Bir çağın dahiləri: Füzuli
və Mikelancelo
Rahid Ulusel,
Fəlsəfə elmləri doktoru,
professor
Füzuli
və Mikelancelo (daha geniş spektrdə Dante – Nizami – Behzad –
Rafael – Füzuli – Bottiçelli – Leonardo da Vinçi –
Mikelancelo – Memar Sinan...) yaradıcılığı
İntibah çağının dünyaduyumu və
dünyagörüşü zənginliyini onun ən dolğun
təzahüründə bizə, gələcəyə
ötürür.
Füzuli və Mikelancelo. Şərq və Qərb
İntibah mədəniyyətinin iki böyük
yaradıcısı. Füzuli (1494 – 1556) dünyaya gələndə
Mikelancelonun (1475 – 1564) on doqquz yaşı vardı, Füzuli vəfat
edəndən səkkiz il sonra da o
yaratmış, ömrünün son günlərinə qədər
tişə çalmışdı. Füzuli –
Mikelancelo çağında dünya tarixinin, bəşər
mədəniyyətinin bir çox önəmli hadisələri,
onu inkişafının yeni mərhələsinə və
istiqamətlərinə hazırlayan və çıxaran
olaylar baş vermişdi. İntibah mədəniyyətinin
son fazası yaşanan iki böyük və rəqib türk
imperiyası – Osmanlı və Səfəvi, sonra müsəlman
Moğol və Konfutsiçiliklə yanaşı
İslamın da özünə yer etdiyi Çin Minq
imperiyaları Şərq sivilizasiyalarının
dominantlığını təmin edirdi. Füzuli həmin rəqib
və rəqibliyinə görə də tarixdə sonuncu olan
türk imperiyalarının xaqanlarına – Şah
İsmayıl Səfəviyə və Osmanlı Sultan
Süleyman Qanuniyə (sonuncunun ona təyin etdiyi 9 ağca təqaüdü
övqaf idarəsindən ala bilməsə də!) əsərlər
həsr etmişdi... Avropada isə Mikelancelonun
ata yurdu – Renessans mədəniyyətinin mərkəzinə
çevrilmiş Florensiya və İtaliyanın digər şəhər-dövlətləri
daxili çəkişmələrə və yadelli
işğalçıların həmlələrinə məruz
qalmaqda idi... 1455-ci ildə Azərbaycanda Təbriz miniatür məktəbinin
ustadı Kəmaləddin Behzad, 1483-cü ildə İtaliyada
Rafael doğulur. 1492-ci ildə Kolumb
Amerikanı avropalılara açır. Avropanın
içərilərinə doğru genişlənməkdə
olan Osmanlı imperiyasında isə bundan heç kimin xəbəri
olmur... 1497-98-ci illərdə Vasko de Qama Afrikadan dolayı
Hindistana dəniz yolu açır. Kopernik
ömrünün sonunda çap etdirdiyi (1543) “Göy cisimlərinin
dövranı haqqında” əsəri ilə dünyanın
heliosentrik nəzəriyyəsini irəli sürür. XVI yüzilliyin son çərəyində Leonardo da
Vinçi, Rafael, Dürer vəfat edir. Mikelancelonun
dünyadan köçdüyü 1564-cü ildə Qaliley və
Şekspir doğulur, 4 il sonra isə
“Günəş şəhəri” əsərinin müəllifi
Kampanella...
Şərq
İntibahı Şərqi Orta Çağdan ayırmadı,
Qərb İntibahı isə Qərbə köhnə
dünya – orbis terrarum sədlərini yardırdı, onu Yeni
Çağa adladan təkanları yetişdirdi...
Dünya İntibah mədəniyyətinin tam dəyəri
isə onun Şərq və Qərb “yarımkürələrinin”
seçkinliyi ilə yaradılan vəhdətindədir. Bu “yarımkürələrin”
sayrışan çevrəsindən bir-birinə ehtiramla
baxanlar arasında Füzuli və Mikelancelo (daha geniş spektrdə
Dante – Nizami – Behzad – Rafael – Füzuli – Bottiçelli – Leonardo
da Vinçi – Mikelancelo – Memar Sinan...)
yaradıcılığı İntibah
çağının dünyaduyumu və
dünyagörüşü zənginliyini onun ən dolğun
təzahüründə bizə, gələcəyə
ötürür. Bəşəriyyətin
yalnız cürbəcür konfiqurasiyalarda özünü təkrar
edən Hadisələr Tarixindən fərqli olaraq, Mahiyyət
Tarixi – keçmişin indi və gələcək olması,
ancaq həmişə də əslən dəyişmənin
baş verməsi modelində özünüyeniləşdirən
tarixdir. Mahiyyət Tarixinin
yaradılmasında xüsusi bir mərhələ olan Füzuli
və Mikelancelo sənətində Hadisələr-Şəxsiyyətlər
Tarixi çox uzaqdan, zorla görünən fondur. Füzuli və Mikelanceloda Tarix və onun
Personaliyası bədii dünyaduyumunun altına çəkilir
və heç zaman birbaşa, çılpaq
görüntülərində təzahür tapmır. Tarixin xronologiyasından Ruhun Xronosofiyası və Mənəviyyatın
Xronopoetikası əxz edilir. Bu İntibah
dühaları Çağın fövqündə dayanaraq,
onun burulğanlarında nə qədər qıvrılsalar
da, ehtiraslarına qatılsalar da, həmin Çağın məna
qatından yüklənməyə, məna qatını
yükləməyə təşnə olmuşlar. Füzuli ümumiyyətlə zəmanə işlərinə
qarışmamışdır. Mikelancelo isə, əksinə,
özünün qeyd etdiyi kimi, “üç Papaya qulluq
etmiş”, ayrı-ayrı vaxtlarda Florensiya Ali Hərbi
Şurasının üzvü, Florensiyanın bütün
müdafiə istehkamlarının Qubernatoru, Vatikanın
baş memarı, heykəltəraşı və rəssamı,
Romada müqəddəs Pyotr məbədi tikintisinin baş
memarı və bir sıra önəmli tikintilərin layihəçisi
olmuş, ancaq bütün bu işlərin icrasında səfadan
çox cəfa görmüşdür.
Füzuli və Mikelancelo böyük mədəniyyət
ənənələri üzərində yüksəlmişlər. Füzuli
dünyanın hikmət və sənət cövhərinin
toplandığı klassik Şərq poeziyasının dəyərlərini
yaradıcılığının şəkil və məzmununa
mənimsədərək və öz doğma türkcəsinin
şeriyyətini pardaqlayaraq, Şərqin üç ulu dilində
– türkcə, farsca və ərəbcə divanlar
bağlamışdır. Mikelancelo isə
antik klassikanın, ikonoqrafiyanın və özünəqədərki
İntibah qurucularının gələnəklərindən
qaynaqlanmaqla, boyakarlıq, heykəltəraşlıq,
memarlıq və şairliyin sintezini yaratmış, İtaliya
Renessans hərəkatının gur mühitində
yaşayaraq, bu mühiti daha da canlandırıb yeni
axtarışlara təkanlamışdır. Divarları
üzərində özünə qədərki böyük
sənətkarların – Bottiçelli, Qirlandayo, Perucino,
Sinorelli, Pinturikkionun 25 il çalışdığı
Sikstin kapellasındakı (Roma, Vatikan, 1508 – 1512) işləri
davam etdirib, onu dünyanın ən nadir və möhtəşəm
abidələrindən birinə çevirərək başa
çatdırmışdır. Füzulinin türkcə
“Divan”ı, “Leyli və Məcnun”u, “Su”, “Xəncər” və
“Gül” qəsidələri ilə Mikelancelonun Sikstin
kapellasına freskaları, “David” və “Musa”sı
Yerüzü insanının Torpaqdan Ruha qədər yüksəlməsinin
– onun öz cismaniliyindən necə ağrı ilə
qopmasının, Kainatın məhz Yerüzü məkanında
mənəviyyatlanmasının, bu ilahi proqramın yalnız
başlanğıc mərhələsində olduğunun,
İnsan İradəsinin haçansa (ancaq mütləq!) məhz
bu nöqtədən – Kainat Ruhunun hərəkətə gəlməsi
nöqtəsindən start götürəcəyinin döndərilməz
olduğunun ideal təcəssümüdür.
Füzuli məbədləşmiş maddiyyətçiliyin
hasarlarını – ehkamlarını dağıdır. İnsan əlinə Diogenin
çırağını verib onu öz Qəlbinin
dalınca göndərir... Füzulinin sənət
fəlsəfəsində bütün yolların gəlib
toxdadığı son məqam – İnsan Qəlbidir. İnsanın Qəlbi – onun yeganə
sığınacağıdır. Bu Qəlb
– İnsan içinin Asimanıdır. Bu Qəlb –
Kainatı özünə sığdıran ali
məkandır. Şerlərinin birində
Mikelancelo buraya – “Günəşin öz gücünü
topladığı məkan...” deyir. Füzuli
– lirikasında Qəlb memarlığı yapırsa, Mikelancelo
– monumental heykəltəraşlığı və
boyakarlığında İnsanın Yaradıcı Ruhunun
Əzəmətini, bu Əzəmətin poeziyasını
canlandırır. Mikelancelonun Bədən
harmoniyası Füzulinin Ruh harmoniyası ilə
tutaşır. Füzuli və Mikelancelo – Ruhla Canın
böyük vəhdəti deməkdir: Mikelancelonun insan təsvirlərinə
– Cana (Qüvvətli Bədənə!) Füzuli
obrazlarının Qüdrətli Ruhunu “köçürmək”
olsaydı, Füzuli – Mikelancelo dünyasının
bütövlüyü yeni təcəssümündə
yaranardı... İnsan bədəninin harmoniyası, onun öz
varlığında əbədiyyəti yaşatması ilə
keçəriliyə – faniliyə sinə gərməsi
Mikelancelonu sənətin bu meyar prinsipinə dayandırır:
“Memarlığın tərkib hissələri insan bədəninin
proporsiyaları ilə müəyyənləşir...”
(Sonradan bu prinsip Avropa klassik memarlığının
bütün fasadyapısında dürlənəcək...)
Füzuli
və Mikelancelo sənətində dünya öz təkamülünün
başlıca ideyası ilə arxetipləşir: Mikelancelo
dünyayaradılışının ilahi proqramının –
Xristian versiyasını, Füzuli isə – İslam
versiyasını obrazlaşdırır. Ancaq
Mikelancelo daha ardıcıl bir məramla, müfəssəl
mövzu və süjetlər üzrə. Füzulidə
isə bu obrazlaşdırma onun fövqəlpoeziyasının
ən müxtəlif şanlarından sayrışır: “Nə
bilir oxumayan müshəfi-hüsnün şərhin // Yerə
gögdən nə üçün endiyini Quranın”; “...Bəsirət
əhlinə zahir qılır hər nəqş nəqqaşın”;
“Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr
ilə, // Şöhreyi-aləm həmin İsayi-Məryəm
olmasın. // Sən tək afət gəldigin bilmişdi kim, həqdən
mələk // İltimas eylərdi kim, aləmdə Adəm
olmasın”; “Cənnəti almaq olmaz ağca ilə, // Girmək
olmaz behiştə rüşvət ilə”; “Baddən
qönçələrə hamilə oldu gülbün //
Öylə kim, İsaya Cibril dəmindən Məryəm”;
“...Adəmi istəsə torpaqdə, əlbəttə, bulur //
Bu gün ol feyzi ki, torpağı edibdir Adəm”; “Gəldi ol
İsa kim, ondandır həyati-əhli-hal // Yoxdur onsuz xəlq
cismində həyatə ehtimal...” Füzuli və
Mikelancelonun Kainat alleqoriyasına İlahi aktın
başlanğıcından (“Qoy İşıq olsun!” – “Tövrat”, I, 1) Apokalipsisə – Məşhərə,
Adəmdən İsaya, Xristianlıq və İslamın
müqəddəslərinə, din şəhidlərinin
başına gələn faciəvi vaqeələrə qədər
insan dramının görkalıcı an-lövhələri həkk
olunub. İbrahim və Məhəmməd
peyğəmbərlərə müraciətlə “Ya həbibullah!
Ya xeyrül-bəşər! Müştaqinəm, // Eylə kim, ləbtəşnələr yanıb dilər
həmvarə su!” deyən Füzulidə Kərbəla
müsibəti, Mikelanceloda isə Həzrəti İsanın,
müqəddəs Pyotrun çarmıxa çəkilməsi
– əslində, bir yerdə öldürülən Həqiqətin
min yerdən daha qüvvətlə dirilməsi deməkdir.
Mikelancelonun freskaları ilə tavanı süslənmiş
Sikstin kapellası – “Tövrat” və “İncil” süjetləri
əsasında kompozisiyalaşdırılsa da, ancaq yalnız
Musanın və İsanın kilsəsi kimi yox, İnsan məbədi
kimi bəşəriyyətə təqdim olunur.
Mikelancelo Sikstin kapellasının tağında
– “Müqəddəs Kitab”ın rəvayətlərini
özündə konsentrasiya edən tektonik sistemin mərkəzində
“Adəmin yaradılması”nı təsvir edib: Allahın
barmağının İnsan (Adəm) barmağına
toxunuşa maksimum yaxınlaşması anı. Bütün
ilahi aləm bu aktın – Adəmə ruh verilməsinin olayı-mənası
üzərinə gərilib. Kainata ilk İnsan
doğulmaqdadır. Ancaq hələ Allahın barmağı Adəmin
barmağına toxunmayıb. Bu kiçicik məsafə bəlkə
milyon işıq illərincədir. Bəlkə artıq
toxunuş baş verib, əl geri çəkilir, – ilahi enerji
ötürülüb. Adəmin sadəcə bu enerjini
canında oyatması gərəkdir. Bitməz “bəlkə”lərdən
biri: bəlkə Allah Kainatın İnsan tarixinin
başlamasının bu həlledici məqamında ilahi
aktı dayandırır. Və Adəm yarımçıq
enerji ilə tərpənəcək: onun və nəslinin
sonrakı günahları da bu “yarımçıq qismət”
üzündən olacaq. Adəm və övladları ilahi
enerjinin zərrəsindən, torpaq (gil) enerjisinin
küllündən mayalanacaq... Bəşəriyyətin
yaşanmış tarixi aqnostikanın bu məntiqincədir.
Yox. Mikelancelonun məqsədlərinə bir qədər də
yaxınlaşaq: Allahla Adəm göz-gözədirlər.
Allahın gözləri Adəmə inanır! Adəmin
gözləri Allaha and içir! Adəmin bədəni onun əzalarına,
damarlarına, iliklərinə süzülən bu Ruha sevinmir,
sadəcə bu ilahi axını damla-damla içinə
alır. Ruha dolduqca, ağlında işaran ilk şüur
aktı da bu olur: “Mənim olan bu Ruh – mənim Missiyam – Mənim
Məsihalığımdır!” – Bəşəriyyətin
yaşanmış tarixi həm də bu həqiqəti təsdiq
edir... Adəmin gözləri Allaha and içir ki, o, bu
missiyanı doğruldacaq, təkcə Yer adamı deyil,
Kainatın oğlu olacaq – Kainatquruculuğunun Adəmi olacaq.
Gözləri, barmağı danışan Adəmin
danışmalı dili hələ danışmır. Onu dilləndirən,
Sözünə ehya verən Füzuli olacaq! Adəm Həvvaya
– Leyliyə divanə məhəbbətindən də
yuxarı qalxıb, Allaha böyük məhəbbətinə
Məcnun kimi qayıdacaq!.. Sağ əlini Adəmə uzadan
Allah yarıaçılmış ilahi sferanın – artıq
başqa zamanın və məkanın “bətnində” sol əli
ilə hələ xəlq olunmamış Həvvanı qucub,
hələ doğulmamış İsanı göstərir.
Yaradılmaqda olan Adəmlə yaradılacaq İsa arasında
gərilən Allah Göyüzü və Yerüzünün
vəhdətini belə bir sakral zaman və məkan
transformasiyasında vücuda gətirir...
Kaspi.-2014.-1 may.-S.15.