“KÖRPÜ”NÜN ÜSTÜNDƏ
GƏLƏCƏYƏ CAN ATAN ÜMİDLƏR
“Körpüdə ümid” romanı haqqında bəzi mülahizələr
Tarixən müəyyən zaman kəsiyində mövcud olan hər hansı ictimai-iqtisadi quruluş qəflətən dağılanda onun diktə etdiyi ideologiya çərçivəsində (yaxşı, ya da pis—fərqi yoxdur) formalaşan cəmiyyətdə istər-istəməz xaotik vəziyyət yaranır. Cəmiyyətin ayrı-ayrı fərdlərinin taleləri gözlənilmədən qopan tufanın, qəzəbli qasırğanın daşa-divara çırpdığı xəzəllərə bənzəyir, bütövlükdə cəmiyyətin mənəvi dünyasında isə bu qəfil “zəlzələ” dərin bir “boşluq” əmələ gətirir və həmin “boşluğu” doldurmaq kimi ağır bir yük yazıçıların öhdəsinə düşür.
Belə bir taleyi xalqımız da yaşadı. Təəssüf ki, sovet dönəmindən sonra arada yaranan müvəqqəti “boşluğ”un gətirdiyi sərbəstlik “sərməstliyə” rəvac verdi. “Mən ədəbiyyat yaradıram” deyə-deyə dil boğaza qoymayanlar meydanı boş görüb qələmə sarıldılar, özü də birbaşa ağır zəhmət, səriştə, nəfəs tələb eləyən “roman” janrına girişdilər. “Roman” adı təntənəli səslənir axı. Nəticədə ideyasız, məzmunsuz, cəfəngiyatla dolu qalın-qalın “əsərlər” meydana gəldi. Özündənmüştəbehlik, heç bir ədəb-ərkan çərçivəsinə sığmayan ifrat inkarçılıq, kökünə xor baxmaq meylləri ədəbi əxlaq normasına çevrildi. Belələri xırda məişət problemlərini dedektiv elementlərlə “zənginləşdirməklə” yanaşı, dili yaman günə qoyur və elə zənn edirlər ki, “burada tək onlardı, Bağdadda da kor xəlifə”. Yaddan çıxarmayaq ki, zaman amansız hakimdir, onun ələyinin gözündən keçmək elə də asan deyil.
Çağdaş Azərbaycan romanı janrında son iyirmi ildə müşahidə etdiyim xaotik durumdan həmişə narahat olurdum, lakin ümidimi itirmirdim. Elə əsərlər gözləyirdim ki, orada bədii sözün geniş imkanlarından yararlanmaqla yaşadığımız real həyat bitkin obrazlarla, həm də son dərəcə səmimiyyətlə canlandırılsın, müxtəlif dünyagörüşlü personajların bir insan kimi daxili psixoloji durumu, yaşantıları əks olunsun və yazıçının tutduğu mövqe-- həyat fəlsəfəsi, dünyaya baxışı, oxucuya təlqin etmək istədiyi ideya aydın hiss edilsin, özünəməxsus ifadə tərziylə seçilsin, oxucu hər sözün, hər cümlənin ab-havasında yazıçının məhrəm nəfəsini duysun, ona ürək qızdırsın. ZAMAN və MƏKAN məhfumları cərəyan edən hadisələrin fonunda, daha doğrusu, fövqündə dayansın. Xoşbəxtlikdən, sayca az olsa da dəyərli əsərlər yarandı və bu əsərləri o yazıçılar yaradıblar ki, onlar öz köklərinə bağlı, dünya ədəbiyyatında gedən proseslərə bələd olan qələm adamlarıdır. Onların arasında gənclərin də, orta və yaşlı nəslin də nümayəndələri var.
Bu yaxınlarda “Azərbaycan” jurnalında (N:1, 2014) cavan yazıçı Natiq Məmmədlinin “Körpüdə ümid” romanını oxudum, çox sevindim, təkrar oxumaq ehtiyacı duydum, hətta romanın çapına görə jurnalın baş redaktoru İntiqam Qasımzadəyə zəng vurub təşəkkür də elədim, əsər haqqında səmimi fikir mübadiləsi də apardıq. Doğrusu, son vaxtlar oxuduğum nəsr əsərlərinə təkrar qayıtmağım yadıma gəlmir. Mən N. Məmmədlini istedadlı bir jurnalist kimi tanıyırdım, heç tarix elmləri namizədi olduğunu da bilmirdim. Romanı mütaliə etdikcə mətnin yetkin bir yazıçı qələmindən çıxdığını hiss edirsən; hər şey yerli-yerindədir—süjet xətti də, obrazlı dil də, işarə vurduğu son hədəf də. Yazıçının heyrətamiz dərəcədə müşahidə qabiliyyəti var ki, bu da yazıçı üçün əsas şərtdir. Axı, romanı oxuyan hər kəs ətrafında gördüklərinin dəqiq və bədii təsvirini görəndə, yazıçıya qəlbən inanır və özünü hadisələrin iştirakçılarından biri sayır—ya suçlu, ya suçsuz. Lakin yuxarıda qeyd etdiyim kimi, belə bir mükəmməl əsər, heç şübhəsiz, birdən-birə-- “roman yazmaq” xəstəliyinə tutulub, “köçdən qalmamaq” naminə yazıla bilməzdi. Zənnimdə yanılmamışdım. Öyrəndim ki, N. Məmmədlinin “Qanun” nəşriyyatı tərəfindən 2012-ci ildə “Ləyaqət düsturu” adlı hekayələr kitabı nəşr olunub. Tapıb oxudum və mənə elə gəldi ki, bu hekayələrin heç biri birbaşa yazılmayıb. Yazıçı onları illərlə ürəyində gəzdirib, sonra hər sətrinin üstündə titrəyə-titrəyə kağıza köçürüb. Hekayə yazmaq o qədər də asan deyil. Qısa, ritorikadan uzaq şeir yazmaq nə qədər çətindirsə, hekayə yazmaq da bir o qədər zəhmət tələb edir. Dörd sətirlik bayatının məna yükü insanı heyrətləndirir. Xırda bir epizodun dar çərçivəsində obraz yaratmaq, həyat həqiqətlərinin müxtəlif rənglərinin sözlə rəsmini çəkmək də yalnız istedadlı yazışıya nəsib olur. Kitabda on səkkiz hekayə çap olunub və hər biri oxucunun əlindən tutub yazıçının məqsəd və məramına doğru apara bilir. Ləyaqətini itirmişlərin (“Ləyaqətin düstürü”) öz “ləyaqətini”nə utanıb-qızarmadan maddi mənada qiymət qoymasına və ətrafındakıların gülünc təmənnalarına necə ürəkdən gülməyəsən, yaxud göz yaşına həsrət qalan korun (“Korun gördüyü gələcək”) gerçəkləri gözlülərdən daha sərrast dərk etməsinə, onun sızıltılarına, həmçinin klounun çəkdiyi əzablara (“Kloun”) və s. necə soyuqqanlı baxasan və necə göyü-göyüm göynəməyəsən?! “Dolma” hekayəsindəki təəssübkeşlik hisslərindən mütəəssir olmaya bilmirsən. “Yaxşı anaların oğulları”, “Vaxtı keçmiş sitatlar”, “Bütün maymaqların yükü” və s. hekayələrində təsvir olunan real həyat həqiqətləri oxucunu düşündürür, həmçinin güclü yumor, dialoqların təbiiliyi, təhkiyənin rəvanlığı oxucu ilə yazıçının həmsöhbət olmasına zəmin yaradır.
Məqsədim “Körpüdə ümid” romanına münasibət bildirmək olsa da, hekayələr məni öz ardınca çəkib apardı. Xüsusilə “Mənim birinci yalanım” hekayəsini oxuyanda məni kövrək, acılı-şirinli nastolji hisslər bürüdü. Son zamanlar “nastolji hisslər” deyəndə dodaq büzürlər. Bu, “Bəlkə də qaytardılar” söhbəti deyil, əzizlərim. Bu, yaşadığımız və bir daha geri qayıtmayacaq ömrümüzün bir parçasıdır və bu hisslərin heç bir siyasətə, rəyasətə dəxli yoxdur. Digər hekayələrindəki obrazların psixoloji durumunun, onların ətrafının ən xırda detallarına qədər dəqiq təsviri bir yana, bu hekayəni nümunə gətirməklə oxucu həmkarlarıma üzümü tutub demək istəyirəm ki, yuxarıda qeyd etdiyim “Yazıçının (Natiqin) heyrətamiz dərəcədə müşahidə qabiliyyəti var.” cümləsini işlədəndə əsasən “Mənim birinci yalanım”ı nəzərdə tuturdum, çünki buradakı həqiqi həyat epizodları mənə daha doğmadır və özüm onların şahidiyəm.
O ki, qaldı öz obrazına, yəni intizarla, ürəyi çırpına-çırpına ilk məqaləsini gözləyən gəncə, onun keçirdiyi hisslər mənə o qədər doğmadır ki...İlk gəncliyimdə mən də şeirlərimin çapını belə ürəkçırpıntısıyla gözləmişəm. Kim bilir bəlkə də sexlərdə, yaxud uzun koridorda qəzetin ottiskləri qoltuğunda redaksiyaya tələsən Natiqə dəfələrlə rast gəlmişəm. Bu tale mənə tanışdı. Çoxlarının bəyənmədikləri, bin tutub dayanmadıqları, az məvacibə qane olmadıqları işə Natiqi nə çəkib gətirmişdi?! Əlbəttə, SÖZ! Sevə-sevə yazmaq ehtirası onu hər cür məhrumiyyətə dözməyə vadar etmişdi. Xoşbəxtlikdən, o zəhmət hədər getməyib. O, ömrünü-gününü girov qoya-qoya arzusuna çatıb, biz oxucular isə istedadlı bir yazıçı qazanmışıq! Natiq həyatda gördüyünü, duyduğunu ədəbi xammala çevirməyi, yazıçı təxəyyülünün süzgəcindən keçirməyi bacardığına görə nə yazırsa təbii və səmimi alınır. Təbiilik və səmimilik isə yazıçıya hörmət də gətirir, rəğbət də qazandırır.
Bu məqamda Xalq yazıçısı Anarın “Ləyaqətin düsturu” hekayələr kitabına yazdığı “Ön söz”dən bir parçanı xatırlatmaq yerinə düşərdi: ”Natiqin hekayələrində qaldırılan mətləblər dünyanın özü qədər qədimdi: insan xislətinin dəyişməz naqislikləri, zamanın islah edə bilmədikləri cılızlıqlar, gerçəklikdəki problemlərin böyük əksəriyyətini Tanrı bəndəsinin məhz özü tərəfindən törədilməsi və s...Natiq Məmmədlinin püxtələşmiş qələmi var. İnanıram ki, o, gələcəkdə yeni uğurlu əsərlər qələmə alacaq. Bu inamla da ona çətin, əzablı yaradıcılıq axtarışlarında uğurlar arzulayıram.” Ağsaqqal yazıçımızın arzusu çin oldu—Natiqin püxtələşmiş qələmindən samballı bir roman meydana çıxdı.
***
“Körpüdə ümid” romanında hadisələr böyükdən kiçiyə hamımızın yolu düşən müqəddəs məkanlardan birində – rəmzi olaraq, Ümidqovan kəndinin adıyla adlandırılan pirdə cərəyan edir. Yazıçı bu məkanı təsadüfi seçməyib. Cəmiyyətin bütün zümrələri gah gizli saxladıqları, gah da aşkar büruzə verdikləri niyyətlərlə, bir sözlə müxtəlif təmənna ilə bu ziyarətgaha gəlirlər. Müəllifin yazdığı kimi: ”Müqəddəsliyi dünyaya nur saçan pirə üz tutanların arasında müsəlmanı da var, xristianı da, hələ Allahını tanımayan, ya da tanımaq istəməyən imansızı da. Ləyaqətli də bura gəlir, əclafın da, düzün də yolu burdan keçir, əyrinin də. Heç kimə fərq qoymur Ümid Piri, elə bu üzdən də qaçan da ona sığınır, qovan da. Çox nadir hallarda elə insanlar da tapılır ki, onun yanına tək dərdlərinə şəfa tapmaq, ümidlərinə ümid qatmaq üçün yox, həm də dünyanın kirlətdiyi ruhlarını təmizləmək, saflaşdırmaq üçün gəlirlər. Bu dünyanın ayaqlaşa bilmədiyi sürətindən, pozulmuş nizamından gileylənən kim varsa, hamısının da olmasa da, yalan olmasın, yarısının yolu burdan keçir.” Bu da pas tutmuş cəmiyyətin günaha bulaşmış ayrı-ayrı fərdlərindən ibarət insan mənzərələri!...Bu mənzərənin dəyişməsi mümkündürmü? Mümkün deyilsə, demək, gələcəyə ümidlə baxmağın da, ona bel bağlamağın da heç bir əhəmiyyəti yoxdur. Təmənnalarını, məhrəm arzularını kağıza yazıb Pirin bacasından atan bu insanlar bircə dəfə diqqətlə öz ürəklərinin içinə boylanmağı heç ağıllarına da gətirmirlər və öz istəklərinin pak, yaxud çirkin olmasının fərqinə varmadan Pirdən pənah umurlar.
Əsərin əsas qayəsi olan “mütləq dəyişmək, mütləq dəyişilmək” ideyası yazıçının “Korun gördüyü gələcək” hekayəsində də hərəkətverici amildir. Bu, o deməkdir ki, əgər həmin gələcəkdə “adamların əlindən Allah da bezar” olacaqsa, “yaradanı göydə yox, yerdə” axtaracaqlarsa, o gələcəkdən “yasəmən ətri” gəlməyəcək. (Romandakı armud ağacı da çiçək açmayacaq.) Görünür yazıçının ürəyində bir sağalmaz dərd kimi qövr eləyən həmin bəşəri ideya onu rahat buraxmayıb, nəhayət, demək istədiklərini romanın personajlarının diliylə, həm də daha geniş müstəvidə oxucuya çatdırmaq istəyib. Cəmiyyətdə baş verən proseslri incəliklərinə qədər daha əhatəli işıqlandırmaq üçün yazıçıya belə geniş meydan lazım idi. Ümidqovanlı Qırmızı Xudu, Qələm Bəkir, Yoğun Minə, Burun Qasım, Qız Telli ...və Pirdəli həm də Ümid Pirinin daimi sakinləridir. Öz ayamalarına uyğun əməllərə sahib olan bu adamlar da (Qız Telli və Pirdəli istisnadır.) müxtəlif yerlərdən gələn və Pirdən təmənna umanlardan daha ağır günah içindədirlər. Pirə rahat qazanc mənbəyi kimi baxan və istənilən vaxt dərhal zamanın rüzgarının əsdiyi səmtə əyilməyi bacaran bu maskalı fırıldaqçılar da cəmiyyətin müəyyən təbəqəsini təmsil edirlər. Qırmızı Xudu əli belində umumi nəzarətçi vəzifəsini canla-başla yerinə yetirir, həm də gecələmək istəyənlərə səxavətli Allah adamı kimi öz evində yer verir və bu “əməlisaleh adam”ın evində yatdınmı, elə Pirin üstündə yatmış sayılırsan; Qələm Bəkir dua yazır, özü də yazdığı “daşdan keçir, “açılmayan qapıları açır”; Yoğun Minənin “ağır nəfəsi” ölünü dirildir, Burun Qasımın da “şəfalı əlləri” ağrıyan əzalarına toxundumu, anadangələmə olursan və s. Pirə gələnlərin nəzərində bu adamlar artıq “ipək kələfi kimi yumşaq və xeyirxah insan” statusunu qazanıblar. Düz deyiblər ki, ağası Gülüm olanın başına külüm olar. Pirə gələn müsafirləri ətirli çaya qonaq eləyən Qız Telli isə bu ocağın müəddəsliyinə tapınan, evdə qız qarıyan, çarəsiz qalıb öz kəm taleyilə barışan, Allahın sadəlövh, mağmun, bəlkə də ən təmiz bəndəsidir. Bəs Pirdəli? Onun barəsində bir az sonra.
Pirə pənah gətirənlərin hamısı ucdantutma naqislərdən ibarət deyil. Onların arasında didərgin düşdüyü doğma Qarabağda dəfn olunmaq üçün bir parça torpaq arzulayan, son qismət üçün Pirə yalvaran ağbirçək, düşgün bir qarı da var, eyni zamanda öz həmkarının arxasınca nifrin yağdıran otuz-otuz beş yaşlı, tez-tez televizorda göründüyü kimi “qarayanız, ensiz çiyinlərinə tökdüyü şəvə kimi qara saçları, hisə verilmiş balıq kimi qupquru qurudulmuş qolları, sinəsi” ilk baxışdan nəzərə çarpan şəhərli bir qadın da. İndi o “ağzı sulana-sulana ona baxan jurnalistlərə yox, sanki Yoğun Minəyə müsahibə verirdi (əlbəttə pıçıltı ilə). Bu dəfə başı çıxmadığı şeylərdən deyil, özündən danışırdı, həyatının qalan hissəsinin konturlarını cızmaq, qabağına çıxacaq kişili- qadınlı rəqiblərini əzib keçmək, yəhərsiz-yüyənsiz qeyri-müəyyən gələcəyin cilovunu öz əlində saxlamaq ehtirası ilə danışırdı” (...):
-Gəldim ki, Minə bacı, yardım eləyəsən.
Qızıla tutaram səni,
pir haqqı!
-Niyə
sənlə yola getmir? Səbəbini bilirsənmi?
-
Yaxşı bilir ki, əvvəl-axır mən onun yerinə
keçməliyəm. Bax, mən bacın! Elə
özüm də gecəmi gündüzümə qatıb
onun üçün əlləşirəm. Burda da yekə bir əmma var, bizdə öz
xoşuyla yerini verən kimdi, ya gərək səndən
qabaqkı ölə, ya da ki, tutub damlayalar, ayrı yolu yoxdur.
Bilirəm o, qazdan ayıq kişidi, türməyə
salmayacaqlar, bir qalır ölməyini gözləmək.
Buna da mənim səbrim çatmaz, bəlkə
ömrüm də...Bir də sən mənim içimi bilirsən
deyə açıq danışıram, qorxuram vaxt gələr
fırıldaqçı olduğumu başa düşərlər.
-...Məndən sənə məsləhət, heç
qorxub eləmə, biri var balaca yalan, yəni dedi-qodu, arvad
söhbəti, biri də var böyük yalan, yəni
camaatın ürəyindən xəbər verən yalan. Canın
yanmasın, sənin yalanın ikincisindəndir.”
Bu da Pirə gələnlərin miskin niyyəti. Şərhə
ehtiyac varmı? Elə ona görə də hadisələrin
təsvir olunduğu üçüncü gün uzun illərdən
bəri müsafirlərin öz əlləriylə “təmənnalı
arzu və istəklərini” yazdıqları və bacadan
atdıqları kağız parçalarını qəfil
qalxan külək sovurub yerlə-yeksan eləyir..Pirdəli
demişkən,” Pir daha bu çirkinliyə, iyrəncliyə
dözməyib üsyan elədi, üsyan.
Kimdir Pirdəli?
Yazıçının yaratdığı bu
obraz onun amal, əqidə və arzularının tərcümanıdır.
Pirdəli müasir dövrümüzün
gözü yaşlı Kefli İsgəndəridir,
çünki onun dərdi İsgəndərinkindən daha
ağır, daha dözülməz, daha çarəsizdir.
(Deyəcəklərim mənim subyektiv fikirlərimdir,
kimsə razılaşmaya bilər). Ona
görə ki, Kefli İsgəndər cəhalət
dünyasının zülmətində yanan şam, ümid
işartısı idi, həm də o, xurafatın
mür-müc elədiyi avam, fağır, mağmın
adamların əhatəsindəydi. Müsəlman ola-ola açıq-aşkar şərab
içirdi, hələ üstəlik bu avam adamların
nöqsanlarını üzlərinə vurur, qəh-qəhə
çəkib gülürdü. İrəli durub onu
daş-qalaq eləyən yox idi, ona görə yox ki, o şəhərin
hörmətli adamlarından birinin -- Hacı Həsən
ağanın oğlu idi, ona görə ki, xurafatın
tüğyan etdiyi,mollların meydan suladığı bir zaman
kəsiyində əli-qolu, dili bağlı , yazı-pozu bilməyən,
imza yerinə barmaq basan, bir əlcə məktub, bir idarəyə
beş kəlməlik ərizə yazdırmaq
üçün saatlarla mirzələrin sağ yanını
kəsdirən, əlmuzdu verib min dəfə baş əyən
bu yazıqların, əslində Kefli İsgəndərə
daxili rəğbətləri vardı, onun dediklərinə
ürəklərində haqq verirdilər, lakin dillərinə
gətirməkdən qorxurdular. Hətta İsgəndər
uşaqları başına yığıb dərs keçəndə
də molla görənə qədər görməməzliyə
vururdular. Şeyx Nəsrullahın
fırıldaqları üzə çıxanda İsgəndər
qəbiristanlıqda onların gözlərinin içinə
tüpürmüşdü. Susmuşdular.
Pirdəli isə “ağıllılar”ın əhatəsində,
sözün məcazi mənasında yeganə
“ağıllı dəlidir”. Onların arasında
uşaqlar bir yana, ən qocası da nəinki
adını yazmağı bilir, hətta dünyanın gərdişindən
də baş çıxarır. Bir dəstə
avam, lakin ürəyi təmiz adamları bir ağıllı
öz ardınca çəkib apara bilər. Vay o gündən
ki, hamı “ağıllı”ola, hərənin
də öz nəfsinə uyğun təmənnası. O zaman
heç nəyi dəyişmək mümkün deyil. Pirdəli insanların mənəviyyatında yaranan
bu dibsiz uçurumu görür, qübarlanır,
xısın-xısın ağlayır. Tək-tük təmiz
adamları nəzərə almasaq, Qırmızı Xudu, Qələm
Bəkir, Burun Qasım və Yoğun Minəkimilər, o
cümlədən müxtəlif şəhər və kəndlərdən
Pirə gələn mənəviyyatına xal düşümüşlər,
Allahından qorxmayan “ağıllı buqələmunlar”
onların naqisliklərini, cılızlığını
görən Pirdəlini güncə qısanayıblar. Ürəyi
partlamaq dərəcəsinə çatan Pirdəli, nəhayət,
dərdini danışmağa adam
tapır-bu, dili tutulmuş on iki yaşlı Ümiddir. Atası ürəyi istəyən vəzifəyə
keçəndən sonra təzəcə aldığı
yaraşıqlı maşınına qaraj tikmək
üçün qapılarındakı gövdəsi qucaq
tutmayan armud ağacını kəsir, hələ bir
parça torpaq üstündə gor qonşusu ilə də
qırğına çıxır. Bu həngaməni
görən uşağın dili tutulur. Son
çarə kimi onu Ümid Pirinə gətirirlər.
Ağacların arxasından boylanan Pirdəli:
“Uşağın boğazında söz qalıb”,-deyir. O saat
“dəlidir, fikir verməyin” deyib nənəsinin, digər
müsafirlərin fikrini yayındırırlar. Pirdəli
gələn müsafirlər arasında hələ ki tərtəmiz
dünyası ləkələnməmiş bu uşaqla dil
tapır, onun ürəyini oxuyur...və onların söhbəti
baş tutur. Pirdəli illərlə ürəyində gəzdirdiyi
dərdləri uşağa açır, çünki gələcəyin
nicatını onda görür:
--Atanın
səhvlərini düzəldə-düzəldə,
yarımçıq işlərini sahmana sala-sala addımlasan,
tısbağa da səni ötüb keçəcək, zaman
burnunu ucuna toxunaraq, uçacaq, nə zamana adamı olacaqsan, nə
də ondan qabağa keçən. Ataların səhvlərini
düzəltmək elə atana oxşamaq deməkdi, atasına
oxşayan oğullar dünyanı dəyişə bilərmi
heç? (...)
--Bəs
sən niyə dəyişmədin? Bəs sən
niyə dəyişdirmədin? Heç
atana oxşamırsanmı?
--Mən cəhd elədim, dəyişildim, amma dəyişdirməyə gücüm çatmadı, sənin yolunu gözlədim, gec gəldin. Mən Qırmızı Xudunun oğluyam, görürsən ki, atama oxşamıram. Onun mənim əvəzimə verdiyi qərarın üstündən yekə bir xətt çəkdim...Ən azı bilirəm ki, daha Qırmızı Xududan sonra Ümidqovanda bir dənə də ona oxşayan adam qalmayacaq. ...Bura kimi mən gəlmişəm, indi növbə sənindi. Dəlilik mənim, dəyişdirmək sənin qismətinə düşüb, qardaşım...Hər şey sənə bənddi, səndən sonra Ümidqovan da dəyişiləcək. Hər şey bu qədər asandı, hər şey bu qədər çətindi... Bu adamları dəyişməsən, ovcuna sıxılıb canına hopan torpağa “vətən” deyə bilməyəcəksən....
--Dilim nə
vaxt söz tutacaq?
--Dilin sabah axşam, pirin başına sonuncu dəfə
dolanarkən açılacaq, bu, onun sonuncu möcüzəsi
olacaq...
Əsl möcüzəni isə Ümid kimi
oğulların kökündən dəyişdirib yenidən
qurduğu dünya olacaq. Orada haqq-ədalət hökm sürəcək,
sakinləri də mənəviyyatca pak insanlar olacaqlar.
Roman çox maraqlı bir sonluqla bitir. Ümid evə
qayıdır, artıq dili açılıb, atası ilə
üz-üzə gələndə soruşur:
--Dədə,
özün necəsən?
--Lap
yaxşıyam, başına dönüm. Desəm
inanmayacaqsan, qapımızın ağzındakı yekə
armud ağacı yadındadırmı, yazqabağı
qurumuşdu, o gün baxıram, quru kötükdən təzə
zoğ qalxıb, inanırsan. əlim
üzümdə qaldı.
--Ay dədə,
yoxsa təzə qulluğundan çıxmısan?
--Başına
dönüm, sən hardan bildin?! Çıxmısan
deyəndə, çıxartdılar dədəni,
arşınımız düz gəlmədi.
--Deyirsən
armudun kötüyü cücərib. Hə?...
Əsərin dili çox gözəldir, müəllif
sözdən kasadlıq çəkmir. Hekayələrindəki
şirinlik, yumor hissi burada da özünü göstərir.
Ən başlıcası, obrazların dilindəki rəngarənglik--hərənin
özünəməxsus danışıq tərzi, öz
yer-yurdunu nişan verən ləhcəsi əsərin
ümumi ahənginə xüsusi ovqat qatır. Təkrarsız
təbiət təsvirləri isə obrazların psixoloji
durumunun açılmasında müstəsna rol oynayır.
İnanıram ki, ürəkyanğısıyla
yazılan bu əsər çağdaş ədəbi
nümunələr sırasında öz layiqli yerini tutacaq.
Bizsə müəllifdən yeni-yeni əsərlər
gözləyirik. Yazıçı bu inamı
özü yaradıb, bu haqqı da bizə özü verib...
30. 04. 2014.
ETİBAR
ETİBARLI
Kaspi.-2014.-3-5 may.-S.14-15.