Etika və estetikanın birləşdiyi
məkan: Bakı Xoreoqrafiya Məktəbi
İlk baxışdan bura adi məktəbdən fərqlənmir. Digər məktəblərdə olduğu kimi, burada da kürəklərində çanta olan şagirdlər, dərsə tələsən müəllimlər, qapıda övladlarını gözləyən valideynlər diqqətimizi çəkdi. Lakin içəri daxil olanda bu məktəbin digər ümumtəhsil məktəblərindən kifayət qədər fərqləndiyinin şahidi olduq. Bura etika və estetikanın birləşdiyi Bakı Xareoqrafiya Məktəbidir. Mühafizəçi ilə söhbətləşdikdən sonra məktəbə daxil olduq. Birinci növbənin dərsləri bitdiyi üçün məktəbin girişindəki qarderobda kimisi paltarlarını geyinir, kimisi qarderob işçisi ilə söhbətləşir, kimisi də valideynlərini axtarırdı. Şagirdləri müşahidə edərkən hiss olunurdu ki, onların estetik görünüşləri, yerişləri, duruşları digərlərindən fərqlənir. Bu məktəbdə hər şey o qədər fərqlidir ki, insan özünü təhsil ocağında deyil, başqa aləmdə hiss edir.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Məktəbi Azərbaycan xoreoqrafiya sənətinin təməl məkanı, balet sənətinin, rəqsin inkişafına təkan verən tədris ocağıdır. Bütün bunları nəzərə alan ölkə prezidenti İlham Əliyev də məktəbin yerləşdiyi yerdə Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb. Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlara bu sərəncamda qeyd olunan Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
85 illik tarix
Tənəffüs müddətində 85 illik tarixi olan məktəbin direktoru ilə söhbətləşmək üçün onun otağının axtarışına çıxdıq. Şagirdlərinin köməyi ilə Bakı Xoreoqrafiya Məktəbinin direktoru, əməkdar müəllim Neylüfər Kərimova ilə görüşürük. Neylüfər xanımla tanışlıqdan sonra, məktəbin tarixinə nəzər saldıq. Direktor deyir ki, Bakıda ilk balet studiyası 1923-cü ildə yaranıb və 1929-cu ildə Opera Teatrının nəzdində Dövlət Balet Studiyasına çevrilib. 1936-cı ildən isə məktəbin adı dəyişdirilərək Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb: “Azərbaycanın bu gün tanınmış əməkdar artistləri, balerinaları, rəqqasları bizim məktəbin məzunlarıdır. İlk azərbaycanlı balerina, görkəmli sənətkar Qəmər Almaszadə ilk təhsilini burada alıb, milli xoreoqrafiya məktəbinin parlaq simalarından olan Leyla Vəkilova, Konstantin Bataşov, Xumar Zülfüqarova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Vladimir Pletnev, Çimnaz Babayeva, Vitali Axundov, Afaq Məlikova, Mədinə Əliyeva, Təranə Muradova və onlarla tanınmış rəqqas bu məktəbdə sənətin sirlərinə yiyələniblər”.
Məktəbin
özəllikləri
Bakı Xoreoqrafiya Məktəbində iki bölmə fəaliyyət göstərir: klassik bölmə və xalq bölməsi. Klassik bölməyə 5-ci sinifdən, xalq bölməsinə 8-ci sinifdən şagirdlər qəbul olunur. 1-4-cü siniflər hazırlıq mərhələsidir. Həmin siniflərdə xoreoqrafiya sənətinin ibtidai, təməl elementləri şagirdlərə aşılanır. 4-cü sinifdən sonra isə şagirdlərdən kimlərsə professional mərhələyə başlama imkanı əldə edir, kimlərsə məktəblə vidalaşmalı olur. Bu, şagirdin qabiliyyətindən asılıdır. Əgər 5-ci sinfə qədər şagird mükəmməl nəticələr göstəribsə, plastikası, musiqi duyumu, keçirilən materialı mənimsəməsi normativlərə uyğundursa, o, növbəti - professional mərhələyə keçir. 5-ci sinifdən artıq professional xoreoqrafiya sənətinin tədrisinə başlanılır”.
Qeyd edək ki,
məktəbdə təhsil iki pilləlidir.
I-IX sinif və sonra
daha 3 illik təhsil.
Məktəb dərsləri ilə yanaşı, qrim sənəti, duet, tarixi-məişət
rəqsləri, nəfəs
dərsi, xalq-səhnə
və Azərbaycan rəqsləri fənləri
yüksək səviyyədə
tədris olunur. Hətta burada
şagirdlərə aktyorluq
sənəti də öyrədilir. Klassik rəqs
dərsləri isə
bütün siniflərdə
keçilir. Bundan başqa,
balet dili fransız dili olduğu üçün
birinci sinifdən məktəbi bitirənə
qədər fransız
dili fənni tədris edilir. Üstəlik, professional müəllim
heyəti tərəfindən
yetişdirilən məzunlar
ABŞ, Almaniya, Çin,
İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və s. ölkələrin
nüfuzlu teatrlarında
və təhsil ocaqlarında çalışaraq
Azərbaycan xoreoqrafiya
sənətini uğurla
təmsil edirlər.
Burada hamə təhsil
ala bilməz
Direktor bizimlə söhbətində
məktəbə qəbulun
müsabiqə yolu ilə aparıldığını
bildirdi: “Müsabiqə
üç mərhələdən
ibarətdir: birinci mərhələdə uşağın
xarici görünüşünə,
bədənin proporsiyasına,
plastikasına diqqət
yetirilir. Çünki bu göstəricilər
xoreoqrafiya sənətində
əsasdır. İkinci mərhələ
tibb mərhələsidir.
Məktəbdə təhsil almaq
istəyən şagirdin
sağlamlıqla bağlı
problemi olmamalıdır.
Bədən çəkisi, gözlər,
onurğa və s. yoxlanılır. Üçüncü mərhələ isə “musiqi və ritm” - yəni gələcək şagirdin
musiqi duyumunun yoxlanılmasıdır. Əgər
şagird 5-ci və ya 8-ci sinifə qəbul edilirsə, əsas 3 mərhələdən
əlavə, ümumi
dünyagörüşü də yoxlanılır və keçdiyi məktəb proqramı üzrə imtahan edilir”
“Sanki doğulduğum
andan rəqqasam”
Direktorla söhbətləşdikdən sonra şagirdlərlətanış
olmaq üçün
musiqi sədaları gələn sinif otaqlarına yaxınlaşırıq. Şagirdlərin
hamısının bir
nəfər kimi dərslərdə xüsusi
rəqs paltarları ilə iştirakı adamı özünü rəqs ansambılında
hiss etdirir. Təsadüfi seçdiyimiz otaqlardan
birinə daxil oluruq. Dərsin gedişatına mane olmamaq üçün əvvəlcə rəqsi
izləyirik. Müəllimlərinin müşayiəti ilə
rəqs edən qızların incə hərəkətlərinə zövq
ala-ala baxdıqdan sonra
söhbətləşmək üçün onlara yaxınlaşırıq. Fəridə
Əliyeva xalq səhnə rəqsləri
fakültəsinin üçüncü
kurs tələbəsidir.
Deyir ki, rəqsə maraq onda uşaq yaşlarından yaranıb:
“Rəqsi o qədər
sevirəm ki, bəzən elə bilirəm, doğulduğum
andan etibarən rəqqas olmaq istəmişəm. Ailəmdə
heç kim
rəqqas deyil, amma valideynlərim bu arzumun reallaşması
üçün mənə
daim dəstək olublar. Gələcəkdə özümü böyük
səhnələrdə görmək
istəyirəm”.
Əlində boş stəkanlarla
rəqs edən 18 yaşlı Südabə isə bacısının
dəstəyi və köməkliyi ilə rəqsə başlayıb:
“Azərbaycan xalq rəqslərinə maraq məndə 8-ci sinifdən
sonra oyandı. Gələcəkdə Azərbaycan Dövlər
Rəqs Ansamblında çalışan Nigar Rzayeva kimi professional rəqqas olmağı qarşıma məqsəd
qoymuşam”.
“Bura ikinci evimizdir”
Tələbələr deyir ki, bu məktəbdə
təhsil almaq üçün başqa bütün məşğuliyyətlərini
qurban verməlisən:
“Bakı Xoreoqrafiya məktəbində oxuduqda,
başqa nə iləsə məşğul
olmağa zaman qalmır. Bəzən dərslər o qədər
gərgin olur ki, səhər saat 8-də gəlib, axşam saat 9-da çıxırıq. Məktəbin müəllim heyətinin üzərimizdə böyük
əməyi, zəhməti
var. Bu məktəbin müəllimləri
və uşaqları bizim ikinci ailəmizdir.
Ailə üzvlərimizdən çox
onları gördüyümüz
üçün burada
çox ciddi dostluqlar qururuq”.
Reportajımızı bitirdikdən sonra tələbələri dərsləri
ilə baş-başa
qoyub bu sehirli aləmdən ayrılırıq.
Aygün ƏZİZ
Kaspi.-2014.-9 may.-S.18.