Boksumuzun ən gənc dünya
çempionu
Cavid Çələbiyev böyük gələcək vəd edir
Bu günə qədər sizə həyat və karyerası haqda geniş yazdığımız idmançılar arasında ən gəncinin növbəsidir. Azərbaycan onu hələ yeni tanımağa başlayır. Boksçudur. Gənc olmasına baxmayaraq, artıq dünya çempionu kimi böyük titulun sahibidir. Ötən il Qazaxıstanda keçirilən planetar yarışda rəqiblərinə üstün gələn Cavid Çələbiyev addım-addım zirvəyə yaxınlaşır. Bu yazıda boksumuzun ən gənc dünya çempionunun qısa, ancaq yeni nəsil üçün maraqlı və nümunəvi olacaq həyat hekayəsini təqdim edəcəyik.
Atasının əlcəyi
Cavid 17 may 1992-ci ildə Qəbələdə, idmançı ailəsində anadan olub. Atası – Namiq Çələbiyev də boksla məşğul olduğundan, bu idman növünə həvəs də, məhz ondan keçib. Keçmiş SSRİ dönəmində Azərbaycan çempionu olan sabiq idmançı, ən kiçik yaşlarından övladının onun yolu ilə getməsini istəyib. Artıq birinci sinifdə boksun sirlərinə yiyələnməyə başlayan oğul Çələbiyev, tezliklə ümidləri doğrultmağa başlayıb. Bakıda böyüyüb boya-başa çatan Cavid, orta təhsilini Xırdalan şəhər 1 saylı məktəbdə alıb. Burada məktəb yoldaşlarından çevik, bədəni balaca olsa da, dözümlü və möhkəm olması, ona tezliklə fərqlənmək imkanı verib. Yaşı az olduğundan atası ilk vaxtlarda onu döyüşlərə çox buraxmır, yüngül məşqlərlə (maraqlıdır ki, kiçik yaşlarından bu məşqləri özünün yox, atasının boks əlcəkləri ilə edirdi) kifayətləndirirdi. Vaxt keçdikcə inam qazanan qəhrəmanımız kiçik turnirlərdə yer almağa başlayır. Artıq 13 yaşından rinqə çıxmağa başlayan gənc boksçu, qısa müddətdə adından söz etdirə bilir. Məktəbi bitirdiyi 2009-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olan Cavid, bu il həmin ali təhsil ocağını bitirəcək.
Ən böyük hədiyyə
Cavidin boks sevgisi bütün maneələrə güc gəlib. Bu idman növündə başa vurulan zərbələr çox olduğundan zədə almaq ehtimalı böyükdür. Bunu nəzərə alan ailə üzvləri, qohumlar narahatlıq hissi keçirərək lap uşaq yaşlarından mütəmadi məşqlərə qoşulmasına etiraz edirdilər. Ancaq heç kimin sözünə baxmayan və fikrinin üstündə duran Çələbiyev, atasının da dəstəyi ilə boks aləminə baş vurdu. Atasına çox bağlı olan Cavid ona çox böyük bir hədiyyə etməyi bacarıb. Keçən il Qazaxıstanda keçirilən dünya çempionatının final görüşünə çıxdığı gün atasının ad gününə təsadüf edirdi. Çempion olmaqla boksçu kimi yetişməyində böyük rolu olan valideyni üçün bundan gözəl hədiyyə ola bilməzdi.
Müxtəlif uğurlar və…
Cəmi 22 yaşının olması Çələbiyevin yarış statistikasının o qədər də geniş olmamasına gətirib çıxarır. Cavid Azərbaycan çempionatında ilk böyük uğuruna cəmi üç il əvvəl - 2011-ci ildə qızıl medal qazanmaqla nail olub. Elə həmin il Rusiyanın Surqut şəhərində keçirilən “Neft ölkələrinin dünya kuboku”na sahib çıxıb. Maraqlıdır ki, bu yarışda kişilər arasında keçirilən 10 final döyüşündə cəmi 2 azərbaycanlı və 18 rus boksçu iştirak edirdi. 52 kq-da Cavid Çələbiyev və 56 kq-da Məhəmməd Əbdülhəmidov rəqiblərini yenərək fəxri kürsünün yüksək pilləsinə qalxa bilmişdi. 2012-ci ildə isə Rusiyanın Kalininqrad şəhərində təşkil olunan 19-22 yaşlıların Avropa çempionatında bürünc medal qazanıb. Həmin ilin noyabrında Bakıda keçirilən tələbələr arasında boks üzrə dünya çempionatında ikinci yeri tutub. 2013-cü ilin martında Ukraynanın Xerson şəhərində Nikolay Mangerin xatirəsinə həsr olunmuş 8-ci beynəlxalq turnirdə çempion olub. Ən böyük qələbəsi isə…
…dünya çempionluğu!
Qazaxıstanın Almatı şəhərində 13-26 oktyabr tarixləri arasında 2013-cü il dünya boks çempionatı keçirildi. Bu mötəbər yarışa böyük ümidlərlə yollanan milli komandamız vətənə iki qızıl və bir bürünc medalla döndülər. Teymur Məmmədov 94 kq çəki dərəcəsində üçüncü, Məhəmmədrəsul Məcidov isə çəkisi 91 kq-dan yuxarı olan idmançılar arasında birinci oldu. Cavid Çələbiyev də çempion titulunu qazanaraq 56 kq-da dünyanın ən güclüsü oldu. Bu nəticələrlə Azərbaycan milli komandası yalnız Qazaxıstan və Kuba boksçularından geri qalaraq 3-cü yeri tutdu. Çox böyük və fəxr olunası uğurdur. Ancaq bu qələbələr heç də asan başa gəlməmişdi. Xüsusilə, gənc Cavid üçün dünya çempionatı böyük sınaq idi. Çələbiyev çempionata çox yaxşı hazırlaşmışdı. Bir neçə ölkədə təlim-məşq toplanışında iştirak etmişdi ki, bu hazırlıqlar da yarışda öz bəhrəsini verdi. Toplanış çərçivəsində hər gün üç dəfə gərgin məşqlər edən boksçumuz, əsas hazırlığı Qazaxıstanda keçmişdi. Burada dünyanın ən güclü boks ölkələri olan Kuba, İrlandiya və yerli boksçularla birgə hazırlaşan Cavid, həm texniki, həm də taktiki təcrübəsinin artmasına nail ola bildi. Şəxsi məşqçisi Yadigar Məmmədovun rəhbərliyi altında keçilən ağır məşqlər bəhrəsini verdi.
Turnir ərzində 6 görüş keçirdi. Bu, indiyə qədər keçirilən dünya çempionatlarında görünməmiş bir hal idi. Onun mübarizə apardığım 56 kq çəki dərəcəsində idmançılar çox olduğundan Cavid rinqə 6 dəfə çıxmalı oldu. İlk olaraq tacik rəqibi – Oraz Afzolşoyevi yenən Çələbiyev, növbəti mərhələdə dünya çempionu, Avropa üçüncüsü və London - 2012 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, monqolustanlı Tuqstsoqt Nyambayarla qarşılaşdı. Bu döyüşdə çətin qələbə qazanan gənc boksçu, növbəti döyüşdə keniyalı Benson Qiçaruya rinqi dar etdi. 1/4 finalda hindistanlı Şiva Tapanı yenən Cavid, yarımfinalda qazaxıstanlı Kayrat Eralıyevi üstələdi və finala vəsiqə qazandı. Həlledici döyüşdə Rusiya idmançısı Vladimir Nikitin ilə qarşılaşan Çələbiyev, 3:0 hesabı ilə qalib gələrək çempion oldu. Fantastik nəticə idi. 21 yaşlı gəncin böyüklər arasında dünya qızılına sahib çıxması böyük sürpriz sayılırdı. Almatıda himnimizi səsləndirən və bayrağımızı yüksəklərə qaldıran boksçumuz vətəndə layiq olduğu təmtəraq və hörmətlə qarşılandı.
Döyüş tərzi
Azərbaycan boksunun həmişə ən böyük problemi fiziki hazırlıq olub. İdmançılarımız müxtəlif səviyyəli yarışlarda dəfələrlə hesabda öndə olsalar da, sonda döyüşləri məğlubiyyətlərlə başa vurublar. Çələbiyev bu sindroma son qoya bildi. Cavidin rinqdəki tərzi yaşına uyğundur. Gənc və enerjili olması onu həmişə uğura daşıyıb. Əksər döyüşlərində onun ilk saniyələrdən hücuma atıldığını, rəqibin kimliyindən asılı olmayaraq sona qədər dayanmadan vuruşduğunun şahidi olmuşuq. Çox yaxşı fiziki hazırlığı ona bu tempi başdan-sona düşürməməyə imkan verir. Üslub olaraq klassikdir. Döyüşləri qeyri-adi, gözlənilməz zərbələrlə yox, güc və davamlılıqla endirilən sərt zərbələrlə qazanmağa üstünlük verir. Müdafiədə nadir hallarda oturur, hətta deyərdik ki qorunmaq ona ziyanına işləyir. Qazaxıstandakı dünya çempionatının yarımfinalında yerli döyüşçü Kayrat Yeralıyevlə görüşün 1-ci raundu buna sübut adlandırmaq olar. Rəqibin hücumlarına qarşılıq verməyək bir qədər geri çəkilən və əks-hücum zərbələrinə üstünlük verən Çələbiyev, həmin raundu məğlub bitirmişdi. Sonradan daha fəal boksla qələbə qazanan həmyerlimiz, finalda rus Nikitinə bir saniyə belə aman verməyək çempion olmuşdu. Döyüş zamanı istifadə etdiyi standart zərbə - əvvəlcə sol əllə kiçik yoxlama, ardınca sağ əllə düz hədəfə vurulandır. Çəkisi az olsa da, boyu yaxşı olan Cavid, əllərinin nisbətən uzunluğundan da yaxşı istifadə edir.
Portreti
O, artıq dünya çempionudur. 22 yaşında bu zirvəyə qalxandan sonra istənilən gənc ulduz xəstəliyinə tutula
bilər. Ancaq Cavid
belə olmayacaq.
Çələbiyev iki
il sonra
Rio-De-Janeyroda keçiriləcək
Olimpiya Oyunları, ondan əvvəl isə Bakıda təşkil olunacaq I Avropa Oyunlarında çempion olmağı qarşısına məqsəd
qoyub. Yəni hər şey
hələ təz başlayıb. Portretində
olduğu kimi gənc, istənilən an döyüşə tam hazır əsgər kimi görürük onu. Azərbaycan əsgəri isə
daima vətən bayrağını zirvələrə
qaldırmaq üçün
hazırdır.
Kənan Məstəliyev
Kaspi.-2014.-23 may.-S.23.