“Dama atdığım daş müəllimə
dəydi”
İsrafil
İsrafilov: “Aldığım əlaçı təqaüdümü
ailəyə kömək olsun deyə bütövlükdə
atama verirdim”
Düşünür ki, bu gün bizim gənclikdə qüsur tapılırsa, o bizim cəmiyyətin və bu cəmiyyəti təşkil edən yaşlı nəslin laqeydliyi ilə bağlıdır. Deməli, yaşlı nəsil nəyi isə doğru etməyib. Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov bizimlə məktəb, tələbəlik, gənclik illərinin xatirələrini bölüşdü.
Qeyd edək ki, İ.İsrafilov vaxtilə İncəsənət Muzeyinin direktoru, Prezident Aparatında sabiq böyük məsləhətçi, 1991-1992-ci illərdə Abşeron rayonu İcra Hakimiyyətinin başçısı, Azərbaycan Ali Sovetinin XII çağırış seçkilərində Xalq Deputatı olub. Ölkə və xarici mətbuatda dərc olunan, mədəniyyətin müxtəlif problemlərini işıqlandıran 200-ə yaxın məqalənin, metodik vəsaitlərin, dərsliklərin müəllifidir. Ayrı-ayrı illərdə “Qızıl qələm”, “Qızıl dərviş”, “Humay” mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb.
“Ərköyün
olmaq mümkün deyildi”
Sosial baxımdan kasıb, amma namuslu ailədə böyüyüb. İ.İsrafilov atasının həmişə uşaqlarına haram tikə yedirtməməsi ilə fəxr etdiyini bildirir: “Təəssüflər olsun ki, indi “halal çörək yemək” ifadəsi az qala folklor ifadəsinə çevrilib. Bəlkə də on minlərlə insan heç bu ifadənin fərqində belə deyillər. Mənsə kökümlə yalnız fəxr edirəm. Çünki bizim nəsildə, kökdə çox dəyərlər var ki, bu gün onların haqqında bədii əsərlərdə oxuyuruq. Məsələn, ərənlik, ərlik, mərdlik, insanlıq, kişilik, imkansız adama kömək olmaq, arxasıza arxa durmaq. Təəssüflər olsun ki, indi insanlıq belə hisslərdən uzaqlaşıb”.
Atası 6 uşağını fəhləliklə dolandırıb. Maddi baxımdan sıxıntı içərisində yaşadıqlarından həmsöhbətimiz uşaqlığını da uşaq kimi keçirməyib, ərköyünlük etmək heç ağlına da gəlməyib: “Mən dediyim mühitdə ərköyün olmaq mümkün deyildi. Bizim ailə patriarxal olub, çünki atamın hökmü, zəhmi böyük idi”.
“Kartoterkalarda kitabların yerini əzbər
bilirdim”
İ.İsrafilov
dərs kitabları almağa çox vaxt atasının
imkanı çatmadığından dərsliklərin bir
qismini qonşudakı yaşıdlarından alıb bir-iki
saata qaytardıqlarını deyir: “Hətta ali
məktəbdə oxuyanda belə dərslikləri almağa
pulumuz olmurdu. Buna görə mənim günüm indiki
M.F.Axundov adına Milli Kitabxanada
keçirdi. Kartotekalarda kitabların yerini əzbər
bilirdim”.
Orta məktəbi beşinci sinfə qədər əlaçı
oxuyub. Yuxarı siniflərdə isə qiymətləri
yavaş-yavaş zəifləyib. Hətta
10-cu sinfin birinci rübündə səkkiz “2”si olub. Buna
da səbəb İsrafil müəllimin zəif oxuması
deyil, imtahan vermədən səkkizinci sinifdən onuncu sinfə
keçməsi olub: “Mən heç vaxt övladımın
“5” almasına sevinməmişəm. Çünki
mənim üçün onun qiyməti deyil, biliyi önəmlidir.
Orta məktəbi dörd-beş “3”lə
bitirdim. Amma o vaxt da mənim üçün
əsas qiymət deyil, biliyim idi. Onu deyim ki, orta məktəbin
buraxılış imtahanında “3” aldığım Tarix fənnindən
ali məktəbə qəbul imtahanında
“5” aldım. Ola bilsin ki, orta məktəbdə
çəkdiyim biletə bəxtimdən bilmədiyim suallar
düşüb və buna görə “3” almışam. Amma bu, o demək deyil ki, mənim Tarix fənnindən
biliyim “3” idi”.
Hələ
orta məktəbdən mütaliəni çox sevdiyini deyir:
“Ədəbiyyat çox sevdiyim fənn idi. Bütün
dünya xalqlarının folklorunu, nağıllarını, əfsanələrini,
eposlarını, atalar sözlərini, ümumiyyətlə,
Azərbaycan dilində nəşr edilən nə var idisə,
hamısını oxuyurdum. Bu gün də
mütaliənin xəstəsiyəm. Gecə
saat 3-ə, 4-ə qədər kitab oxuyuram. Hətta dostlarımın bəziləri mənə
gülür ki, indən belə nə üçün
oxuyuram. Amma məndə vərdiş
yaranıb və alkoqol aludəçisi içmədən
dayana bilmədiyi kimi, mən də mütaliəsiz qala bilmirəm”.
“O daşı mən atmışam,
amma...”
Orta məktəb
xatirələrindən danışan müsahibimiz bir dəfə
fasilədə uşaqlarla oyun oynadıqlarını, amma bu
oyunun onlara baha başa gəldiyini deyir: “Bizim sinif yuxarı mərtəbədə
yerləşirdi. Uşaqlarla
razılaşdıq ki, tabaşiri bizim pəncərədən
üzbəüz evin damına ataq. Hamı
bir-bir atdı, növbə mənə çatanda
uşaqlardan kimsə qoluma yüngülcə toxundu və
tabaşirim dama düşmədi. Binanın
divarına dəyib aşağıdan keçən ədəbiyyat
müəllimimiz Mirabbas müəllimə dəydi. Mirabbas müəllim çox həssas və
savadlı bir insan idi. O, yuxarı baxanda biz arxaya çəkildik.
Amma Mirabbas müəllim hansı pəncərənin
açıq olduğunu artıq görmüşdü və
bizdən direktora şikayət etdi. Bütün
sinfimizi bir yerə yığdılar. Sinif
rəhbərimiz Ayna xanım bizi danlamağa başladı.
Dedi ki, daşın Mirabbas müəllimə kimin
atdığını deməsək, bütün sinif cəzalandırılacaq.
Heç kəs məni satmadı, amma mən
utandığımdan nə edəcəyimi bilmirdim. Çünki mənə görə bütün
sinfin cəzalandırılması düzgün deyildi. Qabaq partada əyləşmişdim və bir
kağıza ingilis dilində yazdım ki, “o daşı mən
atmışam, amma Mirabbas müəllimə atmaq məqsədim
olmayıb”. Beləliklə, bütün
hadisəni ingilis dilində yazıb kağızı Ayna
müəlliməyə təqdim etdim. Ayna müəllimə
yazdığımı oxuyub gülümsündü və
direktora dedi ki, “kimin etdiyini bilirəm, gedək, sizə deyərəm”.
Mən fikirləşdim ki, tənədən
yaxa qurtara bilməyəcəyəm. Hadisənin
üstündən zaman keçdi. Direktor tədbirlərin
birində dedi ki, “bizim uşaqlar ingilis dilini o qədər
yaxşı bilirlər ki, bu dildə
etiraflarını belə yazırlar”. Çox
sevindim. Çünki etdiyim bu nöqsan məndə
müsbət keyfiyyət kimi göründü. Onu da deyim ki, direktor mütaliəmə görə məni
çox sevirdi”.
“Söz götürmürdüm”
Orta məktəb
illərinin gözlərinin önündə kino lenti kimi
canlandığını deyən İ.İsrafilov o illərlə
bağlı daha bir maraqlı xatirəsini oxucularımızla
bölüşdü: “Beşinci sinifdən İngilis dili dərsi
keçməyə başladıq. İndiki kimi
yadımdadır, bir dəfə müəllim Azərbaycan
dilində tərcüməsi “parta” olan “desk” sözünü
yazmaq üçün məni lövhəyə
çağırdı. Dörd hərifdən ibarət
bu sözün hansısa hərfini səhv yazdım. Müəllim bütün sinfin qarşısında
məni danladı. Əslində bu,
şagird üçün normal olsa da, mənə çox pis
təsir etmişdi. Çünki ailədə
elə böyümüşdük ki, söz
götürmürdük. Atam həmişə
deyərdi ki, özümüzü elə aparaq ki, söz
götürməyək. Hətta
“yaxşı at özünə qamçı vurdurmaz”
misalını tez-tez çəkərdi. Amma
mən özümü elə aparmışdım ki, mənə
“ayıb deyil, niyə bu sözü yaza bilmirsən”
sözü deyilmişdi. Həmin gün
sabaha qədər yata bilmədim. Ondan sonra hətta ali məktəbdə belə ingilis dilindən
heç vaxt “4” almadım. Hətta elə olurdu
ki, yuxarı siniflərdə oxuyarkən aşağı siniflərdə
ingilis dili müəllimlərini əvəz edirdim. Sinif rəhbərim də ingilis dili müəllimi
idi. Bəlkə buna görə həmin fənni
çox sevirdim. Sonrdan da şahidi oldum ki, ixtisas
seçimi zamanı abituriyentlər daha çox sevdikləri,
hörmət etdikləri, şəxsiyyətinə vurğun
olduqları müəllimlərin fənni üzrə
ixtisaslaşmaq istəyirlər”.
“Şair ola bilərdim”
Beləliklə,
İ.İsrafilov orta məktəbi bitirib sənədlərini
indiki Mədəniyyət və İncəsənət
Universitetinə verir: “O zaman bütün müəllimlərim
düşünürdülər ki, sənədlərimi
Xarici Dillər Universitetinə, İngilis dili ixtisasına verəcəyəm.
Əslində sənədlərimi
sözügedən universitetə verdim, amma hansısa sənədim
çatışmırdı və vaxt darlığı ucbatından
həmin sənədi düzəltdirməyim
mümkünsüz idi. Mən də fikirləşdim ki,
böyük qardaşım Texniki Universitetə qəbul olub, mən
də hansısa ali təhsil müəssisəsinə
girib evdəkiləri sevindirim. Sənədlərimi
İncəsənət Universitetinə verdim, ancaq üç
mərhələli imtahandan keçə bilmədim. Çox pis oldum. Sənədlərimi Yeyinti Sənayesi
Texnikumunun Bakıdakı Moskva filialına verdim ki, atam desin ki,
bu da harasa daxil oldu, avara qalmadı. İstəmədiyim
halda texnikumda oxudum və 7-8 aydan sonra yenidən İncəsənət
Universitetinə, aktyorluq ixtisasına üz tutdum. Bu dəfə
istəyimə nail oldum”.
Aktyor
olmağı əslində qarşısına məqsəd
qoymasa da, bədii yaradıcılığa olan sevgisi onu bu sahəyə
gətirib: “Qəribə səslənsə də, bəlkə
də şair ola bilərdim. Beşinci sinifdən şeirlər yazırdım.
Yeddinci sinifdən şeirlərimlə
televiziyada çıxışlar edirdim. Yeniyetmə
şair kimi məni müxtəlif tədbirlərə
çağırırdılar. Bəlkə də
çox pis şair ola bilərdim, amma qafiyəpərdazlığı
bacarırdım. Yaxud nəsrlə məşğul ola, kiçik hekayələr, miniatürlər
yaza, Azərbaycan və rus dillərini yaxşı bildiyimdən
tərcüməçi də ola bilərdim. Dostoyevskidən,
Jozef Hellerdən, Çexovdan, Şekspirdən, Azərbaycanın
bəzi rusdilli yazarlarından tərcümələr
etmişdim. Hər şeyə tənqidlə
yanaşan dostlarım tərcümələrimi bəyənirdilər
və deyirdilər ki, bununla ciddi məşğul olmaq
lazımdır. Düşünürdüm
ki, bunu bacarıram, bir kənarda qalsın. Bəxtim gətirdi ki, müəllimimiz Tofiq
Kazımov həm aktyor, həm də rejissor kursunu qəbul
etmişdi. İkinci kursdan başlayaraq mən
rejissor sənəti ilə məşğul olmağa
başladım. Beləliklə, həm
aktyor, həm də rejissor sənətini öyrəndim”.
“Günah yaşlı nəsildədir”
Allahından
və valideynlərindən sonra müəllimlərinə
borclu olduğunu deyən müsahibimizin sözlərinə
görə, müəllimləri onun üçün hər
mənada yaxşı nümunə olublar: “Müəllimlərimin
yaratdığı mühitdə çox dəyişmədim,
insanlığımı, şəxsiyyətimi qorudum, mənim
üçün vacib dəyərlərə sadiq qaldım,
özümə və gənclik xəyallarıma,
arzularıma xəyanət etmədim”.
İ.İsrafilov
tələbəlik vaxtı da maddi baxımdan imkanlı
olmadıqlarını deyir: “Aldığım əlaçı
təqaüdümü ailəyə kömək olsun deyə
bütövlükdə atama verirdim. Ailəmdən
təminatım, umacağım yox idi. Özüm-özümü
dolandırmalı idim. Birinci kursdan etibarən
mətbuatda yazılarım çıxırdı, televiziya
üçün kiçik ssenarilər yazırdım və
qonorar alırdım. Qonorarımla
özümə normal əyin-baş ala bilirdim. Birinci kursdan başlayaraq uzun illər Azərbaycan
Dövlət Televiziyasında veriliş aparmışam”.
Həmsöhbətimizin
fikrincə, insanlar mühit tərəfindən
formalaşdırılır: “Cəmiyyətimizin indiki ab-havası
ilə bizim dövrün gəncliyinin ab-havası müqayisə
olunmazdır. O vaxt heç kəsin ağlına gəlmirdi
ki, məktəblərdə fond pulu, süpürgə pulu
yığılacaq, uşaqları ali məktəbə
repetitorlar hazırlayacaq. Əgər bu gün
bizim gənclikdə qüsur tapılırsa, o bizim cəmiyyətin
və bu cəmiyyəti təşkil edən yaşlı nəslin
laqeydliyi ilə bağlıdır. Deməli,
yaşlı nəsil nəyi isə doğru etməyib. Ümumiyyətlə, Azərbaycan gəncliyi bir rəngli
deyil. Yüksək təhsil almış, intellektual səviyyə
etibarı ilə yüksək düşüncəli, mənəvi
dəyərləri, əxlaqı baxımından öndə
olan sağlam gəncliyimiz var. Ancaq başqa bir qəbil gəncliyimiz
də var ki, zamanları gecə barlarında keçir, daha
çox ömürlərini “yandırır”lar. Başqa bir gəncliyimiz isə ömürlərinin
əksər saatlarını kompyuterin qarşısında,
internetdə “əridirlər”. Digər qrup
gəncliyimiz bir zamanlar bizim satiriklərin gülüb-əyləndiyi,
lağa qoyduğu meşşan tipli gənclərdir”.
İ.İsrafilovun
sözlərinə görə, o zamankı gəncliyin müəllimlərdən
aldığı müsbət enerji, müsbət bilik
axını daha zəngin, daha böyük idi: “Halbuki o vaxt
imkanlar indikindən daha az idi. Ölkəmizin, cəmiyyətimizin,
millətimizin necə olacağı bu gün parta arxasında
oturan uşaqların səviyyəsindən, əxlaqından,
dünyagörüşündən və azərbaycanlı
kimi yetişməsindən asılıdır. Buna görə bu gün müəllimlərin
maaşı nə qədər çox olsa, o qədər
yaxşı olar”.
Lalə MUSAQIZI
Kaspi.-2014.-23 may.-S.21.