Firuz Mustafanın hekayələri
Vaqif Yusifli
Firuz Mustafa müasir ədəbiyyatımızın cəfakeşlərindən biridir və çox məhsuldar fəaliyyəti ilə doğrudan da hər birimizdə qibtə hissi doğurur. Bu adam hal-hazırda pyeslərinin sayına görə Azərbaycanda birinci sıradadır. Bu pyeslərin əksəriyyəti də Akademik Milli Teatrımız istisna olunmaqla əksər teatrlarda tamaşaya qoyulub və uğur qazanıb. Akademik teatrda niyə bir pyesi belə tamaşaya hazırlanmır, bu haqda düşünməyə və hətta mübahisə etməyə dəyər.
Firuz Mustafa fəlsəfə elmləri doktorudur və bir alim kimi də elm aləmində sözünü deyə bilib.
O,
dramaturgiyaya bir nasir kimi tanınandan sonra gəlib. Bu faktı nəzərə çarpdıranda biz qətiyyən
iddia eləmirik ki, bir janrdan digərinə keçid birincisində
uğursuzluqla alındığı üçün belədir.
Yox! Öncə qeyd etdik ki, o, ilk pyeslərini qələmə
alanda bir nasir kimi müəyyən uğurlar
qazanmışdı. F.Mustafa nəsrdə
indi də fəaliyyətini davam etdirir və həmkarı,
gözəl dramaturq Əli Əmirli kimi nəsrə birdəfəlik
əlvida deməyib. O, indi də ilk «sevgisinə» sadiqdir
və bu sədaqət özünü onda göstərir ki,
Firuz Mustafa son illərdə bir-birindən maraqlı hekayələr
yazmaqda davam edir. «At günü» və
«Ölü dildə sevgi məktubları» kitabları ancaq
hekayələrdən ibarətdir.
Xatırlayıram
onun Firuz Mustafanın ilk kitabını - «Göyəm
kolları»nı... Məsələ
burasındadır ki, 1985-ci ildə «Gənclik» nəşriyyatında
həmin kitabı mənə rəyə vermişdilər və
mən o kitabdakı hekayələri oxuyub bəyənmiş,
müsbət bir rəy yazmışdım (o zaman «nəşriyyat
qanunları»ndan biri də bu idi). «Göyəm
kolları» ilə «Ölü dildə sevgi məktubları»
arasında düz 29 illik bir zaman məsafəsi durur. Bu illər ərzində çox şey dəyişilib,
yeniləşib. O «Göyəm kolları»ndakı bədii
ovqat da dəyişilib, orada təsvir olunan obrazlar təbii ki,
o dövrün insanlarının obrazlarıydı, indi onlar
yaşa dolublar, qocalıblar, bəziləri dünyadan
köçüb. Quruluş da dəyişib.
Firuzun təsvir etdiyi o təmiz, mənən saf insanlar olsun ki,
indi həyatın girdabında çabalayırlar, olsun ki, bir
parası xoşbəxtdirlər... Ancaq dəyişməyən
odur ki, Firuz Mustafa ilk hekayələrində olduğu kimi, indi
də həyat həqiqətinə sadiq qalır. O, yenə
gündəlik həyatda, məişətdə, cəmiyyətdə,
yaşadığı mühitdə öz yazıçı
müşahidəsi ilə onu düşündürən, məhz
əlinə qələm götürüb yazmağa sövq
edən hadisələrə biganə qalmır, yenə təsvir
etdiyi obrazların mənəvi aləminə «səyahət»
edir. Adi insanların qeyri-adi dünyasını eəşf etməyə,
«bax, bunlar bizim müasirlərimizdir» sözünü deməyə
can atır.
Ən əvvəl Firuz Mustafanın hekayələri
üçün səciyyəvi olan bir neçə
özünəməxsus cəhəti qeyd edək.
1.Firuz
Mustafanın hekayələri ilk növbədə, janrın
spesifikası və tələbləri ilə səsləşir.
Hekayə romanla və povestlə müqayisədə
kiçik janr sayılır (həcminə və gerçəkliyi,
insan münasibətlərini, zaman və məkanı əhatə
dairəsinin məhdudluğuna görə), amma hekayədə
də həyat, insan, cəmiyyət böyük romanlara xas
olan bir tərzdə əks oluna bilər. Yəni məhdud
bir həcm daxilində də «Poçt qutusu», «Qurbanəli bəy»,
«Usta Zeynal», «Şeyx Şaban», «Baladadaşın ilk məhəbbəti»,
«Dantenin yubileyi», «Astana», «Bayatı Şiraz» kimi şedevrlər
yarana bilər. Firuz Mustafa da məhz buna can
atır və onun hekayələri içərisində bu ənənənin
uğurlu davamı sayılan bir neçə nümunə ilə
qarşılaşırıq.
2.Hekayədə hansı əsasdı? - hadisə, əhvalat
və onun maraqlı təhkiyə yolu ilə oxucuya
çatdırılması yoxsa obrazların
psixologiyasının, iç aləminin daha çox təsvir
hədəfinə çevrilməsi? Zənnimizcə,
bunların hər biri hekayə üçün vacibdir, amma
ikisinin də eyni hekayədə olması daha önəmlidir.
Firuz Mustafanın hekayələrində də
bunların biri digərini «əsarət altına» almır.
3. Nəhayət,
bir cəhəti də qeyd edək. Hekayə,
öncə dediyimiz kimi, nəsrin kiçik formasıdır və
yazıçı 3-5-10 səhifədə həyatın
lokallaşdırılmış bir parçasını təqdim
edir və oxucunu inandırır ki, bu. Gerçəkliyin,
reallığın bədii ifadəsidir. Hekayəçi
sücet qurmaq bacarığına, obraz yaratmaq məharətinə,
ən əsası, yazı mədəniyyətinə yiyələnməlidir.
Onun dili anlaşıqlı olmalıdır.
Firuz Mustafanın təqdim etdiyi əhvalatlar yorucu deyil, əksinə,
oxucunu elə ilk sətirlərdə özünə çəkir,
hətta bəzi sonluqları novellavaridir, dili də zəngindir,
bəzən hekayələrinin leksikasına Gədəbəy
dağlarından gələn ifadələr də daxil olur,
amma şəhdli-şirəli, yapışıqlı dildir.
İndi keçək konkret olaraq Firuzun bəzi hekayələrinə.
Kitabda («Ölü dildə sevgi məktubları»nda) Firuz
Mustafanın yaşca ən «qocaman» hekayəsi – «Göyəm
kolları» da təqdim edilir və bu hekayə çoxdan
yazılmasına baxmayaraq Firuzun bədii sanbalca ən
yaxşı hekayələrindən biridir.
Hekayədə lal bir insanın-yeniyetmə Qaranın bir
neçə günlük həyatı, daha doğrusu, onun bu
bir neçə gündə görüb-gördükləri
təsvir olunur. Firuz Mustafa Qaranın daxili aləminə,
onun ətrafındakı insanlardan tamam fərqli
dünyasına nüfuz edə bilir. Qaranın
saf, təmiz mənəviyyatı ilə
yaşadığı mühit arasında bir ziddiyyət var və
Firuz da bu konfliktin bədii həllini verməyə
çalışır. Qara laldır,
danışa bilmir, amma bu lallığın və
danışa bilməməyin onun təmiz ürəyinə,
işıqlı dünyasına heç bir ziyanı yoxdur.
Qara şəhərdən gələn bir
qızın dodaqlarını çiyələyə
oxşadır, Qara əmisigildəki üç baş
toğlunun kəsilməsinə heyfislənir, Qara yalan-palan
danışmır, Qara çiçəklərin dilini
yaxşı bilir. «Açılan
çiçəkləri Qara Ay işığında
görüb; sanki gözəgörünməz bir əl
tumurcuqların sinəsini yarır, qönçələr
göz açıb Ay işığına, göyə
tamaşa edirlər. Çiçəklər
səhərə yaxın şehə bələnir, şehli
çiçəklər qüssəli olur». Bu romantika
ilə nəfəs alan Qara həyatda,
yaşadığı mühitdə çox-çox naqisliklərin
şahidi olur. Onun üçün ən
gözlənilməz hadisə xəyallarının məhv
olmasıdır. Gözəllik mücəssiməsi
kimi Qaranın ürəyində taxt-tacını
ucaltmış qızın sarışın oğlanın
öpüşlərinə cavab verməsi, onların bir-birinə
sarılmaları Qaranın içindəki o romantik aləmi
yerlə-yeksan edir. «Qız Qaranın
başı üstə dayanaraq onun sarıqlı dirsəyinə,
tutqun gözlərinə, avazımış sifətinə
baxıb gülümsəyirdi.
Qara daha danışmağı arzu etmirdi. Ömürlük
lal qalmaq istəyirdi. Otlar, çiçəklər,
kollar kimi».
Qara-bu lal oğlan-bu tipli obrazlar 60-80-ci illərin ədəbi
qəhrəmanlar silsiləsinə daxildir və Firuz Mustafa
sonrakı hekayələrində də məhz belə sadə
insanları ədəbiyyata gətirməkdən çəkinmədi. «Sadə insanlar» deyəndə,
yəni həyatda o qədər də gözə
görünməyən, amma gözə görünəndə
sevgiyə, şəfqətə layiq olanlar nəzərdə
tutulur və Firuzun elə «Göyəm kolları»
kitabındakı «Haray», «Yay sazağı», «Duman», «Şəkil»,
«Ölü dildə sevgi məktubları»nda «Alın
yazısı», «Musa dayı», «Çin olan yuxularY, «Köhnə
kitablara elegiya», «Hasan», «Qağayı kimi» hekayələrində
məhz həmin o sadə insanların daxili aləminin zənginlikləri
ilə qarşılaşırıq. «Alın
yazısı» hekayəsindəki Kişi və Qadın
obrazları Firuzun çox dəqiq həyati müşahidələri
əsasında yaranıb. Həyatda
ömrü-günü puç olan, amma yenə yaşamaq istəyilə
nəfəs alan insanlar var. Xəstə Həmid və Xəstə
Qadın..Məsələ burasındadır ki,
o Xəstə Qadın çox nikbindir və həm də bu
nikbinliyi həyatdan bədbin xəstə həmkarına da
aşılaya bilir. Oxucu gözləyir ki,
bir sevgi macərası da baş verəcək, amma belə
olmur, səhər Həmid eşidir ki, qadın əməliyyatdan-narkozdan
sağ çıxmayıb. «Həmil
palataya keçib uzaqlara baxdı. Qəhər
onu boğurdu. Az qalırdı
hönkürsün».
Bax, budur həyatın təzadları.
Firuzun «sakit» təsir bağışlayan hekayələrində
də belə təzadlı hadisələrin, dramatik
situasiyaların şahidi oluruq. Məsələn, onun
«At günü» hekayə-trtptixi bədii sanbalına görə
Firuzun nəsr yaradıcılığında yeni hadisə
sayıla bilər.Azərbaycan və rus dillərində
çap olunan bu triptix haqqında Firuzun qələm
yolldaşlarından və oxuculardan xeyli sayda rəylər
alınıb. Qocaman ədibimiz Jəmil Əlibəyov
yazır ki: «Firuz Mustafanın hekayəsi təhkiyə zənginliyi
ilə məni heyran etdi. Simvollarla zəngin olan bu əsərdə
At müstəqil bədii obraz kimi götürülüb və
onu da deyək ki,Şərq ədəbiyyatında, o cümlədən,
Azərbaycan nəsrində və poeziyasında məcazlara
istinad cəhətdən, bu olrazla bağlı rəngarəng
bir qalareya mövcuddur.Amma belə hesab edirik ki,indiki dövrdə,
ictimai-dünyəvi məzmunlu əsərlərə daha kəskin
ehtiyac duyulduğu bir vaxtda, «At günü» tamamilə
oricinaldır». Hicran Hüseynova isə yazır ki: «O vaxt «əlimdə
ixtiyar olsaydı, bu hekayəni Nobel mükafatına təqdim
edərdim», indi də bu fikirdəyəm». Təbii
ki, biz bu fikirdə deyilik və bunu Hicran xanımın öz
şəxsi mülahizəsi kimi anlayırıq,
yazıçını əvvəlcə gərək öz ədəbi
mühiti qiymətləndirsin, Firuzun isə nə bir nasir, nə
də dramaturq kimi heç bir mükafatı yoxdur. Amma «At günü» hekayə-triptixi doğrudan da
yaxın illərin uğurlu hekayələri kimi yadda qalacaq.
Bir həqiqət var ki, «At günü» hekayə-triptixi həm
At obrazının məxsusi cizgilərini,
yaşamaq-var olmaq, at ömrü keçirmək tərzini
canlandırırsa, başqa bir yöndən insan aləminə
xas olan xüsusiyyətləri də simvolizasiya edir. Yazıçı bunu da nəzərə
çarpdırır ki, heyvanlar insanların
qayğısına daha çox möhtacdır.
Firuz Mustafa təbiəti, quşlar və heyvanlar aləmini
sevir və bu sevginin bədii təzahürünü onun
başqa hekayələrində də izləyə bilirik.Məsələn,
«Durna ovu» hekayəsində ibrətli bir hadisə təsvir
edilir. Xaricdən gələn qonaqlar durna ovuna
çıxırlar və onları Abbas müəllim
müşayiət edir.Yalançı durna səsləriylə
istəklərinə çatan, gölə xeyli
qırılmış, yaralanmış durna sərələyən
xaricilər çıxıb gedir. «Ölü quşlar
gölün üstündə boz yumaq kimi qıvrılıb
qalmışdılar…Abbas mat-məəttəl
qalmışdı; əgər quşlar bunlara lazım deyildisə,
onda bu boyda vur-çatlasın, bu boyda qırğın-qiyamət
nədən ötrü idi?».
...Beləliklə, az-çox Firuz Mustafanın
hekayələri barədə fikirlərimizi bildirdik. Və
inanırıq ki, bu sahədə yeni uğurlarına sevinəcəyik.
Kaspi.-2014.-24 may.-S.14.