Səksəninci payızın mübarək,
Oqtay Rza!
Vaqif Yusifli
Bu adamı bütün yazıçılar mühiti sevir, onsuz heç bir ədəbi məclisin və «Natəvan» klubunda keçirilən tədbirlərin ləzzəti, dadı-duzu olmaz. Həm aydın, səlis nitqi, şux zarafatları, həm də eynəksiz şeir oxumağına çoxdan alışmışıq.
1934-cü ilin 2 noyabrında, Salyanın Qalalı kəndində dünyaya göz açıb. Salyan şəhərində orta məktəb bitirəndən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub. On il neftçi-geoloq kimi çalışıb, ruzusunu «qara qızıl»dan çıxarıb. Elmi-tədqiqat işi müdafiə edib geologia-minerologiya elmlər namizədi olub. Uzun müddət APİ-də, coğrafiya fakültəsində müəllimlik edib, dosent vəzifəsində çalışıb İndinin özündə də institutla bağlılığı zəifləmir... Axtarsan, Azərbaycanın hər bir bölgəsində onun tələbələri ilə rastlaşarsan.
Bu onun rəsmi bioqrafiyası.
Amma Oqtay Məhərrəm oğlu Rzalının tərcümeyi-halı bu bir neçə cümlə ilə məhcudlaşa bilməz. Ədəbiyyat aləmində Oqtay Rza kimi tanınan şairimizin əsl tərcümeyi-halı onun mətbuatda çap etdirdiyi, kitablarına hopdurduğu yüzlərlə şeirlərindədir. Bu şeirlərdə mənsub olduğu xalqın bir oğlu kimi Oqtay Rzanın həyata, gözəlliklərə, millətinin şanlı tarixinə, elinə-obasına böyük məhəbbətinin yaşantıları ilə qarşılaşırıq. Öncə millətini sevən bir Azəri türkünün nidasını eşidirik:
Bütün nəticələr səbəbdən gəlib,
«Ənəlhəqq» harayı Hələbdən gəlib,
Dinim, etiqadım ərəbdən gəlib,
Dilim ta əzəldən özümünküdür!
Təbriz-qarmağında zorun, zillətin,
Göyçə-tapdağında «yazıq
millət»in,
Dərbənd-caynağında mütləqiyyətin,
Qədim
Borçalını görmək
çox çətin,
Bölünmüş məmləkət
özümünküdür!
Bəzən dost bildiyin çevrilir
yada,
Ya da keçmişini heç salmır yada,
«Ov», «yev» soyadımdan
bərk yapışsa
da,
Millət
həmişəlik özümünküdür!
Ayrılıq çayıtək Araz
seçilib,
Şərabla bərabər qan
da içilib,
Zaman böyüdükcə ölkəm
kiçilib,
Dövlət həmişəlik özümünküdür!
Oqtay Rza ədəbiyyata hələ
yeddinci sinifdə oxuyarkən Salyan rayon qəzetində çap etdirdiyi «1 May» şeiri ilə gəlib. Onda qırxıncı illərin
sonlarıydı, balaca
boylu, amma gözlərindən işıq
və sevgi yağan Oqtay Salyanda özündən bir neçə yaş böyük olan gənc şairlər-Əliağa Kürçaylı
və Ağacavad Əlizadə ilə dostluq edir, onlardan
çox şey öyrənirdi. 1952-ci ildə, on səkkiz yaşı olanda böyük şairimiz Səməd Vurğun Azərbaycanın müxtəlif
bölgələrində yaşayan
gənc əli qələmliləri öz
yanına dəvət
etmişdi, onlara şeirin-sənətin çətin
yollarından, şərəfli
missiyasından söz
açmışdı. Oqtay Rza da bu
dəvət olunanlardan
biri idi. Sonralar, ədəbi mühitə alışandan
sonra Oqtay Rzanın həyatında silinməz izlər buraxan sənətkarlar olacaq: Rəsul Rza, Süleyman Rüstəm, Məmməd
Rahim, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Xəlil Rza, Məmməd Araz, Hüseyn Arif… Deyərdim ki, özündən xeyli cavan olan
yazarlarla da dostdur, onların məclislərində həmişə
başda oturur. Bu-Narıngül, bu-Dayandur, bu-Əsəd, bu-Qəşəm, bu-Şəfəq,
bu-Balayar, bu-Mübariz…bir sözlə, hamı Oqtay müəllimi sevir.
Mənim isə Oqtay müəllimlə tanışlığım
onun bir şeiri ilə başladı. O şeirin birinci misrası belə idi: «Məndən yuxarıda qövsi-qüzeh var». O şeiri oxumuşdum və onun müəllifi
Oqtay Rzanı görmək istəyirdim.
Günəş şüalarının havadakı yağış
damcılarından keçərkən
sınması nəticəsində
göydə görünən
yarımdairə şəkilli
qurşaq - göy qurşağı - qarı
nənə örkəni
uşaqlıqda həmişə
məndə heyrət
oyadıb. Sonralar hansı
şeirdə, hansı
misrada bü qövsi-qüzehdən yaranan
oğrazlı təşbihləri
görürdümsə, gözlərim
qarşısında o mənzərə
canlanırdı.
Məndən yuxarıda qövsi-qüzeh
var,
Məndən aşağıda gözəl
bir tala.
Əlvan
xalıların üstündə
şeh var,
Bürünüb hər tərəf ala, yaşıla.
Güllər bənövşəyi, sarı, mavi, ağ…
Zolaqlar işığın
yeddi rəngitək.
Ətirlə doldurur sinəmi
torpaq,
İlham ürəyimdə coşur
«Cəngi»tək.
Heyranam hüsnünə dağın,
dərənin,
Göyə də baharın izi düşübdür.
Sanki vurulduğum bu mənzərənin
Səma
güzgüsünə əksi
düşübdür
Oqtay Rza təbiət vurğunudur, səyahət
eləməyi, gəzib-dolanmağı
çox sevir, nəinki Azərbaycanı,
keçmiş SSRİ məkanının
da seyr etməkdən
yorulmayıb, indinin özündə də rayonlara, kəndlərə
güzar eləyir. Onunla bir neçə dəfə rayonlara çıxmışıq, gəlişini
gözləyənlər olub.
Təbiəti duya bildiyi üçün
şeirlərində də
o hissləri, o duyğuları
yaşada bilir. Onun şeirlərindəki
poetik təbiət mənzərələri, dünyanın
rəngarəng peyzacları,
bəzən suyun şırıltısı, biçənəklərin
xoş ətri, yağışın səsi
aydınca duyulur.
Onun «Günəşin
adından» adlı bir şeir kitabı
var. Bu kitabı «Azərbaycanın
şeirlə yazılmış
canlı xəritəsi»
adlandırsam, səhv
etmərəm. Ona görə «canlı xəritəsi» deyirəm ki, Oqtay Rzanın
Azərbaycana, onun hər qarışına vurğunluğu bu şeirlərdə bəzən
poetik ekstaz səviyyəsinə qalxır:
Sevməyən adamın heç
nəyi yoxdur,
O necə bülbuldur-ötməyi
yoxdur?
Başqa
bir şeirində yazır ki:
Sarı
köynəyini geyinib
bağlar,
Meşədə yarpaqlar xəzələ
dönüb;
Heyranı olduğum dilbər
qovaqlar,
Şalını itirən gözələ
dönüb.
Adətən, şairlərin adları
qarşısında «təbiət
şairi», «vətənpərvər
şair», «gözəllik
şairi» və s. təyinlər işlədirlər.
Oqtay Rza mən deyərdim,
bunların hamısına
aid olan bir şairdir. Dəfələrlə döyüş bölgələrində
olub, əsgərlər
qarşısında şeir
oxuyub, oğlunu da elə bu
ruhda böyüdüb.
Onu bir neçə dəfə Şəhidlər
Xiyabanında, məzarlar
önündə baş
əyən görmüşəm.
Sonralar bu ehtiram şeirlərə çevrilib:
Bizdən
uzaqlaşan vaxt karvanında
Hönkürüb ağlayır sanki Nizami.
Müqəddəs Şəhidlər Xiyabanında
Çünki dəfn olunub iki Nizami.
Yanaşı uzanıb iki qəhrəman,
Ölüm onlara da verməyib
aman.
Kömək istəyirdi torpaq,
el, mahal,
Ağdam,
Qaraqaya, Gülablı,
Abdal…
Qoçaq Nizamilər birgə
an içib,
Qarabağ uğrunda canından keçib.
Oqtay Rzanın
şair ilhamı bütün mövzularda öz poetik əksini tapır, yəni, o, nədən yazırsa-yazsın, o şeirdə
həmişə yeni bir fikir söyləməyə
çalışır, əksər
hallarda buna müvəffəq olur. Dəfələrlə deyilmiş fikirlərə
təzə rəng, naxış vurmağı
bacarır. Onun şeir
yolu, fərdi üslubu Səməd Vurğun yoludur. Amma bütün şeirlərində
Oqtay Rzanın özünü görərsiniz,
çünki təqlidçilik
ona yaddır. Məsələn, doğmalıq
haqqında çox şair söz deyib, amma Oqtayın
«Doğmalıq» şeiri
bu mövzuda mənə təzə göründü:
Üç gündür ki,
ayrılmışam şəhərdən,
Kəndimizin körpəsiyəm yenə
mən.
Gəldim
açım ürəyimi
ona mən,
Alqışında, gileyində doğmalıq!
Hörmət, izzət dədə-baba
irsidir,
«Tərəkəmə» toylarının səsidir.
Eşqi
sönmüş ocağı
da isidir,
Sərt
qışında, küləyində
doğmalıq!
Hey baxıram saçı dümağ qadına,
Çünki əziz bibim düşür yadıma.
Adam necə oxşayarmış
adama,
Baxışında, taleyində doğmalıq!
Şair
dünyanın dərdini
öz ürəyinə
yığan və bu dərdlərlə yaşayan bir əzabkeşdir və Oqtay Rza da
bu əzabkeşlərdən
biridir.»Dünya
yaman yiyəsizsən»
şeiri bu zamana, bu çağlara
aiddir. «Əkslik»
şeirində də dünyanın təzadları
əks olunur. Bəzən
o, müəyyən bir
sözə poetik rəng də qata bilir. «Qara» şeirini götürək:
Qara adam. Qara torpaq.
Qara şum.
Qara gözün ümmanında
boğulum;
Arzuya bax» «Günahımı, səhvimi»,
Yumaq üçün
kaş təzədən
doğulum.
Qara dəniz. Qarabulaq. Qaraçay.
Qayaları qılınc kimi
yar, a çay!
Soyuq cavab od
qalayıb içimdə,
Sinə
gərər ildırıma
qara dağ!
Qaraqaya. Qaraoğlu. Qaraçöp.
Qaranlığa ürəyimdən işıq
səp!
Oqtay, sən də nəğməsində, adında
Yurdu, nəsli yaşadanı qucub öp!
Son illərdə Oqtay müəllimin
yaradıcılığında iki məqamı
müşahidə edirəm. O, çoxlu ithaflar yazır və tanıdığı,
hörmət və dostluq etdiyi
müxtəlif sənət adamlarını mədh edir. Bəzən bunu ona irad
tuturlar. Amma bunun nəyi
pisdir ki? Qoy yazsın. Kiminsə yubileyində, kiminsə
toy məclisində Oqtay
Rza şeir deyir, kimisə təbrik edir. Bunun nəyi pisdir ki? İkinci bir məqam
da odur ki,
Oqtay Rza Azərbaycan poeziyasının
rübai janrına tez-tez müraciət edir. Çalışır ki, bu yığcam formada təzə söz deyə bilsin. Rübailəri də mövzuca
rəngərəngdir. Əgər Oqtay Rzanın necə bir şair
olduğunu bilmək istəyirsinizsə, onun rübailərini oxuyun.
Oqtay Rza yaradıcılığına müəyyən
rəng qatan incə, xəfif yumor hissi bu
rübailərdə də
yaşanır:
Tikanı
gül kimi iyləyənlər var,
Bülbülə torağay söyləyənlər
var.
Məhəmməd Füzuli eşitsin:
- İndi
Salamı mükafat eyləyənlər
var.
Çıxdı qabağıma tanış bədnəzər,
Uzun yalanından
özü də bezər.
Çoxüzlu mineral qiymətli daşdır,
Çoxüzlü adamın əlindən
həzər!
Oqtay Rza
səksən yaşına gəlib çatdı. Maşallah, yenə gümrahdır, yenə məclislər
onsuz keçmir, yenə
şeir deyir. O, bu sənət aləminin Oqtay
Rzalısıdır. Onsuz bir
günümüz olmasın!
Kaspi.-2014.-1-3 noyabr.-S.21.