“Mən eşqi və
Vətəni bütövləşdirərək mahnılar
yazıram”
Əhməd
Şəfəq: “Millət gündəlik həyatın təlaşı
içərisində yaşamaqdaykən aydınlar millətin
ruhunu öz həyatlarında
yaşadır”
Türk dünyasının tanınmış sənətçisi Əhməd Şəfəq “Kaspi”də qonaq olarkən təkcə Azərbaycan-Türkiyə Evinin (ATEV) fəaliyyəti ilə bağlı danışmadı. Türkiyədə baş verən Soma faciəsi ilə bağlı kədərini bölüşdü, milli məfkurənin formalaşması istiqamətində görülməli işlərdən, yaradıcılıq layihələrindən söhbət açdı.
Yüz il əvvəlki
şəxsiyyətlərimizin ayaq izləri
- Siz
mayın əvvəlində Azərbaycan-Türkiyə Evi tərəfindən təşkil olunan, «Türklük
şöləni»ndə və mili-mənəvi dəyərlərin
qorunmasında yazıçıların və şairlərin
rolu» mövzusunda
keçirilən layihədə iştirak
etdiniz. Sizcə, şair
və yazıçılar milli-mənəvi dəyərlərin
qorunmasındakı rolu nədən ibarətdir?
- Mustafa Kamal Atatürkün belə bir sözü var: «Aydınlar, sənətçilər həyatın ilk işığını alnında hiss edənlərdir”. Ziya Göyalp da deyib ki, ziyalılar ilhamı xalqdan alırlar. Allah onlara əsər istehsal etmək bacarığı verib. Aydınlar almış olduğu ilhamı bir əsərə çevirir və xalqla paylaşır. Xalqın məfkurəsinin, ruhunun formalaşmasında ziyalılar, aydınlar daha böyük rol oynayırlar. Bizim üçün həm millət qiymətlidir, həm də onun ziyalıları, aydınları, sənətçiləri, şairləri və yazıçıları. Bu zümrənin millətin azadlığı üçün əhəmiyyəti hər kəsdən çoxdur. Çünki millət gündəlik həyatın təlaşı içərisində yaşamaq durumunda ikən aydınlar millətin ruhunu öz həyatlarında yaşadırlar.
- ATEV-in
yaranmasının ideya müəlliflərindən
biri siz olmusunuz. İki ölkə
arasında mədəni əlaqələrin
formalaşmasında bu qurumun
rolunu necə dəyərləndirirsiniz?
- ATEV təzə olmasına rəğmən, çox heyrandoğurucu bir fəaliyyətə malikdir. Bu təşkilat həm türk mədəniyyətinin, həm türk siyasət mədəniyyətinin və həm də türk tarixinin önəmli məsələlərinə toxundu. Qurumun ilk simpoziumu «Sultan Səlim və Şah İsmayıl Xətai» mövzusunda oldu. Dünyanın çox ölkələrindən dəyərli alimlər bu simpoziumda iştirak etdilər. Bu simpozium bu gün Azərbaycanla Türkiyə arasında məzhəb üzərində problem yaratmağa çalışan bir qisim qüvvələrə qarşı milli məfkurə və milli bərabərliyin önəmli olduğunu göstərdi. Həmin simpoziumdakı çıxışlar yaxın günlərdə kitab halında işıq üzü görəcək. ATEV daha sonra möhtəşəm “Atatürk” simpoziumunu təşkil etdi. Atatürk bütün türk dünyasında sevilən və xatirəsi yaşadılan liderdir. Onunla bağlı simpoziumun həyata keçirilməsi çox önəmli idi. Biz ATEV-i qurmağa çalışarkən əslində gördüyümüz iş bundan yüz il əvvəlki şəxsiyyətlərimizin ayaq izlərini təqib etmək olub. ATEV-in məqsədi yüz il sonra Əli bəy Hüseynzadə ilə Ziya Göyalpı birləşdirən məfkurəyə dönmək yolunda çalışmaqdır.
İnsan qəlbində Tanrı sevgisi
- Mart
ayında İstanbul Universitetində «Hüseyn Cavid. Əsərləri»
kitabının təqdimatı keçirildi.
Deyə bilərsinizmi, qardaş ölkədə
Hüseyn Cavidin
yaradıcılığına nə qədər bələddirlər?
Görkəmli dramaturqun
tanıdılması istiqamətində hansı işlər
görmək lazımdır?
- Bu istiqamətdə tanınmış alim Sona Vəliyevanın çox önəmli təşəbbüsləri oldu. «Hüseyn Cavid. Əsərləri» türkcəyə çevrilən önəmli əsərdir. Mən 2004-cü ildə ilk dəfə Azərbaycana gələndə ilk ziyarət etdiyim yer Hüseyn Cavidin ev muzeyi oldu. Hüseyn Cavidin mücadiləsinin, yazdığı əsərlərin, önəmli fəlsəfəsinin bu millət üçün nə qədər əhəmiyyətli olduğunu gördüm. İstanbulda gerçəkləşən təqdimat bu istiqamətdə atılan gözəl addımdır. Bu işlər mütləq davam etdirilməlidir. Türk dünyasının önəmli şəxsiyyətlərinin hələ də bizim istədiyimiz ölkələrdə tanınmaması çox ağrılı məsələdir. Bunun əsas səbəbi türk ictimai rəyinin önəmli bir tərəfini formalaşdıran medianın milli təfəkkürlə deyil, kosmopolit təfəkkürlə çalışmasıdır. Türk ictimai rəyində Ziya Göyalpın isminin hallanması nə qədər mümkünsüz olubsa, Hüseyn Cavid isminin hallanması da o qədər mümkünsüz olub. Bu istiqamətdə Türkiyənin bütün universitetlərinin ədəbiyyat bölümlərində Hüseyn Cavid simpoziumlarının keçirilməsi lazımdır. Qəzetlərdə məqalələr yazılmasına, telekanallarda Hüseyn Cavidlə bağlı verilişlərin təqdim olunmasına ehtiyac var. Yaxın ayların birində mən İstanbulda “Bengü TV”də veriliş aparacağam və orada Hüseyn Cavid fəlsəfəsinə həsr olunan proqram təqdim etmək niyyətindəyəm. Görülməsi lazım olan əsas işlər qarşıdadır. Hələlik məhdud bir dairədə - universitetlərdə dərs deyən müəllimlər və bir qisim tələbələr Hüseyn Cavidi tanıyırlar. Ancaq şairin adını daha geniş dairələrdə tanıtmaq lazımdır. Mən növbəti diskim üçün Hüseyn Cavidin şeirlərindən birinə həsr olunan mahnı yazmağı düşünürəm. Hüseyn Cavid əsərləri insan qəlbində Tanrı sevgisidir. Bu sevginin insan həyatında nə qədər önəmli olduğunu bizə öyrədir. Özümüzü dərk etmək mövzusunda Hüseyn Cavidi öyrənmək bizim üçün önəmlidir.
«Bu, bir taledir» - belə deməyə haqqımız
yoxdur
- Türkiyədə
baş verən faciə – Soma faciəsinə
bütün insanlıq
üzüldü. Mətbuatdan oxudum
ki, «Qalatasaray»ın oyunçusu Droqba komandadan ayrılsa da, faciədən zərər çəkənlərə
bir milyon ABŞ dolları yardım edib. Bütün sferalarda bu cür insanlıq aksiyalarının davam etməsi üçün
insanları necə istiqamətləndirmək lazımdır?
- İnsanın başına
gələn faciə öncəliklə insanlığın
faciəsidir. 301 insanımızın
orada həyatını
itirməsi hərtərəfli
incələnməyə ehtiyac
olan hadisədir.
Bizim insanımız faciələrdə
birləşən bir
millətdir. Bizim insanımız
duyğusuz, hissiyyatsız
deyil. Millətimin başına gələn
faciələrə qarşı
bizim insanımız kövrəkdir və əməkdaşlığı çox gözəl bilir. Sözsüz ki, bu hadisədə də belə olacaq. Həyatlarını itirən insanların
ailələri, övladları
qalıb. Onlarla maraqlanmaq
bir millətin borcudur. Türk dövləti böyük
dövlətdir və
sözsüz ki, bu faciənin yaralarını sağaldacaq.
Amma əsas odur ki, bu faciələr
bir daha gerçəkləşməsin. Sözsüz ki, «Burda bizim məsuliyyətimiz
nədir?» - deyə bizim
siyasətçilərin də
öz papaqlarını
qarşılarına qoyub
fikirləşmələri lazımdır. Amma bu cür düşüncələrdə siyasətçilərin geridə
qaldıqlarını düşünürəm.
Onlar qəbul etməlidirlər
ki, mədənlər
bütün dünyada
riskli məkanlardır.
Bütün dünyada qəbul
edilən işçi
otaqlarının mədənlərin
içərisində gerçəkləşməsi
lazımdır. Mədən
işçilərindən biri dedi ki,
əgər mədən
içərisində 3 işçi
otağı qurulsaydı,
biz 301-deyil, 30 ölü
vermiş olardıq. Təbii ki, bir ölü
də bizim üçün faciədir.
Ancaq bu otaqların qurulması istiqamətində
lazımi tapşırıqlar
olsaydı, bu faciə də baş verməzdi. «Bu, bir taledir»
- bunu deməyə bizim haqqımız yoxdur. Talenin qərarını yalnız Tanrı verə bilir, dövlət vəzifəliləri
«Bu, taledir» - deyə bilməz. Onlar tədbir həyata
keçirir. Türkiyə Cümhuriyyəti min illik dövlətdir və bu faciənin də altından qalxacaq. Ancaq idarəedicilərin də min illik dövlətə uyğun
hərəkət etməsi
lazımdır.
Artıq burada qonaq sayılmıram
- «Vətən
gözlüm» bu an üçün sizin sonuncu albomunuzdur. Azərbaycanda bir çox
şairlərin şeirlərinə
mahnılar yazmısınız.
Bu əməkdaşlıq davam edəcəkmi?
- Artıq Türkiyədə
də bilirlər ki, mənim Azərbaycanla ünsiyyətim
bir müğənni ünsiyyəti deyil. Mən Azərbaycanı
çox sevirəm.
Artıq
burada qonaq sayılmıram. Bundan sonra
da birgə çalışmalarımız davam edəcək. Şairə Sona Vəliyevanın «Arazbarı» şeirini bəstələdim. Hətta Bakıda
keçirilən konsertimdə
kiçik bir hissəsini də oxudum. İnşallah, yeni albomumda
«Arazbarı»ya səhnə
oranjemanı verib təqdim edəcəyik.
Yeni albomuma Şəfiqə Axundovanın bir bəstəsini də daxil etmək fikrindəyəm. Mənim mədəniyyət
yolundakı fəaliyyətim
təkcə musiqi ilə bağlı deyil. Roman yazıram,
məqalələrlə çıxış
edirəm. Gələn ay üçün kino layihəmi reallaşdırmaq
niyyətindəyəm. Həmin ssenarinin yarıdan çoxu Bakıda, Zaqatalada çəkiləcək.
Ümumilikdə kino, musiqi, ədəbiyyatla bağlı
çalışmalarımda mütləq Azərbaycanın
yeri olacaq.
- Siz Qarabağla bağlı
film üzərində çalışırdınız. Bəs onun aqibəti
necə oldu?
- Dediyim kino layihəsi
elə həmin ssenari ilə bağlıdır. Əvvəl sponsorla
bağlı müəyyən
problemlər vardı.
Artıq
layihə ilə bağlı müəyyən
bir yola çatdıq və hazırlıqlara başlayırıq.
Tamaşaçının həm kövrələcəyi,
həm də yüksək bir zövqlə izləyəcəyi
bir ssenarimiz var. Avqustun son həftəsində
filmin çəkilişlərinə
başlayacağıq.
- Hər müğənni mahnı
yaza, hər bəstəkar da mahnı oxuya bilməz. Bəstəkar-müğənni olmağın özəlliyi
nədir?
- Əgər mən
mahnı yazmasaydım,
müğənni olmazdım. Mən istehsal
etməyi, öyrətməyi
sevirəm. Mahnı yazmaq,
kitab yazmaq da fikrimin və
qəlbimin istehsalıdır.
Mahnı
yazmaq Allahın bir vergisidir. Sözsüz
ki, hər kəs mahnı yaza bilməz. Bəstə yazmaq həyatın içərisindəkı həyatı
gözləmək, həyata
baxmaq, onu izləmək və onun yaratdığı təəssüratı insanlarla
bölüşdürməkdir. Bu həyatın içərisində
ana xətt sevgi də, Vətən də, ilahi duyğular da ola bilər. Bütün bunlar sizin seyrçi qabiliyyətinizin
təzahürüdür. Mən eşqi və Vətəni bütövləşdirərək
mahnılar yazıram.
Mən sevgini heç zaman kənara qoya bilmərəm. Ancaq Vətənin dərdlərini
də anlatmaq lazımdır. Eyni zamanda,
səhərdən axşama
qədər Vətən
mahnıları da yazmaq olmaz. Çünki bu həyatın
içində sevgi də var. O üzdən sevgi ilə Vətəni bütövləşdirərək
anlatmaq lazımdır.
Bəstəkar-müğənni olmaq Allahın
mənə verdiyi vergidir. Mən də gözəl
mahnılar yazaraq həmin verginin zəkatını ödəyirəm.
- Zaman çox dəyişib. Əvvəllər insanlar konsertləri böyük konsert salonundan, filmləri kino-zallardan izləyir, əsərləri
kitabdan oxuyurdularsa, indi bütün bunlar müasir texnologiyalara köçüb.
Hisslərin korşalması baxımından
sənət üçün
təhlükə görürsünüzmü?
- Bu, bütün dünyada davam edən bir prosesdir. Bu
prosesin əsas mahiyyəti insanların öz eqolarına önəm vermələridir.
Bunun əsas missiyası «Mən həyatdan nə qədər ləzzət alıram»dır.
Elektron nəsnələr insanlara
öz mənlərini
sanki daha çox duymağa kömək edir. Yolda baxsanız, görərsiniz
ki, yüz nəfərin 99-u ya telefonla danışır,
ya da telefonda
oyun oynayır. Bu, bütün dünyada
belədir. Ancaq bizim
kimi ölkələrin
ictimai məfkurəsindən
uzaqlaşmaması gərəkdir.
Toplumun daha çox eqo ilə hərəkət
etdiyi bir prosesdə yabançı
qüvvələr mütləq
qalib gələr.
Biz hələ siyasi, iqtisadi, mədəni köklərimizə
söykənmək nöqtəsindəki
formalaşmağımızı gerçəkləşdirə bilməmişik. Ona görə
böyüyən gənclərə
milli məfkurə xatırlanmalıdır. İnsansevər, millətsevər olmağımızın
bu gün də keçərli olduğunu artıq gənclərimizin öyrənməsi
lazımdır.
- Belə bir məşhur söz var: «Gözəllik dünyanı xilas edəcək». Musiqi də,
ədəbiyyat da... gözəllikdir.
Hazırda dünyamızda fəlakətlər baş
verir. Müharibə gedən ölkələr,
qaçqınlar, faciələr var. Necə
bilirsiniz, indicə saydığım
gözəlliklər dünyamızı bu
fəlakətlərdən xilas edə bilərmi?
Yoxsa bu, obrazlı bir fikirdir?
- Bu, siyasətçilərin səmimi olmasından asılıdır. Ancaq dünyadakı siyasətçilərin heç biri səmimi deyil. Yoxsa sənət xilas edə bilərdi. Sənət kobud ürəkləri yumşaldır, incəldir. Əgər siyasətçi sənətə duyğusuz qalmazsa, sənətə özünün siyasi maraqları üzündən deyil, millətin maraqları nöqtəsində maraq göstərirsə, əlbəttə sənət dünyanı xilas edə bilər. Musiqi də bu xilasa kömək edə bilər. Amma bu mövzuda mən siyasətçilərin səmimi olmadığını düşünürəm. Siyasətçilər öz maraqları üzrə hərəkət edirlər. Sənət də, media da siyasi maraqlar üzündən istismar edilir. Könlüm istər ki, bütün dünyada Üzeyir Hacıbəyovun ismində bir insanlıq konservatoriyası qurulsun. Orada təkcə musiqi işlənməsin. Dünya siyasi işləri də orada görülsün. Dahi bəstəkarın üverturası fonunda orada beynəlxalq məsələlər müzakirə edilsin, amma hər kəs səmimi olsun. Bu gün dünyanı məhv edəcək təfəkkür - səmimiyyətsizlik təfəkkürüdür. Bu da dünyada gedən proseslərin insanlara yüklədiyi bir eqoizmdir. Bu anlayışla mübarizə edilməsi, yazıçıların, şairlərin, sənətçilərin də səmimi olması lazımdır.
Təranə Məhərrəmova
Kaspi.-2014.-21 may.-S.12.