Atasının acığına
stenoqrafçı olan millət vəkili
– Mən gənc olarkən
Elmira Axundova: “Sıradan biri olmaq istəmirdim”
Hansı sahədə olmasına baxmayaraq heç vaxt sıradan biri olmaq istəməyib. Məhz
buna görə orta məktəbdə 10 il yiyələndiyi
balerinalıqdan vaz keçib. Gözləri zəiflədiyindən bu sahədə uğur qazana bilməyəcəyini düşünüb
və karyera yolunu elə orta məktəbdəcə
cızıb. Həmsöhbətimiz
nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas,
Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvü,
uzun müddət müxtəlif media qurumlarında
jurnalist kimi çalışan “Şöhrət”
ordenli millət vəkili, filologiya elmləri namizədi Elmira
Axundovadır.
Komandanın qapıçısı
E.Axundovanın atası ali təhsil almamasına baxmayaraq, geniş dünyagörüşü
və savadı nəticəsində Böyük
Vətən Müharibəsi
illərində polkovnik-leytenant
rütbəsinədək yüksəlib.
Ukraynadan
olan anası elə öz vətənində texnikumu
bitirərək mühəndislik
ixtisasına yiyələnib.
Ukraynadan
Azərbaycana Bakı Vağzalının tikintisində
mühəndis kimi işləməyə ezam
edilib. Elə burada da gələcək
azərbaycanlı həyat
yoldaşı ilə tanış olublar. Heç vaxt valideynlərindən onların tanışlıq
tarixçəsini soruşmadığını
deyən müsahibimiz
deyir ki, başqa versiyaya görə, valideynləri
qatarda tanış
olublar: “O vaxt qatarda tanış olmaq dəbdə olduğundan belə bir versiya da
var ki, valideynlərim
elə qatardaca bir-birinə könül veriblər. Atamla anamın evlənməyinə
ata nənəm razı deyilmiş. Gəlininin mütləq azərbaycanlı
olmasını tələb
edirmiş. Amma atam
artıq evlənmişdi
və ailəsinin dağılmaması üçün
inad göstərdi.
Sonra nənəm də anamı sevdi və ömrünün sonuna qədər ukraynalı gəlininin yanında qaldı”.
Bu izdivacdan 4 uşaq
dünyaya gəlir - 2
qardaş, 2 bacı. Evin sonbeşiyi
olan E.Axundova Moskvanın Ramensk rayonunda dünyaya göz açır.
6 yaşında Bakıya köçürlər
və uşaqlığı
“Sovetski”də keçir.
Dediyinə görə, çox
gözəl, maraqlı
uşaqlıq illəri
olub. Qardaş-bacısı, həyətdəki uşaqlarla cürbəcür
oyunlar, klas-klas, hətta futbol oynayarmışlar. Qardaşı da həmişə evin sonbeşiyini qapıçı təyin
edirmiş. Çünki
E.Axundova bu işin öhdəsindən
lazımınca gəlirmiş:
“O vaxt bizim bütün oyunlar canlı idi, uşaqlarla ünsiyyətimiz
var idi. İndiki uşaqlara yazığım
gəlir. Çünki əksəriyyəti canlı
oyunun nə olduğunu bilmir, bütün günü kompyuterdə əylənirlər”.
“Balerina olmaqdan vaz keçdim”
Orta məktəbə
Bakı Xoreoqrafiya Məktəbinə gedib. Digər məktəblərdə
oxuyan şagirdlərdən
fərqli olaraq burada həm orta məktəb dərsləritədris edilir,
həm də xüsusi ixtisasa yiyələnirmişlər. E.Axundova da məktəbdə balerina dərsləri alır. O zamanlar Bakı həddindən artıq beynəlmiləl şəhər olduğundan
sinifdə yeganə azərbaycanlı E.Axundova
imiş. Dərslərinin çətin olmasına
baxmayaraq, həm dərslərini yaxşı
oxuyur, həm də məktəbin yuxarı siniflərində
komsomol katibi kimi vəzifənin də öhdəsindən
gəlir. Orta məktəbdə ictimai-fəal
şagird olan həmsöhbətimiz gözləri
zəiflədiyinə görə
yaxşı balerina ola bilməyəcəyini
düşünür: “Düzdür,
balerina ola bilərdim, amma seçilən deyil, sıradan bir balerina. Mənsə hansı sahədə
olmama baxmayaraq sıradan biri olmaq istəmirdim. Buna görə də
balerina olmaqdan vaz keçdim”.
“Ukraynalı nənəm kəndə düşüb bizə çay axtarmağa başladı”
Orta məktəbdə oxuduğu
illərdə yay məktəblərinə getdiklərini
deyən millət vəkilinin sözlərinə
görə, orada yeniyetmələr bir-birinə
könül verərmiş:
“Yaxşı sərgüzəştlərimiz
olardı”.
E.Axundova
tətillərdə ata
yurdu Masallıya, ana yurdu Ukraynaya
getdiklərini deyir: “Bir dəfə Ukraynaya nənəmgilə
getmişdik. Nənəm səhər-səhər blinçikdən, yumurtadan
tutmuş kökəyə,
südə kimi hər şey hazırlayıb süfrəyə
düzdü. Amma biz qardaş-bacılar
heç birimiz əlimizi süfrəyə
uzatmadıq. Çünki biz səhərlər şirinçayla
pendir-çörək yeməyə
öyrəşmişdik. Nənəm gördü ki, süfrəyə əl uzatmırıq, anama baxdı. Anam da bizim nə istədiyimizi nənəmə izah etdi. Qeyd edim ki, Ukraynada çayın əvəzinə süd içdiklərindən orada
quru çay demək olar tapılmır. Nənəm kəndə
çıxdı və
evbəev gəzib bizə quru çay axtarmağa başladı. Axırda çox
çətinliklə bir
evdən tapmışdı.
Gətirib çay dəmlədi,
bundan sonra yeməyə başladıq.
Nənəm dedi ki, “uşaqlara yazığım gəlir,
bu nə
səhər yeməyidir”.
“Atamın acığına texniki-peşə
məktəbinə qəbul
oldum”
Orta məktəbi
bircə “4”lə bitirən
E.Axundova riyaziyyatdan təsadüfən aldığı
“4”ə görə qızıl
medaldan məhrum olur. Bacısı və
qardaşları ali məktəbi Moskvada oxuyurlar. Elmira xanımın evin sonbeşiyi olması isə Moskvanın qapılarını
onun üzünə bağlayır. Moskva Dövlət
Universitetində təhsil
almaq istəsə də, atası buna icazə vermir. Deyir ki, “bütün
övladlarım Moskvada
təhsil alır, sən getsən, biz burada tək qalacağıq”. Elmira xanım
buna etiraz əlaməti olaraq sənədlərini ali məktəbə verməyəcəyini, texniki-peşə
məktəbində strenoqrafçılıq
sənətinə yiyələnəcəyini
bildirir. Atası qızını yola gətirmək üçün nə qədər cəhd etsə də, Moskvada təhsil almaq arzuları çin olmadığına
görə E.Axundova da acığını bu cür çıxartdı.
Şəhər 3 saylı
texniki məktəbində
stenoqrafiya ixtisasına
daxil olur: “Fikirləşdim ki, burada oxumayacağam, “yola verəcəyəm”. Atamdan acığımı çıxandan
sonra da sənədlərimi indiki
Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verəcəyəm.
Amma texniki məktəbə daxil olandan sonra
öyrəndim ki, burada oxumamaq şansım yoxdur. Bütün qiymətlərim
əla olmalıdır
ki, bitirən kimi ali
məktəbə daxil
ola bilim. Əks təqdirdə, buranı bitirib yalnız 3 il
işlədikdən sonra
ali məktəbə sənəd verə bilərdim. Buna görə
məcbur olub burada da yaxşı
oxumaq məcburiyyətində
qaldım”.
Dərslərini yaxşı oxumaqla yanaşı, E.Axundova dərsdən əlavə
işlərlə də
məşğul olur. İncəsənətə
marağı olduğundan
qrup yoldaşı ilə o vaxt dindar atasından gizli teatra gedir.
İndiki “Four season” hotelinin yerində olan Bakı Teatr Məktəbində hətta
tamaşalarda baş rolları ifa edir.
“İmtahanda həmişə müəllimin
üzünə baxardıq”
Stenoqraf sənətinə yiyələndikdən
sonra sənədlərini
indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə
verərərk universitet
tələbəsi olur. Tələbəlik illərində də dərslərini yaxşı
oxuyur, universiteti fərqlənmə diplomu ilə bitirir.
Orta məktəbdə olduğu
kimi, ali
məktəbdə də
rus bölməsində
yəhudilərlə, ermənilərlə,
ruslarla birlikdə oxuyur: “Dil-ədəbiyyat müəllimimiz var idi. Həmişə mənimlə fəxr
edirdi ki, rus bölməsində oxumağıma baxmayaraq, Azərbaycan dilini bilirəm. Mənə üzündən oxumaq üçün Azərbaycan dilində mətnlər verir və mən oxuduqca o, bundan zövq alırdı.
“Üzgüçülük
məni belə gümrah saxlayır”
Kiçik yaşlarından idmanla məşğul olmağı sevən müsahibimiz indiyə qədər üzgüçülüyə gedir. Dediyinə görə, 10-12 il bundan əvvəl şəkərli diabetə tutulub, məhz üzgüçülük sayəsində xəstəliyə qalib gələ bilir: “Üzgüçülük məni belə gümrah saxlayır. İndi də həftədə 2-3 dəfə hovuza gedirəm. Hətta 4 yaşlı nəvəmi də özümlə aparıb üzməyi öyrətmişəm”.
“Vəzifədə
olmasam, kompyuterdə yığıcı
işləyərəm”
Millət vəkili indiki gənclərdən də şikayətləndi: “İşsizliyə görə mənə müraciət edən gənclər olur. Soruşuram ki, nəyi bacarırsınız. Məlum olur ki, ali məktəbi bitirən də, bitirməyən də heç nəyi bacarmır, yəni əllərində bir sənət yoxdur. Ancaq birdən-birə kabinetdə oturmaq, vəzifə istəyirlər. Buna görə də iş tapa bilmədiklərini deyən gəncləri başa düşə bilmirəm. Çox istərdim ki, gənclərimiz hansısa vəzifəyə pillə-pillə qalxsınlar. İşsizlikdən şikayət edən gənclərə həmişə özümü misal çəkirəm ki, hazırkı vəzifəmdə olmasam, kompyuterdə yığıcı işləyib halal pulumu qazana bilərəm”.
E.Axundova bu gün ölkəmizdə peşə sahələrinin inkişafına ehtiyac olduğunu deyir: “İxtisaslı aşpazlara, bənnalara, xarratlara, ustalara, müxtəlif peşə sahiblərinə ehtiyac var. Azərbaycanda peşə sahəsinin inkişafı qaçılmazdır. Məsələn, Şəkidə ipəkçiliyi inkişaf etdirmək istəyirlər. Bunun üçün ipəklə işləyə bilən qızlar lazımdır”. Müsahibimiz gənclərin bu gün vaxt çatışmazlığından şikayətlənmələrindən də narazılığını bildirdi: “O vaxt biz hər şeyi çatdırırdıq. Həm oxuyur, həm işləyir, həm mütaliə edir, həm idmanla məşğul olur, dostlarımıza vaxt ayırır, hətta gənc yaşlarımızda ailə də qururduq. Amma indiki gənclər daim vaxt azlığından şikayət edirlər. Halbuki vaxtlarını düzgün bölüşdürsələr, hər şeyi çatdırarlar”.
Lalə MUSAQIZI
Kaspi.-2014.-9 may.-S.21.