Atamın çamadanı

 

2009-cu il, İsveç. Orxan Pamukun Nobel mükafatı təqdimetmə mərasimindəki çıxışı

Ölümündən iki il əvvəl atam yazıları, əlyazmaları və dəftərləri ilə dolu xırda çamadanını mənə gətirdi. Özünəməxsus ironik və zarafatyana ifadə ilə çamadanın içindəkiləri o öldükdən sonra oxumağımı tapşırdı: “Baxarsan da, görək, içində işəyarayası nəsə varmı. Bəlkə, mən öləndən sonra oxuyanda, nəyisə bəyənib, yayımladarsan”. Atam ona ağırlıq edən, amma həm də xüsusi bir yeri olan yükdən xilas olmaq istəyən biri kimi çamadanını hara qoyacağına qərar verə bilmir, kitabxanamda ora-bura boylanırdı. Sonra əlindəkini diqqət çəkməyən bir küncə ehmalca yerləşdirdi. İkimizi də sıxan və utandıran bu an bitən kimi həmişəki zarafatcıl, həyatı o qədər də ciddiləşdirməyən halımıza qayıtdıq və etiraf edim ki, xeyli rahatladıq.

 

Atam gedəndən sonra bir neçə gün çamadana əl vurmadan ətrafında var –gəl etdim. Xırda, qara rəngli, dəridən hazırlanmış, qıfılını, dəyirmi kənarlarını hələ uşaqlıqdan hər gün gördüyüm çamadanı atam qısa səyahətlər zamanı da özü ilə götürürdü. Səyahətdən qayıdanda atam onun içinə doldurduqları ilə əlləşməyi, başqa ölkələrin çamadana çökmüş ətirini qoxlamağı sevirdi. Uşaqlığımdan bəri hər zaman diqqətimi özünə cəmləməyi bacarmış bu sehirli əşyaya indi toxuna bilmirdim. Niyə? Əlbəttə ki, içində mənə əmanət olunanların ağırlığı ucbatından. Bugün sizlərlə bu ağırlığın mənasını paylaşmaq istəyirəm. Bir otağa girib, bir masa ətrafında oturub, bir küncə çəkilib kağız-qələmlə özünü ifadə etməyə çalışan insanın etdiyi şeyin, ədəbiyyatın mənası idi bu. Atamın çamadanına toxuna, onu aça bilmirdim, amma içindəki dəftərlərin bəziləri ilə tanışlığım var idi. Yəni çamadanın ağırlığı mənə çoxdan məlum idi. Atamın böyük bir kitabxanası var idi. 1940-cı illərdən yazmağa başlayıb, şair olmaq istəyirmiş. Çoxlu tərcümələr edib, amma oxucunun az və yoxsul olduğu ölkədə ədəbi həyatın çətinlikləri altında sınmaq istəməmişdi. Babam varlı iş adamı olduğu üçün atamın uşaqlığı və gəncliyi rahat, yağ-bal içində keçib, odur ki, ədəbiyyat və yazı üçün çətinliyə düşmək istəmirdi. Onu başa düşürdüm.

 

Məni atamın çamadanından uzaq tutan ən böyük qorxu oxuduqlarımı bəyənməyəcəyim idi. Atam da bunu bildiyi üçün yazdıqlarının elə də ciddi şeylər olmadığını tez-tez xatırladırdı. 25 illik yazıçılıq həyatımdan sonra bununla üzləşmək mənim üçün çox ağır idi. Amma ədəbiyyatı ucuzlaşdırdığı üçün atamı qarşıma almaq istəmirdim. Mən həm də oxuduqlarımdan sonra atamın əsl ədəbiyyat insanı olduğunu görəcəyimdən də qorxurdum. Çamadanı ən çox bundan qorxduğum üçün aça bilmirdim. Çünki o çamadandan əsl, böyük bir ədəbiyyat çıxsa, atamın içində tamamilə başqa bir insan olduğunu qəbul etməli olacaqdım. Bu isə mənim ən qorxduğum şey idi. Çünki mən o yaşımda belə atamın sadəcə atam olmağını istəyirdim, yazar olmağını yox.

Mənim üçün yazar olmaq insanın içində gizlənmiş ikinci insanı, “o”-nu yaradan aləmi səbrlə, illərlə əlləşərək kəşf etməsidir. Yazıçı deyəndə təsəvvürümdə romanlar, şeirlər, ədəbi ənənəvi hissələr yox, bir otaqda tək başına öz içinə boylanan və bununla da kəlimələrlə yeni bir aləm yaradan insan canlanır. O adam kəlimələri yazı maşını, komputer və ya sadəcə qələmlə də yaza bilər, yazanda çay, qəhvə içmək, ya da siqaret çəkmək kimi vərdişi ola bilər, bəzən stuldan qalxıb, pəncərədən çölə, küçədə oynayan uşaqlara, yaxşı yerdə yaşayacaq qədər şanslıdırsa, ağaclara, xoş bir mənzərəyə, ya da sadəcə divara baxar. Şeir, dram ya da mənim kimi roman yazar. Bütün bunlar isə əsl fəaliyyətdən, masa arxasında keçib səbrlə öz içinə dönüb, sözlərdən aləm yaradandan sonra başlayır. Biz yazarların alətləri, daşları sözlərdir. Onlara toxunaraq, bir-birləri ilə uyğunluqlarını hiss edərək, bəzən barmaqlarımız, bəzən qələmimizin ucu ilə oxşayaraq, ağırlıqlarını ölçərək, düzgün yerə yerləşdirə-yerləşdirə, illər sərf edərək inadla, səbrlə və ümidlə yeni dünyalar yaradırıq. Mənim üçün mükəmməl yazıçı olmağın sirri ilhamda yox, məqsəd və səbrdədir. “İynə ilə quyu qazmaq” ifadəsi məhz yazarlar üçün deyilib.

 

Mənim üçün əsl ədəbiyyatın başladığı yer kitablarla özünü bir otağa həbs etmiş adamın həyatıdır. Amma özümüzü həbs etdiyimiz otaqda düşünüldüyü qədər də tənha deyilik. Bizə əvvəlcə başqalarının sözü, hekayələri, kitabları, yəni ənənə dedikləri şeylər yoldaşlıq edir. Ədəbiyyatın bəşər övladının özünü anlamaq üçün yaratdığı ən dəyərli toplu olduğuna inanıram. İnsan cəmiyyətləri, qəbilələr, millətlər ədəbiyyata əhəmiyyət verdikləri, yazarları yüksək tutduqları halda zənginləşir, maariflənir və yüksəlirlər. Kitabları ilə bir otaqda öz içinə səyahət edən insan orada zaman keçdikcə mükəmməl ədəbiyyatın qanunlarını da kəşf edəcək. Öz hekayəmizi başqalarının hekayəsi kimi, başqalarının hekayəsini öz hekayəmiz kimi qələmə ala bilmək hünəridir ədəbiyyat.

 

Əslində atama da belə - mənim kimi bir həyat yaşamadığı, heç bir şey üçün ən xırda bir mübarizəni belə gözə almadığı üçün, hər zaman rahat yaşamağı seçdiyi üçün hirslənirdim. Bəlkə də qısqanırdım. O vaxtlar özümə tez-tez “xoşbətxlik nədir?” sualını verirdim. Tək başına bir otaqda dərin bir yalnızlıq yaşamaq? Yoxsa hamı ilə eyni şeylərə inanmaq, ya da inanırmış kimi davranaraq rahat yaşamaq? Etiraf edim ki, bunlar içində qəzəb və hikkə çox olan suallar idi. Həm də yaxşı yaşanmış ömrün əsas kriteriyasının xoşbəxtlik olduğu mənim ağlıma hardan yerləşmişdi bilmirəm. Atamın çamadanını bu qarışıq fikirlərlə açdım...

 

Onun həyatında bilmədiyim bir bədbəxtlik, yara, ancaq yazaraq ağırlığına dözə biləcəyi bir sirr olar bilərdi? Bioqrafik yazı oxuyurmuş kimi atamın mənim yaşımda nələr yazdığını, nə düşündüyünü öyrənmək istəyirdim. Mənim üçün yazıçı olmaq içimizdə daşıdığımız gizli yaralarımızın üzərində durmaq, onları səbrlə kəşf etmək, tanımaq, hər cəhətini ortaya çıxarmaq və bu yaraları yazılarımızın və şəxsimizin şüurlu şəkildə qəbul etdiyimiz bir hissəsinə çevirə bilməkdir.

 

Hamının bildiyi, amma bildiyini bilmədiyi şeylər haqqında danışmaqdır yazarlıq. Bir məlumatın kəşfi və onun inkişaf etdirilib, paylaşılması oxucuya çox yaxından bələd olduğu bir dünyada hər şeyə heyranlıqla baxa-baxa gəzmək zövqünü yaşadır. Eyni zövqü yazıçı da bildiyimiz şeyləri yazıya tökmək hünərindən alır. Bir otaqda bu hünəri illərlə formalaşdıran, bir aləm qurmağa çalışan yazar işə öz gizli yaralarından başlayanda bilərəkdən və ya bilməyərəkdən insanlara dərin bir inam hissi də aşılamış olur. Mən başqalarının da məndəki yaralara bənzər yaralar daşıdığına, buna görə də yazdıqlarımın anlaşılacağına inandım, insanların bir-birlərinə bənzədiyini göstərərək, qarşılıqlı inamı və səbri formalaşdıran hisləri ön plana çıxarmağa çalışdım. Çünki mənə görə əsl ədəbiyyat insanların bir-birinə oxşadığına inandıran məsum və xeyirxah bir hissə arxalanır, ondan qaynaqlanır və ona xidmət edir. Bir otaqda bütün gününü düşünməklə keçirən yazar məhz bu hislərin vacibliyinə inanan, bəşəriyyətə və mərkəzi, sərhədləri olmayan bir dünyaya səslənmək istəyir.

 

Amma atamın çamadanından və təbii ki, İstanbulda yaşadığımız həyatın solğun rənglərindən də məlum idi ki, bizdən çox uzaqda, amma hardasa bir yerdə dünyanın mərkəzi var. Dünya əhalisinin əksəriyyətinin tapdalanmaq, özünəinamsızlıq, evsizlik, çörəksizlik olduğunu bilirəm, amma bugün media bu problemləri ədəbiyyatdan daha çevik və təsirli bir dillə göstərir. Bugün ədəbiyyatın danışmalı və araşdırmalı olduğu şey – özünü dəyərsiz hissetmə, cəmiyyətdən kənar düşmə, qürurun səbəb olduğu könül inciklikləri, təhqir qorxusu, ağılasığmayacaq nifrət səbəbləri, dəymədüşərliklər, milliyətçi mübarizələr, eqoist davranışlardır. Çünki təkcə fərdlər yox, zaman-zaman ayrı-ayrı millətlər, dövlətlər də mənəm-mənəmlik sindromuna girir. Deməli, təkcə atam yox, hamımız dünyanın bir mərkəzi olduğu fikrini şişirdirik, onun haqqında çox düşünürük. Halbuki bir yazıçını tənhalığa çəkən hiss bunun tamam əksi olan bir hisdir – özünəinamdır. Bir gün yazdıqlarımızın oxunacağına, qiymətləndiriləcəyinə, düşündürəcəyinə, dəyişdirəcəyinə olan inamdır bu.

 

Bu işə bütün həyatını həsr etmiş hər bir yazıçı bilir ki, kədər və ya nifrətlə oturduğumuz o stuldan kədər və nifrətdən çox uzaq bir aləmə keçid alırıq. Bəlkə, atam da belə bir aləmə çatmışdı?! Uzun bir səyahətdən sonra tapılan o aləm eyni ilə uzun və yorucu bir dəniz səyahətindən sonra bütün rəngləri və cazibədarlığı ilə özünü yavaş-yavaş göstərən sehirli bir ada kimidir. Ya da qərbdən gələn bir turist üçün sabahın erkən saatlarında dənizdən görünən İstanbul kimi.

 

Uşaqlığımda və cavanlığımda hiss etdiklərimin tam əksi olan bir hiss var indi içimdə - artıq mənim üçün dünyanın mərkəzi İstanbuldur. Ona görə yox ki, ömrümün çox hissəsini burada yaşamışam. Ona görə ki, mən artıq 33 ildir ki, tək-tək bütün küçələrini, körpülərini, dükanlarını, tanınmış insanlarını, qaranlıq yerlərini, gecələrini və gündüzlərini, bütün İstanbulu öz içimdə yaşadaraq, canlandıraraq yazıram və doymuram, yorulmuram, bezmirəm. Artıq müəyyən mərhələdən sonra İstanbul üzərində qurduğum dünya o qədər gerçəkləşər ki, artıq bura mənim üçün sadəcə bir şəhər olmaz. Onda bütün insanlar və küçələr, əşyalar və binalar sanki öz aralarında danışmağa, mənim hiss etmədiyim formada hansısa münasibətlər qurmağa, mənim xəyalımda və kitablarımda deyil, mənim onlar üçün qurduğum dünyada yaşamağa başlayarlar. İynə ilə quyu qazmış kimi səbrlə, xəyal edərək qurduğum bu aləm onda mənə hər şeydən daha gerçəkmiş kimi görünər.

 

Hamının istədiyi bir mövzuya keçid alaraq, mövzunu dəyişdirmək istəyirəm. Yazıçıların sıx qarşılaşdığı suallardan biri “niyə yazırsınız?” sualıdır. Yazmaq istədiyim üçün yazıram. Başqaları kimi normal bir işlə məşğul ola bilmədiyim üçün yazıram. Mənim yazdığım kimi kitablar yazılsın, nə zamansa mən də yazdıqlarım kimi kitablar oxuya bilim deyə yazıram. Hamıya qəzəbləndiyim üçün yazıram. Bir otağa həbs olub, yazmaq xoşuma gəldiyi üçün yazıram. Ancaq yazaraq dəyişdirə bildiyim həqiqətlərə dözdüyüm üçün yazıram. Mən, digərləri, hamımız İstanbulda, Türkiyədə necə yaşadıq, yaşayırıq bunu bütün dünya bilsin deyə yazıram. Kağızın, qələmin, mürəkkəbin qoxusunu sevdiyim üçün yazıram. Ədəbiyyata, roman sənətinə hər şeydən çox inandığım üçün yazıram. Bir vərdiş və bağlılıq olduğu üçün yazıram. Unudulmaqdan qorxduğum üçün yazıram. Gətirdiyi məşhurluq və ictimai maraqdan xoşlandığım üçün yazıram. Yalnız qalmaq üçün yazıram. Hamı məndən məhz bunu gözləyir deyə yazıram. Kitabxanaların ölümsüzlüyünə, kitablarımın rəflərdə duruşunun mükəmməlləyinə uşaq məsumluğu ilə inandığım üçün yazıram. Hər şey inanılmaz dərəcədə gözəl və möhtəşəm olduğu üçün yazıram. Həyatın hər üzünü sözlərə kəlimələrə köçürməkdən zövq aldığım üçün yazıram. Hekayə anlatmaq üçün yox, hekayə yaratmaq üçün yazıram. Heç nə ilə, heç cür xoşbəxt ola bilmədiyim üçün yazıram. Xoşbəxt olmaq üçün yazıram.

 

Çamadanını kitabxanama qoyandan bir həftə sonra atam həmişəki kimi bir paket şokolad ilə mənə baş çəkdi. Yenə həyatdan, siyasətdən, ailə dediqodularından danışıb, güldük. Bir ara atamın gözü çamadanı qoyduğu küncə sataşdı və çamadanın qoyduğu yerdə, qoyduğu vəziyyətdə olmadığını gördü. Göz-gözə gəldik. Sıxıcı, utancverici bir səssizlik əmələ gəldi. Ona çamadanın içindəkiləri oxuduğumu demədim, amma o anladı. Mən də onun oxuduğumu anladığını anladım. O da mənim onun anladığını anladığımı anladı. Bütün bunlar nə qədər çəkərsə, o qədər çəkdi. Çünki atam özünəinamlı, rahat və xoşbəxt insan idi: yenə həmişəki kimi güldü. Gedəndə həmişəki kimi həvəsləndirici, şirin sözlərini təkrar elədi. Mən də həmişəki kimi atamın səbəbsiz xoşbəxtliyini, dərd-qəmsiz halını qısqanaraq arxasından baxdım. Amma məhz o gün içimdə utandırsa da, xoşbəxtlik hissi var idi. Bəlkə onun qədər rahat, dərdsiz, xoşbəxt bir həyat yaşamadım, amma yazının və ədəbiyyatın layiq olduğunu verdim. Bunları atam haqqında düşündüyüm üçün utanıram. Üstəlik o ömrü boyu həyatımın əzməyə çalışan gücü olmağa cəhd etməyib, həmişə məni sərbəst buraxıb.

 

Atam o çamadanı mənə verdiyi gündən 23 il əvvəl mən ilk romanım “Cevdet bəy və oğulları” əsərimin ilk versiyasını ona verib, oxuyub, fikrini deməsini istəmişdim. Sadəcə ədəbi zövqünə etibar etdiyim üçün yox, ətrafımdakı hamının əksinə yazıçı olmağımı dəstəklədiyinə görə. İki həftə sonra atam getdiyi səyahətdən qayıtdı, kitab haqqında heç nə demədi, amma məni möhkəm-möhkəm qucaqladı, kitabı bəyənmişdi, bunu qucaqlamadan anladım. Sonra həyəcan və utancaqlıq hissi çəkildikdən sonra atam romanın dəyərini şişirdərək, bu əsəri yazan adamın bir gün layiq olduğu ən yüksək mükafatı alacağını dedi. Bunu elə-belə demişdi, ən azından mənə elə gəlirdi. O bu sözü mükafatı bir hədəf olaraq göstərən bir ata kimi yox, “bir gün paşa olacaqsan” deyən bir türk atası kimi demişdi. İllərlə məni cəsarətləndirmək üçün o ifadəni, eyni tərzdə təkrarladı. Atam 2002-ci ilin dekabr ayında dünyasını dəyişdi. Bugün İsveç Akademiyasının mənə bu böyük mükafatı, bu şərəfi layiq görən üzvləri, dəyərli qonaqlar arasında atamın olmasını çox istəyərdim.

 

Elcan SALMANQIZI

Kaspi.-2014.-17-19 may.-S.12.