«Bizim evimiz kiçik Filarmoniya idi» |
|
“Yaşadığımız gərgin, səbatsız dövr həyatımıza, yaradıcılığımıza təsir etməyə bilməz. Axı sənətkar va-kuum şəraitində yaşamır. Bütün sarsıntılara baxmayaraq, əsas məqsəd başlıca sənət ideallarına xəyanət etməmək, daxilimizdə səslənən musiqini itirməmək, onun saflığını qoruyub saxlamaqdır. Bəstəkar hər bir səs qarşısında məsuliyyətini dərk etməlidir”. Bu fikirləri bir neçə ay bundan əvvəl “Kaspi”yə son müsahibəsində demişdi Xalq artisti, professor, sevimli bəstəkarımız Aqşin Əlizadə.
Onun fikrincə, bəstəkarlıq hərtərəfli musiqi fəaliyyəti ilə məşğul olmaq demək idi. 40-dan çox kino mu-siqisi yazmışdı. Tamaşalara yazılan musiqiləri vardı. “Heç vaxt da bu musiqilərə gəlir mənbəyi kimi ya-naşmamışam. Sözün əsl mənasında musiqi laboratoriyası kimi baxmışam”- deyirdi.
Musiqi tariximizdə əbədi izlər
Bəstəkarın hələ tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma, sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. “Babək”, “Qafqaza səyahət”, “Ümid valsı” baletləri, 5 simfoniyası, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s. əsərləri onun adını Azərbaycanın musiqi tarixinə əbədi yazıb.
Onlar məni görəndə ağlayırdılar
Musiqi ilə 6 yaşından dostluq etməyə başlayıb. “1943-cü il idi. Uşaq olmağımıza baxmayaraq, biz za-manın ağırlığını anlayırdıq. Biz də çox ciddi olmağa çalışırdıq”-deyə xatırlayırdı. Musiqiyə olan sevgisinə görə doğulub boya-başa çatdığı ailəyə də çox minnətdar idi. Atası Əliqulu kişi, anası Bikəxa-nım elmə, təhsilə, musiqiyə qiymət verən insanlar idi. Evlərində həmişə xalq mahnılarının, muğamların səsi vardı. Çox böyük alimlər, sənətkarlar qonaqları olurdu. Süleyman Rüstəm, Əliağa Vahid, Yusif Məmmədəliyev, ifaçılardan Şövkət xanım, Teymur Dəmirov, Hacıbaba Hüseynovu uşaq vaxtı ev-lərində, bağlarında görmüş, söhbətlərini, canlı musiqilərini dinləmişdi: “O vaxt evimizə Azərbaycanın hər yerindən adamlar gəlirdi. Onlar evimizdəki mühitdən çox məmnun olurdular. İnanın ki, çox sonra-lar həmin adamlar mənimlə rastlaşanda ağlayırdılar. Bu, mənimçün həyat dərsi idi. Anam məni heç vaxt tərifləmirdi. Çox ciddi təbiəti vardı. Beynimə birinci proqram qoymuşdu ki, mən oxumalıyam. İkincisi əllərim təmiz olmalıdır, hər zaman musiqini birinci tutmalıyam və s. O məni tez-tez konsertlərə aparardı. 9 yaşım olanda Üzeyir Hacıbəyovu görmüşəm. Anam məni “Koroğlu” tamaşasına aparmışdı. Orda Üzeyir bəyi görmək mənimçün çox böyük sevincli və müqəddəs gün idi. I sinifdə ilk musiqi müəlliməm Vaqif Mustafazadənin anası Zivər Əliyeva olub. Mən ilk dərsimə başlayan kimi hiss edirdim ki, bu mə-nim həyatımdır. O vaxt adamlar hamısı işə ciddi baxırdılar”.
Musiqini ürəkdən sevsə də böyüyəndə bəstəkar olacağını bilmirdi. Çünki uşaq olsa da, bu sənətin ağırlı-ğını və böyüklüyünü hiss edirdi. O vaxt Qara Qarayev, Cövdət Hacıyev kimi bəstəkarların operalarını dinləyir, Əşrəf Abbasovun, Fikrət Əmirovun əsərlərini çalırdı.
Dərs yox, musiqi bayramı
Bülbül adına musiqi məktəbində
oxuduğu illərdə isə artıq bəstəkar ola biləcəyinə
inanıb. Hətta yazdığı birinci əsər
çap olunub və uşaqların proqramına daxil edilib. 1955-ci ildə Konservatoriyaya
daxil olan-dan sonra bu işə bir savaş kimi başlayıb. Cövdət
Hacıyev kimi görkəmli bəstəkarın sinfində təhsil
alması onun yaradıcılıq taleyində mühüm rol
oynayıb. Hətta tale
elə gətirib ki, Cövdət Hacıyevin assis-tenti kimi 10 il dərs deyib. Həmin 10 il
onun üçün çox önəmli olub. “Dərs
deyəndə bəstəkar özü də çox şey
öyrənir. Sözün düzü, elə
mən də ona görə razılıq vermişdim. Bir də bizim dərslərimiz adi dərslər
deyildi. Onlar hər zaman musiqi bayramı kimi
keçirilirdi. Biz dünya musiqisindən bəhs
edirdik. Mən Qara Qarayevin də sinfində
dərsləri dinləyirdim. Gəncliyimizdə
çox önəmli bəstəkarlıq məktəbi
keçdik. Heyf ki, bu gün belə deyil!”-
deyə təəssüfünü gizlətmirdi.
50
yaşına qədər yazmamısansa…
A.Əlizadənin
yaşıdı olan bəstəkarlar Azərbaycan musiqisinə
yenilik gətirdilər: “Bizim evimiz kiçik bir Filarmoniya idi. "Sona bülbüllər",
"Apardı sellər Saranı" və başqa xalq
mahnılarını lap uşaqlıqdan eşidib
zümzümə etmişəm” deyən bəstəkarın
bütün əsərləri Azərbaycan musiqisi üzərində
qurulub: “Radionun yanında oturub saatlarla Xan Şuşinskiyə,
Seyid Şuşinskiyə, Zülfü Adıgözəlova
qulaq asardım. Bunlar mənimçün əsl
məktəb idi. O vaxt eşitdiyim o mahnıları hətta
məşhur bir xanəndə üçün
çaldım, o, bunla-rı eşitmədiyini dedi. Çünki o mahnılar 50 ildir ki, ifa olunmur. Xalq musiqisi mənim qanımın içindədir.
"Babək"ə, "Azərilər"
kantatasına qulaq assanız, hamısı orda var.
Dünyanın əksər bəstəkarları öz əsərləri-ni
xalq musiqisi üzərində qururlar. Bethovenin
sonatalarının içərisində çox miqdarda alman
xalq rəqsləri var. Şumanın, Şubertin, Motsartın əsərlərində
də bu cürdür. Bizim bəstəkarların
əsərlərində də var. Bu, bizim əlifbamızdır”.
A.Əlizadə deyirdi ki, bəstəkar gənclikdə önəmli
söz demirsə, sonrakı illərdə daha çətin
olur: “Hər bir sənətkar mütləq gəncliyində
güclü, önəmli söz deməlidir. 50
yaşına qədər yazmamı-sansa, sonra heç bir əsər
yaza bilməyəcəksən. 20-30 yaş
arasında mütləq güclü söz deməlisən.
Bütün böyük bəstəkarlarımız
öz sözlərini elə deyiblər. Üzeyir
Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qaraye-vin, Fikrət
Əmirovun və b. bəstəkarların 25-30
yaşlarında yazdıqları əsərlər bu gün
bizim tariximizdir. Bizim də bəzilərimiz məncə
o yaşlarda önəmli sözümüzü deyə
bilmişik. Bizim üçün
şüar o idi ki, bəstə-kar əsəri təmiz əllə
yazmalıdır. Təmiz əllə təmiz
musiqi yazarlar. Əgər o əl
çirkinliyə qarışıbsa, bu, müt-ləq onun
musiqisində öz əksini tapacaq.
Onun
üçün ən çətin iş Azərbaycan
simfonik musiqisini yazmaq idi. Ancaq buna nail ola bilmiş, 5 simfo-niya
yazmışdı: “ Azərbaycan
simfoniyası tapmaq bəstəkarın ən önəmli
işidir. Mən bunun üzərində
çalış-mışam və deyirlər ki,
tapmışam”.
A.Əlizadə
bir neçə il Türkiyədə
çalışıb. Orada yüzlərlə
tələbə yetişdirib. Ancaq nə qədər
çalışsalar da onu orada saxlaya bilməyiblər: “Sizə
əminliklə deyirəm ki, Azərbaycandan gedən
musiqiçilərin hamısı gec-tez Vətənə
dönəcək. Xaricdə işləmək
müəyyən bir dövr üçündür. Vətən istər-istəməz insanı
özünə çəkir. Türkiyədə
olarkən daim Şüvəlandakı bağım, o qayalar
yuxuma girirdi. O balaca bağ mənim üçün
çox əzizdir, çünki atam-anam, nənəm,
dayım orada gəzib-dolanıb. Bağda gəzəndə
sanki onların ayaq izlərini görürəm, onlarla söhbətləşirəm.
Hara gedirəmsə Vətənimçün
darıxıram. Mən başdan-ayağa
sırf Azərbaycan bəstəkarıyam”.
Bir də
görürsən zəif musiqi səslənir
Aqşin Əlizadə bəstəkarlıq və müəllimliklə
yanaşı uzun illər Azərbaycan Televiziyasında fəaliyyət
göstərən Bədii Şuranın üzvü və rəhbəri
olub. O, bədii
şuraların yenidən yaranmasını vacib hesab edirdi: «Bədii
şurada təmsil olunanlar adətən peşəkar
insanlardır. Orada 6-7 nəfər
yazıçı, şair, ifaçı, bəstəkar və
başqa sənət adamlarından ibarət peşəkar
insanlar toplaşır. Rəhbərlikdə
də onların fikrini dinləyirdilər. Bu,
işə kömək məqsədi daşıyır.
Məsələn, təcrübəsi az olan biri özündən
təcrübəli insanları dinləyir, məsləhətlərini
həyata keçirir – bunun işə xeyri var. Mənim işlədiyim
dövrdə Bəxtiyar Vahabzadə, Tofiq Quliyev və başqa
şair və yazıçılar bədii şurada təmsil
olunurdu. Bədii şuralar işə qəbula
yox, yalnız yaradıcı məsələlərə nəzarət
edirdi. Zəif əsərlər az
olmur. Bədii şura üzvləri həmin əsərlərə
baxır, lazım gələndə onların yenidən
işlənməsini təklif edirdi».
Bəstəkar
hazırki televiziya aparıcılarının peşəkarlıq
səviyyələrinin qənaətbəxş
olmadığı fikrində idi: «Onların əksəriyyəti
yanlış ifadələr işlədirlər. Məsələn, deyirlər ki, «İndi gözəl
bir bəstəkar çıxış edəcək və
gözəl bir mahnı ifa olunacaq. Amma
görürsən ki, zəif bir bəstəkar
çıxış edir və zəif bir musiqi səslənir.
Dünyanın heç bir yerində ifadan əvvəl
«gözəl» sözü işlənmir. Məsələn,
heç vaxt deyilmir ki, Bethovenin gözəl bir
simfoniyasını səsləndirəcəyik. Bunlar təsadüfi insanlara «gözəl» deyir,
xalqı çaşdırırlar. Hamı
da elə bilir ki, həmin iyrənc mahnı yaxşı
mahnıdır. Bilirsinizmi, zəif əsəri
10 dəfə təkrar edəndə fikirdə qalır. İnsanlar da buna alışır. Bizim aparıcılar təsadüfi insanları
dağ başına qaldırır, tərifləyirlər.
İş ondadır ki, bu qüsurları deməklə
də düzəlmir. Elə bil ki, sel kimi
axaraq hər yeri tutub”.
Mehdi
Hüseynzadənin qohumu
Görkəmli bəstəkar dayısı, əfsanəvi
qəhrəman Mehdi Hüseynzadənin qəhrəmanlığını
ithaf edən əsər də yazmışdı. Dayısı haqqında həyəcansız
danışa bilmirdi: “Mehdi Hüseynzadənin saysız qəhrəmanlıqları
barədə Moskva arxivlərində məlumatlar var. Çox
ölkələrdə olmuşam. Mehdinin qəhrəmanlıqları
haqqında da çox eşitmişəm. O, sözün
əsl mənasında qəhrəman
döyüşçü olub. Cəmi 26 il
yaşayıb. 1984-cü ildə Afrikaya getmişdim.
Orada konsertlər verirdik, mənim də əsərlərim
ifa olunurdu. Konqonun ikinci şə-həri
olan Roento Nuara şəhərindəki sovet konsulu eşidəndə
ki, azərbaycanlılar gəlib, bizimlə görüşmək
istədiyini bildirdi. Yuri Andreyeviç
Sidelnikov adlı konsul söhbət əsnasında müharibədən
sonra Mehdi Hüseynzadənin qəhrəmanlığını
araşdıranlardan biri olduğunu söylədi. O biləndə
ki, Mehdi Hüseynza-dənin bacısı oğluyam, məni
bağrına basdı. Gözləri
yaşarmış halda “Azərbaycan xalqı belə qəhrəman
oğ-lu olduğu üçün fəxr etməlidir.
Siz hələ onun qəhrəmanlığı haqqında
çox az eşidibsiniz. Onun
çox əmə-liyyatlarını biz gizlədirik. Bu, sirdir. Hətta Mehdi o qədər
böyük qəhrəman olub ki, yuqoslavlar onun meyidini verməyiblər.
Deyiblər ki, o, bizim qəhrəmandır.
Onlar Mehdinin dəfnini xüsusi bir mərasim
ki-mi təşkil ediblər” - deyə DTK generalı
danışdı. Bundan əlavə,
Marşal Jukovun 3 cildlik kitabında bir neçə qəhrəmanla
yanaşı Mehdinin də adı çəkilib”.
Son illər xəstəlikdən əziyyət çəkirdi
görkəmli bəstəkar. Xəstəliyi çox ideyalarının
gerçəkləşməsinə mane olsa da ilhamı
tükənməmişdi: “Yaşa dolduqca ilham tükənmir,
əksinə daha da çoxalır. Bu gün elə
ideyalarım var ki, deyirəm, kaş 30 il
bundan əvvəl olaydı! İlham tükənmir,
yorğunluq hissi çoxalır. Bu da bizim
həyatımızın bir qədər gərgin
olmağından irəli gəlir”.
Bəstəkarın ilhamı, yaradıcılıq ideyaları tükənməsə də, ömrü bu ideyaları gerçəkləşdirməyə fürsət vermədi. Aqşin Əlizadə 77 yaşında dünya ilə vidalaşdı.
Təranə Məhərrəmova
Kaspi.-2014.-7 may.-S.14.