Bir millət öz mənəvi dəyərlərinə hörmət etməsə, başqaları da etməz

 

Tənzilə Rüstəmxanlı hesab edir ki, türkçülük anlamı sırf türk hissiyyatı olan insanlarda var

 

Keçən həftə Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Türklük şöləni” türkdilli ölkələrdən olan musiqiçiləri bir araya gətirdi. OperaBalet Teatrında keçirilən bayram tədbirində çıxış edənlər «Biz bir millətik» sözlərini təkcə sözdə deyil, həm də ruhən nümayiş etdirə bildilər.

 

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Kaspi”yə müsahibəsində “tədbiri keçirməkdə əsas məqsəd bir millət olduğumuzu bir daha nümayiş etdirməkdir” deyə bildirib.

 

- Azərbaycan-Türkiyə Evinin fəaliyyətinin Azərbaycanla türkdilli ölkələr arasında mədəni əlaqələrin formalaşmasında nə qədər rolu var?

- ATEV-in yaranmasının ideyasını verənlərdən biri tanınmış türk müğənnisi Əhməd Şəfəqdir. O dedi ki, bizim Azərbaycan və Türkiyə olaraq bir ocaq qurmağımız lazımdır ki, sırf mədəniyyətlə bağlı fəaliyyət göstərsin. Yəni əvvəlcə Türkiyə və Azərbaycanın önəmli məsələləri ilə bağlı bir araya gəlmək və türk dünyasına açılmaq lazımdır. Bunlar çox önəmli məsələlərdir. Biz özəlliklə Azərbaycanın böyük fikir adamlarının Türkiyədə yayılması, çap olunması və tanıdılması, o cümlədən Türkiyənin fikir adamlarının Azərbaycanda tanıdılması istiqamətində işlər görmək haqqında düşündük. Bizə hərdən elə gəlir ki, bir-birimizi çox yaxşı tanıyırıq. Demək olar ki, 20 ildən çoxdur ki, mən Xocalı faciəsi ilə bağlı Türkiyənin bütün bölgələrində konfranslar keçirirəm. Milli hissiyyatı olanlar bilir ki, ora getmək lazımdır. Amma biz bir-birimizin şair və yazarlarını tanımırıq. Bəlkə biz Azərbaycan olaraq onları daha çox tanıyırıq. Çünki sovet dönəmində də onların bir neçə yazıçısını oxuyurduq. Amma Türkiyə toplumu çox böyük məfhumdur. Türkçülük anlamı sırf türk hissiyyatı olan insanlarda var. Məsələn, bizi özününkü hesab edən o adamlardır ki, onlar türkdürlər və türk milli şüurunun dərkində və fərqindədirlər. Onlar bizə həssas yanaşırlar. Bütün bunlar bizi düşündürürdübununla bağlı bir ocaq qurmaq istəyirdik. Nə yaxşı ki, bu ocağı qorumuşuq. Türkiyədən və Azərbaycandan olan aydınlar bu təşkilatın qurucu üzvləridir. Çoxları sözdə “mədəniyyət coğrafiyamız” deyə səslənir. Əslində, türk dövlətlərinin birliyindən danışanda ən önəmli məsələlərdən biri - mənəvi birliyimizin önə çəkilməsidir. Biz öncə bir-birimizi mənən yaxından tanımalı və bu birliyi formalaşdırmalıyıq.

 

- ATEV indiyə qədər hansı beynəlxalq tədbirlərə imza atıb?

- Keçən ilin mart ayında ilk tədbir - « Şah İsmayıl Xətai və Sultan Səlim” adlı beynəlxalq simpozium keçirildi. Həmin simpoziuma dünyanın ayrı-ayrı ölkələrindən görkəmli tarixçilər qatıldı. Onların hamısı elmi məruzələrlə çıxışlar etdilər. O qədər uğurlu tədbir oldu ki, oradakı çıxışların hamısını toplayıb bir kitab halında nəşr etdirmək qərarına gəldik. Həmin nəşr bu günlərdə işıq üzü görəcək.

Daha sonranoyabr ayının 22-də «Atatürktürk milləti» adlı 2-ci Beynəlxalq simpozim keçirdik. Türk dünyasının hər yerindən qonaqlar tədbirə qatıldı. Elə həmin gün ölkə başçısı Məmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi ilə bağlı sərəncam verdi. Bu, çox önəmli bir sənəd idi. Bilirsinizmi, bu insanlar bizim dəyərlərimizdir. Atatürk, Heydər Əliyev türk dünyasının böyük liderləridir. Məmməd Əmin Rəsulzadə cümhuriyyətin qurucularından olub. Biz bu dəyərlərə sahib çıxmasaq, demək, tariximizə, milli sərvətimizə sahib çıxa bilməmişik. Biz hər il keçirdiyimiz tədbirləri çox böyük şəxsiyyətlərə həsr edirik. 3 May - Türkçülük Bayramı türk milli şüurunun oyanışıdır. Biz əslində keçirdiyimiz tədbirlərlə həmin bayramı Türkiyədə keçirilən bayramın siyasi mahiyyətindən çıxardıq. Biz bunuTürklük şöləni” kimi qeyd etdik. Türkiyədə Milliyətçi Hərəkat Partiyası (MHP) bu bayramı “Gənclik qurultayı” adı altında keçirdi. O, möhtəşəm bir tədbir idi. Biz isə bu bayramı ulu öndər Heydər Əliyevin anadan olduğu günə – 10 may tarixinə həsr etdik. Ümummilli lider Azərbaycan dövlətinin ən çətin dönəmlərində qorunub saxlanmasında əlahiddə xidməti olan şəxsiyyətdir. Türklük şöləni”ni məhz bu şəxsiyyətə həsr etməyimiz isə bizim tədbirin nə qədər əlamətdar olduğunu ortaya çıxardı. Bir millət özünün mənəvi dəyərlərinə hörmət etməsə, başqaları da bunu etməz.

 

- «Türklük şöləni»nə hansı ölkələrin nümayəndələri qatıldı?

- Qırğızıstan, Yakutiya, Saxa, Altay vilayəti, Türkiyə və s. ölkələrdən gələn sənətçilər ilk dəfə idi ki, Azərbaycanda olurdular. Biz onlara Azərbaycan haqqında geniş məlumat verdik. Onlara ulu öndər Heydər Əliyevdən, onunüçün bizim dəyərimiz olmasının önəmindən danışdıq. Qarabağ problemini anlatdıq. Ermənilərin başımıza gətirdiyi oyunlardan danışdıq. Yakutyadan gələn Yulyana dedi ki, onların ölkəsində çoxlu ermənilər yaşayır. “Bu gündən sonra onlar mənim çevrəmdə azərbaycanlıları günahlandıra bilməyəcəklər. Çünki mən artıq Xocalı faciəsindən xəbərdaram. Mən onların cavabını verəcəyəm” deyə bildirdi. Biz onlara Quba məzarlığını, Fəxri xiyabanı, Şəhidlər xiyabanını göstərdik.

Türklük şöləni”nin keçirilməsində əsas məqsəd dünyaya səpələnən türkləri bir araya gətirmək, mənəvi birliyi qoruyub saxlamaq, möhkəmləndirmək və ölkəmizi dünyaya tanıtmaqdır. Bu musiqiçilərdən çoxu bizim Qarabağ problemi, başımıza gələn digər faciələr haqqında xəbərsizdirlər. Onların hər biri öz ölkələrində sevilən insanlar, söz sahibidirlər. Onların hər biri problemimiz haqqında öz cəmiyyətlərini bilgiləndirsələr, görün, bizim haqqımızda nə qədər məlumat yayılmış olar.

 

- Bəs OperaBalet Teatrında keçirilən konsertdən təəssüratlar necədir?

- Tədbirə qatılan bütün musiqiçilər «Biz bir millətik» sözlərini təkcə sözdə deyil, həm də ruhən nümayiş etdirdilər. Əhməd Şəfəq öz çıxışı ilə konsertə fərqli bir coşqu qatdı. Bilirsinizmi, indi yüz adamı bir araya topalamaq çox çətindir. Bu, dövlət tədbiri deyil, bir ictimai qurumun tədbiridir. Salon ağzına qədər dolu idi. Bir o qədər adam da geri qayıtdı. Açıq qapı olduğundan gələn insanlar o məkana sığmadı. Konsert 3 saat 40 dəqiqə davam etdi. İnanın, o müddət ərzində bir nəfər salonu tərk etmədi. Mən son illər kiminsə bu qədər coşqu ilə dinləndiyini görməmişəm. Salondakı gənclər də çox fəal idilər. Mən o konsertdən böyük zövq aldım. Gözəl mahnılar, şeirlər səsləndi. Şairə Sona Vəliyevanın «Arazbarı» şeiri gənc bir qızımızın ifasında o qədər gözəl səsləndi ki, mən o şeirin ağrısını hiss etdim. Həmçinin Sabir Rüstəmxanlının türkçülüklə, Təbrizlə bağlı şeirləri səsləndi. Təbrizdən 25 nəfər məhz tədbirə görə Bakıya gəlmişdi. Təbrizlə bağlı səslənən şeirlər onlara sürpriz oldu. Onlardan bir neçəsi gözüyaşlı halda mənə yaxınlaşaraq: «Çox sağ olun, biz bu gün üçün gəlmişdik» - dedilər. Gələ bilməyənlər də mənə Təbriz, Almaniya, Türkiyə və s. ölkələrdən «Heyf ki, orada ola bilmədik, amma bu tədbirə görə minnətdarlığımızı bildiririk!» - deyə ismarıclar yazırlar. Səhnədə bütün türk dövlətlərinin bayrağı asılmışdı. Möhtəşəm bir tablo idi. Həmin bayraqları əldə etmək nə qədər vaxt apardı! Biz bu günə xüsusi hazırlaşmışdıq. Hər şeyin təşkili madiyyata bağlıdır. Bu, mənim, Sabir bəyin, Cahandar bəyin büdcəsinin dəstəyi ilə ərsəyə gəlib. Bu yolla bu cür tədbirləri keçirmək bir qədər çətin olur. Təbii ki, bunu etmək üçün ürək lazımdır. Demək, ürək istəyəndə eləmək olurmuş. İndi düşünürəm ki, bu fədakarlığı etməyə dəyərmiş. Bu tədbirdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Kimə müraciət etdimsə əlindən gələn dəstəyi verdi. Orada qəlbi türk ruhu ilə çarpan hər kəsin əməyi vardı.

 

- Azərbaycan-Türkiyə Evinin yeni layihələri varmı?

- Bakıya gələn iştirakçıların özlərinin də «Oyanış» adlı təşkilatları var. Bizim onlarla birgə layihəmiz olacaq. Sadəcə adını eşitdiyimiz, ancaq həyatlarına daxil ola bilmədiyimiz türk yurdlarına elm adamlarının, ziyalıların, yazarların, jurnalistlərin səfərlərini təşkil edəcəyik. Bəlkə kimsə düşünəcək ki, buna nə gərək var? Ancaq mən düşünürəm ki, buna böyük ehtiyac var. Bu, vacibdir. Hərə bir şeyin aşiqidir. Mən də türk dünyasının aşiqiyəm.

 

Söhbətləşdi:

Təranə Məhərrəmova

Kaspi.-2014.-7 may.-S.9.