BORC (hekayə)
Şəfəq
Nasir
Nemət müəllim buxarının qabağındakı təkərli kürsüyə yayxanıb gündəlik poçtu nəzərdən keçirirdi. Bu zaman qəzet-jurnalların arasından bükülü bir kağız yerə düşdü. Qaldırıb baxdı. Teleqramdı. Açıb oxudu: “Nemət, oğul, səni görmək istəyirəm. Üzümüzə gələn şənbə-bazar yolunu gözləyəcəyəm. Anan Səltənət”. Başını buladı: “İlin-günün bu vaxtında, deyən arvadın kefi gəlib”. Orta evdən qızı səsləndi:
– Pap, podnimi tam trubku, dyadya Qumbat prosit tebya!
Nemət müəllim dəstəyi qaldırdı:
– Hə, eşidirəm, xeyir ola?
– Xeyirdi. Şənbə günü balıq ovuna gedirik, nə deyirsən?
– Gedərdim, amma banketimiz var. Özü də institutun müəllimləri tamadalığı boynuma qoyublar.
– Həə, sənnən ötdü... mənə bax, yaxşı yadıma düşdü, anamızdan teleqram almışam. Yazır ki, “Hümbət, oğul, səni görmək istəyirəm, üzümüzə gələn şənbə-bazar yolunu gözləyəcəyəm”.
Nemət müəllim təəccübləndi:
– İşə bax ey, toçnu elə məzmunda teleqram mənə də göndərib.
Dəstəkdə Hümbətin xırıltılı səsi eşidildi:
– Deyəsən, qocalanda o söz... elə
dizinin dibində adam istiyir. Deyən gərəkdi ki, ay arvad, indi bekar adam
vaar? Maşını dörd yüz kilometr qov
ki, nə var, nə var, gəlmişəm səni görməyə.
– Həə,
elə mən də o cür düşünürəm. Əşşi, işində ol, ovundan qalma.
–
Yaxşı, xudahafiz...
Nemət
müəllim dəstəyi asıb, oturduğu yerdəcə
başını yana əyib gözlərini
yumdu. Beş-on dəqiqə keçməmiş
qızının cır səsinə diksindi:
– Pap,
podnimi tam trubku, dyadya Xikmet prosit tebya!
Nemət
müəllim dəstəyi qaldırdı:
– Hə,
eşidirəm.
–
Qardaş, salam, işinnən eləmədim
ki?
–
Buxarının qabağında təzəcə
gözümün çimirini alırdım ki, sən də
bu yannan bannadın. – Kəsik-kəsik güldü. – Nədi,
qoymazsan istirahətimizi eliyək?
– Suliddin
qoysa eliyərik istirahəti.
Nemət
oturduğu yerində dikəldi:
– Neyniyib
Suliddin?
– Evlənmək
istəyir. İki ayağını dirıyib
bir başmağa ki, şənbə günü elçi
gedin. Deyir, sən, bir də üç əmim
getsə bəsdi. Ha fikrindən yayındırıram,
olmur. Özünüz bilin, deyir, getməsəniz
götürüb qaçaram.
–
Küçüyün nə vaxtıdı? İnstituta
təzəcə qoymuşuq ki. İndi həvəsiyir.
Bir yanı ayazda qalanda xəbər alaram. Arvad saxlamaq hasanddı bəyəm? Dirə ağzını daşdığa.
– Diriyirəm, vallah, beyninə
batmır. Gözü qızıf... Amma bilirsən
nə var, qızdan da keçməli döyül. Orduxanovun qızıdı.
Hümmət
müəllim yerindən sıçradı!
– Nə
danışırsan, ministr Orduxanov?
– Hə,
hə!
– Sağ
ol səni Suliddin! Deməli qıznan
alışıb-verişiblər, həəmi?
– Bir
kursda oxuyurlar, kəsmət kəsiblər. Deyif
ki, ailəmizin bircəsiyəm, kimə istəsəm, papam ona
da verəcək.
Nemət
müəllim otaqda gəzişərək qardaşına
tapşırıqlarını verdi:
– Sən
belə elə. Elçiliyi sal bazara. Şənbə günü vacib işim var. Hümmətə,
Rüfətə də xəbər elə. Yığışaq sizə, gedək. Uşağın ürəyini sındırma.
Atalar nahaq demiyif ha, tez evlənənnən tez oyanan uduzmaz! Oldumu?
– Baş
üstə, qardaş... Hə, yadıma düşmüşkən,
indicə kənddən teleqram almışam, anam yazıb ki...
– Saxla,
saxla görüm. Xəbərim var, mən də
almışam. Onu qatda qoy bir qırağa,
görmürsən, onnan vacib işlər çıxıb
ortaya.
Hikmət də uzatmadı.
–
Yaxşı, hələlik, zəngləşərik.
–
Xudahafiz.
... Şəfiqə Səltənət ananın
çarpayısı qarşısında dizi üstə
çökmüşdü.
– Səltənət
xala, sən Allah başını dikəlt, əvəlikli
umacdan bir az içirdim sənə. Soyuqdəymənin qənimidi. Heç
bilirsən sinən necə yumşalacaq.
Arvad qırıq-qırıq öskürürdü.
–
İştaham çəkmir, bala, elə bil dolu istikannan yağ içmişəm, ürəyim
bulanır. Başım da gicəllənir.
– Gözlərini açıb, səssizcə bayırı
dinşədi. – Ay qızım, pəncərədən boylan,
deyəsən darvazanı taqqıldadırlar. Uşaqlar
olar.
Şəfiqə ananı sakitləşdirdi.
–
Taqqıldatmırlar, Səltənət xala, bayırda yaman
külək əsir, elə bil tufandı.
Arvad təzədən gözlərini yumdu. Xırıltılı səslə
dodaqaltı pıçıldadı:
– Niyə
gəlmədilər görən. – Başını qıza
sarı çevirdi. – Qızım, Şəfiqə, bəlkə
teleqramı almadılar uşaqlar? Azmı elə
işlər olur. Sonbeşiyimin toyu olanda
maa teleqram yollamışdılar. Paştalyon Bilal kişi on günnən soora kağızı gətidi.
Deyirəm, bəlkə bu da heylə bir işdi.
Şəfiqə
tez-tələsik arvadın sözünü təsdiqlədi:
– Olar,
olar, Səltənət xala. Heç bilirsən
indi Bakıda havalar necə soyuq keçir? Dünən radioda öz qulağımnan eşitdim
ki, yollar buz bağlayıb, gediş-gəliş çətinləşib.
Məktəbləri də bağlayıblar.
Yəqin elə oranın da Bilal əmi kimi
paştalyonu var, soyuğun, şaxtanın qorxusunnan bayıra
çıxmır.
Səltənət
xala qonşu qızın sözlərindən toxtaqlıq
tapmış kimi dərindən nəfəs aldı:
– Heylədi
bala, tay bunnan savayı nə ola bilər? Özüm də radyoda eşitmişəm ki,
gediş-gəlişi kəsiflər. Məhtəvləri
bağlıyan, elə Bakıynan Qaralar kəndinin yolun da
bağlıyar. – Təzədən qıza sarı
çöndü: – Ay qızım, sən o teleqramnan
dördünə də yollladınmı?
–
Yollamışam, ay xala, yollamışam.
– Hə,
onda gec-tez gələllər. Heylə şey
olarmı ki, anaları xəbər yollasın, oğullar saya
salmasın? Bir vaxtlar üstümdə nətəər
dava eliyirdilər: o deyirdi, anam mənim yanımda qalsın, bu
biri deyirdi yox, mənim yanımda qalajax. İndi həmən
oğullardı, dana... Bilirəm,
yollar açılan təki oğlanlarım qaranquş
balaları kimi tökülüşüb gələjəhlər.
Ana ürəyidi də, ay qızım, görmək istiyirəm,
ölüm-itim dünyasıdı, bilmək olmaz...
Öskürək arvadı boğurdu, sinəsi
xırıldaya-xırıldaya xeyli öskürüb
özünə gəldi. Ananın gözləri
uzaqlara dikildi. Çinar boylu oğlanları gözlərinin
qabağına gəldi...
Nemət
eynəyinin üstündən anasına nəzər saldı:
– Nədi,
ay ana, sözlü adama oxşuyursan.
– Elə
bir sözüm yoxdu, ay oğul.
– Yenə
olsun, görürəm axı, narahatsan.
Səltənət xala oğluna yaxın oturdu.
– Ay
oğul, deyirəm, əyəm rüsxət verseydin, bir
beş-on gün Rüfət gilə də əl tutardım. Gəlin qalıf südəmər ekizlərin əlində,
köməyi yoxdu.
İstədi
desin ki, gündüz gəlin telefonla ona o ki, var töhmətli
sözlər yağdırıb. Nə bilim, bizə
yanmırsan, əl tutmursan... amma demədi. “Qoy bilməsin,
qardaşların arasında inciklik düşər”, - deyə
fikirləşdi.
Nemət müəllim gözucu arvadına baxdı. Gülzar
xanımın qaşları düyülmüşdü.
Kişi arvadının üz-gözündən
fikrini oxudu.
–
Sözüm yoxdu, ay ana, amma hələ sənin bizə
köməyin çox lazımdı. Uşaqlar məktəbdən
gələndə gərək evdə adam
olsun, yedirdib-içirtsin. Nəvələrini ki
tanıyırsan, hər şeyi bəyənib yeyən deyillər,
üstəlik özlərinə çay süzməyə də
tənbəldilər. Sən o klassik yeməklərinnən
bala-bala bişir yesinnər. Gülzar da səhər
gedif axşam gəlir. Bir yannan da əlində elmi
işi, heç insafdımı belə vaxtda onu meydanda tək
qoyasan...
Bu yerdə Səltənət xala söz tapmayıb,
kirimişcə durdu. Amma bir azdan ikinci gəlininin tikanlı-tənəli
sözləri yadına düşəndə canına qor
dolmuş kimi narahat-narahat yerində qurcuxdu. Oğlu anasının
nigarançılığını duyub, mətləbi
anladı.
– Görürəm Hümmətin arvadına
yazığın gəlir. Özün bil, elə
bilərsən ki, onlara kömək etməyinə
narazıyam, yox. Fikirləşirəm, bəlkə
burda günün xoş keçmir? Çünki,
onun arvadı hər necə olsa bütün günü evdədi.
İş-gücünə vaxt çatdıra
bilər.
Hələ
də qaşlarının düyünü açılmayan
Gülzar xanım dodaqlarını büzdü:
–
Zaşitam qurtarandan sonra ana istiyir lap həmişəlik
köçsün onlara, mənə uzağı bir-iki il lazımdı.
Ananın ürəyi sancdı. İçində küt bir
ağrı hiss etdi. Amma bunu büruzə verməyib,
təmkinini saxladı.
Nemət ayağa qalxdı.
– Ana,
ürəyinə xal düşməsin, deyirəm, lap bir ay
get qal Hümbətgildə. Bir azdan Hikmətə
də lazım olacaqsan, bu gün-sabah onun da arvadı
yükünü yerə qoyacaq. Amma imkan
tapan kimi özünü yetir bizə. Yayda
da ora-bura çox gedirik. – Nemət
danışa-danışa gözləriylə dolu evə
işarə etdi. – Belə cah-cəlalı yiyəsız qoymaq
olmaz. Tak çto, Gülzar xanım, ana bizə
hələ çox lazım olacaq.
Səltənət ananın elə bil üstündən
dağ götürüldü. Əli körpəli gəlninin
töhmətindən qurtaracağına sevindi...
– Xala, səni,
bax, bu moruq mürəbbəsiynən sağaldacam. Öz meşəmizin moruğudu.
Səltənət xala titrək, əsməcəli əliylə
qızın başına sığal çəkdi.
– Bala,
Allah sənin qabağına elə bir halal süd əmmiş
çıxartsın ki, ömrü boyu bir-birinizə can deyib,
can eşidəsiiz.
– Sağ
ol, ay Səltənət xala... Üçüncü
kurs müalicəni qurtarandan sonra özün təsirini
görəssən. Şükür, indi
yaxşısan, qabaq heç dikələ bilmirdin.
–Ay bala,
bir qapıya çıx gör, deyən darvazanı
taqqıldadırlar.
– Heç kim yoxdu, ay xala, külək qapını
çırpır.
– Hə,
deyirəm axı... Şəfiqə, bala, radyoda
nə deyillər? Bakıynan Qaraların
yolunu açmıyıflar ki? Gediş-gəliş
nə vaxt düzələjək?
Şəfiqə
pəncərədən bayıra boylandı:
– Hələ
şaxtadı, yolların buzu açılmayıb. Darıxma, ay xala, beş-on günə havalar
açılan təki oğlanların gələcək.
Arvad təzədən yerinə üzanıb, bərk-bərk
yorğana büründü.
– Allah
ağzınnan eşitsin, sən deyən olsun. A
qızım, götür bir teleqram da yolla ki, havalar
açılan təki gəlsinnər görüşək.
Amma azarrı olduğumu yazma, narahat olallar.
Şəfiqə
hirsindən boğula-boğula qələm-kağız
götürüb yazdı: “Ananız ağır xəstədi,
heç insafınız yoxdumu?” Sonra Səltənət xalaya
sarı çevrildi:
– Səltənət
xala, indicə poçta dəyib qayıdıram...
Nemət müəllim telefonun aramsız zənginə
gözlərini açdı. Əlini uzadaraq,
dolabın üstündən aparatı dəstəkqarışıq
götürüb, sinəsinin üstünə qoydu.
– Bəli,
eşidirəm.
–
Qardaş, sabahın xeyir.
– Aqibətin
xeyir, beş də artıq. Gün
çırtdamamış yenə noolub?
–
Bugünkü qəzetlərə baxmısan?
– Yerimnən
qalxmışam ki, nə var orda?
– Dünənki
plenumun materiallarını veriblər. Orduxanov
çıxışında düz bir abzas sizin institutun
işindən danışıb. Görülən
işlərin səmərəsini qeyd edib. Bütün bunlarda sənin çox zəhmət
çəkdiyini deyib, iki yerdə adını xüsusi
çəkib.
Nemət müəllim yerindən sıçradı.
– Yox əşi,
səni xeyir xəbər olasan! Əhsən sənə,
Suliddin, kəndirimizi etibarlı yerə bağladın. Əmisi də ona əla sürpriz edəcək.
Ayrı nə var, nə yox?
–
Sağlığın... Hə, axşam kənddən
yenə bir teleqram almışam. Gör nə
yazıblar: “Ananız ağır xəstədi, heç
insafınız yoxdumu?”
–
Poçtu götürməmişik, yəqin mənə də
göndərib... Sən belə elə,
bazarda-zadda yığılın gəlin bizə, görək
neynirik.
...
Qardaşlar çox götür-qoy etdilər, amma bir qərara
gələ bilmədilər, Nemət dedi:
– Daha
keçib, bir adam lazımdı ona qulluq eləsin.
Baxın görün də, gərək gətirib
sağalanacan yanınızda saxlayasınız. – Nemət
Rüfətə sarı çevrildi:
– Kakraz sənin
arvadın həkimdi, müalicə eliyər.
Rüfət
peysərini qaşıdı:
– Mən
bir söz demirəm, amma Zema səhər gedib, axşam
qayıdır, ona kim qulluq eliyəcək? Bəlkə Hikmət yanına gətirsin? Evi də dənizə yaxındı.
Hikmət
də ağzını sürüdü:
– Nə
bilim, çətin ağlım kəsir ki, bizim evdə
rahatlıq tapa. Dənizdən qalxan neftin,
çirkabın iyi evimizin içindədi.
Nemət
bu dəfə Hümbətə üz tutdu:
– Sizdə
də pis olmaz ha...
– Vallah,
indi bir söz deyə bilmərəm, gərək evdə Seva
ilə məsləhətləşəm.
– Sən də get fikirləş.
Yaxşı, bəs indi biz neyniyək?
Telefon zəhg çaldı. Nemət dəstəyi
qaldırdı.
– Alo, eşidirəm, buyurun.
– Danışan Səltənət xalanın
qonşusu Şəfiqədi. Bir saat əvvəl Səltənət
xalanı gətirdim xəstəxanaya, evinizlə üzbəüz
xəstəxanaya. Elə çatan kimi...
Kaspi.-2014.-3-5 may.-S.23.