Ağıllı dəlilik
Bilmirəm, nədənsə kitabın adı
diqqətimi daha çox çəkdi. Bir xeyli fikrə də getdim. Xəyalımdan
nələr keçdi. Elə müəlliflə
də telefon söhbətində ilk müsbət rəyim
kitabın adı ilə bağlı oldu. “Dəlicəsinə”-
bu Rəşad Məcidin yeni kitabının adıdır.
Kəsb etdiyi bir başa mənası öz
yerində, ahəngində mətləblər çoxdu.
Dəlicəsinə sevmək,
çalışmaq, istəmək, döyüşmək…Bu,
inadkarlığın zirvəsidir. Oyanası yoxdur ki... Dəlicəsinə…
Anlamaq istədiyim məqamın kulminasiya
nöqtəsidir. Uşaq vaxtı çox
tərs-yəni sözünün üstündə duran
olmuşam. Anam da buna görə həmişə
mənə “dəli balam” deyərdi. Bu əzizləməni
çox sevərdim. Sonra tələbə
vaxtı bu kəlmənin qəlb ağrıdan sahiblərini də
gördüm. İstər-istəməz
sözdən sıyrıldım, bəlkə də
xoflandım. Allah qorusun!
Amma dəlicəsinə sevməyin də,
vurulmağın da, arzulamağın da, yaşayıb
yaratmağın da nəticəsindən asılı olmayaraq
yaşam boyu öz gözəlliyi və özəlliyi var Bu,
fəda olmağı bacarmaq, seçdiyin yolun axırına
varmaq üçün sonacan çarpışmaqdır. İnadkarlıq dəlicəsinənin
can cövhəridir, tərsləşmək deyil. Məramın, məqsədin, arzun, sevdan, sevgin
yolunda bütün çətinliklərə sinə gərməkdir.
Onsuz da dünya fanidir. Bu beş
addımlıq ömür yolunu ağıllı dəliliklə
başa vurmağın - qalib gəlməyin, yaxud da fəda
olmağın şərəfli məqamı çoxdur.
Sevimli
müəllimimiz, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin
kitaba hamıdan öncə ünvanladığı fikirləri
mənim də düşüncələrimə tən gəldi:
“ Rəşadın publisistikasını təmin
edən bu kitabın əlyazması masamın üstündədir
və hiss etdiyimə görə bu kitab “ Dəlicəsinə…”
adlanacaq. Rəşad Məcid bu kitabı
başqa cür adlandırsa məndə qəribə bir xəyal
qırıqlığı yarana bilər. Çünki
kitabın bir hissəsini təşkil edəcək əsərin
sərlövhəsi- məni də bir oxucu olaraq
duyğulandıran “ Dəiıcəsinə…”
yazısı çox emosionaldır. Bu publisistik
yazı istəyində olduğun bir işə dəlicəsinə
vurulmağı tövsiyyə edir. Və
xüsusilə Vətən sevgisinə, Qarabağ uğrunda
mucadiləyə dəlicəsinə girişməyi öyrədir
bizə. Bu konteksdə dəlilik
özünün ilkin anlamından çox-çox
uzaqlaşıb sevginin, istəyin sonsuzluq
ölçüsünə çevrilir və publisistin bir
sözlə tapdığı duyğunun
böyüklüyünə, səmimiyyətinə heyran
qalırsan”.
Həqiqətən də qələm sahibinin təbiətində
səmimiyyət olanda yazdıqları da təsirli
alınır.
Oxucu da ona inanır. Rəşad
Məcid bu etibarı çoxdan qazanıb. Bir-birindən
maraqlı yazıları, kitabları, illərdir əziyyətini
dəlicəsinə çəkdiyi “525-ci qəzet”,
istedadlı gənclərə göstərdiyi qayğı, həm
baş redaktor və həm də Yazıçılar
Birliyinin katibi kimi həmkarlarına həssas münasibəti…
onun səmimiyyətindən xəbər vermirmi? Səmimiyyətin açarı da sadəlikdir.
Bu məziyyət olan yerdə böyüklük də var! Gənc
yazar Bəhruz Niftəliyevin minnətdarlıq ifadə edən
sözlərini heç unuda bilmirəm: “ Rəşad
Məciddən var ki?!” Bu rəğbəti hər
həs qazana bilmir. Məgər özündən
razı, gözlərinə lovğalıq pərdəsi
çəkilmiş baş redaktorları az
görmüşük? Atasını danıb, anasını
unudanlar o qədər ki… Mətləbdən uzaq
düşdüm. Əslində yeni nəşrlə
bağlı təəssüratlarımdan söz
açmalıyam. Həmişə də Rəşad Məciddən
yazmırıq ki… Bu səbəbdən də
onunla bağlı fikirlərimi oxucularla bölüşmək
istədim. Son illər müntəzəm oxuduğum və
böyük məmnuniyyətlə əməkdaşlıq
etdiyim üç qəzetdən biri də “525-ci qəzet”dir.
Bu qəzetin qəlibsiz olması, imzalara hörmətlə
yanaşması imkan verir ki, hər bir müəllif
özünü ifadə edə bilsin. Cahangir
müəllimin bir fikri də mənim qənaətimi əks
etdirir. Həqiqətən də “525-ci qəzet”
Rəşad Məcidin ən böyük əsəridir.
Sahmanı pozulmuş mətbuat bolluğunda – bəlkə də
çaşqınlığında özünü təsdiqləmək,
fərqlənə bilmək, vətəndaşlıq
hüququ qazanmaq, geniş oxucu və müəllif
auditoriyasına malik olmaq , düzü düz, əyrini əyri
göstərmək çətinliyinin şərəfli fəthi
, sələflərin yolunu mətanətlə davam etdirmək
– açığı bunu bütün qəzet və
jurnalların ünvanına söyləmək mümkün
deyil. Amma “525-ci qəzet” bunu çox məharətlə
bacardı. Ondan öyrənən, onunla bir sırada
addımlayan bir neçə qəzetimiz də var. Ədəbiyyat
təmayüllü qəzetlərin axsadığı bir
vaxtda bu yükü çiyninə götürən “525-ci qəzet”
yaşından asılı olmayaraq bütün şair,
yazıçı və tədqiqatçıların
tribunasına çevrildi. Gənclərə
geniş meydan verildi. Bu qəzetdən
örnək götürənlər də oldu. Məsələn,
“Kaspi” nin hər şənbə “Ədəbiyyat
əlavəsi”ni oxuculara təqdim etməsi nümunə
deyilmi? Düşünürəm ki, Rəşad
Məcidin yeni kitabı da məhz “525-ci qəzet” in
barıdır. Yeni nəşri dost və həmkar
marağı ilə vərəqlədim. Publisist
ömrünün yaşantıları bizim hər birimizin
söz uğurundakı mücadiləsinin həyatın rənglərindən
necə doğulduğunu, addımladığını, çağırışa , amala və nəhayət
dərgiyə, kitaba çevrildiyini dönə-dönə
yada saldı. Oxuyub keçmə, oxu və düşün!
Dörd bölümdən ibarət olan kitabın
“Yaşadıqlarım” adlı birinci hissəsindəki ilk
yazı- “Dəlicəsinə” futboldan-yarışda udub
–uduzandan danışır. Sətirlərin
üstü belədir. İçinin
dadı başqadır, ahəngi dərdlərimizdən yoğrulub.
Əslində, bu yazı cəmi bir vərəqdir,
amma mətləbi böyükdür, mənası dərindir.
Müəllif dərin bir inamla vurğulayır ki, Allah dəlicəsinə
istəyənlərin yanındadı! İstər-istəməz
köksümüzü yaralayan bir sualın tamlığı
pozulur: - bəs onda… Elə Rəşad Məcidin qətiyyətli
cavabı bizə müəmmalı fikirlərin
düyününü göstərir: “ Dəlicəsinə
istəsən, istəyinə çatasan! Sən-son model
maşına, sən – məşhur olmağa, sən fəxri
ada, sən- dəbdəbəli evə, sən – gözlədiyin
adama, sən – sevdiyin insana, sən -...! Siz-
arzuladığınız torpağa! Ona görə
çatmırıq ki, dəlicəsinə istəmirik!”
“57 il öncənin borcu” adlı yazı çoxunun bilmədiyi
bir məsələyə aydınlıq gətirməklə
yanaşı, yüz illərlə ikiyə
bölünmüş torpağımızın acı taleyindən
bəhs edən ibrətli hekayətdir. Mir Cəfər
Bağırovun 1941-ci il sentyabrın 15-də
İrana göndərilən soydaşımıza
tapşırır ki, əgər bizdə bir damcı Azərbaycan
qanı varsa, bölünmüş torpağımızı
birləşdirməliyik. Elə həmin ilin noyabrında
Bakıya gəlmiş Təbriz ziyalılarından həmin ahənglə
soruşur ki, hanı azərbaycanlıların məktəbi,
onların dilində qəzet, ədəbiyyat... Daha əsir
olmaq bəsdir!.. Müəllif yazır: “Bəziləri
iddia edir ki, Bağırovun belə böyük ürəklə
çalışmasının kökündə o vaxtkı Qərbi
Belorus ilə Qərbi Ukraynanın SSRİ-yə ilhaqı amili
dayanıb və o bundan ilhamlanaraq Cənubun Şimala birləşdirilməsi,
bu yolla özünün daha böyük bir respublikaya rəhbərlik
etməsi səbəbindən belə canfəşanlıq
göstərib. Hətta belə olsa da nəyi
pisdir ki? Bağırov Azərbaycanı dünya durduqca
idarə edəsi deyildi ki! Bağırovun
...mürəkkəb bir şəraitdə yorulmadan Cənubda
Milli Hökumətin qurulmasına çalışması onun
xalq qarşısında tarixi xidməti idi.” Bağırovun qaniçənliyindən,
zalımlığından dönə-dönə bəhs
edilib. Quruluşun qurbanı olan bu bədbəxt
həmişə birtərəfli təqdim edilib. Halbuki tarixi faktlar başqa həqiqətləri də
söyləyir. Düşünürəm
ki, Mir Cəfər Bağırovu olduğu kimi xalqa yenidən
çatdırmaq lazımdır. Onun portretini yaratmaq
üçün əldə kifayət qədər tarixi
faktlar var. Əgər o, məhkəmədə “
məni güllələmək azdır, şaqqalamaq gərəkdir”
etirafını edibsə, bu, çox mətləblərin
açarı olmalıydı.
Ötən
ilin yayında çoxumuzun həyatında unudulmaz izlər
salan bir hadisə baş verdi. Bakinin Bibiheybət qəsəbəsində jurnalistlər
üçün tikilmiş evin açılış mərasimi
Prezident İlham Əliyevin iştirakı ilə həyata
keçirildi. Həmin təntənəli
gündə çıxış edən Rəşad Məcidin
səmimiyyət və təşəkkür dolu ürək
sözləri hamımızı riqqətə gətirdi.
Həmin çıxışın mətninin də
kitaba salınması təkcə müəllifin deyil, bizim hər
birimizin yaşadığı sevinc və qürur hisslərini
ifadə etmək baxımından dəyərlidir.
“Gördüklərim”
bölümü müəllifin xarici ölkələrə səfər
təəssüratlarının İran, Rusiya, Türkiyə,
Kıbrız... səhifələridir. Rəşad
Məcidin bir etirafı mənə də tanış
hissləri xatırlatdı: “Bu yaşdan sonra
düşünürsən ki, daha bu dünyada heç nə
səni təsirləndirəcək, heyrətləndirəcək
gücdə deyil. Gəzdiyini gəzib, gördüyünü
görüb, oxuduğunu oxumusan... Əzabın,
sevginin, uğurun, məğlubiyyətin ən dərin
acısını çəkmisən, ən üstün
sevincini yaşamısan”. Amma dünya
heç də bizim düşüncələrimizdəki kimi
adiləşməyib. Gəzib
dolaşdıqca Vətəndən uzaqlarda şöhtət
qazanmış soydaşlarımızı gördükcə təkcə
sevinib, qürurlanmamışıq, həm də heyrətlənmişik,
təəccüblənmişik. Bu ali
hissləri bizə dönə-dönə yaşadanlar var
olsun!
Müəllifin bir məqaləsi məni xüsusilə
valeh etdi və mükəmməl araşdırmasına,
doğru fikirlərinə görə, Rəşad Məcidə
təşəkkür edirəm. Bu,
“Tanıdıqlarım” bölümündəki “Əsəd bəy
və Nuridə xanım” məqaləsidir. Məşhur
“Əli və Nino” əsərinin əsil müəllifinin kim
olması ilə bağlı uzun müddətdi ki, müxtəlif
fikirlərin dolaşıqlıq yaratdığı məqamda
- 2008-ci ildə bu araşdırmanı qələmə almaqla
Rəşad Məcid Avropada Azərbaycan nəsrinin şedevr
nümunələrini yaratmış Məhəmməd Əsəd
bəyin- Qurban Səidin narahat ruhuna öz ehtiramını
bildirdi. Dürüst və aydın şəkildə
qətiyyətlə bəyan etdi ki, Əsəd bəyi tabaqda
yəhudilərə pay vermək istəyənlər çox
yanıldılar. Axı əsil həqiqəti
nə qədər gizlətmək mümkündür ki?!
Dünya tərəfində dəyərləndirilən,
bir-birindən maraqlı 16 əsərin müəllifi olan, son
nəfəsinə kimi Azərbaycana dönmək arzusu ilə
çırpınan Əsəd bəyi danmaq, ondan imtina etmək
adi səhv yox, günahdır. “Əsəd bəyin Azərbaycana
məxsusluğu mübahisəsiz olmalıdır...” yazan qələm
dostumuzun bir fikirinə də şərikik ki, bu sahədə
Almaniyada yaşayan həmyerlimiz Nuridə Atəşinin
böyük xidməti var. İllərdir ki, o, Əsəd bəyi
doğmalarına qaytarmaq üçün əsl savaşa
qalxıb. Dəmirləşmiş müqavimətləri
qırmaq üçünsə Rəşad Məcid kimi qələm
sahiblərinin belə ruhlu və vicdanlı yazılarına həqiqətən
böyük ehtiyac var.
Təbiət etibarı ilə səmimi və xeyirxah
insan olan Rəşad Məcidin yazılarında bu məziyyətlər
aydın duyulur. İstər Krım tatarlarının
ağrılarına tutduğu söz güzgüsündə,
istər qələm dostu Aqil Abbasa ünvanladığı
fikirlərində, istərsə də gənc müəlliflərin
kitablarına yazdığı ön sözlərdə Rəşad
Məcid maraqlı və orijinal düşüncələri
ilə diqqət çəkir. Bu müəllifi
oxumaqdan zövq alırsan. Oxucunu yormamaq,
vaxtını sənin yazılarına həsr etdiyinə
görə, heyifsilənməmək dəyərini əldə
etmək indiki zamanda çox çətindir. Artıq neçə illərdir ki, qələmdaşımız
bu inamı və rəğbəti qazanıb.
Söz adamının yaddaşı zəngin və oyaq
olan da ondan yaxşı qaynaqlana bilir. Bu mənada Rəşada
qibtə etmək olar. Kitabın “Dediklərim”
bölümündəki müsahibələri də müəllifin
iç dünyasını, insanlara münasibətini,
yaradıcılıq meyarlarını, duyğu və
düşüncələrini söz-söz
naxışlayır. Ayrı-ayrı suallara verilən
cavablardan çəkilən ləçəklərə fikir
verək: “ Mən təbiət etibarilə,
əslində, şairəm. Amma şairlik bir həyat tərzidir,
sadəcə, mənimki elə gətirdi ki, o həyat tərzini
yaşamağım mümkünsüz oldu”; “ Mən
...xaraktercə sadiq insanam. Ona görə də mənə xəyanət
edildiyini görəndə sarsılıram”; “ Qəzet
( “525-ci qəzet” nəzərdə tutulur-F.X.) siyasi proseslərin
içində olub, siyasət də insanı bir az
bulandıran, bir az qurulaşdıran peşədir. Mən bundan çıxış yolu kimi elə qəzetdə
ədəbiyyat, şeir çap etməkdə gördüm.
Beləcə, sanki bir işıq tapmış oldum qəzetdə...”
“ Kim deyibsə ki, qadının beyni balacadır, dardır, deməli,
o çox düşüncəsiz, savadsız adamdır”; “
İndi mənim üçün, demək olar ki, qeyri-adi
heç nə yoxdur. Azərbaycan, buradakı insanlar, siyasətçilərdən
tutmuş yazıçılaradək, hamı mənim
üçün ovcumun içi kimi aydındır”; “Sevgi də
istedaddır, hər adamlıq deyil ki. Necə ki musiqi duyumu, ədəbiyyat
qabiliyyəti olmayan insanlar var, o cür də sevmək
istedadı olmayan insanlar var”; “ Orxan Pambuq
...yazıçılığı iynəylə quyu
qazmağa bənzədir. Doğrudan da, bu, elə
ağır prosesdir. Zaman-zaman dövr
özü səni aparıb oraya çıxarmalıdır.
Bu baxımdan, indi bizim Azərbaycan cəmiyyətində,
cavanlarda məhz şövq, dəlicəsinə istək, həvəs
yoxdur. Amma fərd halında Azərbaycan
xalqı istedadlıdır”. Əlbəttə,
bu nümunələri yazmaqla bitəsi deyil. Bu düşüncələrin ahəng və mahiyyətində
böyük məna və mətləblərin olması
öz yerində, həmişə söylədiyim bir fikri yenə
də təkrarlamağa lüzum gördüm. Söz adamın içinin ətridir. Biz bir oxucu kimi yalnız yeni kitab oxumuruq ki?! Həm də Rəşad Məcidin daxili aləmini
oxuyuruq. Publisistikanın da bir əsas
gücü də elə budur ki, biz müəllifi də
tanıya bilirik. Bədii əsər-hekayə,
roman, şeir səni aldada da bilər. Bu
sahədə o qədər fərqli insanlar
görmüşük ki, sözü ilə özü
arasında dərin uçurumlar var.
Söz
bütövlüyü mərd adamlara məxsus çox ali cəhətdir. Qələm əhlinin
belə bir məziyyətə malik olması isə Rəşad
Məcidin arzuladığı kimi ağıllı dəlilikdir.
Bu, iradə və aramsızlığın
ünsiyyəti, qətiyyətin təntənəsidir. Sözünün yerini və qədrini bilənin də
nüfüzu, hörməti olar. Çünki
sözə-verdiyin vədə sadiqlik yiyəsinə həmişə
başucalığı gətirər. Müasir
jurnalistikamızın görkəmli nümayəndəsi Rəşad
Məcidin zəngin yaradıcılığının əsas
göstəricisi olan “525-ci qəzet” onun imzasını milli mətbuat
tariximizə əbədi həkk edib. Yeni
kitabı da yazımın əvvəlində dediyim kimi bu mətbuat
ağacının növbəti barıdır. O fikrə
bir də qayıdıram ki, yaradıcılıq da
ağıllı dəlilik elə budur! Bəzilərinin bəsit
düşüncəsi kimi bu, gözü yumulu vəziyyətdə
qaranlığa baş vurmaq deyil ha! Əksinə zülməti
işıqla , pislikləri inadla məhv
etməkdir, yaşamaq, yaratmaq, qalib gəlmək yolunda
çarpışmaqdır. Haqq yolundakı şavaşın
və mücadilən mübarək! Dəli
günlərinə-dünyanın rənglərindən xəbərsiz
Rəşadın şehli gəncliyi keçən yerlərə
dəli bir istəklə qayıtmaq arzusu ilə qələm
dostuma yeni yaradıcılıq uğurları arzulayıram.
Flora
XƏLİLZADƏ,
əməkdar
jurnalist
kaspi.-2014.-3-5 may.-S.16.