“Tənqidçilər tərif yazmaqla məşğuldurlar”

 

Yusif Kərimov: “Yazıçı uşaqlarının tələbatı haqqında yox, cəmiyyətin problemi haqqında düşünməlidir”

Yusif Kərimov 1940-cı ildə Bərdə şəhərində anadan olub. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil alıb. Sonra Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirib. Uzun illər "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru olub. Mərkəzi Seçki Komissiyasının mətbuat katibi, Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri işləyib. Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri, Respublika Jurnalistlər Birliyinin sədr müavini seçilib. “Yollar... Axtarışlar”, “Bir buta gül”, “Tavridada şimşək çaxır” , ”Üçbucaq”, “Gün ötər, geri dönməz”, ”Qırmızı sahil”, “Lalə və kəpənək”, “Qarabağ şikəstəsi”, “İşğal vadisis. kitabların müəllifidir.

 

Bu yaxınlarda “İşğal vadisi” adlı tarixi romanınız çap olunub. Tarixi roman barədəsə iki əsas fikir var. Bəzən deyirlər ki, tarixi roman yazmağa ehtiyac yoxdur, çünki tarixi faktlar daha önəmlidir. Bəzənsə deyirlər ki, ədəbiyyat yolu ilə tarix daha yaxşı həzm olunur. Siz əsərinizi yazarkən tarixi roman haqqında deyilənlərdən hansını rəhbər tutdunuz?

– Bədii ədəbiyyat yolu ilə tarixi oxuculara daha yaxşı çatdırmaq olur. Ancaq yazıçı tarixçi deyil. Nizami Gəncəvi “İsgəndərnamə” poemasını sırf tarixi əsər kimi yazmayıb. İsgəndər Azərbaycanda olmayıb, Nüşabə ilə Bərdədə görüşməyib. Yazıçı ideyasını həyata keçirtmək üçün tarixi faktlardan istifadə edir. “İşğal vadisi” haqqında bəzi fikirlərimi sizinlə bölüşüm, deməli, 2013-cü ildə KremlinPrezident” sarayında Azərbaycanın birinci işğal aktının 200 illiyini təmtəraqla qeyd etdilər, Qarabağ xanlığını erməni xanlığı kimi qələmə verdilər və o məclisdə Azərbaycanı işğalçı dövlət elan etdilər. Bütün bunlar, tarixi həqiqətlər mənim əsərimdə yazıçı təxəyyülündən süzülüb gəlib. Məsələn, dəyişikliklər nədir? Bildiyiniz kimi Rusiya ordusu Ərdəbili işğal etmişdi və rusların Tehrana gedib çıxma təhlükəsi var idi deyə İran Rusiya ilə müqavilə imzaladı. İran tərəfdən müqavilə imzalayan bəzi mənbələrdə göstərildiyi kimi şahın xarici işlər vəziri imzalayıb. Türkmənçay müqaviləsində isə Abbas Mirzənin iştirakını mən əlavə etmişəm. Romanda bu kimi başqa yazıçı təxəyyülündən doğan səhnələr var. Deməyim odur ki, tarix yazıçının ifadəsində yeni formada təqdim olunur. Bədii əsərdə yazıçı tarixi faktlardan daha çox bədiiliyə, təxəyyülün imkanlarına üstünlük verməlidir. Necə ki biz bu cür məqamlarlı Məmməd Səid Ordubadinin “Qılınc və Qələm”, İsmayıl Şıxlının “Dəli Kür” və s. əsərlərdə görürük.

 

Tarixi əsər yazsanız da romanın dili müsardir.

Bədii dil, sırf tarixi dil olmamalıdır. Onda əsər oxunmaz. Bu kitabı oxuyan bir neçə adam mənə deyir ki, Türkmənçay qalaçasında olmusunuzmu? Deyirəm ki, olmuşam, amma mən gördüyüm qalaça dağılmış vəziyyətdə olub. Sadəcə bədiiliyin gücü nəticəsində əsəri o cür təsirli alındıra bilmişəm. Hər yazıçının öz zaman dili var, mən bu mətni indiki ədəbi dilimizdə yazmışam.

 

– Ernest Heminquey deyir ki, yazanda elə bilirəm ki, əsər çap olunandan sonra xoşbəxt olacam. Ancaq əsəri bitirən kimi yazıçı xoşbəxtliyim heç-puç olur, o möhtəşəm prosesin bitdiyinə görə məyus oluram. Siz necə, yazı prosesinə daha çox önəm verirsiniz, yoxsa kitabınız çap olunandan sonra rahat olursunuz?

Mənimçün hər ikisi maraqlı prosesdir. Hər bir yazıçı əsərini çap etdirəndən sonra düşünür ki, kitabda gərək nəysə başqa cür yazardım, yaxud nələrisə əlavə edəydim. Yazandan sonra çox rahat oluram, demək istədiklərimi kağıza köçürə bilmək böyük zövqdür.

 

Xeyli vəzifələrdə çalışmısınız. Geniş tərcümeyi-halınız var. Bu qədər işlərin, fəaliyyətinizin içində yazıçı kimliyiniz itmir ki?

            Açıq deyim ki, jurnalistika mənim yazıçılığımı oğurlayıb. 15 il qəzetdə çalışdığım müddətdə əsərlər yaza bilmədim. Ancaq əvvəl gündən mənim publisistik yazılarımda da bir bədiiyyat var idi. Müəllim kimi fəaliyyət göstərəndə tələbələrimə belə bir məsləhət vermişdim: yazı həm şirin olmalıdır, həm dərin. Şirin olmasa oxunmayacaq, oxunmasa da ordakı dərinlikdən oxucuların xəbəri olmayacaq.

 

            İşğal vadisitarixi roman olsa da əsərdə lirizm çoxdur.

            Uşaq vaxtı şeirlər yazırdım, cavan olandasa poema yazmışdım. Görünür, yazanda köhnə şairliyim köməyə gəlir.

 

            İndi Qarabağ haqqında yazılan bir çox əsərləri oxuyanda Qarabağ dərdinin təkcə sosial, xalq problemi yox, həm ədəbi problem olduğu üzə çıxır. Belə ki, bu ad altında xeyli lazımsız əsərlər çap dərc olunur. Siz bu barədə bir yazıçı kimi düşünürsünüz?

            Fikrimizcə, Qarabağ dərdi ədəbiyyatın əsas problemi deyil. Çünki siyasətimiz bu problemi lazımınca gərəkli yerində işıqlandırır, ölkə başçısı görüşlərdə əsas dərdimiz kimi bu məsələni önə çəkir. Bu gün ədəbiyyatımızda Qarabağ mövzusu lazımı sanbalda işlənmir, yüngül əsərlər yazıb say çoxaltmağa isə ehtiyac yoxdur.Səni mənə verməzləradlı romanım Qarabağ haqqındadır, bu əsərə Azərbaycan Yazıçılar BirliyiYaddaşmükafatı verdi, ancaq hər əsər indiki dövrdə qiymətləndirilmir. Qarabağ probleminə aid əsərlərin müsabiqələri keçirilməli, ən yaxşı bədii mətnlər seçilməlidir. Bu mövzuda yazan yazıçılar qiymətləndirilməlidir ki, onlarda daha yaxşı əsərlər qələmə almağa stimul yaransın.

 

            Sizinçün mətn meyarı nədir?

            İndi mətn meyarı itib. Sovet dövrünü hər qədər pisləsələr , o vaxtı xüsusi redaksiyalar var idi, əsərlər oxunub dəyərləndirilirdi. Müsbət rəy verilməyən əsərləri çap etmirdilər. O vaxt yazıçı əməyi qiymətləndirilirdi, onlara qonorar verilirdi. Qələm adamı bilirdi ki, onun yazdığı kiməsə lazımdır hansısa şərtlər daxilində qiymətləndirilir. Üçbucaqadlı kitabım çıxanda mənə bir maşının pulunu verdilər. Yazıçı övladlarının tələbatı haqqında yox, cəmiyyətin problemi barədə düşünməlidir. Sovet dövründə kitablarımız çap olunanda aldığımız qonorarla maddi təminatımızı ödəyirdik. Ancaq indi kitab çap etdirəndə maddi durumumuz daha da aşağı düşür, ciblərimiz boşalır.

 

            Maddi imkanı olan yazıçıların bəzilərisə çox zaman yaxşı əsərlər yazmırlar.

            Çox böyük imkanları olan yazıçılara bəzən həmin maddi imkan özü mane olur. Bədii əsər yazıb-yaratmaq əziyyət tələb edir, hər adam özünü bu cəfaya vermək istəmir. İndi bəzən başqasına kitablar yazdırırlar, həmin əsərlər çox vaxt mürəkkəbi qurumadan çap olunur.

 

            Ədəbiyyatı indiki halda yazarlara qazanc gətirmir, ancaq kitab nəşri Sovet dövründən daha çoxdur.

            Kitabların sayı artdıqca, oxucular azalır. Çünki əksər mənasız kitablar oxucuları kitabdan uzaqlaşdırır. İndi qəzetlərin sayı jurnalistlərin sayından çoxdur. Kim çıxarıdır bu qəzetləri? Bu qəzetlər kimə lazımdır? Bütün bunların kökündə sosial vəziyyət dayanır, o qəzetlərin çoxu ya kimdənsə pul almaq üçün, ya da kimlərisə qorxutmaq üçün yaradılır, cəmiyyətin problemlərini əks etdirmək üçün yox.

 

            Publisistik əsərlər yazarkən vaxtsa bədii mətnlər yazacağınızı düşünürdünüzmü?

            Xeyr, heç vaxt bu barədə düşünməmişəm, ancaq publisistikamı bədii ədəbiyyata yaxınlaşdırmaq həmişə arzum olub. Deyilənə görə, bunu az-çox bacarmışam. Ancaq publisistik əsər yazanda belə özümü bədiyyat üstündə kökləyirəm.

 

            Bəzən elə əsər olur ki, onun ideyasını bir köşə yazısında da əks etdirmək olar, ancaq bir kitab yazırlar. Sizcə, belə əsərlər yazmağa dəyərmi?

            Zaman ələkdir. Yaxşını pisdən, böyüyü kiçikdən zaman ayırır. Füzulinin dövründə yüzlərlə yazan olub, ancaq Füzuli qalıb, bu gün əsərləri sevə-sevə oxunur. Fəqət indi yaxşını pisdən ayıran ədəbi tənqid yoxdur ki, əsərlərə qiymət verə.

 

            Guya ədəbi tənqidin yüksək qiymətləndirdiyi hansı əsər cəmiyyət tərəfindən yüksək qiymətləndirilib, o kitabın tirajı artıb ki?

            Çünki o tənqidçilər heç bir məşhur yazıçının əsərini alt-üst etməyiblər, onların tənqid adlandırdıqları təriflərdir. İndi bir çox tənqidçilər tərif yazmaqla məşğuldurlar. Kimin adamı var, istər keçmişini, istərsə indisini tənqidçilərə reklam etdirir.

Fərid Hüseyn

Kaspi.-2014.-24 may.-S.15.