmişəm və bır sıra mahnıların geri
qayıtmasının şahidi olmuşam. Hətta,
professional bəstəkarlar da olub ki, işlərinə irad
tutulub.
İnsan
hər gün gülsə...
- Demisiniz ki, mən sevməsəm,
yaza bilmərəm. Niyə bu qədər sevgidən
yazırsınız? Sevməli
dünyadır?
- Əlbəttə, həyat şirindir. İnsan bəzən
həyatla danışır. Deyirsən ki,
bu həyat necə olacaq? Mən həyata həmişə
optimist baxıram. Yadımdadır, ürəyimi
əməliyyat edəndə həkimlər əməliyyat
otağında mənim mahnılarımı qoymuşdular.
Mən qulaq asa-asa ürəyimə stend
qoyurdular.
- Siz həmin
mahnıları eşidirdiniz? Bəs ağrını hiss eləmirdiniz?
-
Mahnıları eşidirdim. Cüzi ağrı da hiss edirdim,
amma dözməli idim. Böyrəyimin birini
götürəndə isə heç nə eşitmirdim.
.
- Siz Tanrıya ünvanlanan əsərlərlə
əməliyyatdan sonra təmas yaratdınız?
- Yox, əvvəl
də yazmışdım. Bəxtiyar Vahabzadənin
sözlərinə yazmışdım. Dahi
Nizaminin əsərinə «Peyğəmbərin tərifi» vokal
poemasını yazmışam. Sonra Sona Vəliyevanın
sözlərinə «İlahi» mahnısını yazdım.
Azər Zeynalov bu mahnını çox gözəl
ifa edir. Məmməd Aslanın «Ya Rəbbim»
şerinə də musiqi yazmışam. Bilirsinizmi,
mən Peyğəmbər nəslindənəm. Naxçıvanda ocağımız var. Ulu öndər
bizim ocağın yanından keçəndə «Burada mənim
müəllimim Mircəfər ağa yaşayırdı.
Onun evini sökmüsünüz, bəs niyə yerində
heç nə tikməmisiniz?» - deyə maraqlananda «Bura müqəddəs yerdir,
ona görə burada heç nə tikə bilmirik» - deyə
ona bildiriblər. Ulu öndər orada məscid
tikdirdi. Açılışına məni
də dəvət etdilər. Mənim
haqqımda çəkilən filmdə o kadrlar da var. Ulu
öndər danışır və mənim,
babalarımın adını çəkir.
Bilirsinizmi,
həyatda hər şey eyni cür ola bilməz,
insan həmişə gülə bilməz, o, kədərlənməlidir
də. İnsan hər gün gülsə, bu, həyat olmaz
ki...
- Sosial şəbəkələrdən
istifadə edirsiniz?
- Yox,
istifadə edə bilmirəm. Bu, bizim nəsil
insanların işi deyil. Amma nəvələrim
məşğul olurlar. Mənə
“Ayfon-5” bağışladılar. Baxıb
gördüm ki, onu işlətmək mənlik deyil. Mənə
deyirlər ki, filan yerdə kompyuter kursu var, get. Deyirəm
ki, ayıbdır, bu yaşda Ramiz Mirişli kursda kompyuter
öyrənməyə getsin?
- Bu sualı verməyə bilmərəm:
yaş nədir?
- Yaş
heç nədir. Sizi inandırıram, baxmayaraq
ki, bu qədər cərrahiyyə əməliyyatı
keçirmişəm, bəzi orqanlarımı
götürüblər, hərdən təzyiqim
aşağı düşür, amma keçib gedir. Heç bilmirəm ki, mənim 80 yaşım var.
Dünyanın 40-dan çox ölkəsində konsert verən
bəstəkaram. İndi bunları fikirləşəndə
«Doğurdan da mənim 80 yaşım var?»
deyə öz-özümdən soruşuram.
- Bəs keçənlərlə
müqayisədə oturaq həyat tərzi sizi
darıxdırmır?
- Mən
işləməsəm, darıxaram. Musiqi Akademiyasında,
Milli Konservatoriyada dərs deyirəm. Mənə
elə gəlir ki, işləmək lazımdır.
İnsanlarla görüşürsən, söhbət edirsən...
İndi məni İstanbula
çağırırlar. Orada bir çox
müğənni var ki, məndən mahnı istəyir.
Orada mənə qalmağı da təklif
etmişdilər. Dedim ki, qala bilmərəm, öz
ölkəmi çox istəyirəm.
Təranə Məhərrəmova
Kaspi.-2014.-1 may.-S.9.