“İstiqlal” qəzeti İsmayıl
Qaspiralı haqqında
“Qəzet nəşrini mənimsəmiş bir millət gec-tez öz varlığını onu inkar edənlərə göstərəcək və haqqını tanıdacaqdır”
İ.Qaspiralı
Həmişəyaşar ideyaları və fədakar fəaliyyəti ilə adını türk tarixinə əbədi həkk etdirmiş, Rusiya müsəlmanlarının məktəb, mətbuat, mədəni həyatında, təfəkkür tərzində dəyişiklik, dönüş yaratmış İsmayıl Qaspiralı (1861-1914) Avrasiya materikinin, Afrika qitəsinin müxtəlif ölkələrinə səyahət etmiş, səfərləri ilə bağlı çox sayda əsər qələmə almışdır. Çar mütləqiyyəti, sonralar sovet rejimi onu “panislamist”, “pantürkist” adı ilə gözdən salmaq, unutdurmaq üçün dəridən-qabıqdan çıxsalar, missionerlər, qatı rus millətçiləri, şovinistlər, milli satqınlar onu düşmən elan etsələr də, vəfatından sonra da – bu dəfə ölümsüz ideyaları ilə türk ellərini dolaşmaqdadır.
XIX əsrin sonu XX əsrin ilk 20 ilində Azərbaycanın ədəbi-mədəni, maarif və mətbuat həyatında misilsiz xidmətlər göstərmiş bütün xadimlər İ.Qaspiralını “millətin çırağı” – deyə vəsf etsələr də, Sovet Azərbaycanında İ.Qaspiralı şəxsiyyəti və irsinə münasibət ürəkaçan olmamışdır. Təsadüfi deyil ki, Azərbaycan öz müstəqilliyini bərpa edənədək – 1991-ci ilə kimi İ.Qaspiralı tənqid hədəflərindən olmuş, irsi, şəxsiyyəti sırf sinfi, partiyalı, ideoloji baxımından dəyərləndirilmişdir. Mühacirətdəki azərbaycanlılar isə tam tərsinə İ.Qaspiralıya münasibətdə səmimi olmuş, həqiqəti söyləmişlər. 1932-1934-cü illərdə Berlində Məmməd Əmin Rəsulzadənin baş redaktorluğu ilə buraxılan “İstiqlal” qəzeti də istisna deyil. Bu mətbu orqan bolşevizmə, sovet rejiminə qarşı ideoloji mücadilədə İ.Qaspiralı irsindən, ideyalarından yetərincə istifadə etmişdir. Bu sətirlərin müəllifi Azərbaycan mühacirəti ilə bağlı araşdırmalarında “İstiqlal” barədə kifayət qədər söz açsa da, qəzetin İ.Qaspiralı ilə əlaqədar yazdıqlarından bəhs etməzdən əvvəl bir-iki cümlə ilə “İstiqlal” haqqında məlumat verməyi məqsədəmüvafiq hesab edirik. Azərbaycan dilində, latın qrafikası ilə 10 gündə bir dəfə buraxılan “İstiqlal”ın nəşri ara-sıra fasilələrlə 1934-cü ilədək davam etmişdir. Mirzə Bala Məmmədzadə, Mir Yaqub Mirmehdiyev, Hilal Münşi, Mustafa Vəkilli redaksiya ilə sıx əməkdaşlıq etmişlər. Bizdə olan məlumata görə qəzetin cəmi 64 nömrəsi buraxılmışdır.
İstiqlalın, millətin istiqbalının təməlində milli özünüdərkin, milli oyanışın durduğu şübhəsizdir. İsmayıl Qaspiralı istiqlalçı olmamışdır, lakin o, Rusiya müsəlmanlarını istiqlal yoluna çıxarmışdır, onları gələcəkdə istiqlal uğrunda mübarizəyə, mücadiləyə hazırlamışdır. O, “Zamanımızın məsələləri” məqaləsində (“Tərcüman” qəzeti, ¹ 51, 15 may 1906) yazırdı: “Bir millətə ən əvvəl lazım olan üç şeydir: milli düşüncə, milli dil, milli təhsil”. Bütün bunlara sahib olmuş Azərbaycan istiqlalçıları doğma Vətənin kommunist ideologiyası və sovet rejimindən xilas olması üçün mühacirətdə əzmlə mücadilə edirdi.
Sovet İttifaqı rəhbərliyinin dəfələrlə təkidli tələbindən sonra Türkiyədəki fəaliyyətini, o cümlədən nəşri fəaliyyətini dayandırmağa və ölkəni tərk etməyə məcbur olan Azərbaycanlı mühacirlər bir sıra Avropa ölkələrində məskunlaşdılar. Azərbaycan tarixində silinməz iz buraxmış M.Ə.Rəsulzadənin “Kəsilməyən səs” adlı baş məqaləsi ilə ilk nömrəsi işıq üzü görən “İstiqlal” bütün mühacirlərin adından bəyan edirdi ki, harada yaşamasından asılı olmayaraq, onların başlıca məramı Azərbaycanın istiqlalı uğrunda kommunist ideologiyası və sovet rejiminə qarşı sonadək ideoloji mücadilə aparmaqdır.
“Milli Azərbaycan istiqlal davasını tərvic edən siyasi qəzet” – “İstiqlal” 2-ci nömrəsindən bağlananadək (1934) “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı ilə nəşr olunmuşdur. Təbii ki, belə proqramla, bu şüarla çıxan mətbu orqan həyatı boyu milli mənlik hissinin, milli şüurun oyanması uğrunda mücadilə aparmış İ.Qaspiralı şəxsiyyətini əziz tutur, irsini yüksək dəyərləndirirdi. İ.Qaspiralı türkçülüyə, onun mənşəyinə, məramına, panturanizmə, pantürkizmə, panislamizmə və bu cərəyanların mahiyyətinə, ortaq türk dili, əlifba məsələlərinə dair ayrı-ayrı yazılarda xatırlanır, onun ideyaları, əməlləri barədə yeri gəldikcə danışılır, eyni zamanda böyük xalq xadiminə ayrıca məqalələr də həsr olunurdu.
Yeri gəlmişkən qeyd edək
ki, “İstiqlal” Türkiyədə, Azərbaycanda türk dili,
tarixi ilə bağlı müxtəlif tədbirləri –
qurultay, konfrans və simpoziumları diqqətlə izləyir,
materiallarını təhlil edir, dəyərləndirirdi.
1926-cı ilin 26 fevral – 6 mart tarixlərində Bakıda
keçirilən Birinci Beynəlxalq
Türkoloji qurultayı, 1932-ci ilin iyun ayında Ankarada
keçirilən tarix müəllim və müdərrislərinin
(din tarixi alimlərinin – T.A.) konqresi, sentyabrda İstanbulda
keçirilən Dil Qurultayı uzun müddət mətbuatın
diqqət mərkəzində olmuş, müzakirə
edilmişdir. Ümumiyyətlə, 20-30-cu illərdə
Türkiyədə dövlətin dil və əlifba sahəsindəki
siyasəti gündəlikdən düşmürdü. “İstiqlal” da bu
taleyüklü problemlərə dair müntəzəm
materiallar dərc edirdi. Qəzetin 1932-ci il 15 oktyabr tarixli 17-ci
və 1 noyabr tarixli 18-ci nömrəsində Mirzə Bala Məmmədzadənin
“Dildə birlik” adlı irihəcmli məqaləsi həm
türk dilinin inkişaf tarixini izləmək, həm çar
və Sovet Rusiyasının ortaq türk dilinə qarşı
mübarizə metodlarını öyrənmək, həm Azərbaycan
mətbuat nümunələrinin dil sahəsindəki fəaliyyətini
qiymətləndirmək, həm də İsmayıl
Qaspiralının ortaq dil yaratmaq kimi tarixi təşəbbüsünün
türkçülüyün inkişafına təsirini dəyərləndirmək
nöqteyi-nəzərindən diqqəti çəkir.
Yazı İstanbulda öz işinə başlayan Dil
Qurultayı münasibəti ilə qələmə
alınmışdır və yenicə maarif vəkalətinə
təyin olunmuş dr.Rəşid Qalibin qurultay ərəfəsində
verdiyi bəyanatdan bir cümlə ilə başlayır:
“İstanbulda nəşr olunan bir qəzet Səmərqənddə
də oxunmalı və anlaşılmalıdır”. Mirzə
Bala XX əsrin 20-ci illərində Türkiyədə “məhkum
türklərin istiqlal və hürriyyət davasını
yürüdən milli Azərbaycan və Türkistan nəşrlərinin”
qadağan olunmasını, onların yerini “bolşeviklərin
və Moskva hesabına çalışanların
tutmasını” qınayır və son beş ildə isə əksinə,
türkçülüyün, dil, əlifba
islahatlarının geniş vüsət almasını məmnunluqla
vurğulayır.
Müəllifin
qənaətincə, bu, başqa cür də ola
bilməzdi: “Türkiyədə milli türk hərəkatı
hər zaman Azərbaycan, Türkistan və Krım milli hərəkatları
ilə bağlı olmuş, çox zaman bir-birinin çox
şiddətli təsirləri altında olmuşlar. Əlli il
bundan əvvəl türkçülüyün böyüklərindən
olan Krımlı Qaspiralı İsmayıl bəy “Dildə,
fikirdə, işdə birlik” – deyə türklərdə mədəni
və dil birliyi şüarını ortaya atdığı
halda, Türkiyə, Osmanlı səltənətindən daha
müdhiş “Osmanlı lisanından” qurtarmağa təşəbbüs
belə etməmişdi. Krımda başlayan
modern türk milli hərəkatı Azərbaycana, oradan
İstanbula keçmiş, burada əsl şəklini taparaq,
yenidən türk dünyasını istila etmişdir”.
İstedadlı publisist Mirzə Bala dil qurultayını
türklərin dil və mədəni birliyini nümayiş
etdirən böyük bir tarixi hadisə kimi tarixə
düşəcəyini qeyd edir və ta qədimdən
türk dilinin inkişafı ilə bağlı təşəbbüslərə
qısaca nəzər salır və İ.Qaspiralının
ortaq türk dili yaratmaq sahəsindəki tarixi xidmətlərini
xüsusi vurğulayır. O, yazır: “...Krımdan yeni bir səs
yüksəlirdi: “Dildə, fikirdə, işdə birlik”. Bu səs türk millətinin orta əsr həyatına
“əlvida” deməyə və milli oyanış dövrünə
girməyə bir işarət idi. İsmayıl
bəyin bu səsi illərcə “Tərcüman”ın
şüarını təşkil etdi. Bu
səs türk dünyasının hər tərəfində
hərarətlə qarşılandı. Bu
səsin əks-sədası Xəzər sahillərində və
Altay ətəklərində eşidildi. Fəqət
buna qarşı o zaman iki qüvvə
çıxmışdı: Rusiya və Osmanlı səltənəti!”
Müəllif
İ.Qaspiralının ortaq dil yaratmaq ideyasına qarşı
çar hökumətinin Azərbaycanda yeritdiyi məkrli siyasəti
kəskin tənqid edir və bu “şeytani əməllərin”
yeganə məqsədinin Azərbaycanlıları
“müştərək türkcədən ayırmaq”
olduğunu yazır, daha sonra göstərir ki, Sovet hökuməti
də müştərək türkcəyə qarşı hərb
açmış bir vəziyyətdədir, bütün mətbuat
və nəşriyyat çar dövründəki kimi məhəllələşdirilmişdir.
İş o həddə
çatmışdır ki, “müştərək türkcədən
bəhs edən kommunistlər belə, şiddətlə
susdurulmaqda və pantürkizmlə ittiham edilməkdədir”.
Məqalə müəllifi əmindir ki, “Rusiya
çökməyincə və Azərbaycan, Türkistan,
Şimali Qafqaz və İdil-Ural milli hakimiyyət və
istiqlallarını əldə etməyincə, o yerlərdə
müştərək türkcədən bəhs etmək
imkansızdır”.
İstiqlal mücahidi M.Məmmədzadə Moskvanın
“parçala və hökm sür” siyasəti ilə
yanaşı bu siyasətin yerlərdə həyata
keçirilməsi üçün dəridən-qabıqdan
çıxan dardüşüncəli milli ziyalıları
da tənqid atəşinə tutur. Azərbaycanın Maarif komissarı
Mustafa Quliyevin “İnqilab və mədəniyyət”
jurnalının 1931-ci il iyul-avqust tarixli
7-8-ci nömrəsində yazdığı məqalədən
“On illərlə Hüseynzadələr və Qaspiralılar
türk kəndlilərini inandırmaq istədilər ki,
Türkiyənin paşa və çavuşları onların
doğma qardaşlarıdır. Halbuki, Azərbaycan
kəndliləri Anadolunu heç bir zaman görməmiş,
onunla heç bir zaman münasibətdə olmamış,
başqa bir dildə danışmışdır, onların
arasında müştərək bir şey varsa, o da yalnız
dindir” – cümlələrini sitat gətirərək opponentini
bu mövqeyinə görə sərt şəkildə ittiham
edir. Müəllif məqalənin sonunda
İ.Qaspiralının ortaq ədəbi dil yaratmaq ideyasına
uyğun olaraq “şivələrin və ləhcələrin
üstündə ümumi ədəbi və elmi bir dil”
uğrunda çalışmağın zəruriliyini
vurğulayır.
“İstiqlal”ın
1933-cü il 15 aprel tarixli 32-ci nömrəsində “Tərcüman”ın
50 illik yubileyi münasibəti ilə Məmməd Əmin Rəsulzadənin
irihəcmli “Ortaqlı bir ildönümü” adlı məqaləsi
dərc edilmişdir. Müəllif mətbuatın cəmiyyət
həyatına təsirinə, milli oyanışdakı yeri və
roluna dair İ.Qaspiralının “qəzet nəşrini mənimsəmiş
bir millət gec-tez öz varlığını onu inkar edənlərə
göstərəcək və haqqını
tanıdacaqdır” – kəlamını xatırladır, fəxarətlə
bildirir ki, Rusiya müsəlmanları arasında ilk qəzeti Həsən
bəy Zərdabi buraxmışdır: “Milli oyanış
toxumlarının ilk “Əkinçi”si Azərbaycanlıdır.
Məlikzadə Həsən bəy mərhumun
1875-ci ildə başlamış ikən, davamına müvəffəq
olmadığı bu böyük işi sonra – 1883-cü ildə
Krımlı İsmayıl bəy Qaspiralı mərhum yeniləmiş
və onu çox böyük bir müvəffəqiyyətlə
bacarmışdır. “Əkinçi”nin
türk torpaqlarına səpdiyi fikir vergili “Tərcüman”ın
tükənməz əməyi ilə “bərəkətli bir əkin
halına gəldi” və milli oyanış axınının
getdikcə dərinləşən və dərinləşdikcə
qüvvətlənən bir ideologiya kimi formalaşdı”.
İ.Qaspiralının
“yaşayış uğrunda mübarizədə yenilməmək
üçün elm lazımdır” – fikrini onun özü qədər
yayan başqa birisi olmamışdır – qənaətində
olan istedadlı publisist Məmməd Əmin Rəsulzadə
göstərir ki, “Tərcüman”ın yiyəsi sadəcə
bu fikri yaymaqla qalmamışdır, türkcə
oxumağı, yazmağı asanlaşdırmaq
üçün “üsuli cədid” hərəkatını
uğurla həyata keçirmişdir. O dövrdə “cədidçi”lərin
lideri İsmayıl bəy, orqanları da “Tərcüman” idi”
– deyə yazan müəllif İ.Qaspiralının
“yaydığı yeniliklər arasında sadələşdirilmiş
ortaq türk dili” ideyasının olduğunu xüsusi
vurğulayır: “Bir türkcə ki, türk ellərinin
bütün oxumuşları tərəfindən
anlaşılırdı”.
İ.Qaspiralı Avropa xalqlarının həyat, təfəkkür
tərzinə, orada baş verən ictimai-siyasi proseslərə,
milli-siyasi hərəkat və cərəyanlara, o cümlədən
pangermanizm, panitalyanizm kimi milli ideologiyalara bələd idi və
onların mahiyyətini dərindən mənimsəyərək
pantürkizmin mədəni əsaslarını
hazırlayırdı. “Dildə, fikirdə, işdə birlik”
şüarı bu ideyanın – türklüyün
mayasını, nüvəsini təşkil edirdi. Azərbaycan
Xalq Cümhuriyyətinin lideri M.Ə.Rəsulzadə
İ.Qaspiralının fikir və əməllərinin hədəfinin
dəqiq ünvanını və niyyətini göstərirdi:
“Qoca rus imperiyasının ruslaşdırma siyasətinə
qarşı müvəffəqiyyətlə çıxa bilmək
üçün müxtəlif şivələrdə
danışan türk ellərini ortaq türkcə
danışan bir millət halında görmək qədər
təbii bir arzu ola bilməzdi!”
“Ortaqlı
bir ildönümü” adlı yazıda müəllif
İ.Qaspiralı ideyalarının indi – saxta kommunist
ideologiyasının tüğyan etdiyi, sovet rejiminin, cəza
aparatının insan haqlarına qənim kəsildiyi 30-cu illərdə
də aktual olduğunu xüsusilə diqqətə
çatdırır: 50 il əvvəl – “Tərcüman”ın
ilk nüsxəsi çıxarkən Rusiya türklərinin vəziyyəti
bugünkündən fərqlənmirdi. Türk
elləri yenə Rusiyanın əsarətindədir. Mücadilə yenə əbədi düşmənə
çevrilmişdir. Düşmən
birdir. Lakin fərqlər də var. O vaxt
imperiyanın çökəcəyi fikri bəlkə
İsmayıl bəyin də zehnindən keçməmişdi.
Bu gün isə hər saat bu fikir təkrar
edilir. 50 il əvvəl Osmanlı səltənətində
türk tarixindən bəhs etmək yasaq idi, “türkcə
dil” yoxdu, İsmayıl bəyin təbirincə deyilsə,
“Osmanlı alaca-bulacası” vardı. İndi
Türkiyə Cümhuriyyəti, tarixi də, dili də
türkləşdirilir, milliləşdirilir. 50 il əvvəl Rusiya müsəlmanları
vardı. İndi orada türklər var, türk elləri,
türk cümhuriyyətləri var. 50 il əvvəl
yeni üsullu məktəbdən bəhs etmək inqilab cəsarətli
addım idi. İndi istiqlalını
qazanmayınca silahı yerə qoymayacaq nəsillər
yetişir. M.Ə.Rəsulzadənin qənaəti qətidir:
bütün bunlarda İsmayıl bəyin və onun “Tərcüman”ının
xidmətləri şübhəsizdir.
Müəllif
İ.Qaspiralını “böyük adam”,
“böyük müəllim” – deyə xarakterizə edir, onu
bütün türklərin övladı, “Tərcüman”ı
bütün türklərin qəzeti, bu bayramın – “Tərcüman”ın
nəşri gününü də ortaqlı bir gün hesab
edir. O, məqaləni Krımlı mücahidlərə
müraciətlə bitirir: “...Tərcüman” sizin olduğu qədər,
bilirsiniz ki, bizimdir də, bütün türklərindir,
xüsusi ilə əsir türklərindir. Vətənləri
düşmən əlində çeynənən bizlər, təəssüf
ki, bu böyük əsərə layiq olduğu hörməti
təmin edə bilmirik. Fəqət
çıxış yolu var: sıralarımızı
sıxlaşdıraq, mücadiləmizi tənzim edək,
qüvvətləndirək. Bax, “Tərcüman”a və
böyük İsmayıl bəyə layiq ən dəyərli,
ən münasib xatirə bu olar!”
“İstiqlal”ın elə həmin nömrəsində Mirzə
Bala Məmmədzadənin “V.Nuhoğlu” imzası ilə “Tərcüman”
adlı məqaləsi dərc edilmişdir. Yazı dərin
məzmunu, zəngin fikirləri, maraqlı kompozisiyası ilə
yanaşı obrazlı, oynaq, canlı, təsirli dili ilə də
diqqəti çəkir. Aprel ayının acı və
dadlı hadisələrlə, tarixi günlərlə zəngin
olduğunu qeyd edən müəllif “Tərcüman”ın da həmin
ay işıq üzü gördüyünü yazır: “Bu
ilk türk qəzeti deyildi. Ondan əvvəl Azərbaycanda
“Əkinçi”, “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”
kimi türkcə qəzetlər çıxmışdır.
Fəqət İsmayıl bəyin “Tərcüman”ı
ilk dəfə olaraq türklük problemini,
türklüyün mədəni bütünlüyünü
açıq bildirməklə aktiv
türkçülüyün əsasını qoymuşdu”.
M.Məmmədzadəyə görə, İsmayıl bəyin
“dildə birliyi” fikirdə və işdə birliyin təməlini
təşkil edir: “Dil sadələşməyincə ümumiləşməz,
müştərək dil formalaşa bilməz. Təlim, tərbiyə,
ədəbiyyat, mətbuat və elm bu doğma dildə
olmadıqca türklər xilas ola bilməz”.
Müəllif H.Zərdabinin dil və elmlə
bağlı irəli sürdüyü fikirlərin
İ.Qaspiralı tərəfindən daha zənginləşdirdiyini,
həyata keçirildiyini və bununla da “bütün türklərə
unudulmaz bir xidmət etdiyini” diqqətə
çatdırır.
Mirzə Bala yazır ki, “Dildə, fikirdə, işdə
birlik” şüarı altında mücadilə etsək,
sıralarımızı sıxlaşdırsaq, ölkələrimizi
əsarətdən qurtarsaq, istiqlalımızı əldə
etsək, o zaman İsmayıl bəy kimi böyük türkə
unudulmaz bir abidə qoymuş olarıq. İstedadlı publisist məqaləsini
bu cümlələrlə bitirir: “Təcrübələr
göstərdi ki, əsir ikən milli bir mədəniyyət
yaradıla bilməz. Fəqət İsmayıl
bəylər də olmasaydı gözlərimiz daim qapalı
qalacaq, zəncirlərimizi qırmaq üçün “milli məfkurə”
deyilən silahı tapa bilməyəcəkdik”.
“İstiqlal”ın haqqında bəhs etdiyimiz bu nömrəsindən
söz açmışkən diqqətdən yayınmayan bir
məsələyə təəssüflə də olsa,
toxunmaq istərdik. 20-ci illərdən Azərbaycanlı
mühacirlər arasında başlayan intriqalar 30-cu illərdə
də davam etmiş, daha kəskin forma almışdı.
Tarixin bir anını özündə yaşadan Həsən
bəy Zərdabi, İsmayıl bəy Qaspiralı və
Əlimərdan bəy Topçubaşovun stol arxasında məşhur
fotosundan yuxarıda qeyd etdiyimiz səbəblərə görə
Əlimərdan bəy Topçubaşovun şəkli kəsilərək
çıxarılmış və qəzetdə “İki pir
bir arada” adı ilə verilmişdir. Çox təəssüf!!!
XIX əsrin sonu XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının
liderlərindən, xalqımızın yetirdiyi parlaq simalardan
biri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından
Əlimərdan bəy Topçubaşovun da olduğu məşhur
tarixi fotonu oxucuların diqqətinə təqdim edirik.
Krım
Xalq Cümhuriyyətinin qurucularından biri, istiqlal
mücahidi, Azərbaycan mədəniyyətinin yaxın dostu,
istedadlı publisist, Azərbaycan mühacir nəşrlərinin,
o cümlədən “İstiqlal”ın fəal əməkdaşlarından
Cəfər Seyidəhməd Krımlı (1889 – Yalta, 1960 –
İstanbul) qəzetin Azərbaycan Xalq Cümhuriyyətinin
ildönümünə həsr etdiyi 28 may 1933-cü il tarixli
35-ci nömrəsində dərc etdirdiyi “Azərbaycan
istiqlalı” adlı yazısını Şərqdə,
türk-islam tarixində ilk demokratik Respublikanın təşəkkülünün
əhəmiyyətini diqqətə çatdırmaqla
başlayır: “Bu tarixi hadisənin Qafqaz millətlərinə,
bütün türklərə, bütün Rusiyadan
ayrılmış və ayrılmaq istəyən millətlərə,
bütün məhkumların və məzlumların
xilasını istəyən səmimi məfkurəçilərə
və nəhayət, haqq və təkamül tarixinə təsiri
nə qədər sevincli və ümidli olmuşdu...”.
Azərbaycanın
istiqlalı uğrunda mücadilə tarixinə nəzər
salan müəllif keçmişdən ibrət dərsi
almağın vacibliyini qeyd edir və Azərbaycanlılara
qarşı daim düşmən mövqe tutan ermənilərin
məkrli niyyətlərinə işarə vuraraq yazır:
“Xaricdən bizləri gəlib qurtaracaqlarını gözləmək
və ya onlara yaxşı görünmək üçün
dondan-dona girmək (ermənilərin Qafqaz Konfederasiyası
ideyasını rədd etmələrinə işarədir –
T.A.) bu günün həqiqi siyasi vəziyyətini anlamamaq deməkdir.
Təəssüf, ermənilər hələ də
həqiqətə yaxından baxmırlar. 1895-ci
ildə İsmayıl Qaspiralı erməni məsələsinə
dair yazdığı məqalədə ermənilərin
satqın hərəkətinin öz mənfəətlərinə
də zərbə olacağını bildirərək,
Anadolunun təslimi məsələsində xarici təşviqlərə
çox qapılmamalarını... bir çox dəlillərlə
səmimiyyətlə tövsiyə etmişdi”. Nankor ermənilər xəyanətin, arxadan zərbənin
cəzasını çəkdilər, lakin nəticə
çıxarmadılar. Cəfər Seyidəhməd
Krımlı yazır ki, “müsyö Zarevant” (erməni yazar –
T.A.) heç bir əsas olmadan İsmayıl Qaspiralını
pantürkizmdə ittiham etməklə məşğuldur.
Müəllif ermənilərin alçaq,
satqın mövqeyini Qafqaz xalqlarının istiqlal mücadiləsinə
zərbə hesab edir və eyni zamanda Türkiyəyə
qarşı ermənilərin düşmən
baxışlarının hələ də dəyişmədiyini
vurğulayır. O, yazır: “Ermənilər “biz rus siyasəti
əlində alət olmağı istiqlaldan üstün
tuturuq” – desələr, daha məntiqli və səmimi
olardılar”.
Göründüyü kimi, “İstiqlal” müraciət
etdiyi mövzuların daha məzmunlu, sanballı, tutarlı
olması üçün dahi İ.Qaspiralının irsindən
yerli-yerində və məharətlə istifadə
etmişdir.
Mühacirət mətbuatı tarixində özünəməxsus
yeri və xidməti olan “İstiqlal” həmişəyaşar
ideyaları ilə türk-islam tarixinə parlaq səhifələr
yazmış İ.Qaspiralı şəxsiyyətini,
yaradıcılığını təqdir, təbliğ etməklə
sələflərinin yolunu davam etdirmiş, xələflərinə
sağlam yol göstərmişdir.
Abid
TAHİRLİ,
filologiya elmləri
doktoru
kaspi.-2014.- 8 may.-S.18-21.