“Əmir Teymur”
tamaşası türk
dünyasının ən böyük
faciəsini – qardaşın-qardaşa silah
çəkdiyi, məğlub etdiyi bir tarixi gündəmə
gətirir
20 may tarixində Akademik Milli Dram Teatrı H.Cavidin “Topal Teymur” pyesi əsasında hazırlanan “Əmir Teymur” tarixi dramını tamaşaçıların və teatr ictimaiyyətinin diqqətinə təqdim etdi.
H.Cavidin “Topal Teymur” beşpərdəli dramı 1925-ci ildə yazılıb, 1926-cı ildə çap olunub. Elə çap olunduğu ildə də tamaşa qoyulan dram əsəri həmişə ədəbiyyat və incəsənət xadimləri, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bu dəfə Akademik Milli Dram Teatrının kollektivi pyesə tamamilə fərqli baxım bucağından yanaşmaq, dövrlə səsləşən maraqlı səhnə əsəri yaratmaq istəyindədir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədır. Rəqs və döyüş səhnələrini Əməkdar artist Pərviz Məmmədrzayev qurub.
Quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Əmir Teymur rolunu Xalq artisti Nurəddin Mehdixanlıya həvalə edib. Digər rollarda Xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), Əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Yıldırım Bayazid (Hikmət Rəhimov), Elçin Əhmədov (Sobutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın), Elgün Həmidov (Cücə) və başqaları çıxış edirlər.
Tamaşaqabağı rejissorla görüşüb tamaşa ilə bağlı bir qədər söhbət etdik.
Bilirik ki, H.Cavidin “Topal Teymur” dramını səhnələmək çoxdankı arzunuz idi. Əvvəla, Sizi bu arzunuzun gerçəkləşməsi və yeni tamaşanız münasibətilə təbrik edirəm.
- Ağlıma gələn
ilk sual budur? Niyə məhz Teymur? H.Cavid ötən əsrin 20-ci illərində niyə məhz Teymura həsr olunmuş pyes yazdı və Mehriban Ələkbərzadə niyə
məhz bu əsəri 2014-cü ildə
tamaşaya qoydu?
- Cavidin bu pyesi
ən çox sevdiyim dramaturji əsərlərdəndir. Artıq xeyli
müddətdir ki, bu pyesi tamaşaya
qoymağı planlaşdırırdım.
Əslində, uzun müddətdir
ki, pyes üzərində işə
başlamışam. Pyes ətrafında
uzun illər düşünüb, mənə
yaxın olan və bu gün
aktual səslənən
ideyaları tamaşaya
gətirmək, H.Cavidin
ölməz ideyalarına
səhnə həyatı
vermək istəyirdim.
Təbii
ki, Cavid mətninə, pyesin dil-üslub xüsusiyyətlərinə
toxunmadan, tarixi mənbələrə istinad
edərək, tamaşaya
bəzi əlavələr
etmişəm. Amma bu əlavələr və rejissor gedişləri mətndə yox, bilavasitə yozumda, mizanlarda, səhnə obrazında, aktyor ifasında təzahürünü
tapır. Bütün dünyanın
qloballaşmaya səslədiyi
bir dövrdə, türk birliyindən, Turandan danışmaq bəlkə o qədər
də aktual deyil. Bəlkə də... Amma mən düşünürəm
dünyanın bu ikili, hətta dördlü, beşli standartlarının qarşısında
bizim də münasibətlərdə standartlar
fərqi var. Bu, yanlış
gələn yolun bəlkə də güzəşt olunmuş
variantıdır. Bizim bir
olmamağımıza çalışan.
Bir səsə, bir gücə çevrilməməyimizə
mane olan Qərb, bu gün də
Avropa Şurası və bu kimi
digər qurumlarla, demokratiya çağırışları
ilə eyni məqsədə xidmət
edir. Məqsəd isə eynidir-irq,
din ayrı-seçkiliyi salmaq,
tərəfkeşlik etməklə
səlib yürüşlərinə
haqq qazandırmaq.
Özü də bu dəfə bunu daha "mədəni"
şəklidə həyata
keçirmək. Hüseyn
Cavid də pyesində bir ola bilməyən,
qürurunu, kibirini yenə bilməyən iki qardaşın faciəsini təsvir edib. Əslində, bir qədər
dərinə nəzər
salsaq, görərik ki, bu tendensiya
bu gün də davam edir.
Çünki yenə də,
dövlət maraqları
adı altında cılız iddialar türk birliyinə mane olur, İslam aləmində parçalanmanı
dərinləşdirir. Biz bu gün
qatı düşmənə
qarşı vuruşmaq
istəyində israrlıyıqsa,
əvvəlcə kin-küdurəti
bir kənara qoyub, öz içimizdə birliyə
nail olmalıyıq.
- Deməli, tamaşanın ali məqsədi
bu ideya üzərində qurulub?
- Elədir, amma H.Cavidin “Topal Teymur” pyesi heç
də konkret tarixi hadisənin əksi deyil, bəlkə heç buna lüzum da yoxdur. Cavid, əslində,
türkün açıq
yarasını, məhz
açıldığı zamanı və açıq yaraya səbəb olan iki böyük türk sərkərdəsinin
kibirini göstərməkdə
israrlı idi. Belə olmasaydı, o yalnız Osmanlı kibirini deyil, Teymur iddiasını
əks etdirməz və Topal ismi
qoymazdı.
Hadisələrin tarixi reallığı
1400-cü illərin dünya
düzənindəki türklərin
qüdrətinin mənzərəsini
yaradır. Bir tərəfdən Yıldırım
Bayazidin xaç yürüşlərinin qarşısında
tək kuşatması,
digər tərəfdən
Osmanlının Asiya ikrahı, həmçinin
Teymurun qarşısındakı
türk-islam qüdrətlisini
yox etmək istəyi acısını
bu gün də yaşadığımız
dəhşətli faciələrə
səbəb oldu. Avropa məhz türk kimliyindəki qürur, kibir kimi xüsusiyyətlərdən
istifadə edərək,
türkləri zəif
nöqtələrindən vurmağı
bacardı.
Bu, Turana gedən
yolun yandırılması
idi. Bu böyük türk dünyasına gedən çayın qarşısını kəsmək
idi. Tarixi həqiqətlərə dürüst baxışına
görə Cavid həmişə təqib və təzyiqlərə
məruz qalıb.
Cavidin bu pyesi yazması
böyük cəsarət
tələb edirdi.
Cavid pyesini “Topal Teymur” adlandırsa da, onu böyük
sevgi və yanğı hissi ilə təqdim edib. Və bu gün çağdaş dünyamızın
türk etnosuna belə qıcıqla baxdığı halda, türk birliyinə ikili, dördlü standartlarla yanaşıldığı
bir zamanda – yəni ən böyük ehtiyac olan zaman Cavidin
“Topal”ı Əmir kimi səhnəyə qayıdır”. Bu gün dünya məkanında baş verən hadisələr isbatlayır ki, Cavidin mövqeyi – müasirdir. Xristian birliyi, Avropa basqısı olan bir zamanda türk
dünyasına ən
böyük maneənin
elə türk olması açıq yaradır!
“Əmir Teymur” tamaşası ilə Teatr türk dünyasının ən
böyük faciəsini
– qardaşın-qardaşa silah
çəkdiyi, məğlub
etdiyi bir tarixi, örnək ola biləcək
hadisələri gündəmə
gətirir.
- Düzmü anladım? Bu tamaşada tarixi bir şəxsiyyət
kimi Əmir Teymurun özü, mübarizəsi, qalibiyyətləri
Sizin üçün
o qədər də maraqlı deyil.
- Mənimçün
tamaşanın məğzi
nə Əmir Teymurun, nə də Yıldırım Bayazidin qəhrəmanlıqlarını,
qüdrətini təsvir
etməkdə yox, əksinə bu iki qüdrətli sərkərdənin qarşı-qarşıya
qoyulmasında, bununla da Türk dünyasının
elə türklərin
öz əli ilə sarsıdılmasını
göstərməkdir. Mən elə
hesab edirəm ki, baş verən
hadisələrdə xristian
dünyasının, Avropanın
barmağı var idi. Tamaşada bu məqamı
xüsusi vurğulamağa
çalışmışıq.
Mən Teymurun kəsdiyi başları, qəsb etdiyi əraziləri, hətta yer üzünün yeganə hökmdarı olmaq iddiasını da yox, iki
böyük türk sərkərdəsinin apardığı
müharibənin türk
dünyasına vurduğu
sağalmaz yaraları
qabartmağa çalışmışam. Məsələ burasındadır ki, bir müharibədə qardaş-qardaşı məğlub
edirsə, bu müharibədə qalib tərəf yoxdur. Tamaşada sonuncu mizanda bu ideyanı xüsusilə qabartmağa
çalışmışıq. Final səhnəsində Teymur da, Bayazid
də yerin altına gedir.
-Sizin yozumunuzda Yıldırım Bayazid kimdir?
- Bayazid Osmanlı Sultanları içində əsir düşən yeganə sultandır. Bu mənada, bəzən onu təhqir olunmuş, utanc gətirən biri kimi qəbul edirlər. Amma düşünürəm ki, Bayazid nəinki Osmanlı imperiyasının tarixində, ümumiyyətlə türk dünyasında ən qüdrətli hökmdarlardandır.
Düzdür, özündən razılığı, təkəbbürü, içki düşkünü olması onun mənfi xüsusiyyətlərdəndir. Amma onun özündən razı olmağa haqqı da var. Çünki o, xaç yürüşlərinin qarşısını alan, xristian dünyasının həmlələrinə qarşı təkbaşına mübarizə aparan yeganə sərkərdə idi. Bütün Moskva knyazlığı, bütün Avropa Bayazidin əlindən dad eləyirdi. Bir faktı xüsusi qeyd etməliyəm ki, Teymur Bayazidi məğlub edən zaman Moskvada 3 gün kilsə zəngləri çalınıb. 3 gün xristian dünyası bayram elədi. Əslində, bu faktın özü Teymur-Bayazid qarşıdurmasının türk dünyasına vurduğu yaranın dərinliyini göstərir.
Yıldırım Bayazid Teymuru vecinə də alımırdı. Əslində, onun ən böyük səhvi rəqibini qiymətləndirməməsi, təkəbbürlü davranması, Teymuru təhqir etməsi idi. O, inanmırdı ki, Avropanı diz üstə çökdürən Bayazid Teymura məğlub ola bilər.
- Sizcə, “Əmir Teymur” tamaşaçılar tərəfindən necə qəbul ediləcək? Ümumiyyətlə, Mehriban Ələkbərzadə üçün tamaşaçı rəyi nə qədər önəmlidir?
- Mən artıq çoxdandır ki, birmənalı reaksiyaları qəbul etmirəm. Tamaşaçıların zövqləri, hadisələrə baxım bucağı fərqlidir. Bilirəm ki, kimsə hadisələrin məğzini anlayıb da qəbul etməyə bilər. Kimsə heç tamaşada baş verən hadisələri, qabardılan ideyanı anlamaya da bilər. Maraqlıdır ki, bəzən tamaşanı anlamayanlar, amma buna rəğmən qəbul etməyənlər daha çox olur. Bütün bunlar, təbii hal kimi qarşılanmalıdır. Amma özüm və vicdanım qarşısında bir şeydən arxayınam. Mən bu tamaşada Əmir Teymurun da, Bayazidin də səhvlərini, düzlərini açıb-göstərməyə çalışmışam, amma türk dünyasının bu qüdrətli sərkərdələrin heç birini kiçiltməmişəm. Bu gün düşünən, tarixini bilən və ona sayğı ilə yanaşan tamaşaçının yanaşması, mövqeyi mənim üçün maraqlıdır.
Könül Əliyeva
Teatrşünas
Kaspi.-2014.-23 may.-s.12.