O dağlarda oğullar var...

 

75 yaşlı professor Qara Məşədiyev, onun doğulduğu el-oba və kənd adamları ilə səmimi görüşlər haqqında qeydlər

 

Ötən həftəsonu Gədəbəyə, Şınıx bölgəsinə getmişdik. Tanınmış alim, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin anadan olmasının 75 illiyi ilə əlaqədar... Rayona çatar-çatmaz, ilk üz tutduğumuz ünvan Qara müəllimin vaxtilə təyinatla göndərildiyi Maarif kənd orta məktəbi oldu. Kəndin kənarındaca maşını saxlayıb, orada dayanmış iki ağsaqqaldan məktəbin yerini soruşduq. Onlar da əyalət marağı ilə “xeyir ola” dedilər. Elə bu vaxt Qara müəllimin də maşından düşüb yaxınlaşdığını görən həmsöhbətlərimizdən biri onu dərhal tanıdı:

 

- Bıy, ə, bu, Qara müəllimdi ki!.. Vay-vay... yaman qocalıb!..

 

Əslində, yaşına rəğmən, Qara Məşədiyev o qədər qoca görünmür. Gədəbəydə doğulan adam üçün 75 yaş nədir ki?! Görünür, Qara müəllimi tanıyan eloğluları onu bir az da cavan, bir az da canısulu təsəvvür edirmişlər. Amma 46 il əvvəlin gənc müəllimi pedaqoji fəaliyyətə başladığı məktəbə indi professor kimi gəlmişdi. biz həmin məktəbin həyətinə gedirik. Eşidən-bilən kənd adamları da buraya gəlir tanınmış alimin əlini sıxmağa tələsirlər. Onlardan biriİslam Əkbərov isə Qara Məşədiyevi bağrına basır. Çiyin-çiyinə işlədikləri günləri yada salırlar... İki ahıl insanın cavanlıq xatirələri çözələnir. Biz bir qədər aralıda dayanırıq ki, rahat söhbətlərini eləsinlər...

 

Sonra yolumuz Şınıx bölgəsinə tərəf uzanır. Başkəndinermənilərin qanlı döyüşlərdən sonra çıxarıldıqları kəndin xarabalıqlarından keçib gedirik. Yol yoldaşlarımız həmin döyüşləri xatırlayır, burda eloğlularının göstərdikləri qəhrəmanlıqlardan söz açırlar.

 

Gədəbəylilər Başkəndin alınması ilə həm ona görə fəxr edirlər ki, bu kəndin ermənilərdən azad olunması bütövlükdə Şınıx bölgəsinin azad rahat yaşamasını təmin edib. Əhali yalnız Başkəndin alınmasından sonra bu bölgədə abadlıq işlərinə başlaya bilib. Çünki uzun illər Şınıx bölgəsinə bu erməni kəndindən keçib gediblər. Amma 1988-ci ildən sonra, hələ sovet quruluşu davam edən dövrdə bu kənddən keçib getmək asan olmayıb. Ona görə ermənilərin burdan çıxarılması ilə Şınıx, necə deyərlər, azad nəfəs alıb, bu bölgənin əhalisinin sabaha ümidi, inamı artıb. Yalnız bundan sonra Şınıxda tikinti-quruculuq işləri başlayıb.

 

Başkəndin xarabalıqlarını geridə qoyub Düzrəsullu kəndinə çatırıq. Yol yoldaşlarımız yol kənarındakı evi göstərib deyirlər ki, bu, professor İzzət Rüstəmovun ata yurdudur. Bir az qabaqda professor Qara Məşədiyevin evini göstərirlər. Bütün bunlar yerli sakinlər üçün inam, etibar yeri sayılır. Əgər İzzət Rüstəmov ildə bir-iki dəfə Bakıdakı evindən çıxıb bu kəndə, burdakı dədə-baba yurduna baş çəkirsə, demək, kənd unudulmayıb...

 

Əgər Qara Məşədiyev burda ən müasir standartlara uyğun böyük imarət tikdirirsə, demək, bu kənddə yaşayış davam edəcək...

qohum-qonşu, ağsaqqal-qarasaqqal Qara Məşədiyevin ata yurduna, təzə tikilmiş evinə yığışırlar.

 

Dostumuz istedadlı həmkarım Süleyman Qaradağlı bu ağsaqqalların aşıq şerinə, aşıq sənətinə xüsus vurğunluğunu nəzərə alıb gecədən keçənə qədər bir-birindən gözəl təcnislər deyir. Deyəsən, onun bu fəallığı yaşı 80-ni ötmüş Məhəmməd müəllimi həvəsə gətirir o, yaddaş məsələsində heç bizim nisbətən cavan dostumuzdan geri qalmayaraq Aşıq Ələsgərdən, Mikayıl Azaflıdan, bilim, daha kimlərdən gözəl təcnislər, qoşmalar söyləyir. Bu yaşda insanın yaddaşına heyran qalmaqdan başqa söz tapa bilmirik...

 

bu arada daha bir ağsaqqal, kənd müəllimi Cahangir Rəsulov maraqlı bir faktı xatırladır. Deyir ki, bir 5-6 il əvvəl rayon təhsil şöbəsində müşavirədə idim. Təhsil Nazirliyindən gələn nümayəndə müşavirədə dedi ki, ayrı-ayrı rayonların yetirmələri olan alimlər haqqında kitablar hazırlanır. Gədəbəy alimləri bir kitaba sığmır. Nazirlik nümayəndəsinin dediyinə görə, hələ o vaxt bu siyahıya 750 alimin adı daxil edilibmiş.

 

Biz həmin alimlərdən birinin ata-baba yurduna gəlmişik ki, onun keçdiyi ömür yoluna işıq salaq...

 

Gədəbəy, doğurdan da, alimlər, ziyalılar yurdudur. Bu bölgədə elmə, təhsilə belə marağın səbəbi nədir? Əlbəttə, bu suala birmənalı cavab vermək asan deyil. Ola bilsin, bu, genetik bir məsələdir? Bəlkə Gədəbyin sərt iqlimi ilə, burda illərdən bəri formalaşmış yaşam tərzi ilə əlaqəlidir? Hər halda ehtimallar çoxdur. Dəqiq cavab isə yox... Dəqiq olan bircə odur ki, Gədəbəydə elmə, təhsilə həmişə böyük maraq olub, bu gün var. Məsələn, bizi o söhbətlər zamanı bir mənzərə xüsusi təəccübləndirdi. Geyim-gecimindən adi, zəhmətkeş kənd adamı olduğu bilinən biri söhbət televiziya kanallarımızdan düşərkən dedi: “Dünən axşam Rusiyanın NTV kanalında Nikita Xruşşovun həyatına həsr olunmuş sənədli film göstəriləsi idi, təəssüf ki, işdə oldum, baxa bilmədim...” Bakının mərkəzində özünü hətta ziyalı sayanlar da bəzən Zaurun, Elgizin verilişlərinin bir buraxılışını ötürməyə təəssüflənirlər, Şınıxda yaşayan adi kənd adamı isə NTV kanalında sənədli filmi izləyə bilməməsindən narahatlıq keçirir. Bu, bir təzaddır, yoxsa XXI əsrin qəribə inanılmaz reallıqlarından biri? Bax, bu suala cavab verməkdə çətinlik çəkirəm...

Qara Məşədiyev isə doğulduğu kənddən, uşaqlığından danışır.

 

elə burdaca xatırlatmaq istəyirəm ki, professor Qara İbrahim oğlu Məşədiyev 1939-cu il mayın 15-də Gədəbəyin Göyəmli kəndində anadan olub. Şınıx bölgəsinin bu balaca kəndində o illərdə heç məktəb yoxmuş... Ona görə uşaqlar oxumaq üçün 8-10 kilometr aralıda yerləşən Zamanlı kəndindəki yeddiillik məktəbə gediblər. Sonra təhsilini davam etdirmək istəyənlər bu bölgədəki yeganə orta məktəbə - Çayrəsullu kənd orta məktəbinə üz tutublar. bu arzunun dalınca həmin uşaqlar hər gün dağlı-daşlı yollarla təxminən 20-25 kilometr məsafə qət etməli olublar. Di gəl, belə əziyyətdən sonra yaxşı oxuma!

 

Qara Məşədiyev bu məktəbi əla qiymətlərlə başa vurub. Bunu məktəbin indiki direktoru Xaqani Əkbərov da təsdiqlədi. Dedi ki, şəxsi işində ancaq “5”-lər qalıb.

 

Qara Məşədiyevin isə indi bu “5”-lərlə işi var, sonrakı uğurlarla... Düzrəsullu kəndində inşa etdirdiyi ikimərtəbəli evin eyvanından aydın görünən dağları göstərir, bu dağların arxası ilə məktəbə piyada gedib-gəldiyi günləri yada salır...

Uşaqlıq dostlarından kimsə xatırladır ki, qışın soyuğuna, şaxtasına, qarına baxmadan Qara bir dəfə dərsə gecikməzdi...

O, məktəbi bitirəndən sonra üzünü Bakıya tutub, böyük elm dalınca...

 

Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Dillər Universitetində) təhsilini müvəfəqiyyətlə başa vurandan sonra 2 il təyinatla doğma rayonunda işləyib. Sonra yenidən Bakıya qayıdıb, aspirantura, namizədlik dissertasiyası, sonra doktorluq... Artıq 1991-ci ilə təsadüf edən bu müdafiə o illərin çağırışlarına, tələbatına tamamilə uyğun olub: onomastika dilçilik məsələləri. Qeydə alınmış toponimlərin tarixi-etnoqrafik təhlili...

 

Əslində, onomastika yeni elm sahəsidir. Azərbaycanda isə xüsusən gec araşdırılmağa başlayıb. Yalnız ötən əsrin 70-80-ci illərində. Qara Məşədiyev daha iki həmkarı ilə birlikdəAzərbaycan dilinin onomastikasıadlı kitab çap etdirəndə müəlliflərə dərhalsağ oldeməyiblər. Əksinə, bu tədqiqatın nəyə lazım olduğu barədə söz-söhbət çıxaranlar da olub. Amma erməni separatçılarının Qarabağ iddiasının getdikcə böyüdüyünü görənlər, türk adlarının sürətlə dəyişdirildiyinin şahidi olanlar onomastikanının öyrənilməsinin, toponomikanın tədqiqinin vacibliyini anlamağa başlayıblar. Gec olsa da...

 

Tanınmış türkoloq Rüfət Rüstəmov onu nəinki bir alim, həm bir el ağsaqqalı kimi xarakterizə edəcək, onun haqqında maraqlı tarixçələr danışacaqdı...

 

bütün bunlar bir alimin, bir vətəndaşın, bir azərbaycanlı ailə başçısının xarakterik cizgilərini qabarıq göstərəcəkdi...

bütün bu söhbətlər Gədəbəyin yaşıllığa bürünmüş dağlarından təzəcə qayıdan bizlərin təəssüratına, Qara Məşədiyev haqqında təsəvvürünə bir az da şirinlik qatacaqdı...

 

Amma ən böyük şirinliyi, ən böyük səmimiyyəti Qara Məşədiyevin ailəsində görəcəkdik. O ailədə ki, orda böyük-kiçik yerini yaxşı bilirlər, orda adət ənənələrimiz, dini inanclarımız məhəbbətlə qorunur...

Demək, hələ yaşamağa dəyər...

Yaş 75-i ötsə ...

 

Müsəllim Həsənov

Kaspi.-2014.-15 may.-S.14.