Tarixi-poetik həqiqətlərə sadiqlik

 

Unudulmazlar

 

Azərbaycan şərqşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri Azadə Rüstəmova əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü olub. Ədəbi fəaliyyətinin əsas istiqamətini orta əsrlər ədəbiyyatının tarixi-nəzəri problemlərinin tədqiq və təhlili təşkil edirdi. Fəaliyyətini orta əsrlər ədəbi mühitinin tədqiqinə bağlayan bu unudulmaz alim klassik şeirimizdə obraz və xarakterləri təhlil etmiş, ədəbiyyatşünaslıqda nisbətən az öyrənilmiş, ya da heç öyrənilməmiş məqamların açılmasına xüsusi diqqət yetirmiş, poeziyamızın metod, janr, üslub xüsusiyyətləri, sələf, xələf, varis, irs problemlərini, folklor ənənələrini mükəmməl araşdırıb. 300-ə yaxın məqalənin, 20 kitab və monoqrafiyanın müəllifi olan bu fədakar alim əsasən klassik poeziyamızın nümayəndələri haqqında dəyərli, əhəmiyyətini heç vaxt itirməyən tədqiqatlar aparmışdır. “ Azərbaycan epik şerinin inkişaf yolları”, “ Əsrlərin addımları”, “Fələki Şirvani”, “ Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası”, “ Məhəmməd Füzuli”, “Mütəfəkkir Mövlanə Füzuli”, “ Nizaminin poeziya sələfləri”, “ Mövlanə Cəlaləddin Rumi” adlı kitabları ədəbi ictimaiyyətin yaxşı tanıdığı dəyərli tədqiqatlardır.

 

Ləyaqət və şəxsiyyətinə böyük ehtiram və hörmətim olan Azadə xanımı yaxından tanıyırdım. Tale elə gətirmişdi ki, bir yerdə xarici səfərdə də olmuşduq. Çox zəngin daxili aləmi vardı. Kövrək və həssas bir xanım idi. Yadımdadı, ötən əsrin 80-ci illərində “Azərbaycan müəllimi” qəzeti üçün ondan müsahibə də almışdım. “Kaş Nizaminin əsərləri olduğu kimi xalqımıza çatdırılardı” pıçıltısını da eşitmişdim, amma nədənsə fərqinə varmamışdım. Onda çox gənc idim, yozumlardan uzaqdım. Yalnız dövlət müstəqilliyimizi qazandıqdan sonra Xəlil Rza Ulutürkün Nizaminin poetik xəzinəsindən etdiyi tərcümələri oxuduqda bu unudulmaz alimin xiffətinin əsil səbəbini anladım.

 

Bakıda anadan olmuşdu. 132 saylı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilini davam etdirib. Universiteti fərqlənmə diplomu ilə bitirən Azadə Rüstəmova Moskva Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. O, bu barədə öz xatirələrində yazırdı: “XX əsrin görkəmli şərqşünas alimi Y. E. Bertelsin aspirantı idik. Qəzənfər Əliyev, mən və biruzun müddət Azərbaycan radiosunda fars dilindən baş tərcüməçi vəzifəsində çalışan Tamara Əliyevaya bu böyük alimin son üç aspirantı olmaq xoşbəxtliyi nəsib olmuşdu. Mən müdafiə edib Bakıya qayıtdım”. Azadə Rüstəmova Y.E.Bertelsinin rəhbərliyi altında Füzulinin “Leyli və Məcnun” poeması” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

 

Vətənə döndükdən sonra Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışdı. Orta əsrlər Azərbaycan ədəbiyyatı, sonra Nizamişünaslıq şöbələrinə uzun müddət rəhbərlik edən Azadə Rüstəmova 1991-c- ildən Orta əsrlər şöbəsində baş elmi işçi oldu. Onun tədqiqatının əsas obyekti klassik Azərbaycan şerinin tarixi-nəzəri problemlərinin araşdırılması idi. Müəllifin “Nizami Gəncəvi” kitabçası Azərbaycan, rus, ingilisfars dillərində dəfələrlə nəşr edilib.

 

Çoxcəhətli yaradıcılığa malik olan Azadə xanımın tədqiqatları əsasən mənəvi dünənimizə bu günün işığında nəzər salmaqdan ibarət idi. Onun yaradıcılığı müxtəlif mövzuların şərhindən keçirdi. Məsələn, “Azərbaycan ən qədim və erkən orta yüzilliklərdə”, “ Azərbaycan rezonans ədəbiyyatı”, “XIII-XIV yüzilliklərdəki Azərbaycan ədəbiyyatına baxış”, “ Milli bədii fikrimizin XV_XVI əsrlər mərhələsi”, “ Azərbaycan ədəbiyyatı XVII-XVIII əsrlərdə”. Öz tədqiqatlarında yüzilliklərin arxasından boylanan ədəbi keçmişimizin inkişaf qanunauyğunluqlarını, poetik özəlliklərini ümummüsəlman mədəniyyəti işığında təhlil və tədqiqini qarşısına məqsəd qoyan Azadə Rüstəmova həm də klassikə münasibətdə yol verilən neqativ məqamları da aşkarlayırdı. Bu araşdırma ilə əlaqədar Azadə xanım maraqlı və məntiqli fikir yürüdürdü: “ Sevindirici haldır ki, bu gün klassik irsimizə yeni təfəkkür işığında mümkün qədər obyektiv nüfuz üçün imkanlar açılmışdır. Tədqiqatçılarımızın bu yönümdə maraqlı işləri var. Lakin bu gün klassiklərimizin öyrənilməsində bütövlüyə xələl gətirmənin də meydan alacağı məni narahat edir. Klassik Şərq, o sıradan Azərbaycan poeziyasının görkəmli nümayəndələrinin yaradıcılığında yalnız islam faktoru, təriqətçilik, sufi simvolikasının komponentlərini görmək və tədqiqatlarda vurğunu məhz bu nisbətə vurmaq da deyərdim ki, vulqar materialist təhlil üslubu kimi elmilikdən uzaqdır”.

 

Böyük alim haqlı idi. Əlbəttə, bizim klassiklərimiz islam faktorundan da, sufi təfəkkür tərzindən də gərəyincə bəhrələniblər. Lakin onların böyük əksəriyyəti qatı dindar, mövhumatçı din təbliğatçısı olmamış, dinə də, dinin müqəddəs qanunlarına daalimin təbirincə desək, Yer, Kainat və Təbiət həqiqətlərindən təcrid edilmiş halda yanaşmamışlar. Təəssüf ki, uzun illər sovet rejimində yaşadığımızdan sənətkarlarımızın yaradıcılığında önəmli yer tutan islam faktoruna, sufizm ideyalarına tam elmi obyektivlik göstərilməmiş, bəzi hallarda da klassiklərimizin dünyagörüşünün əsasını təşkil edən bu ideoloji təsisatlardan təcrid halda yanaşılmışdır. Ona görə də bu görkəmli şərqşünas alim orta əsrlərdən başladığı bu tədqiqat yollarında həmişə həqiqətə sadiqliyi ilə seçilib.

 

Ötən əsrin 20-30-cu illərində klassik mədəni irsin bir çox nümayəndələrinə qarşı ədəbiyyatşünaslıqda inkarçı münasibət yaranmışdı. Quruluşun diktəsi nəticəsində Azərbaycanın bir sıra qələm sahibləri öz doğma kökündən, ədəbiyyat tarixindən qəsdən uzaqlaşdırılırdı. Bu cür münasibət bəzi alimlərin ürəyincə olmasa da, bəziləri üçün fərq etmirdi. Təki ona dəyib toxunmasınlar. Özümüzdən uzaqlaşmağımızın sayəsində bir sıra həqiqətlərin üstünə pərdə çəkilirdi. Dövlət müstəqilliyimizin bərpasından sonra ədəbi keçmişimizə də münasibət kökündən dəyişildi. Bu günün işığında tarixin dərinliklərinə varmaq milli duyğu və düşüncələrə sahib olan Azadə Rüstəmovanın ürəyindən xəbər verdi. Çünki o, ömrü boyu ədəbiyyat tariximizi araşdırmaqla məşğul idi. Qədim ortaq türk abidələrini öyrənmək, klassik Azərbaycan tütkcəsi ilə onlar arasında əlaqələr arayıb üzə çıxarmaq Azadə xanım üçün vacib idi. O, həmişə bir məsələni uzaqgörənliklə qabardırdı. Bütün bunlar bir şərtlə həyata keçər ki, əsil həqiqətin üstündən xətt çəkməyəsən.

 

Azadə Rüstəmova yazırdı: “ Ədəbi irsi ərəb, fars dilində bizə gəlib çatan, ancaq bütün ruhu, xisləti ilə öz soyuna- türk mənşəyinə bağlı, Azərbaycan türkü olan, şair və ədiblərimizi, filosofirfan sahibi üləmalarımızı necə tariximizdən kənar etmək olar? Hələ onu demirəm ki, hər bir xalqın yaşadığı coğrafisiyasi hüdudlarından min və yüzilliklər ərzində onun bu ərazidə yaşamış qədim əcdadları tərəfindən yaradılan və yadigar olaraq bugünə gəlib çatan mədəni sərvətlərə varis olmaq hüququ vardır”.

 

İstər Nizami Gəncəvinin, Xətib Təbrizinin, Şəhriyarın və digər yüzlərlə istedadlı sənətkarın ərəb və fars dillərində yazıb yaratmaqları bu mütəfəkkirlərin ümummüsəlman mədəniyyətindəki xidmətlərini təsdiqləyir. Bu gün kim bilmir ki, orta əsrlərdən başlayaraq Azərbaycan islam mədəniyyəti orbitinə daxil olmuş və yüzilliklər boyu bu prosesin davamında iştirak etmişdir. Ona görə də mədəni keçmişimizin bu nümunələrinə həssaslıqla yanaşmaq gərəkdir. Azadə Rüstəmova bir şərqşünas alim kimi ədəbi keçmişimizin hansı səhifəsi haqqında qələmini işlədirdisə, öz təhlillərində, mülahizə və mühakimələrində həmişə elmi obyektivlik mövqeyindən çıxış etməyə çalışır, tarixi-poetik həqiqətlərə sadiq qalmağa can atırdı.

 

Həssas təbiətə, zərif bir ürəyə malik olan Azadə xanım sözün əsl mənasında vətəndaş və ziyalı idi. Təvazökarlığına, obyektivliyinə görə həmkarları arasında hörmət və izzət qazanmışdı. Klassiklərimizin ictimai bədii fikir tarixinə bəxş etdiyi sənət möcüzələrini üzə çıxarmaq, incə zövqlü bir tədqiqatçı kimi onların yaradıcıqlarının əsas xüsusiyyətlərini araşdırmaq, elmi təhlilə çəkmək başlıca prinsip idi. İstər ədəbi keçmişə dair araşdırmalarında, mülahizə və düşüncələrində, istərsə də şəxsiyyət və sənətlə bağlı qələmə aldığı yazılarında, rəy və xatirələrində həmişə ədəbiyyatımızın konseptual əhəmiyyətli problemləri ilə əlaqəli məsələlərə toxunurdu. Elmi-ədəbi fəaliyyətinin aparıcı yönümü ilə o, əsasən orta əsrlər şeirimizin görkəmli tədqiqatçılarından sayılırdı. Ədəbiyyat tariximizin ötən səhifələrinin qədim və möhtəşəm qatlarını araşdıran bu çevrədə neçə-neçə yüksək dəyərli, səviyyəli əsərlər müəllifi kimi tanınan Azadə Rüstəmova ədəbiyyatımızın təkamül dinamikası və onun qanunauyğunluqlqrının şərhi sahəsində fədakarlıqla çalışırdı. Mülahizə və mühakimələrində elmi obyektivliyi ilə seçilən bu alim xanım araşdırdığı bütün mövzuları ədəbi fəlsəfi, estetık ənənələrlə üzvi vəhdətdə təhlil süzgəcindən keçirərdi. Onun klassik irslə bağlı yazdığı əsərlərin mövzu dairəsi müxtəlifdir. Azadə Rüstəmova yalnız respublikamızda deyil, onun hüdudlarından kənarda da görkəmli şərqşünas alim kimi tanınırdı.

 

YUNESKO tərəfindən 1994-cü ildə böyük Azərbaycan şairi Füzulinin anadan olmasının 500 illik yubileyi keçirilirdi. Belə mərasimlərindən biriAnkarada düzənləndi. Xoşbəxtlikdən mən də həmin tədbirdə iştirak edirdim. Bu beynəlxalq simpoziumda məruzə ilə çıxış edən Azadə Rüstəmova dahi şairin yaradıcılığı ilə bağlı etdiyi məruzəsində Şərqin Füzuliyə qədərki humanist ideyalarının Füzuli şeirində yeni məna çaları ilə zənginləşdiyini elmi dəlillərlə şərh etdi. Əlbəttə, Füzuli haqqında dünya şərqşünaslığında çox yazılıb. Amma azərbaycanlı alim bir daha Füzulinin irfan dünyasında gəzişmələr apardı. O bildirdi ki, orta əsrlər türk dünyasında poeziyanın zirvəsini məhz Füzuli yaradıcılığı fəth etdi. Azadə Rüstəmovanın bu elmi məclisdəki məruzəsi dünya füzulişünaslarının diqqətini çəkdi. Bütün çıxışların sonunda azərbaycanlı xanıma minnətdarlıq ifadə olunurdu. Çünki onun Füzuli ilə əlaqədar hazırladığı məruzə öz orijinallığı və yeniliyi ilə seçilirdi.

 

O, XX əsrdə dünyaya gəlmişdi. Ədəbi aləmə səyahətini isə orta əsrlərdən başladı. XXI əsrə qədər də amal və yaradıcılığına sədaqətli oldu. Həmkarları söyləyirlər ki, çox zəhmətkeş, sənətinə bağlı, axtarışlardan doymayan bir alim idi. Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin fikridir: “ Bizdən fərqli olaraq Azadə xanımın araşdırmalarında, düşüncə və təhlillərində bir zəriflik vardı. Bu zərifliyin də özünəməxsus möcüzəsi ondan ibarət idi ki, alimin qətiyyətli dəlillərinə qəribə təsiredici bir qüvvə gətirirdi. Onun ən kəskin tənqidlərindən belə incimək olmurdu. Çünki səsinin ahəngindəki səmimiyyət sözün həqiqətindən əvvəl sənin qəlbini ələ alırdı. İncimirdin. Bilirdin ki, Azadə xanım nə söyləyirsə, nəyə irad edirsə, ədəbiyyatın xeyrinədir. Ayrı-ayrı mövzular üzərində işləsək də, bizi bir cəhət birləşdirirdi- Azərbaycan poeziyasına, dilinə, ədəbiyyatına vurgunluq”.

 

...Həyatının sonuncu günlərini də elə bu əsrdə yaşadı, Azadə xanım. Amma orta əsrlərdən bu günümüzə kimi saldığı körpüdən keçən əsərləri, kitabları hələ də yol getməkdədir...

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

kaspi.-2014.-17-19 may.-S.16.