Həştərxanda Azərbaycan dilində
nəşr olunan “Bürhani-tərəqqi“
qəzeti
1906-1911-ci illərdə Həştərxanda şamaxılı Mustafa Lütfi Hacı Sədrəddin oğlu İsmayılov (Şirvanski) tərəfindən Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti haqqında informasiya axtarışına çıxmışdım.
"Bürhani-tərəqqi" izafəti, alınma söz birləşməsi - "tərəqqinin, inkişafın sübutu, dəlili " anlamına uyğun gəlir. Bu tipli dil vahidlərini anlamaq, onları çözələmək üçün birləşmənin ikinci tərəfini, defisdən sağdakı sözü irəli çəkin, ona ahəngə uyğun olan yiyəlik hal şəkilçisi (-ın,-in,-un,ün) artırın, birləşmənin əvvəlindəki sözü ikinci yerdə yazın. Məsələn, əhli-maarif = maarif əhli; əhli-qələm = qələm əhli; ruzi-qiyamət = qiyamət günü...
Axtarışın əsas səbəbi Rusiya Federasiyasının bəzi dilçi alimlərinin məni inandırmayan fikirlərindəki dolaşıqlıqlara aydınlıq gətirmək idi. Məhəmməd Hadinin bu qəzetdə müvəqqəti redaktor olduğunu oxuduqlarımdan bilirdim. Həştərxanda sürgündə olarkən Nəriman Nərimanovun da "Bürhani tərəqqi" qəzetində elmi-publisistik yazılarla çıxış etməsi də məlumdur. M.Ə.Sabirin də "Bürhani-tərəqqi"dəki fəaliyyətindən danışırlar. Təəssüf ki, M.Ə.Sabirin "Hophopnamə"sində bu faktı təsdiq edən heç bir fakt hələlik yoxdur.
Nə isə...
Axtarışlar Türkiyəyə gedib çıxdı. "Kardeş kalemler" də bir neçə tutarlı faktlarla rastlaşdım. İnandığım da oldu, inanmadığım da. Araşdırdım, incələdim, fərqli-fərqli fikirlərlə üzləşdim. Mustafanın Lütfinin doğum tarixinin bir mənbədə 1876-cı il, digər mənbələrdə 1880-cı il kimi təqdimi ilə rastlaşdım. Bunlar sözgəlişi sözlər deyil. Elə bilməyin ki, bunun mətləbə dəxli yoxdur. Bizim bir sıra ədəbiyyatşünaslarımız 9 yaşında atadan yetim qalan Məhəmmədin Mustafa Lütfinin himayəsində böyüdüyünü yazırlar. Əlbəttə, bu, inandırıcı deyil: ya Mustafa Lütfi İsmayılov Məhəmmədin əmisi yaşındadır, ya da himayədarlıq haqqında deyilənlər həqiqətə uyğun deyil. Hər halda elmi yazıda deyilən fikir həqiqətə uyğun olmalıdır.
Mustafa Lütfi bir müddət Şamaxıda yaxşı müəllimlərdən dərs alandan sonra İstanbula köçmüş, orada şamaxılıların yaxşı tanıdığı savadlı, adı heç bir yazılı mənbədə çəkilməyən, sənədlərdə göstərilməyən elm ocağında oxumuşdur. Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra-noyabrın 26-da burada "Şurayi- İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül -ədəb" (ədəb evi, ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır. Mustafa İsmayılov Həştərxanda Azərbaycan dilində qəzet çıxarır. Təəssüf ki, bu qəzetin dilini tədqiq edən Minnulin Bəxtiyar Kimoviç elm aləminə "Bürhani -tərəqqi"ni tatar dilli qəzet kimi təqdim etmişdir.
Qəzetin təsis tarixi 18 yanvar 1906-cı ildən başlayır. "Bürhani-tərəqqinin
5 ildə (1906-1911) 141 nömrəsi
işıq üzü
görmüşdür.
"Bürhani-tərəqqi" oxuculara "həftədə
bir dəfə çıxan siyasi, ədəbi, iqtisadi türkcə müsəlman
qəzetəsidir" kimi
tanıdılır. Qəzetin hər
nömrəsi əsasən
4 səhifədir.
Bir sıra
nömrələri 8 səhifə
həcmindədir. Materiallar əksər nömrələrdə
3 sütunda yerləşdirilmişdir.
Hər sütunda 40 sətir vardır.(Qəzetin vaxtında
çıxması üçün
İsmayılov qardaşları
ticarətlə məşğul
olurdular).
Məktəb və mətbəə işlərinə yardım
məqsədilə yaradılan
ticarət işlərinə
Mustafanın Şamaxıdan
Həştərxana gələn
kiçik qardaşı
rəhbərlik edirdi. İsmayılovlar mağazanı icarəyə
götürdüklərindən ticarətdən o qədər
də xeyir qazanmırdılar. Onların əsas
gəliri yazılanların
qalması, məktəblərdən
aldıqları təhsil
haqları idi.
Mustafa İsmayılov ətrafına ədəbi,
elmi və yetkin siyasi savadlı
Azərbaycan, tatar, noqay, kumuq gənclərini
toplaya bilmişdi. Onlardan-Həbibulla
Ömərov, Zahidulla
Şərufulin, Qurbanəli
Erembetov, Fatix Şammazov və başqaları türk mətbuat tarixində yadda qalan ziyalılardır.
Azərbaycan şairi, Mustafanın
şamaxılı əqrəbalarından
Məhəmməd Hadi
Əbdüssəlimzadə də "Bürhani-tərəqqi"
qəzetinin yazılmasında
və nəşrində
haqqı-sayı olanlardandır.
Məhəmməd Hadi Həştərxana
Kürdəmirdən getmişdir.
1902-ci il zəlzələsi bütün
şamaxılıları yerindən-yurdundan
ələk-fələk eləmişdi:
Hadi də, mənim babam Rəsul da, onun qardaşı Məcid də - kimi tək, kimi ailəli Kürdəmirə üz tutmuşdular. Babamgil bir neçə
rəs atla (rəs- numerativ sözdür, mal-qara "baş" numerativ sözü ilə, at isə "rəs" sözü ilə işlənir. Məsələn:
beş rəs
at -N.N.) Türkiyə ilə ticarətə
üstünlük vermiş,
onların yaxın qohumlarından və dostlarından biri Məhəmməd isə müəllimliyə qərar
verir. Məhəmməd o vaxt Kürdəmirin
də baş kəndi olan Köhnəbazar məktəbində
müəllim işləyir.
Köhnəbazar kənd məktəbi Kürdəmirin ilk yeni tipli dövlət məktəbidir. Əsası 1881-ci ilin fevralında
qoyulmuşdur.
Yeri gəlmişkən
qeyd edim ki, bu məktəbin
tarixini, təvazökarlıqdan
uzaq olsa da deməliyəm ki, mən müəyyənləşdirmişəm. 1977-ci ildən başlayaraq, müxtəlif mətbu orqanlarda bu məktəbin
tarixi, burada işləyən yüksək
pedaqoji təfəkkürlü
müəllimlər haqqında
yazılar yazmışam.
Köhnəbazar kənd məktəbinin
- qədim Şirvan mahalının tarixi məktəbinin 130 yaşını
faktlar əsasında pedaqoji işi anlayanlara və qiymətləndirməyi bacaranlara
başa salmışam.
Məktəbin 130 yaşlı yubileyi
gec də olsa, rayon səviyyəsində,
nəhayət ki, qeyd olunmuşdur. Yubiley tədbirlərinin gücləndirilməsinə
böyük köməklik
göstərən Təhsil
Nazirliyinin mətbu orqanı olan "Təhsil" jurnalının
o vaxtkı redaktoru rəhmətlik Malik Novruzovun bu işdə
təşəbbüskarlığı da həmişə xatırlanmalıdır.
Nə isə...
Məhəmməd Əbdüssəlimzadə Həştərxandan
məktub alır və o, çox güman ki, tərəddüd etmədən
şimala üz tutur. Ədəbiyyat tarixçilərimizin
yazdığına görə,
Məhəmməd Hadi
bir müddət "Bürhani-tərəqqi"nin
redaktoru da olur. Bu fikri ona görə ehtiyatla yazıram ki, Bakıda -M.F.Axundov adına
Respublika kitabxanasında
bu qəzetin - 141 nömrəsi olan "Bürhani-tərəqqi" nin
cəmi 12 nömrəsi
saxlanılır. Odur ki, tədqiqatı genişləndirmək
çətinlik törədir.
Görəsən, qəzetin bütün
nömrələrinin surətin
çıxarıb, səliqəli
şəkildə Azərbaycan
oxucularına çatdırmaq
çətindirmi?
Yenə
də nə isə...
Məhəmməd Əbdüssəlimzadə qohumu
Mustafa İsmayılovun xahişi
ilə 1906-cı ilin mayında Həştərxana
gedir, sentyabrın ortalarına qədər
"Bürhahi-tərəqqi" qəzetində və
"Darül-ədəb"də işləyir. Görünür,
"Şurayi-islam" cəmiyyətinin
üzləri arasında
fikir birliyi tez-tez pozulduğuna görə, Bakıdan
"Həyat" qəzetinin
redaktoru Əli bəy Hüseynzadədən
iş dəvəti alan kimi
Məhəmməd Hadi
Bakıya qayıdır
və "Füyuzat"
jurnalında fəaliyyətə
başlayır.
Məhəmməd Əbdüssəlimzadənin "Bürhani-tərəqqi"də çıxan bir şeiri "Dəbistan"
jurnalının 6 avqust
1906-cı il tarixli nömrəsində
"Bürhani-tərəqqi"dən qeydi ilə çap olunmuşdur. "Lövheyi-təsviri-maarif"
adı ilə oxuculara təqdim olunan bu şeir
dördlük şəklindədir,
18 bənddir. Sonuncu bəndə
bir beyt əlavə olunmuşdur.
Vətən övladına
müraciətlə başlayan
bu şeir oxucunu maarif məsələlərinə xüsusi
diqqət verməyə
çağırır:
Maarif bir həqiqətdir, silər mirati-idraki,
Maarif bir ziyadır kim, qılar
tənvir vicdani.
Maarif vaqif eylər şəxsi əsrari-xəfayayə,
Maarif kəşf
edər insanə mənizari-imkani.
Köməyinə, bilik və bacarığına
güvəndiyi Məhəmməd
Hadinin Bakıya qayıtması Mustafa İsmayılovun
qəzetçilik fəaliyyətini
çətinləşdirir. «Şurayi-islam»
cəmiyyətinin üzvləri
arasında yaranan qarşıdurmanı sakitləşdirmək
üçün Bakıdan
Həştərxana gedən
Əlimərdan bəy
Topçubaşov əməl
və əqidə dostlarını barışdırmaq
istəsə də, istəyinə nail ola bilmir.
1908-ci il yanvarın
22-də Mustafa İsmayılov panislamizm ideyalarını
yaydığına və
xalqı hakimiyyətə
müqavimət göstərməyə
çağırdığına görə həbs edilir. O, martda polis nəzarətində saxlanmaq
şərti ilə azadlığa buraxılır.
1909-cu ildə "fars inqilabçılarına kömək etdiyinə görə" Nəriman Nərimanov Metex qalasından - həbsdən çıxarılaraq, Həştərxana sürgün edilir. N.Nərimanov Hətərxanda yaxşı qarşılanır. "Bürhani -tərəqqi" qəzetinin birinci səhifəsində ən bahalı reklam yerində onun gəlişi ezop manerası ilə oxuculara bildirilir: "Müsəlman doktoru Nəriman bəy Nərimanov daxili və qadın xəstəlikləri olanları hər gün qəbul edir. Qəbul səhər saat 9-dan 12-dək, axşam saat 5-dən 7-yədəkdir.
Ünvan : Könnə Dəmirçi küçəsi, ¹ 28.Velosiped klubunun arxa tərəfində".
Azərbaycan və rus dillərində
olan bu elan
qəzetdə üç
ay davam edir. Elandan sonra
ərazinin türkdilli
və rusdilli vətəndaşları N.Nərmanovun
hüzuruna axışır.
Yeri gəlmişkən
qeyd edim ki, "Bürhani- tərəqqi" müəyyən
çətinliklərlə çıxırdı. Bu, ən çox qəzetin hər yazısının diqqətlə
araşdırılması və
bu araşdırmaların
üzə çıxardığı
faktlarla ilgili idi. Qəzetin nömrələrinin ləngidilməsi hökumət
tərəfindən təyin
edilmiş senzorun və quberniyada tatar dilində çap olunan qəzet, jurnal və ədəbiyyat materiallarının tərcüməçisi,
Həştərxandakı rus-tatar
məktəbinin rus dili müəllimi İsak İsgəndərovun
hakim dairələrə yaxınlığı
ilə bağlı idi. İ.İsgəndərovun əsas hədəfi
"Şurayi-islam" və
o bu cəmiyyətin məktəbi "Darül-ədəb"
idi. 1910-cu ilin fevralında Mustafa İsmayılov "Darül-ədəb"dən
uzaqlaşdırılır. 1911-ci ilin iyununda
"Bürhani-tərəqqi" qəzeti bağlanır.
Vəsait olmadığını bəhanə edərək,
1911-ci ilin sentyabrından
"Daryl-"ə şagird qəbulu dayandırılır.
Bəzi müəlliflərin yazdığına
görə "Bürhani
-tərəqqi" bağlanandan
sonra Mustafa İsmayılov
Qafqaza qayıdır. Təəssüf ki, yazılarda konkret məkan göstərilmir.
1914-cü
il martın 14-də Həştərxan qubernatoru
Mətbuat üzrə
Baş İdarəyə
göndərdiyi 2391 ¹-li
məktubunda Mustafa İsmayılova
gündəlik "Haqq"
qəzeti çıxarmağa
icazə verdiyini yazmışdır. Qəzet Mustafa İsmayılovun evinə yaxın mətbəələrin
birində çıxır.
"Haqq" qəzeti əvvəllər
hər gün, sonralar isə həftədə 2-3 dəfə
şıxmışdır.
Lütfi
Mustafa İsmayılovun (Şirvanskinin ) sonrakı taleyindən xəbərsizik.
Tədqiqat davam edir. Növbəti yazılarımızın birində
Lütfi Mustafa İsmayılov
Şirvaninin "Bürhani-tərəqqi
ilə bir vaxtda Həştərxanda
nəşr olunan
"Mizan" qəzetindən
bəhs edəcəyik.
Nazim Nəsrəddinov,
əməkdar
müəllim
kaspi.-2014.-16 may.-S.7.