Özümü heyvanlarla xoşbəxt hiss edirəm” – Sadə peşə adamı

 

Samir Məmmədov: “Emu dəvəquşularının balalarıyla o qədər çox vaxt keçirirdim ki, məni anaları bilirdilər”

 

Yəqin ki, Bakı Heyvanat Parkında olarkən daim heyvanlarla, xüsusilə də quşlarla maraqlanan, onların qayğısını çəkən, hətta yırtıcıları belə nazlayan gənc oğlan diqqətinizi çəkib. Bu gənc artıq 7 ildir ki, yay, qış bilmədən vaxtının çoxunu əlləri ilə bəslədiyi quşlarla keçirir. O, yırtıcı quşlarla o qədər səmimi münasibət qurub ki, hətta insanların kənardan belə baxanda qorxduğu qartala sığal çəkə bilir. Həm heyvanların qayğısına qalan, həm də “çörəyini” onlardan çıxaran Bakı Heyvanat Parkının əməkdaşı Samir Məmmədovla tanış olaq...

 

Sanki, başqa aləmdəyəm”

 

Söhbət əsnasında məlum oldu ki, Samirin əsl peşəsi video-operatordur. Lakin, təhsilini bitirən kimi Bakı Heyvanat Parkında könüllü kimi çalışmağa başlayıb: “Uşaqlıqdan heyvanları çox sevirdim. Hətta evimizdə də heyvan saxlayırdım. Heyvanlarla vaxt keçirmək mənim hobbimə çevrilmişdi. Onların necə bəsləndiklərini, necə xəstələndiklərini, sağaldıqlarını, nə istədiklərini bilmək istəyirdim. Ümumiyyətlə, heyvanlar haqqında oxumaq mənə zövq verirdi. Sənətimlə əlaqəsi olmasa da, liseyi bitirdikdən sonra heyvan mütəxəssisi olmağı qarşıma məqsəd qoydum və təmənnasız olaraq zooparkda çalışmağa başladım”. 3 ilə bu işi dərindən öyrəndiyini deyən 27 yaşlı müsahibimizin sözlərinə görə, heyvanlarla işlədikdə, əsəb və stresdən uzaq olur: “Sağlamlığım mənim üçün hər şeydən üstündür. Burada maddi cəhətdən çox qazanmasam da, mənəvi cəhətdən qazandıqlarım əvəzsizdir. Çünki, heyvanların yanında olduğum müddətdə əsəb də, stress də məndən uzaq olur. Sanki özümü başqa aləmdə hiss edirəm. Quşlara qayğı göstərdikdə, onların qarnını doydurduqda aldığım həzzi heç nədən ala bilmirəm”.

 

Heyvanlarla ünsiyyət qururam

 

İşinin xüsusiyyətlərindən danışan həmsöhbətimiz deyir ki, quşlarla işləmək çox çətindir. Onun sözlərinə görə, quşların da özünəməxsus dili varbunu anlamaq lazımdır: “Mən burada nadir növ quşların, yırtıcı quşların, gəmiricilərin artırılmasına kömək edirəm. Məsələn, burada Emu dəvəquşuları var ki, uzun müddətdir onlardan bala ala bilmirdik. Amma onun xüsusiyyətlərini incələyib araşdırdıqdan sonra, elə bir şərait qurduq ki, 4 dəfə bala aldıq. Vəhşi heyvanlarla işləmək o qədər də çətin deyil, çünki, onlar rahat yeyir və böyüyürlər. Quşlar isə çox həssasdır. Onları parka adaptasiya etmək, verdiyimiz yemlərə öyrəşdirmək çox çətindir. Quşları anlamadan zəbt etmək mümkün deyil, baxışları ilə insanı elə gözəl başa salırlar ki, nə istədiklərini başa düşə bilirsən. Uzun müddətdir burada işlədiyimdən heyvanlarla ünsiyyət qura bilirəm. Onların hərəkətlərindən, baxışlarından haraları ağrıdığını duyur və fikirlərimi həkimimizə çatdırıram. Əksər vaxtlarda da yanılmıram”.

 

“Dəvəquşunun balaları məni anası bilirdi

 

Sənətinin sirlərini bizə açıqlayan gənc heyvansevər deyir ki, heyvanları sevməsən, onlarla çalışa bilməzsən: “Heyvanlarla işləmək üçün gözəl psixoloq olmaq lazımdır. Məsələn, heyvanı yedizdirmək üçün qəfəsə girəndə əvvəlcədən bilməlisən ki, o, sənə təhlükə yaradacaq, ya yox. İkincisi, heyvanlarla işləyən adam məsuliyyətli olmalıdır. Bilirsən ki, bu heyvanlar səndən qida gözləyir və sənə möhtacdırlar. Çünki sən qidalandırmasan, onlar ac qalacaqlar. Mən hətta istirahət günlərimdə belə evdə qala bilmirəm, zooparka gəlirəm. Çünki, heyvanlarımı başqasına əmanət edib gedə bilmirəm, fikrim onların yanında olur. Düzdür, burada bütün heyvanlar öz qaydasında yedizdirilir, içizdirilir. Lakin, mən rahat ola bilmirəm. İstəyirəm ki, heyvanlar mənim əlimdən yesin. Üçüncüsü isə, bu işi sevməsən, heç vaxt burada çalışa bilməzsən. Ən tənbəl insan belə əgər heyvanı sevirsə, mütləq səhər tezdən ona yem vermək üçün bura gəlir”.

 

Samir heyvanlara, xüsusilə quşlara o qədər doğma münasibət göstərir ki, dəvəquşunun balaları böyüyənə qədər həmsöhbətimizi anası bilirmiş: “Emu dəvəquşundan bala aldıqdan sonra onlarla o qədər çox vaxt keçirirdim ki, məni anaları bilirdilər. Hətta uzun müddət mən yanlarında olmasam yemək yemirdilər. Onları əllərimlə yedirdib, qayğı göstərdikdən sonra yeməklərini yeyib əylənirdilər”.

 

Dəvəquşu dondurma yeyir?

 

Heyvanlarla aralarında duyğusal bağlılıq olduğunu deyən müsahibimizin sözlərinə görə, onlarla işləmək tikintidə çalışmaqdan dəfələrlə çətindir: “Heyvan saxlayarkən onunla insan arasında duyğusal bağlılıq olur. Sanki o da öz doğmalarından biridir. Burada hansısa heyvan tələf olanda, mən uzun müddət özümə gələ bilmirəm. Tikintidə daş daşıyanların işi bizdəkindən dəfələrlə asandır. Biz xəstə də olsaq, bura gəlməyə məcburuq. İcazə almaq yoxdur. Çünki bu heyvandır, canlıdır, onun qidalanması, yaşaması səndən asılıdır. Bəzi insanlar elə bilir ki, heyvanı yedizdirib, içdirib getməklə hər şey bitir. Bizə işləmək üçün könüllülər gəlir. Lakin eləsi olur ki, bir aydan sonra heyvanların qoxusuna dözə bilmirgedir”.

 

Buradakı tək çətinliklərinin parka gələn ziyarətçilərlə bağlı olduğunu deyən həmsöhbətimiz insanların heyvanlara əziyyət verməsindən şikayətləndi. Onun sözlərinə görə, bəzi ziyarətçilər heyvanları istədiyi yemlə yedirdirlər və nəticədə onların qida rasionlarını pozurlar: “Zooparka gələn bəzi insanlar heyvanlarımıza əziyyət edirlər. Məsələn, yayda dəvəquşuna dondurma verərək onun qida rasionunu dəyişirlər, sonra da internetdə yazırlar ki, dəvəquşu acından dondurma yeyir. Yaxud heyvanları, xüsusilə də meymunları o qədər qəzəbləndirirlər ki, onlar da özlərini setkaya çırpıb yaralayırlar. Quşlar o qədər zərif heyvandır ki, adi kletkanı döyəndə ürəyi partlayıb ölə bilər. Bizim nə qədər heyvanımız tələf olur, onları yaranda görürük ki, sellofankulok” yedirdiblər. Biz də birtəhər həm heyvanları insanlardan, həm də insanları heyvanlardan qoruyuruq”.

 

Bakı Heyvanat Parkında başına gələn maraqlı hadisələrdən danışan müsahibimiz deyir ki, zooparkda ən çox qorxduğu heyvan canavarlar, şirlər və ayılardır: “Heyvan səni nə qədər çox sevsə də, nəyisə düz etməyəndə, hər an hücum edə bilər. O qədər öyrəşmişik ki, qartal üstümüzə cumur, cırmaq atır, dəvəquşu təpik vurur, ilan dişləyir. Bunlar bizə qəribə gəlmir. Nə lazımdır tədbir görürük, yaramızı bağlayırıq, keçib gedir, qorxmuruq, elə hesab edirik ki, yıxıldıq, qolumuz cızıldı”.

 

Heyvanlarla işləməyin onun həyat tərzinə çevrildiyini söyləyən müsahibimiz deyir ki, buradan beş dəfə artıq yüksək maaşlı yerdən təklif gəlsə belə, heyvanlarını atıb gedə bilməz: “Həyatımın sonuna qədər Heyvanat Parkı haradadırsa, mənim həyatım da orada olacaq. Çünki, özümü heyvanlara birlikdə xoşbəxt hiss edirəm”.

 

Aygün ƏZİZ

Kaspi.-2014.-2 may.-S.20.