“Yad
et məni, aşiqanə yad et...”
İndi
L.Qrosmanın görkəmli
adamların seriyasından
yazdığı “M.F.Dostoyevski”
kitabı heç də bu dahi
sənətkarın özünün
şah əsərlərindən
az oxunmur.
V.Hüqo, A.P.Çexov, Markes
və b. haqqında yazılanlar da elə. İstedadla yazılmış memuar ədəbiyyatının
cazibədarlığı ondadır
ki, bənzərsiz ədəbiyyat nümunələri
yaratmış söz
ustadlarının gerçək
yaşamları həyata
və cəmiyyətə
baxışları ən
incə detallarına qədər ifadə olunur, parlaq ədəbi obrazları özlərinin xarakter özünəməxsusluğu ilə bir arada
təqdim olunur. Yəni hər sənətkarın
özünün ədəbi
portreti yaradılır.
Və bu proses memuar
müəlliflərinin daha
məsuliyyətli, obyektiv
olmasını tələb
edir. Ona görə ki,
hər kəsin tanıdığı, gündəlik
həyatda ünsiyyətdə
olduğu şəxsiyyət
haqqında yazmaq elə də asan məsələ deyil. Bunun üçün dərin müşahidə,
illərin yaxınlığı
və sayğı hissi ön planda
olmalıdı.
Tanınmış yazıçı-publisist Nahid
Hacızadənin xatirə-memuarları
da məhz obyektiv, səmimi, vəfadarlıq duyğusunun
yetərli olması baxımından maraqla oxunur. Kifayət qədər uzun
ömür yaşamış
Nahid müəllim həyatından fraqmentlər
qələmə aldığı
hər bir sənət adamının
xatirəsini məsum bir yeniyetmə heyranlığı ilə
təsvir edir. Onların haqqında doğmadan-doğma,
əzizdən-əziz şəkildə
söhbət açır
və bu səmimiyyət, doğmalıq
Nahid müəllimin xatirələrinin uğurunu
təmin edir. Onun xatirələrində, deyək
ki, xalq yazıçısı Ənvər
Məmmədxanlının xarakter özünəməxsusluqları
bir həyat məktəbi, örnək
olaraq şəkillənir.
Və Ə.Məmmədxanlının simasında oxucu yeni bir ədəbi
obraz tapır. Nahid Hacızadə bu böyük sənətkarın
dolğun obrazını
fakt və rəqəmlərin cansız
akademik dili ilə yox, daha
çox yığcam,
ancaq eyni zamanda da lirik-emosional
bir tərzdə, səmimiyyət aurasında
yarada bilir. Az qala hər sətir, hər söz şəhadət verir ki, bəli, doğrudan da bunu məhz Ənvər Məmmədxanlı
deyə bilər, bu, Ənvər müəllimin öz münasibəti, öz yaşamıdı. N.Hacızadənin bu görkəmli sənətkarın həyat
tərzinə yaxından
bələdliyi, yaradıcılıq
labaratoriyasınn özünəməxsus
gizlinlərinə mükəmməl
şəkildə vaqifliyi
onun uğurunu təmin edir. Məsələn, bilirsən
ki, Ənvər Məmmədxanlı ilə
yalnız onun xarakter və həyat tərzinə yaxından bələd olan bir şəxs
belə, bu tərzdə söhbət
edə bilər:
“-Ənvər
müəllim, “Babək”
neyləyir?
-Neyləyəsidir ki? – deyə gülümsünürdü.
– Mənim kimi səbrini basıb gözləyir.
-Ənvər müəllim,
səbrin də bir hüdudu var. Gör nə vaxdandır ki, oxucuların gözü yoldadır.
-Nahid, belə bir misal var:
“Tələsən təndirə
düşər”. Babəki dünya
tanıyır, o, bizim
azadlıq idealımızdır.
Gərək roman da bu ideala layiq olsun.
Düzdü, mənin ssenarimlə
“Babək” film çəkildi.
Ancaq mənim ürəyimdən
tikan çıxarmadı.
Ona görə də bütün ümidim romanadır. Burada ad da mənimdim, məsuliyyət də...”
Bu qısa dialoq əslində öz yaradıcılığına akademik
şəkildə tənqidi
münasibət bəsləyən,
böyük vətəndaş
və yazıçı
varlığını heç
cür ucuz şöhrət, populyarlıq
xəstəliyinin ayağına
verməyən görkəmli
bir yazıçının
dolğun obrazını
ortaya qoyan yaradıcılıq nümunəsidi. Oxuyan kimi
əlbəəl bilirsən
ki, Nahid müəllim Ə.Məmmədxanlının
yaradıcılıq labarotoriyasına
da, xarakter bənzərsizliyinə də,
şəxsi iradə üstünlüklərinə də
yaxşı bələddi.
Və bu mükəmməl bələdlik onun Ənvər müəllim
haqqında yazdıqlarının
həyatiliyini, səmimiyyətinin
təmin edir. Bu yazılanlarda Ə.Məmmədxanlı
necə var elədi, özüdü.
Ona görə ki, Nahid müəllim onun obrazını özününküləşdirə bilib. İnanırsan ki, Ənvər
müəllim həqiqətən
də öz əsərlərinin qəhrəmanlarına
bənzəyir; məğrur,
müdrik və insanpərvər, eyni dərəcədə də
obyektiv. Nahid müəllim
öz xatirələrində
təfərrüata varmır,
artıq, lüzumsuz epizodlar üzərində
uzun-uzadı gəzişmələr
etmir. Əksinə, adi, sadə
və yığcam bir cizgi ilə
böyük bir sənətkarın həyatının
ən dolğun təfərrüatlarını göz önünə gətirə bilir.
N.Hacızadənin xatirə-memuarlarının iç dünyasında adamı dəfolunmaz bir qüvvəylə daim özünə çəkən bir işıq, təbəssüm
var. Bunun başlıca
səbəbi ondan irəli gəlir ki, Nahid müəllimin
xatirə dünyasının
yönü daha çox işıqlı,
mərd və xeyirxah şəxsiyyətlərə
tuşdu. O, daim yaxşılığı təlqin
edir, böyük xarakterlərin gerçək
portretlərini yaratmaqla
əslində o, böyüməkdə
olan nəslə təlqin etmək istəyir ki, həyatda belə olmaq, bu amalla
yaşamaq lazımdı.
Həyat
yalnız yaxşıları,
əxlaqı və vicdanı onlanları yaşadır. Nahid müəllimin
xatirə-memuarları əslində
onun həyat haqqında verdiyi vacib dərslərdi.
Bu dərslər konkret şəxsiyyətlərin
həyat yolu, fəaliyyəti kontekstində
verilir və daha çox inandırıcı, daha çox ibrətedicidi.
Nahid Hacızadəni oxuyursan və inanırsan ki, ustad yazıçı Mir
Cəlalın görkəmli
sənətkar Hüseyn
Cavid haqqında dediklərini ancaq Nahid müəllim belə lakonik, bitkin şəkildə qələmə ala bilər:
“Onda İşərişəhərdə
yaşayırdıq, - deyə
Mir Cəlal müəllim
sözünə davam
etdi. Cavid Əfəndi bizə
gəlirdi. Çay içir,
oxuduqlarımızdan, yazdıqlarımızdan
danışır, fikirlərimizi
bölüşürdük. Bir dəfə gözləmədiyim halda
soruşdu:
-Komsomol, nə yazırsan?
-Elmi iş, yəni dissertasiya.
-Mövzun nədir?
-Azərbaycan qadın yazıçılarının yaradıcılığı.
Bir az fikrə
getdi. Sonra üzümü mənə
tutub dedi:
-Komsomol, heç kağıza, mürəkkəbə
heyifin gəlmir? Sənə bir məsləhətim
var.
-Buyurun, Cavid Əfəndi, - dedim. –Mən sizi özümə
ağsaqqal bilirəm.
Məsləhətinizə də həmişə
ehtiyacım var.
-Əgər belədirsə,
onda sən bu mövzunu burax getsin. Üzünü Füzuliyə çevir.
Füzulidən yaz, qoy sənin adın tarixdə Füzuli ilə bərabər yaşasın...
Böyüyün böyük sözüdü
və Nahid müəllim bu böyük sözünün
nəsildən-nəsilə yadigar qalmasının məqamını qaçırmır,
qısa bir söhbətin unudulmazlığını
yazıya almaqla örnək bir münasibətin əbədiyaşar
abidəsini ucalda bilir.
Yazıçı Seyfəddin Dağlının
xeyirxah təbiətini
Nahid müəllim iki-üç sətirlə
ifadə edir. “O, yaxşı
adam idi,
qayğıkeş insandı”
demir, sadəcə olaraq bir detalı
şəkilləndirir: “Kirpi”də
redaktor işlədiyi
vaxtlar idi. Zəng elədi:
-Rüfət Əhmədzadəni
tanıyırsan?
-Özü ilə tanışlığım yoxdu,
ancaq şeirlərini oxumuşam.
-Təzə kitabı çıxıb, ona kömək elə. Qoy başını ekrandan çıxarsın,
bəlkə baxtı açıldı...
Vəssalam. Bu, artıq Seyfəddin Dağlı inanpərvərliyinin,
xeyirxahlığının əbədiləşmiş şəklidi.
Nə yaddan çıxır, nə göz önündən gedir.
Nahid müəllim
unudulmaz şair Teymur Elçinin səmimi, xeyirxah obrazını da eyni qədirbilənliklə
göz önünə
gətirə bilir. “...Yadına nəsə düşmüş kimi birdən ayaq saxlayıb:
-Nahid, səni təbrik edirəm-dedi, -mətbuatda oxudum ki, Moskvada – “Sovetski pisatel” nəşriyyatında kitabın
çıxıb. Bu, sənin üçün də, mənim üçün də xoş hadisədi. Bəs niyə o kitabdan mənə verməmisən?
-Teymur müəllim, - dedim. – Düzü, ürək eləmədim.
Qorxdum ki, birdən xoşunuza gəlməz.
-O boyda “Sovetski pisatel”in xoşuna gəldi, mənim niyə gəlməsin – deyə ürəkdən güldü.
Başqalarının uğuruna ürəkdən sevinə bilənlərin obrazı Nahid müəllimin xatirə-memuarlarında dərin səmimiyyətlə yer alır. Biz bu yazılanlarda xalq yazıçıları Əli Vəliyevin, Süleyman Rəhimovun, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, İsmayıl Şıxlının, xalq şairləri Rəsul Rzanın, Süleyman Rüstmin və başqalarının dolğun xarakter özünəməxsusluqlarını görür və onların unudulmaz obrazları ilə üzbəüz qalır, düşünür, əxz edir, öyrənir, yaşayır və yaşadırıq. Kişi ömrü yaşaya bilənləri kişi kimi anmaq, yada salmaq əslində bir kişilik məktəbidi və N.Hacızadə bu məktəbin Azərbaycan ədəbi-mədəni həyatı üçün çox gərəkli olan örnəklərini yaratmaqla əslində o böyük isanların haqqını haqlamış olur. O, doğru olaraq vurğulayır ki, hər insan sirli-soraqlı bir aləm, yazılmamış bir kitabdır. Yaradıcı insanın könül dünyası daha cazibədar, təlatümlü, coşqun, üfüqləri isə daha geniş, əngin və əlçatmaz olur. Bu dünyanın öz Günəşi, Ayı, ulduzu, öz güllü-çiçəkli yazları, payızları, qışları olduğu kimi, bənzərsiz xarakter daşıyıcıları olan sənət adamları da var. Onların dolğun obrazını ən lakonik cizgilərlə ədəbi yaddaşa köçürməyin dilini yaxşı bilən N.Həsənzadə bununla həm də öz adını o böyük insanların sırasına yazmış olur. Yəni, ustad Mir Cəlalın təbiri ilə demiş olsaq, onlarla birgə tarixləşir. Böyük yanında dayana bilməyin yolu isə böyük münasibətdən keçir. Gərək bu münasibət aydın, pak və təmənnasız olsun. O böyük şəxsiyyətlərin adına layiq olsun. Və qəbul edilsin ki, filan sənətkar haqqında məhz filan qələm adamı yaza bilər. Vaxt keçəcək, o böyük sənət adamlarından istedadla, xüsusi bir sənət yanğısı ilə yazılmış əsərlər qalacaq. Onların öz maraqlı, cəlbedici obrazları isə məhz Nahid Hacızadə kimi ötüb-keçənlərə vəfalı, etinalı qələm adamlarının yazdıqlarından boylanacaq. Bu obrazlar daha canlı, daha müdrik və cəlbedicidilər. Hər birinin haqqıdı desin ki, “yad et məni, şaiqanə, aşiqanə yad et!..
Nahid müəllimin hər xatirəsində “mən bu an səni düşünürəm, sənsizəm, sənə ehtiyacım var” könüldaşlığı yaşayır.
Gülayə
Kaspi.-2014.-17-19 may.-S.24.