Sanki o, göylərdən yerə göndərilmişdi

 

Mirəziz Seyidzadə - vicdanlı, əxlaqlı, xeyirxah və saf bir ömrün sahibi haqda dost xatirələri

 

“Mirəziz Seyidzadə heç vaxt dünyapərəst, şan-şöhrət əsiri olmayıb”, “Hacı Mirəziz sadəlik və təvazökarlığı ilə hamıdan seçilib”, “O, bütün hərəkət və davranışı ilə hamıya örnək olmaqla nümunə göstərib”, “Hacı Mirəziz həmişə çalışıb ki, ağsaqqal-ruhani sözünüfuzu daim inanc vasitəsi olaraq qorunsun...” Dünyasını dəyişəndən sonra onun haqqında bu kimi fikirlər çox səsləndi. Hacı Mirəzizi yaxından tanıyanlar, illər uzunu onunla ünsiyyətdə olanlar, yaxınları, doğmaları onun qəfil itkisindən doğan kədərlərini ürək sözlərini dilə gətirməklə ovutmağa çalışdılar.

 

Ancaq Hacı Mirəziz kimi insanları daha yaxından tanımağa bəzən qalın-qalın kitablardan, yığın-yığın qəzetlərdən daha çox yaddaşlarda qalan xatirələr kömək edər. Axı xatirələrdən heçsilinmir... Tanınmış din xadimi haqqında eşitdiklərimiz təsəvvürümüzdə onun obrazının daha aydın, daha canlı yaranmasına kömək etdi: vicdanlı, xeyirxah, saf...

 

Sarsıdıcı xəbər

 

“Mirəziz Seyidzadəni çox yaxşı tanıyırdım. Onun ölüm xəbərini eşidəndə çox pis oldum. Həkimlər qəfil stress keçirdiyimi dedilər. Mirəzizin ölümü mənə ağır zərbə vurdu. İndi də özümə gələ bilmirəm” - deyən əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov dost itkisinin ağır olduğunu vurğulayır.Vaxtilə Astara rayon Partiya Komitəsinin katibi işləyən Ç.Fərəcov Mirəziz Seyidovla ilk tanışlığının tarixini vərəqləyir: ”1980-ci ilin dekabr ayı idi. Yenicə Astara rayon Partiya Komitəsinə katib seçilmişdim. Aradan 10-15 gün keçmişdi. Katibəm şəhər məscidinin ruhanisinin gəldiyini və mənim qəbulumda olmaq istədiyini xəbər verdi. İçəriyə çox nurani, cavan, boy-buxunlu, gülərüz, yaraşıqlı bir oğlan daxil oldu. İstər-istəməz qapının ağzında onu qarşıladım, ilk dəfə görüşdüyüm bu adamla çox səmimi salamlaşdım. İlk tanışlıqdan Mirəzizi bəyəndim. Sonralar da elə bilirdim ki, sanki doğma qardaşımdır. Din xadimi olmasına baxmayaraq, onu raykomun bütün tədbirlərinə dəvət edirdim. O dövrdə iki məscid qanuni fəaliyyət göstərirdi. Mirəziz Astara məscidinin ruhanisi idi. O, əsl dövlət adamı idi, məsciddə dövlətimizin siyasətini, rayon partiya komitəsinin həyata keçirdiyi tədbirləri geniş təbliğ edirdi”.

 

Ç.Fərəcov mərhum din xadimini xeyirxah və səmimi insan kimi yada salaraq onu “göylərdən yerə göndərilən müqəddəs adam” adlandırır: “Eşidəndə ki, kasıb bir adam dünyasını dəyişib çox narahat olardı. Tez mənim yanıma gəlib, xahiş edərdi ki, həmin adama kömək edək. Təcili tədbir görülərdi, yas yerinə ərzaq yardımı göndərilərdi. Mirəziz kasıb adamların yasına özü gedər və təmənnasız məclisi idarə edərdi. Öz sənətinə, öz dininə sədaqətli bir adam idi. İslam qanunlarına dəqiq-düzgün əməl edərdi. Geyim-keciminə də ciddi diqqət verərdi. Gümüşü papaq ona çox yaraşardı. O danışanda elə bil musiqiyə qulaq asardıq. Sanki o, göylərdən yerə göndərilmiş, biz insanlara xoşbəxtlik paylayan bir müqəddəs varlıq idi. Gözütox, vicdanlı olması ilə bir çox din xadimlərindən fərqlənirdi”.

 

C.Fərəcov danışır ki, M.Seyidzadə daim rayonda məsçidləri təmir etdirmək, klublar, mədəniyyət evləri tikdirmək təşəbbüsləri ilə çıxış edər, quruculuğa can atar, “bu dünyada yaxşılıq, qurub-yaratmaq qalacaq” deyərmiş: “Gəlin məscidləri təmir edək. Kəndlərdə klublar, mədəniyyət evləri yoxdur. Bir məscidə «şəkil qalareyası», digərinə «muğampoeziya klubu», digərinə «etnoqrafik muzey», «uşaq kitabxanası», «ağsaqqallar evi» və s. adlar verərik”. Bu təklifi bəyənən sabiq katib o vaktkı KP MK katibi Həsən Həsənovla da məsləhətləşib. Təklif yxarılarda da bəyənilib: “Bir il müddətində 18 məscidi təmir etdik və 16 kənd qəbiristanlığının ətrafına hasar çəkdik. Təmir və tikinti işləri elə gözəl zövqlə aparıldı ki, respublikanın rayonları Astaraya axışıb, bizim təcrübəmizi öyrənməyə gəlirdilər”.

 

Ərçivan kəndindəki məscid «Şəkil qalareyası» kimi tərtib olunur. Burada divarlara Qara Qarayev, Fikrət Əmirov, Qlinka, Motsart, Çaykovski, ŞopenVaqner kimi klassik bəstəkarların şəkilləri asılır. Eyni zamanda həmin bəstəkarların musiqiləri də lentə yazılır: “Ancaq yaxşı işin əleyhdarları da tapılırdı. Rayon partiya komitəsindən narazı qalmış bir nəfər Sov.İKP Mərkəzi Komitəsinə yazmışdı ki, kommunistlərin rəhbəri Çingiz Fərəcov adını ateist qoyub, amma dindarlıqla məşğul olur, məscidləri təmir etdirib, orada namaz qılır”. Həmin ərizəni yoxlamaq üçün Moskvadan Astaraya 13 nəfərlik komissiya gəlir. “Hamımız qorxuya düşmüşdük. Mirəziz Seyidzadəyə gözəl kostyum geyindirib, bu bəstəkarların tərcümeyi-hallarını ona verdik. O, bəstəkarların həyat və yaradıcılığını çox yaxşı öyrəndi. Moskvadan gələn komissiyanı Ərçivandakı şəkil qalereyasına apardıq. Mirəziz qapının ağzında onları qarşıladı və rus dilində salamladı. O, əlindəki ağacla bəstəkarları bir-bir göstərib, onlar barədə ətraflı məlumat verdi. Mirəziz danışanda həmin bəstəkarların musiqisi həzin-həzin səslənirdi”. M.Seyidzadə Şopendən danışanda komissiyanın üzvü K.Kondratyevin gözləri yaşarıb və ucqar bir kənddə dahi bəstəkarı tanıyıb haqqında məlumat verilməsi onu çox sevindirib. Komissiya üzvlər rayondan məmnun ayrılıblar. Hətta Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Ç.Fərəcova zəng edərək “Orda görmüsünüz ki, komissiya üzvləri sizdən çox razılıq edirlər?” - deyə maraqlanıb.

 

Ç.Fərəcovun M.Seyidovla dostluğu qardaşlığa çevrilərək ömürlərinin sonuna qədər davam edib: “Hər dəfə məni görəndə uzaqdan gülə-gülə yaxınlaşar və qucaqlayıb öpərdi. Mənim ondan çox istədiyim ikinci bir adam yox idi. Sap-sağlam, gümrah adam idi. Onun qəfildən dünyadan köçməsi mənimçün sarsıdıcı xəbər oldu”. Ömrünün sonuna qədər yaxın dostunun məzarını ziyarət edəcəyini özünə söz verən Ç.Fərəcov kədərlə davam edir: “Mirəzizin qəbrini ziyarət edərkən özümü saxlaya bilmədim. Belə gözəl bir insanın torpaq altında yatdığına göz yaşları axıtdım. Bu torpaqdan bir ovuc götürüb evdə saxlayıram. Hər səhər yuxudan ayılan kimi həmin torpağı öpürəm və ürəyimdə deyirəm: “Sabahınız xeyir olsun, ey müqəddəs insan!”

 

O elə bir insan idi ki...

 

Hacı Mirəzizlə təxminən 50 illlik dostluğu olan kardioloq Tofiq FətullayevElə vaxt olub ki, ildə bir-iki dəfə görüşmüşük. Amma müəyyən yaşdan sonra demək olar ki, hər gün görüşürdük. Ya mən onu evimə dəvət edirdim, ya o məni evinə dəvət edirdi. Oturub söhbət edirdik” - deyə xatırlayır: “O elə bir insan idi ki, onun yanında darıxmaq mümkün idi, o, kiməsə özünün daha çox bildiyini, daha çox savadlı olduğunu nümayiş etdirməyə çalışırdı. O, körpə uşaqla elə söhbət edirdi ki, sanki özü körpəyə çevrilirdi. Akademiklərlə elə danışırdı ki, onlar aralarında heç bir fərq olmadığını başa düşürdülər. O, həqiqətən böyük insan idi”. M.Seyidzadə ürəyəyatan, həyatla səsləşən şeirlər yazırdı.Əziz Pünhantəxəllüsü ilə yazdığı şeirlər qəzəllər qədər dərin hiss adamı olmasının təsdiqi idi. Şeirləri, satirik əsərləri, novellaları əsasən tərcümələri dövrü mətbuatda müntəzəm dərc olunurdu. Qəzəllərində Allah-Təaladan tutmuş insana qədər bütün aləm tərənnüm olunurdusa, müxtəlif illərdə yazdığı şeirlərində Vətənə, Anaya məhəbbət ən yüksək poetik dillə nəzmə çəkilib.

 

M.Seyidzadə həmçinin ömrü boyu can-başla xidmət göstərdiyi İslam dini, onun Peyğəmbəri, imamları mədh edən qəzəllər yazırdı. O, “Divan”ında, Əziz Pünhan təxəllüsü ilə yazdığı şeirlərində, qəzəllərində cəmiyyətdə mövcud olan ədalətsizliyə qarşı da poetik dillə üsyan edirdi. Gənclik çağından qəzəl janrına müraciət etməyinin səbəbini isə Məhəmməd Füzuliyə olan şövqü, ehtiramı ilə izah edirmiş: “Əvvəllər onun şeirlərini dinləyərkən bəzən hansısa məsləhətimi verirdim. Amma 6-7 il bundan əvvəl ona elə bir ilham gəlmişdi ki, şeiri bircə dəfə yazırdı, heç bir söz dəyişdirməyə ehtiyac olmurdu. Belə olmasaydı, qısa müddət ərzində 4-5 kitabı işıq üzü görməzdi. Onun təxəllüsü ilə gerçək adı arasında böyük fərq vardı. Digər tərəfdən, onlar eyni adam idi. OnunƏziz Pünhan”ı hiss adamı idi. Onun elə əsərləri var ki, Azərbaycan ədəbiyyatında o mövzulara çox nadir hallarda rast gəlinir. Məsələn, əruz vəznində o qədər sadə gözəl yazırdı ki, oxucu zövq alırdı”.

 

T.Fətullayev dostunun qəfil ölümünün onun üçün gözlənilməz xəbər olduğunu deyir: “Onun məndə üç mərsiyə diski var. Ancaq indiyə qədər onlara qulaq asmamışdım. Mirəziz dünyasını dəyişəndən sonra həmin disklərə qulaq asdım. O disklərdə «Yaxın vaxtlarda mən bu dünyanı tərk edəcəyəm» kimi fikirlər vardı. Sanki bu insan dünyadan köçəcəyini hiss edirdi. Bəzən söhbət edərkən «Mən 105 il yaşayacağam» deyirdi. Ancaq söhbətimiz dərinləşəndə «Əgər 100-105 il ömür lazım olsaydı, Allah peyğəmbərimizə o yaşı verərdi. Mən heç inanmıram ki, yaşım Peyğəmbərimizin yaşından o tərəfə keçə» deyirdi.

 

T.Fətullayev hesab edir ki, insanlar onun əsərlərini qədər çox mütaliə etsələr, bir o qədər müdrikləşərlər: “Bu, həm din xadiminin adının yaşamasına kömək edər”.

 

Ünsiyyətdə səmimiyyəti xoşlayırdı

 

“Hacı Mirəziz elmdə, poeziyada, həyatda olduğu kimi dini fəaliyyətində də hər şeyə əxlaq çərçivəsindən yanaşıb. Onun problemə münasibəti həm əhatəli, həm də peşəkarcasına idi. Bir ruhani kimi münasibət bildirdiyi hər hansı bir dini məsələdə əxalq prinsipini unutmurdu. O, ölkədə mürəkkəb dini situasiyalarda belə, əxlaq prinsiplərindən kənara çıxmırdı” - deyən “Azadinformİnformasiya Agentliyinin baş redaktoru Hacı Niyaz Niftiyev də mərhum din xadimini səmimi və dost qədrini bilən insan kimi xatırlayır: “Hacı Mirəziz ondan çox şey öyrəniləsi ziyalılarımızdan idi. Biz daim ondan öyrənirdik. O, mənim də daxil olduğum kiçik bir kollektivin – “Kəlam” jurnalının qurucusu, baş redaktoru idi. Amma açıq etiraf edim ki, o heç vaxt işçilərlə kobud davranmazdı. Bir çoxlarından daha yaxşı tanıdığım üçün cəsarətlə deyə bilərəm ki, o, ünsiyyətdə hər şeydən çox səmimiyyəti xoşlayırdı. Hacı Mirəziz yüksək dərəcədə səbr və əxlaq sahibi idi. Onun xarakterində başqasını təhqir etmək, hədələmək kimi xüsusiyyətlər yox idi. Onun tənqidi daha çox tərbiyə xarakteri daşıyırdı”.

 

Hiss adamı

 

Hacı Mirəziz dünyanın hər üzünü görmüşdü. Haqsızlıqla barışa bilmədiyindən mübarizələrdə bərkimişdi. Haqqı isbat edə bilməyəndə “Haqq incələr, üzülməz” deyə özünə təsəlli vermişdi. İntəhasız səbri ilə həmişə ədalətin bərpasına çatmışdı. Dünyanın faniliyindən, insanların vəfasızlığından gileyləndiyi anlar da olmuşdu. Bəlkə elə uzaqgörənliklə “Olmaz bu dünyada vəfalı insan” – deyə misraları vərəqə köçürəndə ölümündən sonra uzun illər ünsiyyətdə olduğu insanlardan bəzilərinin “Mənim onun haqqında danışmağa sözüm yoxdur” - deyəcəklərini duymuşdu. Necə ki, dəfn mərasimində özünü telekanalların kamerası önünə verib mərhumu “Azərbaycanın milli sərvəti” adlandıranlar bizim sorğumuza savab olaraqOnunla çox da ünsiyyətdə olmamışam. Qoy onu daha yaxından tanıyanlar danışsın” dedilər.

Kim bilir, bəlkə elə köçünü çəkib haqq dünyasına qovuşan Hacı Mirəzizi “Daha bu dünyaya gəlmir yazığım” deməyə vadar edən də bu düşüncələr idi. Axı o, hiss adamı idi...

 

Təranə Məhərrəmova

Kaspi.-2014.-22 may.-S.12.