“DƏLİCƏSİNƏ” SEVƏ BİLSƏK...

 

Şəfəq Nasir

Mənəviyyatla bağlı olan hər şey gözəldir, dəyərlidir. Əsrlərin yadigarı olan memarlıq abidəsi, gözəl bir rəsm əsəri, milli ornamentli qədim bir tikili, yaxşı bir kitab... insana zövq verirsə çox dəyərlidir.

 

Masamın üstündə yazıçı-publisist Rəşad Məcidin bədii tərtibatı, yüksək poliqrafik icrası ilə göz oxşayan “Dəlicəsinə” kitabı var. Əvvəl-əvvəl kitabın üz qabığının, bölmələrin, məqalələrin səliqə-sahmanındakı özəllik mənə xoş gəldi, onu həvəslə varaqladım. Odan-burdan göz gəzdirə-gəzdirə, bir də baxıb gördüm ki, müasir kitab mədəniyyətinin gözəl bir nümunəsi olan “Dəlicəsinə”ni oxuyub başa çıxmışam. Artıq göz-könül yaddaşım da özünün təəssürat ehtiyatını görüb. Amma istərdim ki, oxucular kitab haqqında ilk sözümü boyunu sevə-sevə, zəhmətini çəkə-çəkə cığırdan böyük yola çıxardığı “525-ci qəzet”lə başlamaqda məni qınamasınlar. Adı çəkilən qəzeti Rəşad Məcidin şah əsəri adlandıranlar qətiyyən yanılmırlar. Mən də bugünkü mətbuat bolluğunda maraqlaböyük zövqlə oxuyub bəhrələndiyim bu qəzeti tərəddüd etmədən Rəşad Məcidin mənəvi, əziz-xələf övladı hesab edirəm. Rəşad bu qəzeti həmfikirləri, ruhdaşları ilə birgə məhz mətbuat tariximizdə mənəvi dəyərlərimizin ləyaqətli davamçısı olan bir qəzet timsalında meydana gətirdi. Uzun illərin müşahidəsinə əsasən görürəm ki, öz siması olan “525-ci qəzet” ictimai-ədəbi mühiti tam dolğunluğu ilə əks etdirir...

 

Rəşad Məcidin “yaşadıqları, gördükləri, tanıdıqları və dedikləri”ində müəllif ədəbi mühitin bir sıra hadisələrini görüb-duydyğu kimi, yüksək erudisiyası, ədəb-ərkanıyla müsahibiylə üzbəsurət söhbətləşirmiş kimi səmimi ifadə edə bilmişdir. Bu ədəbi-mətbu nümunələrin üstündə ayrıca dayanmadan Rəşadı söz-sənət, ruh-ovqat adamı olaraq, qələmə aldıqlarının fonunda təqdim etmək niyyətindəyəm.

 

Hər bir insanın həyatda bağlandığı, çox sevdiyi nələrsə var. O nələrsə səni sevdiyinə doğru uzanan keşməkeşli yolu inadkarcasına qət etməyə ruhlandırır. Rəşad Məcidin də həyatda qəlbən vurulduğu şeylər var. Mən duyanı bunlardan ən ucası, alisi yurd segisi, vətən təəssübkeşliyidir. Yetər ki, istədiyini “dəlicəsinə” sevəsən. Müəllifin məntiqinə görə “arzuladığımız torpağa ona görə çatmırıq ki, dəlicəsinə istəmirik!” Doğrudan da, insan bir şeyə dəlicəsinə vurulanda Allah onu istəyinə çatdırır. Görünür, bir vətəndaş olaraq, hər birimizdən ötrü qiymətli olan torpağımızı dəlicəsinə sevmirik. Bu, müəllifin ürək ağrısıyla millətə səslənən çağırışıdır. Hansı ki, bu dərdlərin ağır bir daşa dönüb qəddimizi əydiyi acı bir həqiqətdir. Qəribədir, biz bu ağrılara dözürük, amma onu dəf etməyi “dəlicəsinə” istəmirik. Rəşadın bu çağırışı o ağır daşı qaldırıb, başımızın üstündən uzaqlara atmağa qadirdi. Təki, içimizdə “dəlicəsinə” istək olsun!

 

Rəşadın yazılarında dilin sadəliyi, fikrin sanbalı, müşahidələrinin itiliyi, hadisələrə çevik publisist münasibəti, qərəzsizliyi və bu sıradan çox xüsusiyyətləri onun ictimai-ədəbi mühitdə kifayət qədər tanınmasını şərtləndirir. O, yaşadıqlarının içindən görünən ovqat adamı kimi maraqlıdır. Burda müəllif tarixi məqamlara həssaslıqla yanaşmış, mövzunu xarakterindən irəli gələn tamlıqla, yazı manerasına uyğun bir üslubda təqdim etmişdir. Bunun başlıca səbəbi müəllifin hadisələrin mərkəzində olması, müşahidələrinə doğru mövqedən münasibət bildirməsidir. Qabriel Qarsiya Markez yazırdı ki, mən çox sonra başa düşdüm ki, uşaqlığımda yaşadığım çox şeyin ədəbi dəyəri var. Rəşadın da bu gün xatırladıqlarından duymaq olur ki, o, yeniyetməlik çağlarından düşüncəsində yol gələn həyat hadisələrini bu gün ədəbi məhsula çevirə bilmək səriştəsinə qadir olan qələm sahibidir. O, yazılarında elə keçidlər edir ki, burda soyuq mühakiməylə araşdırılan məsələlərə, ədəbi priyomlara, çevik, analitik çözümə heyrət etməyə bilmirsən. Dildə də, əməldə də yekrəngliyi müəllifin öz peşəsində səbatlı, dəqiq olmasından irəli gəlir. O, ədəbiyyat adamı kimi dünəndən bu günə uzun, həm də uğurlu bir yol qət etmişdir. Oxucuya maraqlı və inandırıcı görünən də məhz yazıçının yaşadıqlarına ictimai məzmun verə bilməsidir.

 

Rəşadın bir-birini təkrarlamayan mövzularda bəhs etdiklərini fərqli bir rakursdan, həm də stilinəxas ifadə etməsi publisistin səriştəsinin göstəricisidir. Burda məni razı salan xüsusiyyətlərdən biri də müəllifin faktları həqiqətin prizmasından öyrənərək mövzuyla bağlı mötəbər fikirlərə söykənməklə prinsipial mövqe bildirməsidir. Rəşadın ustadlara sayğı ilə yanaşması, adlarını ehtiramla çəkməsi, xalqın taleyinə bağlı sənətkar talelərinə ehtiramını bildirməsi, “əllərindən öpməsi” həssas, nəcib qəlbli şəxsiyyət olduğuna dəlalət edir.

 

Dünya xəritəsində güclünün gücsüzün həyatında karusel kimi fırlanaraq qəsbkarlıq planlarını həyata keçirməsi cəhdləri publisistin araşdırmasında yeni olan bir dəst-xətlə xatırlanır. Belə mövzular milli-bəşəri əhəmiyyət kəsb etdiyindən bu ictimai ağrılar bütün zümrədən olan insanlar üçün maraqlı, həm də gərəklidir. ABŞ-ın başqa millətlərin taleyinə müdaxilələrini, parçalanmış, ikiyə bölünmüş Azərbaycanın taleyi ilə paralelliyini bir tarixi-ədəbi fakt kimi işıqlandırmasının mahiyyətində Rəşadın millətinə, xalqına böyük sevgisi közərir. Güneylilərin ötən əsrin ortalarına doğru oyanış, dirçəliş dövrünü, eləcə də maddi və mənəvi terrora məruz qoyulduğu tarixi hadisələri bir vətəndaş, millətdaş marağıyla araşdıraraq gənc nəslə ötürməsi, yaddaşımızı ayıq-sayıq saxlamaq gücündədir. Müəllif tarixin bu səhifəsində M.Bağırovun millətin taleyindən yana narahatlığını, milli-ictimai əhəmiyyətli məsələləri xatırlatmaqla kifayətlənmir, onları müasirlik prizmasından qiymətləndirir. Mən burda publisistin sonralar da bu ətrafda aparılan müzakirələrə və bunlardan doğan təzadlı fikirlərə hər zaman aktual və dəyərli olan polemik münasibətini duydum.

 

Biz ictimai həyatımızda zahirən adi görünən bir sıra hadisələri, məsələn, bir kitab evinin açılışını, yeni kitabın təqdimatını, imza gününü əlamətdar anlar kimi yaşayırıq. Kimlərsə bu hadisələrin iştirakçısı olur, kimlərsə mətbuatdan xəbər tutur. Sonra da yaddan çıxır, unudulur. Amma Rəşad ədəbi mühitin adamı olaraq baş verənləri mədəni dəyərlər sırasında görür, onlardan böyük sevgiylə bəhs edir. O, ədəbiyyatımızın təbliği, inkişafı yolunda bəzən boyundan da yuxarı bir mərtəbədə görülən işlərə dəstək verən bir ziyalıdır. Bu istiqamətdə çalışmaları təkcə vəzifə səlahiyyəti çərçivəsində deyil, həm də bir ədəbiyyat adamı olaraq mənəvi dəyərlərimizin yeni ənənələrlə inkişafına yanğısından yaranır. Bütün bunları həm də özünün mənəvi borcu hesab etməsi, duyduğum qədər, ədəbi mühitdə də razılıqla qarşılanır. Onun kitaba böyük marağı, ən başlıcası da oxuduqlarından zənginləşib “söz dağarcığına” sahiblənməsi mədəni insana xas olan bir xüsusiyyətdir. Ədəbi yaradıcılıqda ilk addımlarını atanlara xeyir-duası, uğurları, tövsiyələri də Rəşad Məcidin ədəbiyyatımıza xidmətidir.

 

Mən səfər təəssüratlarına ciddi bir yazı nümunəsi kimi yanaşıram. Çünki burda hər şey, yoldan başlamış, gördüyün insanların, təbiət mənzərələrinin səfər ovqatıyla səsləşməyi, iştirakçısı olduğun hadisələrin ali məqsədlə ahəngdarlığı və bütün bunların yaddaşda əks-sədası, ədəbi-mədəni mühitimizlə bağlılığı yüksək dəyərlərə hesablanır. Belə yazıların xarakterində xatirə ovqatı, memuar elementləri, isti yaşantılar, səmimi duyğular var. Rəşadın səfər təəssüratlarında diqqətə çatdırılan bu kimi ictimai-ədəbi detallarla bahəm, müəllifin zəruri məqamlara siyasi baxışları da olduqca cəlbedici, məntiqi səslənir. Bunlar usta bir nəzərlə tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə işıq salmaq gücündə, qüdrətindədir.

 

Rəşad səfərlərdən fürsət bulmuşkən, belə imkanlardan bəhrələnərək, ictimai-ədəbi dəyərləri yaddaşımıza ötürür. “Yaşadıqları”ndan “Gördüklər”inə keçidləri də insanı bambaşqa bir ovqata kökləyir. Əvvəldə qeyd etdiyimiz kimi, əsla nəzərdən qaçırmadığı Azərbaycan məsələsi, cənublu soydaşlarımızın yaşadığı ağrılı tale, Təbriz dərdləri bir vətəndaş, ziyalı olaraq Rəşadı korun-korun yandırır. İrana səfər çərçivəsində Təbrizi görmək arzularına səfirlik əməkdaşının “Təbriz sizin olanda gedərsiniz”, “ironiya”sı bir səfər təəssüratı kimi qələmə alınsa da onun içindən şırım açan dərdimizin bədii detallarla ifadəsi, acısı çox ağrılıdır. Belə yazılara girişi hekayə dilinə, təhkiyəsinə yaxındır, hadisələr bədii uslubda təsvir olunur. Bu da heç şübhəsiz, “Publisistikanın nüvəsində sənədlilik dayansa da, onu duyğulara istiqamətləndirən bədiilik qatı”nın (C.Məmmədli) olmasından irəli gəlir.

 

Rəşadın qələmə aldığı mövzuları dərindən araşdırması mənən onlara bağlılğı ilə əlaqədardır. Elif Şəfəqin “Babapiç” romanından bəhs edən “Yazıçının bicliyi” məqaləsində müəllifin bir qədər təfərrüata varması, əslində maraqlı olan hadisələrin intizarına kökləyir oxucunu. Bu təfərrüat roman ətrafındakı qalmaqallı fikirlərə Rəşadın da azərbaycanlı yazıçı olaraq fərqli bir ampulada münasibət bildirməsinə (özügüclü ideya müstəvisində!) bir vəsilə olmuşdur. Bunlar romanı oxumağa başlayandan, mübhəmliklərə işıq salmağa iddialı olan Elifin kökü dərinə işləmiş siyasi, milli-bəşəri motivləri bir qadın cəsarətilə qabartması, müəyyən həqiqətləri ortaya qoyması, millətin haqqına, ictimai maraqlarına, böyük sevgisi olan yazıçı-publisist Rəşad Məcidi özünə çəkməyə bilməzdi.

 

“Əsəd bəy və Nuridə xanım” araşdırmasında faktlara, hadisələrə yazıçının milli təəssübü özünü açıqca göstərir. Sual oluna bilər, tədqiqatçı jurnalistin Əhməd Şmidedən başlamış, Nuridə Atəşin, Əhməd Cəmil Məhzər, Steffen Rayxe, Ralf Marşallek, Betti Bleyer, Çərkəz Qurbanlının... bu istiqamətdə apardıqları araşdırmaları göz altına alıb, hər birinin üzərində dayanmasına ehtiyac vardımı? Əlbəttə! Ən əsası uzaq yollar qət etməklə ədəbiyyat tariximiz üçün əhəmiyyətli olan bu ədəbi faktın fundamentallığına onun tərəfindən də bir daşın qoyulması gərəkli olmuşdur. Burda Rəşadın ədəbi mühitin polemik mənzərəsini diqqətlə izləməsini, qürbətdə vətən həsrəti, dərdlərilə yaşayan, Azərbaycan həyatını ədəbi irsində yaşadan Əsəd bəyin xatirəsinə böyük qədirdanlıq kimi dəyələndirdim. Müəllif bu ətrafda olan tədqiqatları, üzə çıxarılmış faktları ortaya gətirərək mövzunun içində gəzişmələr etmiş, bütün məqamlarda özünün qənaətləri ilə yanlışlıqlara kəskin münasibətini bildirməkdən çəkinməmişdir.

 

R.Məcidin ictimai fəaliyyəti hər zaman publisistika yaradıcılığında öz əksini tapır. “Gənc ədiblər məktəbi”nin yaranması, burda ustad dərslərinin gənclərdə özünə inam yaratması, ədəbi aləmdə qazandıqları uğurlarına, ədəbiyyatımızın yeni dəyərlərlə zənginləşməsinə müəllifin can yanğısıyla qayğı göstərməsi gözümüzün qarşısında cərəyan edir. Və bunların sistematik olaraq mətbuatda işıqlandırılması da mədəni-mənəvi dəyərlərimiz sırasındadır. Bu məktəbin nümayəndələrinə ədəbiyyatın içindən keçən yollarda dəstək olması, xeyirxahlıqlara imza atması Rəşadın bəlkə də öz yaradıcılığından irəli olub. “Özünü unudub başqalarını böyütməklə məşğul olmaqda (S.Rüstəmxanlı) hər insana xas olan keyfiyyət deyil. Əlində olan maddi imkanlardan (Yazıçılar Birliyinin gənclər üzrə katibi, Azərbaycan mətbuat şurası İdarə heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru) istifadə edərək ədəbiyyatımızda ümid verən gənclərə qayğı göstərməsi – kitablarına tər-təzə arzularla uğurlar diləməsi, “nəsrimizdə yeni imza” sahiblərinə söz baratı ünvanlaması onun ədəbi zövqünü ortaya qoyur. Biz bu gün belə amalla yaşayan neçə ziyalının, ədəbi şəxsiyyətin adını çəkə bilərik? Birkimdi ədəbiyyat adamı? Gecə-gündüz təkcə öz əsərlərinin, nəşrlərinin qayğısını çəkən, ard-arası kəsilməyən təbliğatını qurandımı ədəbiyyat adamı? Bu gün hansısa fəxri kürsüyə, əhəmiyyətli posta sahiblənib ancaq özünü yetişdirəndimi ziyalı?

 

Biz hər zaman böyüklüyümüzdən, nəcibliyimizdən ağızdolusu danışırıq. Amma bəzi naqis cəhətlərimizin üstündən də səssizcə ötürük. Birinin uğuruna qısqanırıq, o birinin təmiz, xeyirxah əməllərinə kölgə salırıq. Elə ədəbiyyat aləmində dedi-qodu səviyyəsində olan sualları müsahibə mətninə çevirməklə müsahibi “dolaşdırmağa”, “vurmağa” cəhdimiz də heç bir ədəbi ölçüyə sığmır. Belə məqamlarda düşünmürük ki, əxlaqımıza, mədəniyyətimizə sayğısızlıq göstəririk. Son zamanlar internet portallarında bu səpkili yazılardan biri kimi, Rəşad Məcidə ünvanlanmış belə “sualları” oxuyanda açığı təəssüfləndim. Və belə fikirlərə rəğmən deyirəm ki, bu gün Rəşad Məcid ədəbi mühitin mərkəzində yaradıcı fəaliyyəti, zamanında doğulan poeziya nümunələri, esseləri, publisistik məqalələriylə aydın görünür. Yazıçının dərcindən az ötmüş, haqqında ədbiyyat adamlarının heyranlıqla bəhs etdikləri “10 sentyabr” hekayəsini bir oxucu olaraq bu gün də unutmamışam...

 

Dili rahat, rəvan olan bu yazıları oxuduqca məndə belə bir inam yaranırdı ki, Rəşad Məcid lap yaxın zamanlarda yaşadığımız bu təzadlı çağların, yaddaşında kök atan hadisələrin əksi olacaq bədii nümunələr, olsun ki, bir sanballı romanla çıxacaq qarşımıza. Qaynar ədəbi mühitin içərisində olması, oxuduğu əsərləri yaxşı və zəif cəhətlərinə görə, xırda detallarınacan fərqləndirməsi, ictimaiyyətlə sıx görüşləri, səfərlər çərçivəsində həyatı, insanları qədərincə öyrənməsi onun ciddi bir hazırlıq keçdiyini sübut edir. Bu romanın onun düşüncəsində sətirbəsətir yazıldığını “görürəm”. Bircə başlamaq qalır...

 

Kaspi.-2014.-24 may.-S.21-22.