Ağaxan Salmanlı: “Milli
teatrımız öz simasını tam olaraq hələ
tapmayıb”
“Gün
kimi aydındır ki,
kinomuz bərbad hala düşüb, təcrübəli sənətkarlar
fəaliyyətsiz qalıblar”
Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və rast gələrkən sevinməlidir. Bu günkü müsahibim də 50 ildir ki, səhnədə fəaliyyət göstərən, öz dəsti-xətti, yaradıcılıq yolu ilə digər aktyorlardan seçilən xalq artisti, prezident mükafatçısı Ağaxan Salmanlıdır.
Ağaxan müəllim, 73 yaşının olmasına baxmayaraq sosial şəbəkələrdə kifayət qədər aktivdir. Teatrda onu hər zaman gənclərin əhatəsində görürük. Bol enerjili, şən xalq artistinə yaşlı nəslin nümayəndəsi deməyə adamın dili gəlmir.
Ağaxan Salmanlı söhbətimizdə ona ünvanlandığımız sualları səbrlə cavablandıraraq, maraqlı açıqlamalar verdi.
İrad tutmaq yersizdir
- Sizcə, Ağaxan müəllim sənətdə öz sözünü istədiyi şəkildə deyə bilibmi?
- Əlbəttə, bu sənətdə sözümü 50 il əvvəl demişəm. Sonralar da zaman-zaman bunu obrazlarımla təsdiqləmişəm. Belə ki, zaman- zaman Cəfər Cabbarlı (“Aydınlığa döğru”-1965), Romeo (“Romeo və Cülyetta2-1966), Artur (“Ovod”-1970), Dinar (“Yadındamı”-1976), Səməd (“Sən nə üçün yaşayırsan”-1980), Kəblə Mirzalı (“Danabaş kəndinin məktəbi”-1983) Doktor (“Yuxulama”-1988), Filibert (“Məzəli hadisə”-2004), Doktor Bayram (“Ordan-burdan”-1986), Balakərim (“Ağ dəvə”-2006), Məcid (“Dələduz”-2009), Fecin (“Oliver Tvist”-2010) və sair obrazlar yaratmışam. Xronika göstərir ki, aktyor daim özünü təsdiqləməklə gündəmdə qalır, əks təqdirdə canlı sənətlə məşğul olduğu üçün unudula bilər.
- Sizi son zamanlar televiziya verilişlərində
ekspert kimi tez-tez görürük. Mətbuatda isə sənət adamlarının ekspert kimi çıxışı
qınanılmaqdadır. Buna münasibətiniz necədir?
- Düzünü desəm mətbuatın qınağına
rast gəlməmişəm,
lakin onu deyərdim ki, ekspertlər məhkəmə
nümayəndələri deyil,
onlar məsləhətçi
kimi öz həyat təcrübələri
ilə, bildikləri və düşündükləri
ilə bölüşür,
məsləhətlər verirlər.
Onların dediklərini qanun
kimi qəbul etmək, irad tutmaq yersizdir. Xoşun gəlir, ağlına batırsa əməl elə, xoşun gəlmir eləmə.
Hər halda bir insan kiminsə
taleyinə görə
narahat olursa onun bu narahatlığına
“çox sağ
ol” düşür.
- Teatr aləmi aktyordan çox böyük fədakarlıq tələb
edir. Bu gün
canını, ömrünü
teatra fəda edən aktyorlarımız
varmı?
- Bütün aktyorlar həyatını qurban verib deyərdim - ən aşağı maddi durumda olan
insanların fədakarlığını
görməmək mümkünsüzdür.
Bu gün sənətdə
kim çalışırsa,
böyükdən-kiçiyə, kiçikdən-böyüyə hamını fədakar saymaq olar.
Tamaşa
zalının boşluğu
aktyor üçün
fəlakətdir
- Yəqin ki, vaxtaşırı Azərbaycanın digər
teatrlarında hazırlanan
tamaşalara gedirsiniz.
Tək Gənc Tamaşaçılar Teatrı
deyil, bütün Azərbaycan teatrının
hazırkı durumunu necə təhlil edərdiniz?
- Bütün teatrların repertuarı ilə yaxından tanışam. Kəsə desəm, hələ milli teatrımız öz simasını tam olaraq tapmayıb. Deməzdim ki, bu yöndə
də axtarışlar
fəal gedir. Bütün teatrlar məlum standartlarla işləyir.
Bəzən milli teatr ənənələrinə köklənən
tamaşalar yaransa da axıra qədər
gedilmir, davamlı olmur. Zaman keçirsə də
yenə unudulur. Dünya teatrı içərisində
öz yerini tutmaq çox mürəkkəb işdir.
Bu işi xüsusi
institut işləməlidir.
Misalçün götürək hind filmlərini. Onlara demək
olmaz ki, hind kinolarının hamısı
sənət nümunələridir.
Həmin
filmlərin içərisində
elələri var ki, çox primitivdir. Lakin, hind filmidir - bunu
danmaq olmaz. Teatr sənətinin daim hərəkətdə, dəyişməkdə,
inkişafda olduğunu
nəzərə alsaq
aktyorluq məktəbi
də daim dəyişir. Teatr sənəti
canlıdır - buna görə də zaman faktoru əsasdır.
Teatr sənəti sintetikdir - bu səbəbdən başqa sənət növlərindəki dəyişikliklərdən
xəbəri olmalı,
istifadə etməlidir.
Ən əsası isə teatrda əsas dramaturgiyadır ki, vacib, təxirəsalınmaz
problemlərdən söz
açmalıdır. Belə olsa, əlbəttə, teatrlarımıza tamaşaçı
üz tutar. Ancaq təəssüflər olsun
ki, çox vaxt konservatizm bütün bunlara mane olur.
- Sizcə, tamaşaçı bu gün teatra gəlib nə tapacaq, nə qazanacaq, gənclik ondan nə götürəcək?
Ümumiyyətlə, nə isə
tapacaqmı?
- Tamaşadan həmişə
ibrətli, həyat üçün gərəkli,
dəyərli bir fikir götürmək mümkündür. Gərəkdir ki, həvəsi, istəyi olan tamaşaçı olsun.
Tamaşaçı incəsənətə mənəvi ehtiyac kimi yanaşsa, çörəyə-suya olan
ehtiyac kimi qəbul etsə, incəsənəti də
məişət qayğıları
siyahısına daxil etsə, bu halda
tamaşa zalı heç vaxt boş qalmaz. Məişət qayğıları bitib-tükənən deyil.
Həyatını təkcə məişət
qayğılarına həsr
edən insan, mənəviyyatdan geri qalar. Belə halda ona teatr da gərəksiz
olur. Tamaşa zalının boşluğu
aktyor üçün
fəlakətdir. Sıxıntıdır...
Susuz akvariumdur...
- Vaxtilə Xalq Teatrları fəaliyyət
göstərirdi. Həvəskarlar bu teatrlarda formalaşıb daha sonra böyük səhnələrə çıxardılar.
İndi Xalq Teatrlarından əsər-əlamət qalmayıb.
- Bəli, vaxtilə belə olub. Zaman keçib, dövran dəyişib, həmin üsuldan bərk yapışıb qalan deyilik ki? Həmin Xalq Teatrlarının böyük xidməti var idi. Aktyorluq sənətinin başlanğıc
məkanı kimi dəyərli idi. Oradan ali
məktəblərə çoxsayda
gənclər gedir və daha da
dərindən sənətə
yiyələnirdilər. Bu gün üsul dəyişib. Çoxlu sayda
və məzmunda müsabiqələr, festivallar
və sairələr keçirilir ki, bunlar həmin məqsədə xidmət
edirlər. Yəni, gənc
istedadlara incəsənətin
müxtəlif sahələrində
xüsusi diqqət verilir ki, bu
tədbirlər əvvəlkindən
daha effektli olmalıdır. Bir çox
uğurlu nəticələrin
də şahidi oluruq. Gənc rejissorlara meydan
açılıb. Aktyorlar müxtəlif
teatrların səhnələrində
oyununu nümayiş etdirə bilir. Məsələn, Mingəçevir Dram Teatrında nəvəm Ləman Salmanlıya şərait yaradıldı.
“Tıq-tıq xanım” tamaşasının
tərtibatını hazırladı
və nəticəsi də uğurlu oldu. Bunu 18 yaşlı gənc
rəssamın ilk teatr
debütü saymaq olar. Belə faktlar çoxdur,
aktyorluqda, rejissorluqda,
gənc rəssamların
işlərinin sərgilənməsində,
musiqi sahəsində,
hər sahədə.
Sadəcə forma dəyişib. Gileyə yer yoxdur.
- Necə bilirsiniz, Azərbaycan kinosunun hazırkı vəziyyəti ilə bağlı deyilənlər,
yazılan tənqidlər
həqiqətdirmi?
- Düşünürəm ki,
kino sənətinə
xüsusi diqqət ayrılmalıdır. Çox böyük
həcmdə maliyyə
xərcləri tələb
edir. Kimisə qınamaq, irad tutmaq ,yazılanları təsdiqləmək
məncə düzgün
olmaz. Danışanda dəlil-sübutla danışmaq lazımdır.
Əks təqdirdə şayiə
olar. Ona görə də
yazılanlar barədə
bir söz deməyə haqqım yoxdur. Lakin, gün kimi
aydındır ki, kinomuz bərbad hala düşüb, təcrübəli sənətkarlar
fəaliyyətsiz qalıblar.
Halbuki, inkişaf etmək istəyiriksə, paralel olaraq çoxlu sayda çəkilişlər
getməlidir, rəqabət
yaranmalıdır - onda
inkişaf olar, uğur olar. Tək-tük uğurlu filmlər
yaransa belə, ardıcıl olmadığından
növbəti uğura
qədər unudulur.
Onu xüsusi qeyd etməliyəm ki, kinoya ən böyük zərbəni
kinonun prokatının
olmaması vurub.
Kinonun nümayişi, satışı
üçün kino-teatrlar
bütün respublikada
repressiyaya uğrayıb.
Yaxşı bəs çəkilən
bu filmlər harada içıq üzü görsün?
Xəyalə Rəis
Teatrşünas
Kaspi.-2014.-2 may.-S.12.