Milli
teatrşünaslıq elmində qeyri-klassik üsullar
Çağdaş dövrümüzdə dünya, o
cümlədən Azərbaycan teatr sənəti böyük
inkişaf yolu keçib. Artıq çağımızın teatr
sənəti XX əsrin 60-80-ci illərinin, hətta XXI əsrin
əvvəllərinin teatr sənətindən kəsb etdiyi məna-məzmun,
mahiyyət, dil-ifadə vasitələri, forma baxımından
tamamilə fərqlənir. Amma məsələ
burasındadır ki, bəzən teatrşünaslıq elmi
ilk baxışda çox bəsit həqiqət, aksioma kimi
görünən bu faktı unudur, nəzərə almır və
yaxud nəzərə almaq istəmir. Doğrudur,
Azərbaycan teatr sənəti dünya teatr sənəti ilə
nisbətdə bir qədər ləng inkişaf edir, amma bu o
demək deyil ki, bu gün teatrlarımızın səhnəsində
gördüyümüz tamaşalar, XX əsrin 60-80-ci illərinin
tamaşalarıdır. Ötən müddət
ərzində teatr düşüncəsi ciddi dəyişikliyə
məruz qalıb, yeni yanaşmalar, yeni tendensiyalar, yeni janrlar,
yeni teatr poetikaları, hətta yeni teatrlar yaranıb. Belə olan təqdirdə teatrşünaslıq
elminin ötən əsrin forma və üsulları ilə,
qlossariyası, instrumentariyası ilə predmetə
yanaşması, onu əvvəlcədən məğlub duruma
salır. Təbii ki, eyni sözləri
bütün teatrşünasların fəaliyyətinə adi
eləmək düzgün deyil, amma küll halında
götürdükdə bu gün teatrşünaslıq elmi
dünənin, keçmişin alətləri ilə müasir
teatr prosesini fiksasiya etməkdə, araşdırmaqda acizdir.
Elmi fəaliyyətində klassik
teatrşünaslığın çərçivələrindən
kənara çıxmağı bacaran teatrşünaslar olsa
da, dissertasiya və məqalələrdə, eləcə də
müxtəlif monoqrafiyalarda teatrşünasların predmetə
yanaşma bucağında, məsələlərə
münasibətində nəzərəçarpacaq yenilik, demək
olar ki, sezilmir. Amma istisnalar qaydaları
inkar etmir, əksinə onları daha da möhkəmləndirir.
Etiraf etmək mütləqdir ki, bu gün
böyük mənada Azərbaycan
teatrşünaslığı anoxronizmə yuvarlanır.
Zamandan qopması, zamanla ayaqlaşa bilməməsi
milli teatrşüanslıq elmini gərəksizlik sindromu ilə
üz-üzə qoyur. Təbii ki, proseslə
ayaqlaşa bilməyən, prosesə bu və ya digər dərəcədə
faydası olmayan teatrşünaslıq elmi mövqeyini itirməyə,
gərəksizləşməyə məhkumdur.
Çağdaş teatrşünaslıqda obyektiv analizdən
çox, üzgörənlik, tərif, ən yaxşı
halda proteksionizm nəzərə çarpır. Ən acınacaqlası
isə odur ki, teatrşünaslarla mətbuat və televiziya
arasında qarşılıqlı münasibət yalnız
bayram xarakterli müstəvidə mövcuddur. Bu sahəyə yeni qədəm basan gənc,
istedadlı qələm sahibləri çox ciddi
qarşıdurmaya məruz qalaraq, televiziya məkanından
uzaqda saxlanılır. Media aləmində
«at oynadan» sarı mətbuat ciddi elmi-nəzəri problemlərin
işıqlandırılmasını kölgədə qoyur,
kütləvi informasiya vasitələrindən
sıxışdırıb çıxarır.
Bu gün Azərbaycanda teatr jurnalistikası milli teatr məkanında
baş verən prosesləri izləmək, fiksasiya etmək, dəyərləndirmək,
təbliğ etmək funksiyalarını yerinə yetirə
bilmir.
İstənilən milli mədəniyyətin keyfiyyət
göstəriciləri milli teatr sənətinin mövcud
keyfiyyətində təzahür və təcəssüm
olunur.
M.K.Atatürkün məşhur bir kəlamı var: «Teatr hər
bir məmləkətin kültür səviyyəsinin
aynasıdır». Teatr jurnalistikamız isə
teatr sənətinin «ayna»sı funksiyasını yerinə
yetirməklə, bilavasitə məmləkətimiz Azərbaycanda
mədəni səviyyənin mövcud durumununun barometri kimi
çıxış etməlidir. Sahəni
bilən, sənətin sirlərinə bu və ya digər dərəcədə
bələd olan teatrşünaslar çox passiv fəaliyyət
göstərirlər, könüllü və ya məcburi
şəkildə aktiv prosesdən, mətbuatdan kənarda
qalırlar. Keyfiyyət göstəriciləri
o qədər də yüksək olmayan Azərbaycan mətbuatı
və televiziyası isə bu funksiyanı tam və
lazımlı şəkildə yerinə yetirə bilmir.
Bu durumdan çıxış yolu isə iddia
olunduğu kimi, C.Cəfərovun, Y.Qarayevin, M.Allahverdiyevin,
M.C.Cəfərovun və digər teatrşünas və filoloq
alimlərimizin yazdığı kimi resenziyalar yazmaqda deyil. Çünki
yaşayıb-yaratdıqları zamanda çox mütərəqqi,
proqressiv, gərəkli və maraqlı olsalar da, bu gün
adları çəkilən alimlərin üsul və vasitələrini,
istifadə etdikləri janrları mexaniki şəkildə
müasir teatrşünaslıq elminə gətirmək onun
inkişafına səbəb ola bilməz. Necə ki, Adil İsgəndərovun rejissor faəliyyətini
böyük ehtiram və minnətdarlıq hissi ilə yad etsək
də, onun rejissurasının bu gün üçün
heç bir aktual mahiyyət kəsb etmədiyini qəbul
edirik. Eləcə də, milli teatr tariximizə
adları əbədi olaraq həkk olmuş görkəmli
aktyorlarımızı bu gün səhnədə illər əvvəl
olduğu kimi görsək, bəlkə də, bu bizim
üçün çox maraqsız, hətta primitiv
görünərdi.
Müstəqillik dövründə milli
teatrşünaslıq elmi sırf düzxətli məntiq
üzərində qurulub. Aristotel məntiqinin
bir qədər dəyişdirilmiş, müasirləşdirilmiş
versiyası olan müasir teatrşünaslıq elminin nəzəri-konseptual
əsasları köhnəlib. Əsasən,
şüurun emprik (təcrübi) formasına əsaslanan
teatrşünaslıq elmi teatr prosesini adekvat əks etdirmək
imkanlarından məhrumdur. Teatrşünaslıq
elminin mövcud durumundan danışarkən elmi təfəkkürün
inflasiyası faktını konstatasiya etməyə məcburuq.
Çağdaş teatrşünaslıq elmi, adətən,
daha çox tarixi yanaşmanı, xronoloji aspekti qabartmağa
meyllidir. Biz tarixi faktları, hadisələri və onlara
refleksiyaları toplayır, rekonstruksiya edir və bir qədər
bəzəyirik. Artıq neçə illərdir
ki, teatrşünaslıq elmimiz bu sayaq “naturalizm”dən,
gördüyünü çağırmaqdan,
“aşıqlıq”dan, akınizmdən yaxa qurtara bilmir.
Düşünürəm ki, məsələni mütləq
milli teatrşünslıq elminin gündəminə gətirmək
teatrşünaslığın nəzəri əsaslarına
dövrün tələbləri aspektində yenidən baxmaq
lazımdır.
Bu gün teatr tənqidi adlandırdığımız
nəsnə, əslində, obyektiv, universal, işlək teatr
nəzəriyyəsinə yox, teatrşünasların
zövqünə, düşüncəsinə, ən pis halda
subyektiv münasibətlərinə əsaslanır. Obyektiv,
universal əsaslardan məhrum aksiologiyaya söykənən
teatr tənqidi dövrün teatr sənətinin obyektiv mənzərəsini
verməkdən çox, ən yaxşı halda,
jurnalistikanın bəzi funksiyalarını yerinə yetirməyə
nail olur. Əslində, bu, teatr tənqidindən
çox özünü teatrşünaslıq kimi qələmə
verən teatr jurnalistikası təsirini
bağışlayır.
Təbii ki, mən bu gün Azərbaycanda teatrla
bağlı maraqlı, səviyyəli yazıların
yazılmadığını iddia etmirəm. Çünki
yuxarıda təsvir etdiyimiz sutuasiyada savadlı, istedadlı
insan, heç şübhəsiz, teatr haqqında savadlı
yazı yazacaq və savad, istedad işartısı olan hər
bir intellektual, bədii məhsul maraqlıdır. Amma biz
bu yazıları oxuyarkən dövrün teatr prosesinin real mənzərəsi
ilə yox, maraqlı elm adamının, qələm əhlinin
maraqlı düşüncələri ilə, savadı,
yanaşması, teatr təfəkkürü ilə tanış olacağıq. Nəticədə,
teatr sənəti avtomatik olaraq ofsayt durumuna düşür.
Bəllidir ki, əksər hallarda interpretasiya
predmetin keyfiyyətlərindən, estetik xüsusiyyətlərindən
çox, qiymətləndirənin, təhlil edənin subyektiv
yanaşmasından və emosional durumundan asılıdır.
Bu fakt isə, özü-özlüyündə
çox təhlükəlidir. Belə olan
halda, hansı teatr nəzəriyyəsindən,
teatrşünaslıq elminin hansı obyektiv prinsiplərindən,
konseptual əsaslarından danışmaq mümkündür?
İnkarolunmaz həqiqətdir ki, şəxsi yanaşma
universal teatr nəzəriyyəsini kölgədə qoyur. Və ya bir az
da dəqiq desək, burada ümumiyyətlə nəzəriyyədən
söhbət getmir. Heç kəs
üçün sirr deyil ki, nəzəriyyənin əsas
xüsusiyyəti tədqiqat obyektinin yaranma və inkişaf
qanunlarını və qanunauyğunluqlarını öyrənməsindən
ibarətdir.
Yuxarıda qeyd etdiyimiz mülahizələri ümumiləşdirərək,
müasir Azərbaycan teatrşünaslıq elminin mövcud
durumunu və teatr sənəti ilə teatrşünaslıq
elminin münasibətini tezislər şəklində
konstatasiya edə bilərik.
1.
Artıq 13 ilini XXI əsrdə yaşayan teatr prosesi yeni
inkişaf yoluna qədəm basıb. Dünya, o
cümlədən Azərbaycan teatrında yeni poetikalar, yeni nəzəriyyələr,
paradiqmalar yaranmaqdadır. XXI əsr teatr sənətinin
qarşısına prinsipcə yeni, çox sərt tələblər
qoyur. Heç şübhəsiz ki, milli
teatrşünaslıq elmi də bu tələblərə,
çağırışlara cavab verməlidir.
2. Klassik
teatrşünaslıq gündən-günə yeniləşən,
yeni səciyyələr qazanan qeyri-klassik teatr sənətini
analiz etmək, araşdırmaq iqtidarında deyil.
3.
Anoxronizmə yuvarlanmamaq, çağdaş dövrün tələblərinə
cavab verə bilmək üçün qeyri-klassik
teatrşünaslıq yaranmalıdır.
4. Milli
teatrşünaslıq təfsirçilikdən, esseistikadan tam
uzaqlaşmalı, qeyri-klassik üsullardan faydalanmalıdır.
5.
Teatrşünaslıq öz predmetini, funksiyalarını və
araşdırma mexanizmlərini, dəqiq meyarlar sistemini təyin
etməlidir.
6.
Düşüncə genişlənməli, dünya teatr
prosesində baş verən tendensiyalar öyrənilməli və
yeni araşdırma üsulları milli
teatrşünaslığa tətbiq edilməlidir.
Çağdaş dünya təcrübəsində
qeyri-klassik teatrşünaslığın yeni üsulları
formalaşmaqdadır. Müasir teatrşünaslıq elminin əsas
tendensiyalarından biri ondan ibarətdir ki, o, yaxın humanitar
sferaların nailiyyətlərini teatra gətirir. Qeyri-səlis məntiq, qeyri-müəyyənlik
prinsipi, kvant psixologiyası, K.Q.Yunqun, Z.Freydin təlimləri və
s.
Kornienko,
Velş, Priqojin, Mixed, Stenqers, Moiseev, Qleyk, Xaken, Feynman, Kayku,
Volojinov, Qorski, Yakovenko, Pelipenko, Vedenova və digər alimlər
qeyri-klassik teatrşünaslığın yaradılması
istiqamətində mühüm işlər görüb.
Qeyri-klassik
teatrşünaslıq üç əsas prinsipi
qarşıya qoyur:
1. qeyri-xəttilik
2. sinergetika
3. açıq
sistem
Elmin son nailiyyətləri olan qeyri-müəyyənlik
prinsipi, qeyri-səlis məntiq klassik
teatrşünaslığın xətti nəzəriyyəsinin
yanlışlığını və qeyri-produktivliyini
aşkarladı və qeyri-xəttilik meyarını mədəniyyətə,
o cümlədən teatr prosesinə gətirdi.
XX əsrin sonlarından bədii bütövlüyün
mövcudluğu daim yenilənən sinergetik mexanizmlə
müəyyən olunur. “Mahiyyətinə görə sinergetika
insanın və təbiətin təkamülünün yeni
zamana uyğun təkamül formasıdır” (Kornienko N.).
XXI əsrin hadisələri və proseslərin yeni məcrası
aşkarladı ki, sinergetika – müxtəlif enerji
qaynaqlarından faydalanma teatr sənətindən ötrü
çox vacibdir.
Sinergetika getdikcə təbiət və humanitar elmlərin
resurslarının birləşdirilməsini tələb edir. Çünki
daim inkişafda olan, dəyişən insanın və cəmiyyətin
öyrənilməsi son dərəcə mürəkkəb məsələdir.
Son dövrün hadisələrinə nəzər salarkən bir daha əmin olmaq olar ki, qapalı sistemlər səmərəli deyil. Onların entropiya gücü çox böyükdür. Qapalı sistemlər prosesləri məhdudlaşdırır və ona görə də teatr sənətindən ötrü qeyri-produktivdir. Zaman-məkan sənət növü olan teatr sənəti yalnız və yalnız açıq sistemdə səmərəli fəaliyyət göstərə bilər. Müstəqillik dövrü teatrşünaslıq elmində “həyat qabiliyyətli, inkişafda olan bədii sistemlərin öyrənilməsi üçün yararsız olan metodlardan istifadə olunur. Onların (bu metodların – K.Ə.) qapalılığı müəyyənlik, obyektivlik tələbləri ilə təmin olunur. Ənənəvi paradiqmanın belə sərt kriteriyaları elmi çıxılmaz duruma salır. Halbuki açıq sistemləri araşdıran elmlər predmətə uyğun olaraq, qeyri-müəyyənlik, nisbilik kimi tələblərə cavab verməlidir. Bu keyfiyyətlər birölçülü, düzxətli, sərt binar təfəkkürə söykənən metodologiyanın mövcudluğu şəraitində meydana çıxa bilməz. Qarşıdurmanın həlli üçün həmişə bir qədər kənarlaşmış mövqe lazımdır. Bu cür mövqe inkişafa xidmət edən kompromisin ölçüsünü təyin edir” (Barantsev R.).
Yekun olaraq, qeyd etmək istəyirəmki, anoxronizm teatrşünaslıq elmi üçün olduqca təhlükəli və qəbulolunmazdır. Fikirlərim gənclik maksimalizmi kimi qarşılana bilər, amma düşünürəm ki, bu gün Azərbaycan teatrşünaslıq elmi yerində saymamalı, zamanla ayaqlaşa bilmək, teatr prosesinə təsir gücünü bərpa etmək üçün dünya təcrübəsindən yararlanmağı bacarmalıdır.
Ümid edirəm ki, XXI əsrdə Azərbaycan teatrşünaslığı dövrün çağırışlarına həssas olub, yeni, qeyri-klassik üsul və metodlardan yararlanmaqla çağdaş dövrün tələbləri səviyyəsinə yüksəlməyə nail olacaq.
Könül Əliyeva
Teatrşünas
Kaspi.-2014.-2 may.-S.11.