28 MAY – əsrlərə bərabər fəxarətli
günümüz
Və ya milli həmrəyliyə
gedən yolumuz
Hər bir xalqın tarixində və taleyində elə günlər var ki, o gün ömürlük fəxredici, qürurla yad edilən, tarixə həkk olunan gündür. Xalqımızın tarixində belə günlərdən biri də 1918-ci ilin 28 mayıdır. Azərbaycan dövlət müstəqilliyinin Tiflisdə elan edildiyi gün. Əsrlərə bərabər olan bu günümüzdən 96 il keçir.
Ey Azərbaycan gəncliyi. Bu gününü, bu iftixar tarixini yaddaşına həkk et! 28 may sənin qurtuluş günün! 28 may sənin azadlıq günün. 28 may sənin Milli-həmrəylik günün. O, həmrəylik ki, səni milli yüksəlişə gedən yola apardı. Məhz bu yolla 96 il bundan əvvəl sənin əcdadların uzun illik çar əsarətinə son qoyaraq azadlığını, müstəqilliyini bütün dünyaya bəyan edərək milli varlığını, kimliyini, nəyə qadir olduğunu sübut etdi. Əsrlərlə həsrətində qaldığı, yolunda milyonlarla qurbanlar verdiyi azadlığını qazandı. Məhz 28 may istiqlalının elanı bütün Şərq aləmində və bütün türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin qurulduğunu sübut etdi. İmperiya əsarəti altında yaşayan türk xalqları arasında məhz Azadlıq bayrağını ilk qaldıran Azərbaycan xalqı oldu. Bununla da varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq müstəqil demokratik dövlətini qurdu.
Azəri türklərinin bu şad gününə sevinən və hər an ona dəstək olan təbii ki, ilk olaraq Türkiyə oldu. 1918-ci ilin iyunun 4-də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi” imzalandı. Bu müqaviləyə əsasən Azəri türklərinin ən çətin günündə türk qardaşları yanında oldu, köməkliyini ondan əsirgəmədi.
Bildiyimiz kimi, Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra Bakı Soveti və onun İcraiyyə orqanı olan Bakı Xalq Komissarları soveti bütün vasitələrlə milli hökumətə qarşı xəyanətkarlıqla mübarizəyə başladı. Bu xəyanətin başında S. Şaumyan, rus-erməni bolşevikləri ilə yanaşı yerli bolşeviklər dururdu. Hətta onlar Bakı Xalq Komissarları sovetinin tabeliyindəki ordunun köməyi ilə Azərbaycan hökumətinin yerləşdiyi Gəncəyə hücum da etmişlər. Xoşbəxtlikdən Göyçay döyüşlərində kommuna qoşunlarının hücumu dəf edilmişdir. Vəziyyət hər an çətinləşirdi. Xüsusən də Bakının taleyi olduqca təhlükəli idi.
V.İ.Leninin S.Şaumyana göndərdiyi teleqramda Bakını və Abşeronu Azərbaycandan ayırıb Rusiyaya birləşdirmək üçün hər cür xəyanətə əl atılması açıq-aydın tələb olunurdu. Təsəvvür edin Bakının itirilməsi bütövlükdə Azərbaycanın itirilməsi idi. Bax belə çətin bir zamanda təmənnasız olaraq türk qardaşlarımız, Qafqaz İslam Ordusu xalqımızın dadına çatdı. Türk əsgərinin döyüşkənlik cəsarəti haqqında Hüseyn Baykara “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabında yazırdı ki: “Biz bura ölməyə gəldik, dönməyə yox”.
Beləliklə, Bakının düşməndən azad edilməsi üçün Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi ilə çox ciddi hazırlıqlara başlayır. Hətta Gəncədə ordu hissələrini qüvvətləndirmək üçün hərbi məktəb və qısa müddətli hərbi kurslar təşkil olunur. Orduda çox ciddi nizam-intizam yaradılır və müəyyən hazırlıqlardan sonra Bakıya doğru hərəkət etmək qərara alınır. Xilaskar türk ordusu düşmənə ilk böyük zərbəni iyun ayının 28 də vurur. Qaraməryəm, Göyçay, sonra isə Ağsu, Kürdəmir azad olunur. Artıq İyul ayını ortalarında rəşadətli türk ordusu Bakıya doğru irəliləyirdi. Və nəhayət 1918-ci ilin 15 sentyabrında Nuru paşanın rəhbərlik etdiyi birləşmiş Azərbaycan-Türk İslam Ordusu Bakın düşməndən azad edir.
Bütün Azərbaycan xalqı bu münasibətlə qardaş türk igidlərinə öz minnətdarlığın, sevgi və sayğısın bildirdi. Milli ruhlu mətbu orqanları bütövlüklə bu hadisənin sevincini əks etdirirdilər. “Azərbaycan”, “Bəsirət” qəzetləri aylarla bu şadyanalığı, xoş günləri bəxş edən qardaş türk əsgərinin şücaətindən yazdı. Üzeyir Hacıbəyli bu münasibətlə “Azərbaycan” qəzetində yazırdı ki, Nuru Paşanın şərəfinə ziyafət təşkil olunur. Paşa orada deyir ki, “Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olsa ona da hazırıq”. Bax budur əsl qardaşlıq...
Çox təəssüflər ki, 1918-ci ilin noyabrın 17-də Müttəfiq Dövlətlər Birliyinin hərbi hissələrinin Bakıya daxil olması ilə əlaqədar Qafqaz İslam Ordusu Azərbaycandan geri çağırıldı. Və 1920-ci ilin 27 aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi, silah gücünə hökuməti zəbt etməsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna səbəb oldu.
Amma unutmaq olmaz ki, tarix
təkrar olur. Yola saldığımız
20-ci yüzilliyin əvvəlində
olduğu kimi sonunda da xalqımız
yenidən öz müstəqilliyinə qovuşarkən
yenə də o çətin, ağır
günlərdə türk
qardaşlarımız yanımızda
oldu. Türkiyə dövləti Azərbaycanın
müstəqilliyini birinci
olaraq rəsmən tanıdı və ona sayğı ilə yanaşdı.
Dost və qardaş
dövlətin bu addımı Azərbaycan xalqının sonrakı taleyində də mühüm rol oynadı. Çünki türk diplomatiyasının
zəngin tarixi təcrübəsi var. Bizim
tarixən də kökü-soyu bir millət olduğumuz bəllidir.
Unutmayaq
ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr
ən yaxşı şəkildə Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyev tərəfindən
ifadə edilmişdi;
“Biz bir millət, iki dövlətik!”. Mənə elə gəlir
bu birlik bundan daha gözəl
şəkildə ifadə
edilə bilməzdi.
Qardaşlığımızı, dostluğumuzu bütün
dünyaya bəyan edən bir millət. O millət
ki, sovet hökuməti nə qədər amansız “qayda-qanun”lar qoydu ki, bu
millətin qan yaddaşını unutdura
bilsin. Amma bacarmadı. Hər bir azəri türkünün qəlbində
daima türk qardaşlarına olan məhəbbət yaşadı
və yaşayacaq da. Azərbaycan Xalq Cümhuriyyətinin
varisi adlandırılan
bugünkü demokratik
dövlətimiz milli dövlətçilik ənənələrinə
söykənərək, türk
dünyası ilə tarixi münasibətlərinin
bərpasının nəticəsi
olaraq inkişaf edir, dünyaya tanınır.
İstər 20-ci yüzilliyin əvvəllərində,
istərsə də sonunda baş verən siyasi-ictimai, iqtisadi, mədəni hadisələr bir daha sübut edir ki, biz dili,
dini bir olan millət kimi daima bir-birimizə
dəstək olmalı,
bu dostluğu, qardaşlığı yaşatmalı
və davam etdirməliyik. Bunun üçün klassiklərin qələm
və kalam sahiblərimizin uzun illər apardığı
mücadilənin, mübarizənin
məqsədi, məramı
bugünkü gəncliyə
geniş şəkildə
təbliğ edilməlidir.
“Fikirdə, dildə, əməldə birlik!” şüarı altında
bütün dünya türklərini birliyə
səsləyərək bu
müqəddəs ideyanın
təməlini qoyan İsmayıl bəy Qaspiralının, bütün
ömrünü ortaq
türk mədəniyyətinin
yaranmasına həsr edən türkçü-turancı
Əli bəy Hüseynzadənin, millətsevər,
vətənpərvər Əhməd
bəy Ağaoğlunun,
istiqlalımızın bayraqdarı
olan Məhəmməd
Əmin Rəsulzadənin
və onlarla klassiklərimizin ibrətamiz
fəaliyyəti, zəngin
irsi, amalları təbliğ edilməlidir.
Bu təbliğat işində mətbuat daha fəal olmalıdır.
Unutmayaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin qələbə çalmasında milli ruhlu mətbuatımız böyük rol oynamışdı. “Həyat”dan başlanan yol “Azərbaycan”a gətirib çıxarmışdır. Birdə ki, milli istiqlal, müstəqil dövlət hər bir xalqın arzusu olmuş. Azəri türkünün də milli istiqlal arzusunu 28 may 1918-ci illə məhdudlaşdıranlar yanılırlar. Məhz 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti türk xalqları tarixinə 114-cü müstəqil dövlət kimi daxil olmuşdu. Ey Azərbaycan xalqı. Cəmi 23 ay sevincini yaşadığın bu xoş günlər sənə sonralar dostunu, düşmənini tanıtdı. Tanıtdı ki, tarixdə bir daha səhv etməyəsən.
Qərənfil Dünyamin qızı
Kaspi.-2014.-28 may.-S.7.